12 yaşlı Selcandan yeni hekayə

12 yaşlı Selcandan yeni hekayə
9 sentyabr 2020
# 14:05

Kulis.az Gənc İstedadlar Liseyinin 7-ci sinif şagirdi Selcan Kərimlinin "Arzu" hekayəsini təqdim edir.

Yuxudan çox gümrah oyanmışdım. Çünki bu gün doğum günüm idi.

Anam, atam və bacım məndən qabaq oyanıb evi bəzəmişdilər. Mən oyanan kimi “Ad günün mübarək” mahnısını oxumağa başladılar.

Paltarımı dəyişib lisey formamı geyindim. İndi dərsə getməli idim. Doğum günü şənliyi axşam olacaqdı.

Sinifə girəndə də uşaqlar “Ad günün mübarək” oxudular, əl çalıb məni alqışladılar. Lövhəyə də “Doğum günün mübarək!” yazmışdılar. Ad günlərimi ən çox da buna görə sevirəm. Və təbii ki, ad günlərini hədiyyələrsiz təsəvvür etmək olmaz. Uşaqlar tənəffüsdə hədiyyələrimi verdilər. Mən hamısına təşəkkürümü bildirdim. Müəllimlər də məni təbrik etdilər. Dərslər maraqlı keçsə də, mən səbrsizliklə dərsin başa çatmağını, evə qayıtmağı gözləyirdim. Məni evdə böyük şənlik gözləyirdi.

Beləliklə, zəng vuruldu. Mən sevinclə evə yollandım.

Evə çatanda artıq qonaqlar – qohumlar, qonşular və dostlarım gəlmişdilər. Hamı məni gülərüzlə, xoş sözlərlə təbrik edirdi:

– Təbrik edirəm, qızım. Yüz yaşa!

– Sağlam böyü.

– Arzularına çat.

Babam isə belə dedi:

– Allah qoysa, gələcək doğum günlərini Qarabağda, öz kəndimizdə, dədə-baba yurdumuzda qeyd edərik!

İşıqları söndürdülər, “Ad günün mübarək” mahnısının sədaları altında tort gəldi. Tortun şamlarını üfürərkən belə bir arzu tutdum: “Kaş ki, doğma Qarabağımız heç vaxt işğal olunmayaydı. Biz də babamın arzuladığı kimi ad günümü orada qeyd edəydik”.

Uşaqların hamısı bir ağızdan dedi:

– Nə dilədin? Nə dilədin?

Mən cavab vermədim. Nənəm isə belə dedi:

– A balalar, başınıza dönüm, tutulan diləkləri deməzlər, onda arzular gerçəkləşməz.

Bacım qulağımı yaşımın sayı qədər dartıb, burnuma tort sürtəndən sonra rahat nəfəs aldı. Bu bacımın adəti idi. Həm məktəbdə, həm idmanda, həm də yaxın qohumlarda keçirilən ad günü şənliklərində doğum gününü qeyd edən uşaqların qulağını yaşı qədər çəkir, burnuna tort sürtürdü. Bacımın böyük zövqlə etdiyi bu hərəkət mənim heç xoşuma gəlmirdi.

Sonra hamı hədiyyələri açmağımı istədi. Mən bütün hədiyyələri bəyənmişdim. Amma biri digərlərindən daha özəl idi. Bu, babamın mənim üçün gətirdiyi atamın Qarabağda çəkdirdiyi şəkli idi.

Gecə hamı gedəndən sonra şəkli götürüb öz otağıma çəkildim. Ona baxa-baxa bayaq dilədiyim arzunu düşündüm. Hər zaman Qarabağı görmək istəyirdim. “Kaş Qarabağı görə biləydim!” – deyib yatdım.

Səhər bacımın məni silkələməsiylə hövlnak oyandım.

– Nə olub? – deyə gözlərimi ovuşdurub təəccüblə onun üzünə baxdım.

– Tez ol, dur ayağa! Babamgilə gedirik.

Saata baxıb dedim:

– Saat beşdir, niyə bu vaxt gedirik ki?

Bacım əsəbiləşdi:

– Yolumuz uzaq olduğu üçün dəə, özün bilmirsən?! İndi isə bir az tez ol.

Mən çox təəccübləndim:

– Babamgillə bizim evin arasında ən çoxu on beş dəqiqəlik məsafə var.

O isə mənə baxıb güldü.

– Deyəsən hələ yuxulusan, – dedi. Sonra əlavə etdi: – Dedim ki, bir az tez ol.

Mənim kirimişcə onun üzünə baxdığımı görüb möhkəmdən qışqırdı:

– Ana, qızın durmaq istəmir.

– Yaxşı, yaxşı, durdum, – deyib yuxulu-yuxulu ayağa qalxdım.

Əl-üzümü yuyanda bacımın yenə həmişəki kimi mənimlə zarafat etdiyini düşündüm.

Yemək yeyəndə atama dedim:

– Ata, niyə belə tez qalxmışıq, yol çox qısadır, bir az gec dursaq olmazdı?

Bacım onu qabaqlayıb tez dedi:

– Fikir verməyin, yuxudan durandan bəri belə qəribə-qəribə danışır.

Anam bacımdan fərqli olaraq sakit tərzdə məni başa salmağa çalışdı:

– Qızım, bizim evlə Qarabağdakı kəndimiz arasında beş saatlıq məsafə var.

Yaxşı eşitmədiyimi düşünüb bir daha soruşdum:

– Bizim evlə hara arasında?

Mənim bu sualımdan sonra hamını gülmək tutdu:

– Qarabağ də. Babangil harada yaşayır?!

– Ana, Qarabağ illərdir işğal altındadır. Unutmusunuz?

Atam gülümsəyərək dedi:

– Qızım, sənin fantaziyana heyranam.

Bacım hələ də gülməyini saxlaya bilmirdi.

Atam artıq ciddi görkəm alıb dedi:

– Nə isə, əşyalarınızı götürün və aşağı düşün. Sizi maşında gözləyirəm.

Mən telefonumu götürəndə ayın tarixinə baxdım. Fikirləşdim ki, bəlkə də bu gün bir apreldir və ailəm mənimlə zarafat edir. Amma telefonumun tarix göstərilən yerində iyirmi səkkiz may yazılmışdı.

Avtomobilimizə mindim. Qərara aldım ki, daha bu barədə sual verməyim və axırda nə olacağını gözləyim. Artıq bir saat olardı ki, yolda idik və babamgilin evini çoxdan keçmişdik. Birdən yadıma dünən dilədiyim arzu düşdü: “Kaş ki, Qarabağımız heç vaxt işğal olunmayaydı...”

Görəsən, doğrudanmı arzum çin olmuşdu, bu gerçək ola bilərdimi? O qədər yuxum gəlirdi ki, bunları düşünə-düşünə yuxuya getdim. Bilmirəm nə qədər yol getmişdik, birdən atamın “çatdıq, düşün” sözünə yuxudan oyandım. Maşından düşərək ətrafa göz gəzdirdim. Hər tərəf çox gözəl idi. Həmişə xəyallarımda olan doğma Qarabağımızdan da gözəl idi. Heyranlıqla hər tərəfə baxırdım. Gözlərim çəmənlikdə quşa bənzəyən bir gülə sataşdı. Gözlərimə inana bilmədim. Yerimdə donub qalmışdım. Bu, adına çoxlu şeirlər yazılmış, əfsanələr deyilmiş, rəsmlər çəkilmiş və mahnılar qoşulmuş Xarıbülbül idi. Tez telefonumu çıxardıb onun şəkilini çəkdim.

Babam və nənəm bizi bayaqdan qapıda gözləyirmiş. Qaçıb onları qucaqladım. Sonra babamdan soruşdum:

– Baba, siz burada neçə ildir yaşayırsınız?

Babam cavab verdi:

– Mən doğulduğum gündən bu yana burada yaşayıram. Niyə soruşursan, ay balam?

Heç kimin inanmayacağını düşünsəm də bir də yoxlamaq üçün dedim:

– Baba, bəs Qarabağ işğal olunmamışdı?

Babam və nənəm təəccüblə mənə baxarkən bacım araya girərək onlara açıqladı:

– Gecə nə yuxu görübsə, bayaqdan belə suallar verir.

Nənəm başımı sığalladı. Biz içəri keçdik. Nənəm süfrə açdı. Sonra çay süzdü, yemək gətirdi. Mən nənəmdən soruşdum:

– Nənə, Xarıbülbülün toxumundan özümlə gedəndə şəhərə apara bilərəm?

– Yox, ay bala. Xarıbülbül şəhərdə bitməz. O öz doğma Qarabağından başqa heç bir yerdə bitmir.

Mən çox təəssüfləndim. Babam bunu görüb mənim könlümü almaq üçün gəzməyə apardı.

Anamın “tez ol, dərsə gecikirsən” deməsiylə oyanana qədər bütün bunların gerçək olduğuna inanmışdım.

Bir neçə gün sonra telefonumun qalereyasına baxarkən Xarıbülbülün şəklini gördüm. Bu şəklin telefonuma haradan düşdüyünü hələ də anlaya bilmirəm.

# 3333 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #