10 yaşlı Nuraydan hekayə: Nömrə yanlışdır

10 yaşlı Nuraydan hekayə: Nömrə yanlışdır
8 sentyabr 2021
# 12:35

Kulis.az 10 yaşlı Nuray Bağırlının "Nömrə yanlışdır" adlı hekayəsini təqdim edir.

Düşünürsünüz ki, bütün uşaqlar sizin kimi rahat evlərdə yaşayaraq, atalı-analı və qayğısız böyüyürlər?

Yox, heç də belə deyil. Elə uşaqlar var, küçələrdə yaşayır və valideyn himayəsindən məhrumdurlar.

Şəhərin gediş-gəlişli, gur, izdihamlı mərkəzi küçələrinin birində ara-sıra üstü-başı çirkli, köhnə geyimdə dörd-beş yaşlı balaca qızcığaz gözə dəyirdi. Onun görünüşündən kimsəsiz olduğu bilinirdi.

Nimdaş libaslı qızın iri, mavi, olduqca ağıllı gözləri həmişə dalğın və qüssəli görünürdü. Qız küçədə gəzib-dolaşan başqa kimsəsiz uşaqlardan fərqli, kimsəyə yaxınlaşıb bir şey istəməz, sakit və utancaq halda künc-bucaqda, tində dayanardı. O, yalnız, kiminsə yazığı gəlib verdiyi bəzi yeməklərlə kifayətlənərdi. Ata-analarının yanınca yürüyən, şən, qayğısız ora-bura qaçan, tullanan, təmiz geyimli uşaqlara isə həsədlə baxardı.

Bir gün, qızcığaz küçədən telefon tapdı. Telefonu maraqla o tərəf, bu tərəfə çevirdi, bir neçə düyməsini basdı, qulağına tutdu. Bu zaman telefonun işığı yanıb-söndü və qəribə səs gəldi: “Nömrə yanlışdır”.

Balaca qıza elə gəldi ki, həmin səsi gələn adamın adı elə “Nömrə yanlışdır”. Onun mavi gözləri sevincdən parladı. Səs ona doğma gəldi. Bu adam kimdirsə yəqin mərhəmətli, xeyirxah adamdır.

“Mən gərək onu tapam və ondan bir ev istəyəm”.

Qızcığaz küçədə gözünə xoş təsir bağışlayan insanlara yaxınlaşıb soruşmağa başladı:

“Siz “nömrə yanlışdır” deyilsiniz?”.

Bu zaman yoldan keçən bəzi adamlar onun nə demək istədiyini anlamayır, narazı halda başlarını bulayır, qızın ağlının yerində olmadığını düşünürdülər. Bəziləri hətta narazı və sərt halda: “Ay qız, kənara çəkil, çirkli əllərini üstümə toxundurma” deyərək zavallı qızı acılayırdılar.

O, da yorulub dayanır, küskün və incik halda bir küncdə otururdu. Ancaq, telefonda eşitdiyi “Nömrə yanlışdır” sözü ona rahatlıq vermirdi. Kiçik qəlbində ümid qığılcımı yaradırdı.

Bir dəfə qızcığaz bir polisin küçəni keçmək istəyən qocaya kömək etdiyini gördü. Sevincək oldu. Tez düşündü, bəlkə “Nömrə yanlışdır” elə odur?!

Bu fikirlə polisə yaxınlaşdı və cəsarətsiz halda, yavaş səslə soruşdu:

- Cənab polis siz “Nömrə yanlışdır” deyilsiniz?

Polis onun qolundan yapışdı. Qızcığaz qorxusundan büzüşdü. Elə bildi, polis qışqırıb, acıqlanıb onu qovacaq.

Ancaq belə olmadı. Qızcığazın gözlədiyinin əksinə, polis gülümsündü və nəvazişlə soruşdu:

- Balaca, sən niyə küçədə tək-tənhasan? Axı, bu vaxt sən evinizdə olmalısan? Valideynlərin səni niyə küçəyə tək buraxıb?

- Mənim heç kəsim yoxdur, atam, anam, evim elə bu küçədir. Mən “Nömrə yanlışdır”ı adlı adamı axtarıram. Siz onu tanıyırsınız?

- Sən bu sözü hardan eşitmisən balaca? – polis soruşdu.

- Bilirsiniz, küçədən bir telefon tapdım və düymələrini basdım. Bu zaman, həmin sözü eşitdim. İndi də onu axtarıram, bəlkə o, mənə kömək edər.

Polis qızın bu sözlərindən ani fikrə getdi:

- Düz tapmısan. “Nömrə yanlışdır” elə mənəm. Afərin. Narahat olma, indi mən sənə kömək edərəm.

Qızcığazın sevincdən gözləri yaşardı. Əllərini bir-birinə vurub tullanıb-düşdü.

Polis ona baxıb soruşdu:

- İndi söylə görüm, məndən nə istəyirsən?

Balaca qız polisin sözlərindən cəsarətlənib dilləndi:

- İstəyirəm məktəbə gedəm və qalmağa, gecələr yatmağa evim olsun, oyuncaqlarım, rəngli kitablarım, karandaşlarım olsun.

Polis qızı maşına mindirib uşaq evinə gətirdi. Burada ona qayğı ilə yanaşdılar, məktəbə qoydular. Qız çalışqanlığı ilə məktəbdə digərlərindən seçilirdi və çox keçmədən məktəb əlaçısı oldu.

İllər keçdi, qızcığaz böyüdü yaraşıqlı gəncə çevrildi. Öz ağlı, biliyi, əməksevərliyi sayəsində pul qazandı, imkanlı və xeyirxah xanım oldu. O, kasıb ailələrə, valideynini itirmiş uşaqlara yardımlar etdi.

Lakin aradan uzun illər keçsə də, qız adı “Nömrə yanlışdır” olan həmin polisi unutmadı, onu həmişə xatırladı.

Əgər bir qız küçədə sizə yaxınlaşıb soruşsaydı ki, adınız “nömrə yanlışdır”?

Ona nə deyərdiniz?

# 2928 dəfə oxunub

Oxşar xəbərlər

Zülfüqar Rüfətoğlu vəfat etdi

Zülfüqar Rüfətoğlu vəfat etdi

20:59 9 noyabr 2024
51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

10:30 9 noyabr 2024
Azərbaycanda  Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:00 9 noyabr 2024
“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açıldı

“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açıldı

15:40 8 noyabr 2024
“Köhnə çamadanlar”ın Ankara premyerası oldu

“Köhnə çamadanlar”ın Ankara premyerası oldu

14:14 8 noyabr 2024
Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirildi

Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirildi

14:03 8 noyabr 2024
# # #