“Yazıçılara verilən imtiyazlar ləğv edilməlidir!” - Qələm adamlarından sərt açıqlamalar

“Yazıçılara verilən imtiyazlar ləğv edilməlidir!” - Qələm adamlarından sərt açıqlamalar
10 fevral 2020
# 08:55

Kulis.az tanınmış yazıçılara “Kitab sənayesini formalaşdırmaq üçün nə etmək lazımdır?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Məmməd İsmayıl

Şair

Image result for Məmməd İsmayıl

Bilirsiniz, verdiyin sualı iki, üç kəlməylə cavablandırmaq mümkün deyil. Birincisi, sosializmdən kapitalizmə keçid dönəmini yaşayan Şərqi Avropa ölkələrində olduğu kimi, biz də mövcud kitabxanaları, kitab satışı mağazalarını, klubları, mədəniyyət saraylarını xüsusi qanunlarla qoruyub saxlaya bilsəydik, adlarını çəkdiyimiz mədəniyyət obyektləri işbazların əlinə keçməsəydi, yəqin ki, biz bugünkü kitabsızlıq dönəmini yaşamaq zorunda qalmazdıq. Beləcə bütün bunlara görə də oxu alışqanlığı süni şəkildə sıfıra endirildi və Azərbaycan ədəbiyyatı illər boyu formalaşmış ənənəvi oxucusunu itirdi. Kitab bazarı əsl yazarların yox, əsər yazmaqdan başqa əlindən hər iş gələn işbazların əlinə keçdi, beləcə oxucu yuvasından süni şəkildə ayrı salının quş kimi perikdi.

Beləcə tərəfkeş tənqidin varoluşu milləti kitabsızlığa gətirib çıxaracaqdı, çıxardı da. Azərbaycan kitab bazarında müzakirəsi keçirilən, mətbuatda, televiziya ekranlarında bəy tərifi deyilən kitabların heç birini dünya arenasına çıxarmaq mümkün deyil, ilk baxışda sanki hər şey var, amma əsl olan mətn yoxdur.

İnternet, eloktron kitablar Azərbaycan kimi geridə qalmış ölkələrin yox, hətta ən gəlişmiş ölkələrin də əsas problemlərindən birinə çevrilmişdir. Ağılın yolu birdir Azərbaycanda kitab sənayesinin qurulması üçün şəxsi insiativlərlə yanaşı bu iş birbaşa dövlət proqramında yer almalı, həm də bu proqramın həyata keçirilməsi hər sferada olduğu kimi tərəfdaş işbazların yox, həqiqətən də çağdaş dünya kitab kültürü ilə iç-içə olan kitab sevdalısı professionalların ixtiyarına verilməlidir. Gərəkli, gərəksiz hər şeyə büdcə ayıran dövlət qurumları təmsil etdikləri millətin çağa ayaq uydurmasını istəyrisə, kitab sənayesinə vaxt itirmədən vəsait ayırmalıdır. Yalnız ədəbi dəyərinə görə dünya səviyyəsinə çıxarıla bilinəcək əsərlər çap edilməli və tərəfkeş tənqidin bəlağətindən uzaq təbliği təşkil olunmalıdır. Yəqin ki, çətin də olsa bu yolla itirilmiş oxucu qrupunu yenidən qazandırmaq mümkün ola biləcəkdir.

Fikrət Qoca

Xalq şairi

Image result for Fikrət Qoca

- Bunun üçün ilk növbədə dövlətimiz xüsusi pul ayırmalıdır. Kitab cəmiyyət üçün çox vacibdir. Gələcək üçün məktubdur. İndi yerindən duran özbaşına kitab çap edir. Belə olmaz. Kağıza qənaət etmək lazımdır. Camaat yerində saymır. Kitab gələcəyimiz üçün əsas məsələlərdən biridir.

Əkrəm Əylisli

Yazıçı

Image result for əkrəm əylisli

Bu məsələdə sovet hökumətinin təcrübəsindən bəhrələnməyə çalışmaq lazımdır. Sovet vaxtı təbabət, tibb, tədris, maarif sahələrinə aid kitabların nəşri çox yüksək vəziyyətdə idi. Hazırkı vəziyyət isə heç də ürəkaçan deyil. O dövrdə Azərbaycanda iki nəşriyyat vardı. Biri “Azərnəşr”, digəri böyük həcmdə kitab nəşr edən “Gənclik”. Bu kitabların tirajı da indiki dövrlərdəki tirajlarla müqayisədə ağlasığmazdır. Hər nəşriyyatın müxtəlif şöbələri vardı. Sovet xalqları ədəbiyyatı, rus ədəbiyyatı, dünya ədəbiyyatı kimi şöbələr olurdu və hər bir şöbənin mütəxəssisi olurdu.

Bu təcrübələrdən yararlanmalıyıq. Yazıçılar ancaq yazmalıdır. Təsəvvür etmirəm ki, yaxşı əsər heç oxunmur. 90-cı illərdə uzun müddət kitab oxunmadı. Sonradan getdikcə kitaba maraq oyandı. Yaxşı əsərlər yazmaq lazımdır. Bir əsər maraq doğuranda istər-istəməz kitab sənayesinə də təsir edir.

Səfər Alışarlı

Yazıçı

Image result for səfər alışarlı

Ədəbi məhsulun kitab təcəssümündən danışsaq, qeyd etməliyik ki, bu sahədə işlərimiz yaxşı deyil. Hər şeydən öncə bizdə mətnin keyfiyyəti aşağıdır. Keyfiyyəti yalnız normal ədəbi mühit, yüksək mədəni səviyyə və həyat tərzi, milli təhsil sistemi, doğma dilə və mənəvi dəyərlərə hörmət hissi qaldıra bilər. Bizdə bunlar Qarabağ müharibəsi vasitəsilə darmadağın edilib.

Son otuz ildə bəzi məmurların əli ilə hər şey edilir ki, ədəbi mühitin funksionallığı yalnız gözdən pərdə asmağa kifayət etsin, arada ədəbi işbazlar öz mənfəətlərini götürsün. Güman etmək olar ki, bu sahəni də bir çox başqaları kimi bizim keçmiş “dostlarımız” uzaqdan, yaxından çox ustalıqla idarə edir və sağlam milli ədəbi platformanın möhkəmlənməsinə imkan vermirlər. Bütün bu dəyərlər sisteminin deqradasiyası onlara ona görə lazımdır ki, xalq da, yaradıcı insanlar da sovet imperiyası dövrünü yaşam və yaradıcılıq mühitinin yüksək etalonu kimi dəyərləndirməyə məcbur edilsinlər. Mənə elə gəlir ki, onları qazandıqları nailiyyətə görə təbrik etmək olar.

Kitab sənayesinin inkişafı bilavasitə ədəbi məhsula oxucu marağı ilə bağlıdır. Əgər sıravi vətəndaşın həyati əhəmiyyət daşıyan daha vacib problemləri varsa, onun kitab oxumağa, əlbəttə, həvəsi olmayacaq. Bu gün sosial şəbəkələrdən ildırım şaxıması kimi yayılan şok xəbərlər sanki insanların mütaliə aclığını doyuzdurur. Beləcə, kütlə getdikcə mədəni-intellektual baxımdan dayazlaşır. Sonra necə olacaq, bilmirəm...

Zahid Sarıtorpaq

Yazıçı

Image result for zahid sarıtorpaq

Deməli, konkret olaraq bir təklifim var: bunu bir neçə yerdə də demişəm. Eşitdiyimə görə, Gürcüstanda bir fond yaradılıb və dövlətin sərəncamıyla bütün özəl şirkətlər illik vergi rüsumlarının cəmi bircə faizini o fonda köçürür. Fondda ekspert kimi altı-yeddi nəfər nüfuzlu yazıçı işləyir və onlara təqdim edilən əsərləri oxuyub dəyərləndirir, çapına, nəşrinə göstəriş verirlər. Eyni zamanda yazıçıya çox böyük məbləğdə, özü də qabaqcadan fondun hesabından qonorar ödəyirlər. Həmin fondun hesabına hər il təxminən 200-300 gürcü müəllifinin kitabı xaricdə nəşr olur. Belə bir fondu bizdə yaratmaq olmazmı (söhbət AYB-dəki fonddan getmir, çünki funksiyalar tamam ayrıdır.) Bu fikri ictimailəşdirmək mümkün deyilmi? Düşünmək lazımdır. Həm də məsələni daha geniş ictimailəşdirib hərəkətə keçmək gərəkdir. Məncə, dövlətimiz buna biganə qalmaz.

Fəxri Uğurlu

Yazıçı

Image result for fəxri uğurlu

- Yaxşı, oxunaqlı, səviyyəli, maraqlı kitab yazmaq lazımdır.

Etimad Başkeçid

Yazıçı

Image result for etimad başkeçid

- Bizdə kitab deyəndə, nədənsə, hər şeydən əvvəl bədii nəşrlər nəzərdə tutulur. Halbuki, demək olar, bütün ölkələrdə bədii ədəbiyyat kitab bazarının beş-altı faizini təşkil edir. Ayrı-ayrı elm sahələrinə aid kitablar, tədris vəsaiti, xüsusi ədəbiyyat və s. əsas ağırlığı bu tip kitablar təşkil edir.

“Kitab sənayesi” qavramı o qədər əhatəli nəsnədir ki, qoyduğunuz suala beş-üç kəlməylə cavab vermək mümkün deyil. Bütün mədəni ölkələrdən fərqli olaraq, bizdə kitab bazarını təhlil edən, bu sahənin problemlərini gündəmdə saxlayan heç bir ixtisaslaşmış nəşr yoxdur. Bizdə nəşrlərin biblioqrafik və statistik qeydiyyatını aparan elementar kitab palatası yoxdur ki, bunun əsasında hansısa tədqiqat işləri aparmaq mümkün olsun. Milli kitabxana bizim hər şeyimiz rolunu oynayır. Bizdə kitab mağazaları bir sinif kimi yox edilib. Bizdə mütaliənin dəstəklənməsi və inkişaf etdirilməsi ilə bağlı əhatəli dövlət proqramı yoxdur. Xüsusilə də uşaqların və gənclərin mütaliəsinin inkişaf etdirilməsi ilə bağlı heç bir konsepsiya mövcud deyil. Kitab ticarəti sistemi çöküb. Ona görə çöküb ki, digər satış şəbəkələrindən fərqləndirilmir. Və s. və i.a. Yəni barıt islaqdır. Ona görə, kitab sənayesi barədə danışmaq hələ bir qədər tezdir.

Aqşin Yenisey

Şair

Image result for Aqşin yenisey

- Əvvəllər xeyli problemlər var idi. Danışırdıq, amma bu gün kitab çapı və yayını ilə məşğul olan iş adamlarının sayı artmaqdadır. Yerdə bircə məsələ qalır, yaxşı yazmaq, oxucunun damarını tutmaq. Necə ola bilir ki, okeanın o tayında yaşayan bir yazıçı Azərbaycan oxucusunu daha çox cəlb edir? Bu suala cavab vermək! Müasir dünya ədəbiyyatının 80 faizi zir-zibildir. Naşirlər sata bilsinlər deyə onları reklam edirlər. Kütləvi oxucu da reklama qaçır. Yazıçılarımız özlərini dünya yazarlarının Sanço Pansası kimi aparmağın daşını tökməlidirlər ətəklərindən. Öz kitablarımızın, əsərlərimizin estetikası izah olunmalıdır oxucumuza.

Nərmin Kamal

Yazıçı

Image result for nərmin kamal

Bir müəllim tələbəyə sual verir ki, bir fincan çay dəmləmək üçün nə qədər su lazımdır. Tələbə deyir, 1 fincan çay dəmləmək üçün bir fincan su lazımdır. Müəllim deyir, bu səhvdir, bir fincan çay dəmləmək üçün 120 litr su lazımdır, çay qutuda sizin evə gəlməzdən əvvəl çay bitkisinin suvarılmasına gedən o suyu da nəzərə almaq lazımdır.

Amma kitabın işi pis getdiyinə görə hamının ittiham edən barmağı yazıçıya yönəlir: yaxşı yaza bilmirlər, ona görə satılmır.

Bu, məsələyə həmin tələbə kimi yanaşmaqdır. Halbuki, o 120 litr suyu da nəzərə almaq lazımdır.

Kitab sənayesi bir Qərb icadıdır. Qərbdə kitab sənayesinin ürəyi nəşriyyatlardır. Nəşriyyat tanınmamış gənc müəllifdən kitabını satın alır. Nəşriyyatın Guernica kimi ədəbiyyat sayt və jurnallarıyla da müqaviləsi olur. Gənc müəllifi heç kəs tanımadığına görə nəşriyyat onun yeni kitabından hissələri ədəbiyyat saytlarında və jurnallarında çap etdirir, təbliğ edir, kitab mükafatları da Böyük Beşlik deyilən beş əsas nəşriyyatın əlindədir, kitabı mükafata da yazıçı göndərmir, nəşriyyat göndərir, iri kitab dükanları da nəşriyyatın əlindədir və nəşriyyat mühasibat müstəvisində kitab dükanıyla danışır ki, məhz hansı kitabları seçib önə qoysun, bununla da oxucuya bir həkim pasientə deyər kimi deyir ki, sənə bu kitabı oxumaq lazımdır.

Slovakiya da keçmiş sosialist evi dağılandan sonra yerdə qalmış evin sınıq bir sütunu idi. Orda da bir vaxtlar Gosizdat var idi bizdəki kimi. İndi isə Avropa Birliyində ən çox kitab nəşr olunan və satılan ölkə Slovakiyadır, özəl nəşriyyatlar etdi bunu, yerli müəlliflərlə birgə etdi bunu. İnternetdə “n” qədər yazılar var ki, Slovakiyada yerli müəlliflərin kitab bazarında dominant olması faktından söz açır.

Bizim nəşriyyatlar printer kimi işləyirlər, bunların doxsan doqquz faizi nəşriyyat deyil, printerdir. Pulunu ver, çap edim, ya da 50-sini sat, çap edim. Tənbəl və istedadsız naşirlərdir, istedadsız biznesmenlərdir. Əgər yerli ədəbiyyatı xoşlamırlarsa, min bir mövzu var, min bir peşə sahibi var ki, potensial müəllifdir. Olmasın fiction (bədii), olsun non-fiction (qeyri-bədii kitablar). Uşaqların ölkə boyu orta məktəbin aşağı siniflərindən, bağçadan kitaboxuyan nəsil kimi böyüməsini də, dövlətlə işi də bacarıqlı nəşriyyatlar qura bilərlər. Yazıçılar introvert olurlar, biznes isə tamam başqa insan təbiəti tələb edir. Yazıçının məhsulu kitab deyil, əsərdir. Kitab nəşriyyata məxsusdur. Əsər pisdirsə, onun oxucunun əlində nə işi var, nəşriyyat onu niyə qəbul edib yazıçıdan, niyə redaktə etməyib. Bizdə nəşriyyat elə işləyir ki, bir fincan su verirsən, bir fincan çay dəmləyir. Halbuki 120 litr suyu tapmaq da, yeri gələndə o suyu əjdahadan almaq da nəşriyyatın işidir.

Pərviz Cəbrayıl

Yazıçı

Image result for pərviz cəbrayıl

Azərbaycanda kitab sənayesi var, kitab bazarı yoxdur. Belə deyək də, mal istehsal olunur, ancaq alıcısı yoxdur.

Xoşbəxtlikdən kitab istifadə müddəti olmayan əmtəədir. Ancaq zəruri tələbat malı deyil, bu siyahıda bəlkə də on milyonuncu yerdə gəlir. Bu, ölkəmizdə mənəvi qida aclığının olmasına baxmayaraq, ona ehtiyac hissinin ölməsidir. Elə bil adam xeyli ac qalandan sonra aclıq hissini necə itirirsə, elə bir şeydir. İndi bu hiss yoxdur, ölüb, tək-tük adamda yaşayır. Bəs bunun üçün nə etmək lazımdır? Sizin sualınız da budur.

Zaman-zaman hər birimiz bu məsələylə bağlı təkliflərimizi demişik. Əlbəttə, təklif əsasdır, olmalıdır ki, ona uyğun da fəaliyyət olsun. Yəni dediyim odur ki, bu işi ancaq dövlət görə bilər. Bunun üçün dövlət siyasəti, dövlətin marağı olmalıdır. Ancaq bu təkliflər necə həyata keçirilməlidir? Bizdə bunun bir ənənəsi varmı? Var, ancaq o ənənə sovet ənənəsidir, indi qətiyyən işlək deyil, ola da bilməz, olması ziyanlıdır da. Çünki o zaman bu iş sırf ideoloji maraqlar üstündə qurulmuşdu. Ona görə də, bunun üçün dövlət tərəfindən intellektuallardan ibarət bir komissiyamı, nəmi yaradılmalı, dünya təcrübəsi incəliyinəcən öyrənilməli və həyata keçirilməlidir.

Mən bu məsələdə qətiyyətlə bir şeyin əleyhinəyəm: ədəbiyyat adamlarına - yazıçı-şairlərə ayrılan bütün təqaüdlər, ianələr, yardımlar ləğv edilməlidir, gələcək üçün də qətiyyən nəzərdə tutulmamalıdır. Yazıçı heç bir halda hansısa təsisatın əlinə baxa bilməz. Əl açmaq bilə-bilə əlini qandallamaqdır. O adamlar ki, hətta allaha müxalif olmalıdır, dövlətdən necə nəsə uma bilər? Bu, ədəbiyyatın daha rəzil ölümü olardı. Necə ki, eyni durumlarda tarixən olub. Sadəcə, dediyim təcrübə öyrənilməli, dövlət o təcrübənin həyata keçməsi üçün öz resurslarından istifadə etməlidir ki, Azərbaycanda da söz sənəti peşəyə, yazarlar peşəkara çevrilə bilsin. Yazıçını ələbaxanlığa yox, əlinin, ağlının, beyninin, istedadının imkanıyla dolanmağa alışdırmaq, bu işdə onun yolunu açmaq lazımdır. İndi ədəbiyyat da Azərbaycanda korrupsiya bataqlığına uğramış sahələrdən biridir.

Detallar, təkliflər çoxdur. Onları hər dəfə sadalamağımızın mənasısa yoxdur. Dövlət qollarını çırmalamasa, elə bu cür də davam edəcək. Üstəlik dövlətin də heç bir merkantil marağı olmamalı, yalnız ədəbiyyatın inkişafı prioritet olmalıdır.

Sevinc Elsevər

Şair

Image result for sevinc elsevər

Kitab sənayesinin formalaşması üçün nəşriyyatlara, kitab mağazalarına vergi güzəştləri olunmalıdır. Şəhər kənarlarında, ucqar rayonlarda mağazalar yaradılmalıdır. İnsanımızın kitaba marağının artırılması üçün kitab oxuyan adamla oxumayan adam seçilməlidir. Televiziyaya müğənnilər çağırılınca, kitab adamları, ziyalılar çağırılmalıdır. İnsanlarımız kitab adamını yaxşı güzəranda görsə, hörmət sahibi olduğunu görsə, ona kitab oxu deməyə ehtiyac qalmayacaq. Cəmiyyətdə kitabın nüfuzu artırılmalıdır.

Rasim Qaraca

Şair

Image result for rasim qaraca

Kitab sənayesini formalaşdırmaq üçün, demokratik cəmiyyət qurmaq, azad iqtisadi rəqabət yaratmaq lazımdır. O zaman namuslu insanlar önə çıxacaq, sərbəst biznes fəaliyyəti nəticəsində pul dövriyyəsi artacaq və o cümlədən də kitab sənayesi inkişaf edəcək.

Varis

Yazıçı

Image result for varis yolçuyev

  1. Öncə bütün dünyada tətbiq olunan nəşriyyat-yazıçı sistemi bizdə də tətbiq olunmalıdır, nəşriyyat tələbat duyulan yazıçıya kitab sifariş etməli, kitabın çapını, satışını həyata keçirməli, yazıçıya qonorar ödəməlidir. Belədə hər əli qələm tanıyan öz vəsaiti ilə kitab çap eləyib mağaza vitrinlərini boz ədəbiyyatla doldura bilməz, yaxşıyla yamana fərq qoyular.

  1. Nəşriyyatlar hazırkı mətbəə funksiyasını atıb kitabçılıq prosesinin (sifarişçi - naşir- çapçı - piarçı- satıcı) tam sahibinə çevrilməlidirlər.

  1. Dövlət, yaradıcı qurumlar, himayədarlar istedadlı gənclərin üzə çıxmasına kömək etməli, kitablarının çapına maddi dəstək göstərməlidir.

  1. Kitablara tətbiq edilən “ƏDV” götürülməli, kitab sənayeçilərinə vergi güzəştləri tətbiq edilməlidir ki, kitabın qiyməti aşağı olsun, oxucuların büdcəsinə uyğunlaşsın.

  1. Əhalinin ən çox kitab əldə etdiyi metrolarda kitab satışı bərpa edilməlidir. Kitab mağazalarının sayı artırılmalıdır.

  1. Kitaba cəmiyyətin baxışı dəyişməli, o, sosialist məfkurəsinə uyğun təbliğatçı deyil, kapitalist məfkurəsinə uyğun əmtəə vasitəsi hesab edilməlidir.

  1. Cəmiyyətdə kitab təbliğ olunmalı, kitab reklamı sosial reklamın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Cəlalə Nəzəroğlu

Image result for cəlalə nəzəroğlu

Libraff” kitab mağazaları şəbəkəsinin direktoru

  1. Kitab mağazaları şəbəkəsi əlbir olub böyük layihələr edə bilər.

  1. Oxuyan təbəqəni üzə çıxarmaq üçün keçmişdə mövcud olan məclisləri bərpa etmək olar.

  1. Kağızı vergidən xilas etmək, kitabın qiymətini aşağı salmaq.

Qəşəm Nəcəfzadə

Şair

Image result for qəşəm nəcəfzadə

Tarixən iqtisadiyyat, qazanc ədəbiyyatla vuruşub, döyüşüb. Biz bilmədiyimiz bir şəkildə. İqtisadi düşüncə ədəbi düşüncəni öldürüb. Cəmiyyət ona görə bu günə qalıb. Ruhsuzdur cəmiyyət. Ona görə qabadır, sərt və müharibə hissiyyatlıdır. Çünki beyində ədəbiyyat yoxdur. Ədəbiyyatı mən geniş mənada nəzərdə tuturam. Bura mədəniyyət, musiqi, başqa incəsənət növləri də daxildir. Əvvəl-əvvəl cəmiyyətin bu xəstəliyi sağalmalı, ədəbiyyat iqtisadiyyatın köləliyindən xilas olunmalıdır. İqtisadiyyat cəmiyyəti inandırıb ki, ədəbiyyatın gücü yoxdur. Sənə təsir edə bilmir. Gərək ədəbiyyat elə bir güc göstərsin ki, iqtisadiyyat öz yerinə qayıtsın. Çünki o, ədəbiyyatın yerini inhisara alıb, işğal eləyib. Ədəbiyyatı iqtisadiyyata ədəbi generallarımız satıb. İndi nə qədər edirik ədəbi vətənimizi xilas edə bilmirik. Nobelimiz olsa edə bilərik. Buna da uzun vaxt lazımdır.

Rəbiqə Nazimqızı

Şair

Image result for rəbiqə nazimqızı

İlk növbədə ƏDV götürülməlidir. Kitab marketinqi sahəsi inkişaf etdirilməlidir. Nəşriyyatlar daxilində normal redaktə, korrektə institutları yaradılmalıdır. Kitablarla bağlı efirlərdə mütəmadi təbliğat getməlidir. Məktəb və universitet kitabxanaları yeni kitab və jurnallarla təmin olunmalıdır və sair və ilaxır.

Cavanşir Yusifli

Tənqidçi

Image result for Cavanşir Yusifli

Bunun üçün hər şeydən öncə ədəbiyyatın, kitab çapının və mütaliənin dəstəklənməsi sahəsində dövlət siyasəti olmalıdır. Bizdə bu siyasət bütün konturları ilə mövcud deyildir. Nəşriyyatlara vergi qoyulması bu sahənin inkişaf tempi ilə həmahəng, eyni zamanda güzəştli olmalıdır. Nəşriyyatlar isə bütün mənalarda, bütün cəhətləri ilə inkişaf etməlidir; bəzən hansısa çox maraqlı bir müəllifin əsərinin çapı mənasız dizaynla müşayiət edilir. Rəng seçimi, rəssam işi gülməli formalarda meydana çıxır. Kitab, kitab çapı yüksək zövq tələb edən bir işdir, bu isə təkcə rəng seçimi, dizaynla bağlı bir məsələ deyildir, nəşriyyat işçisi ədəbiyyatı, dünya ədəbiyyatını, tərcümə sənayesini, bir sözlə bu sahədə hazırda baş alıb gedən tendensiyaları yaxşı bilməlidir. Çap maşınları təzə olsa da, bilik səviyyəsi baxımından kustar nəşriyyatlar olduqca çoxdur. Bütün bunların formalaşması üçün hər şeydən qabaq kitab bazarı inkişaf etməli, bu bazarların xarici ölkələrin bazarlarına çıxışı olmalıdır. Təəssüf ki bu hələ baş tutmamış arzudur. Bəzən nəşriyyatın hansı səviyyədə olduğunu nəzərə almadan onu vergi basqısı altında dəfn edirlər, bu isə yolverilməzdir. Kitab nəşri, ümumən kitab sənayesi gənc yazarlara dövlət dəstəyi proqramları ilə əlaqələndirilməlidir. Bu sahə indi ağrılı və pərakəndə, daha çox isə zövqsüz şəkildə icra olunan bir sahədir. Müsabiqələr keçirilir, bəzən çox aşağı səviyyədə, yazarlara, yer tutan qələm əhlinə simvolik mükafatlar verilir (pulsuz, yavan mükafatlar!), gülməli tendensiyalar yaranır. Bu şərti işarəli mükafatların arxasında ciddi heç nə dayanmır. Forumlar keçirilməlidir. Şeir, hekayə və sair müsabiqələrə nəşriyyatları daxil etmək lazımdır, onlara sanballı pul mükafatları vermək lazımdır.

İndi vəziyyət necədir? Kəmiyyət var, hərəkət yoxdur. Kitab dükanlara doldurulur, gedib seyr edirik; bəzən nəşr gözoxşayan olsa da içi-məzmunu ilk təmasdan insanı özündən uzaqlaşdırır. Nəşriyyatların azacıq da olsa inkişaf etməsi o deməkdir ki, onların arasında bir sağlam rəqabət olsun, deyək ki, bir müəllifi ayrı-ayrı, yaxud eyni zamanda bir sıra nəşriyyatlar çap eləsin, oxucu yeganə seçim qarşısında qalmasın, əks təqdirdə nəşriyyat bütün gücü yalnız boğulmamaq üçün sərf edəcək. Elektron kitab nəşri yüksək zövq tələb edir. Vaxtilə Zahir Əzəmət bu işə başlamışdı, xarici dillərdən nə qədər ədəbiyyat çap edilmişdisə (kitab, yaxud e-formada) onlardan böyük bir bank yaratmışdı. Bizdə həvəs ancaq bir mərhələyə hesablanır, arxası gəlmir. Elektron nəşrlər səhvlərlə aşıb-daşır. Tenderlər, müsabiqələr keçirilməlidir. Aidiyyatı qurumlar Azərbaycan kitabının tanınması istiqamətində zəif fəaliyyət göstərirlər (daha çox göstərgi olaraq). Yəni, bu sahə problemlərlə doludur.

Mehriban Vəzir

Yazıçı

Image result for mehriban vəzir

  1. Kitabların pulsuz reklamını təşkil etmək.

  1. Kitablardan bəhs edən teleradio verilişləri açmaq.

  1. Milli tarixə həsr edilmiş kitabların yazılmasını stimullaşdırmaq.

  1. Yeni çap olunmuş kitablar haqda ayrıca veriliş açmaq.

  1. Kitablar haqda verilişlərə müəllifləri dəvət etmək.

  1. Ədəbi-tənqidi canlandırmaq.

  1. Yazıçıya mövqeyinə görə fərq qoymamaq, ayrı-seçkilik etməmək.

Əlaqədar təsisatlara kitabın nə demək olduğunu bilən kadrları yerləşdirmək.

Şahbaz Xuduoğlu

Qanun Nəşrlər Evinin rəhbəri

Image result for şahbaz xudu

Kitab sənayesini formalaşdırmaq üçün ilk növbədə Mədəniyyət Nazirlinin rəhbərliyini dəyişmək, ya da kitab işini bu strukturdan ayırmaq lazımdır. Onlar 2 mindən çox kitabxana bağlayıblar. Hələ yenə də ümid edirik ki, nəyisə dəyişəcəklər. Mən inanmıram. Kitabın problemi o sahəyə yardım etməyə məsul olan şəxslərin əksinə hərəkət etmələridir. Orda işləyənlərin heç biri kitab işini bilmirlər və bütün təşəbbüsləri də boğurlar. Vergilər naziri dəyişdi islahatlar başladı, təhsil naziri dəyişdi islahatlar başladı, mədəniyyət sahəsində ciddi islahatlar da bu cür yeniliklə mümkündür.

Mübariz Örən

Yazıçı

Image result for mübariz örən

Bizdə kitab industriyası köhnə “Qaz-24” raması üzərində müasir yüksək texnologiyalı detallarla təchiz olunmuş yarımorqanik, yarımsüni kiborqu xatırladır; köhnədən tam qopa, təzəyə tam yiyələnə bilməmişik. Bunun həm obyektiv, həm subyektiv səbəbləri var. Obyektiv odu ki, əksər oxucularımız hələ də təzəliyi - təzə ideyanı, təzə cərəyanları, təzə formanı, təzə tərtibatı və s. qəbul etmək istəmir. Nəinki istəmir, hətta bu yeni təzahürlərin qabağına bellə, baltayla çıxmağa hazırdı. İkinci tərəfdən, yazıçı eqoizmi; bizim əksər yazıçılar hələ də elə sanır ki, hamıdan ağıllı odur, onun hər kəlməsi qızıldı və babasının başına gələnlərdən bəhs edən sicilləmələri hamı üçün maraqlı olmalıdı, hamı onu oxumağa borcludur. Subyektiv səbəblər isə daha çoxdur. Kitab satışına, kağıza edilməli olan ciddi güzəştlərdən tutmuş kitabın təbliğatına, marketinqinə, kitaba olan etimadın qaytarılmasına, onun xeyirli biznes sahəsinə çevrilməsinə qədər... Amma, bütün bu problemlərlə yanaşı, fikirləşirəm ki, bu işdə ən böyük addımı yazıçı özü atmalıdır, - maraqlı yazmağı, cəzbedici-cəlbedici olmağı, anbaan, təcillə dəyişən dünyamızda təzə qalmağı, proseslərlə ayaqlaşmağı, formada qalmağı bacarmalıdır. Bizi kitab gözləyir, - başqa kitablar...

Aysel Əlizadə

Şair

Image result for aysel əlizadə yazıçı

Bu sualın iqtisadçılara, iş adamlarına ünvanlanması daha doğrudur. Təkcə kitab sənayesini yox, bütünlükdə sənayenin inkişafını peşəkar iqtisadçılarla, intellektual sahibkarlarla, bazar iqtisadiyyatı, sənaye biliciləri ilə məsləhətləşmələr, əməkdaşlıq müstəvisində formalaşdırmaq mümkündür. Beynəlxalq təcrübədən yararlanmaq, kitab biznesi ilə məşğul olan böyük şirkətlərin konsultasiyasına müraciət etmək, ölkəsində oxu mədəniyyəti formalaşdıran, kitab alıcısı yetişdirən dövlətlərin proqramından istifadə edib bütünlükdə Azərbaycan dövlətinin kitab siyasətini yaratmaq gərəkdir. Professionallar dəvət edilsin, sistemli işə start verilsin. Üç istiqamət müəyyən etmək olar: İstehsal; PR - Reklam; Satış; Yazıçı sənaye inkişaf etdirən tərəf deyil. Yazıçı məhsul istehsalçısı, maarifçi tərəf kimi iştirak edir. Əlbəttə, o, kitab bazarındakı təklifi nəzərə ala bilər, daha keyfiyyətli və maraq yaradan əsər yaza bilər, uzağı PR işində necəsə yardımçı ola bilər. Amma sənaye qura bilməz, satış təşkil edə bilməz, reklam şirkəti rolunu üzərinə götürə bilməz və s. Elə bil ki, biz zavodda çörək bişirən işçilərdən həm də bu zavodu tikməyi, avadanlıq almağı, çörək satışını təşkil etməyi, çörəyə tələbatın artımını gözləyirik. Əvvəlcə, gərək dövlətin kitab siyasəti müəyyənləşsin. Ondan da əvvəl dövlət gərək qərar versin, ona, ölkəyə, xalqa, gələcəyə bu lazımdı, ya yox?

Şəhriyar del Gerani

Şair

Image result for del gerani

Kitab sənayesini formalaşdırmaq üçün, əlbəttə, nəşriyyat yaratmaq lazımdır. Azərbaycanda nəşriyyat yoxdur, mətbəə var. Nəşriyyat yoxdursa, deməli, naşir də yoxdur. Mətbəələr ətrafında bir neçə kitab alverçisi var sadəcə. Alverçiliklə kitab industriyası formalaşdırmaq mümkün deyil. Dövlət proqramı hazırlanmalıdır. Mən bu istiqamətdə keçən ildən bəri ilkin addımlar atmışam, sağlıq olsun, bu il də davam etdirəcəm. Belə görürəm, bizdən başqa heç kəs bacarmayacaq bu işi. Bunu da biz edəcəyik.

# 7898 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #