"Əlinin yuxusu" - Uşaqların yazdığı nağıl

"Əlinin yuxusu" - Uşaqların yazdığı nağıl
22 iyun 2020
# 14:00

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə başa çatmaq üzrədir


7-13 yaş arası uşaqların koronovirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub. Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin (Zülfüqar Rüfətoğlu, Şərif Ağayar, Samirə Əşrəf, Nərgiz Kərimova, Həmidə Rüstəmova ) gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.


I, II, və III yerin qaliblərindən əlavə qalan 7 nağıl bu gündən etibarən “Kulis.az” saytında yayımlanaraq, saytın Facebook səhifəsindəki oxucu likeləri əsasında qiymətləndiriləcək. Ən çox like toplayan nümunəyə təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.


Bu dəfə isə Vüsal Davudlunun “Əlinin yuxusu” nağılını təqdim edirik.


Biri var idi biri yox idi. Əli adında bir oğlan var idi. O, kitab oxumağı sevirdi. Ən çox da macəra kitablarını oxuyurdu. Çünki, özünü ordakı qəhrəmanların yerinə qoyub ya dənizdə piratlarla dalaşan kapitan, ya meşənin kralı ya da yeddi başlı əjdahanı öldürən qəhrəman olurdu.


Bu axşam da Əli həmişəki kimi kitabını götürüb çarpayısına uzandı. Kitabdan bir, iki səhifə oxumuşdu ki, yuxu onu apardı və dərin bir yuxuya keçdi...


O, xəzinə ovçusu idi. Bunun üçün də insan ayağı dəyməyən dağlarda, qayalarda gəzirdi. Əlindəki böyük xəzinə xəritəsi ilə hədəfinə çatmağa çalışırdı. Belə ki, o, dağlar aşıb çaylar keçib, xəritədə hədəf olunmuş mağaraya çatdı. Rəvayətə görə bu mağarada bir neçə əsr bundan əvvəl yaşamış zalım bir kralın xəzinə anbarı imiş.


Əli mağaraya girdi. Hər tərəf qapqaranlıq idi. Cibindəki çaxmağı çıxarıb balaca bir məşəl yandırdı. Qaranlıq, dar və uzun yolla addımlamağa başladı. Yol getdikcə uzanırdı. O bir xeyli yeridi. Irəlilədikcə ona elə gəlirdi ki sanki yerin altına, daha dərinə enir. Birdən yol ikiyə ayrıldı və uğultulu səslər eşidildi. Əli nə qədər qulaq verdisə bir şey başa düşmədi və qulağına addım səsi gəldi. O, qaçıb iri bir qayanın arxasına gizləndi. Addım səsi getdikcə yaxınlaşırdı. Əli qorxmağa başladı. Elə bildi ki, indi iri cüssəli, yeddi başlı bir əjdaha gəlib onu udacaq. Bu səbəblə qorxa-qorxa qayanın arxasından boylanıb addım səsləri gələn tərəfə baxdı. Gördüyü mənzərəyə gülməmək üçün özünü güclə saxladı. Gələn bapbalaca bir cırtdan adam idi. O, əlini gözünə tuta-tuta sanki işığa baxa bilmirmiş kimi: Kimdi? Kim var orda? deyə cır səslə qışqırırdı. Əli qayanın arxasından çıxdı. Zarafatyana bir səs tonu ilə dedi:


- Sən kimsən?

- Mən bu mağaranın sahibi. Bəs sən kimsən?

- Mən xəzinə ovçusuyam. Eşitmişəm ki, bu mağarada xəzinə var.

Cırtdan adam güldü, eyni vaxtda da ağlamağa başladı.

Əli dedi:

- Sənə nə olub, niyə həm gülüb həm ağlayırsan?

- Gülürəm çünki çox sevindim, ağlayıram çünki, bu xəzinəni əldə etmək çox çətindi.

- Necə məgər?

- Bu mağara kralın xəzinə anbarı idi. Həmin o kral mənim atam idi. Çox zalım idi. Bütün ölkə xalqına zülm edirdi. Kimin əlində nə var nə yox mənimsəyirdi. Ona tabe olmayıb boyun qaçıranları qılıncdan keçirirdi. Atamın bu tutduğu iş heç xoşuma gəlmirdi. Səfalət içində yaşayan xalqı gördükcə boğazımdan su keçmirdi. Bir gün qərara gəldim ki, gizlincə mağaraya gedib gücüm çatdığı qədər qızıl götürüb camaata paylayım. Elə də etdim. Buranı cadugər bir qoca qoruyurdu. Onun qorxusundan bura yaxın düşmək olmurdu. Bir, iki dəfə cadugəri aldadıb cibimə qızıl qoyub qayıtmışdım və onu da şəhərdəki kasıb ailələrə vermişdim. Amma bu qızıllar, niyyətimi yerinə yetirməyim üçün çox az idi. Yenidən mağaraya gələndə cadugər niyyətimi başa düşüb atama xəbər vermişdi. Atam, həm mənim niyə onun kimi biri olmadığıma, həm də cadugərin kifayət qədər ayıq-sayıq olmamağına çox qəzəblənmişdi. Ona görə də cadugərə əmr etmişdi ki, məni işə yaramaz kiçik bir cırtdana çevirsin. Cadugər hiyləgər və uzaqgörən idi. O, bilirdi ki, atam onu sağ buraxmayacaq. Ona görə də sehr oxumuşdu ki, əgər atam onu öldürsə onun bütün xəzinəsi daşa çevrilsin. Odur ki, ətrafında gördüyün bütün bu qayalar daşlar hamısı qızıl, ləl-cəvahiratdı.

Əli mat-məəttəl qalmışdı.

- Bəs onda bu tilsimi necə sındıraq? Bunun bir yolu olmalıdı.

- Əlbətdə var. Qarabağ deyilən gözəl bir diyar var. Orda “Xarıbülbül” adında bir çiçək bitir. O çiçəyin tozu bu tilsimi sındırar.

Əlinin gözləri parıldadı.

- Nə dayanmısan gedək də onda?!

- Eh. Elə bilirsən asandı? O gözəl guşəni iki başlı əfi ilan ələ keçirib. Neçə-neçə igidlər gedibsə də qalib gələ bilməyiblər.

- Gəl biz birlikdə gedək.

- Yox nə danışırsan bu mümkün deyil.

- Axı niyə?

- Çünki cadugər məni tilsimə salıb. Günəş işığı görəndə daha da kiçilib yox olacam.

Əli tək başına yola düzəldi.

Az getdi üz getdi gəlib cənnət məkanı olan Qarabağa çatdı. Pusquya yatıb gecənin düşməsini gözlədi. Elə ki, hava qaraldı, nəhəng bir ilan gərnəşə-gərnəşə ətrafda göründü. O qədər böyük idi ki, təkcə bir başı dağ boyda idi. Əli düşündü ki, bu ilanla əlbəyaxa ola bilməyəcək. Hiyləyə əl atmaq lazımdı. Odur ki, ilanın onu görə biləcəyi bir yerdə dayandı. Bunu görən ilan qəzəblə Əlinin üstünə hücüm çəkdi.

Əli titrək səslə dedi:

- Dayan, mən düşmən deyiləm!

İlan Əliyə yaxınlaşdı.

- Bəs kimsən? Mənim diyarımda nə işin var? De görüm səni kim göndərib? Hardan gəlmisən?

Əil titrək səslə:

- Mən sənin haqqında çox eşitmişəm. Qəhrəmanlığının dastanı bütün dünyaya yayılıb. Ona görə gəldim ki səni görüm. Həm də sənə hədiyyə gətirmisəm.

İlan təkəbbürlə:

- Hə elədi. Bütün dünya bilir ki, mən necə qəhrəmanam. Bəs sən mənə nə hədiyyə gətirmisən?

Əli dedi:

- Mən sənin yanında çox balacayam. Hədiyyəmi burdan görə bilməzsən. Aşağı əyil mən sənin başına dırmaşım və hədiyyəmi göstərim.

İlan razılaşdı. O, Əlini başının üstünə çıxardı.

Əli:

- Belə olmaz o biri başını da yaxına gətir ki, dörd gözünlə gör hədiyyəmi.

İlan o biri başını da Əliyə yaxınlaşdırdı.

Əli cəld hərəkətlə cibindən çıxartdığı bir ovuz istiotu ilanın gözlərinə üfürdü. İlan fısıldamağa başladı. Elə bərk fısıldayırdı ki, sanki dağlar indi yerindən qopacaq. Əli fürsəti əldən verməyib qılıncını çıxarıb ilanın ürəyinə sancdı. Sonra onun hər iki başını kəsdi. Yoluna davam etdi. Xarıbülbülun ətrini izləyə-izləyə çiçəyin yetişdiyi yerə çatdı. Bura o qədər gözəl idi ki, sanki cənnət burda əks olunmuşdu. O, çiçəyi qoparıb yoluna davam etdi.

Gəlib cırtdanın olduğu mağaraya çatanda artıq dan yeri ağarırdı. İki əlini ağzına dirəyib cırtdanı çağırdı.

- Cırtdan, ay cırtdan. Hardasan çıx bura gəl.

Cırtdan yüyürə-yüyürə Əlinin yanına gəldi.

- Gedə bilmədin hə? Deyib başını yırğaladı.

- Getdim də, xarıbülbülü gətirdim də.

Cırtdan gülü Əlidən alıb, ovucunda ovxaladı sonra tozunu həm öz başına həm də ki, ətrafa səpələdi. Elə o andaca cırtdan dönüb hündrboylu bir oğlan oldu, ətrafa yayılan ləl-cəvahiratın parıltısından oğlanların gözü qamaşdı.
Hə indi nə edək deyə, Əli dilləndi.

- Mən bilmirəm. Bu qızıllar artıq sənindi. Nə istəyirsən elə də et. Şəhzadə cavab verdi.

Əli ətrafına baxıb gülümsədi:

- Eh bu qədər qızıl ömrümün axırına kimi xərcləsəm də bitməz. Mənə bir, iki ovuc bəs edər. Gəl qalanı ilə də sənin yarımçıq qalmış işini tamamlayaq...

Elə bu dəm, Əli anasının səsinə yuxudan oyandı. Qalx mənim ağıllı balam yoxsa məktəbə gecikəcəksən.

# 5333 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #