"Stalin" pyesi - Elçin yazır...

"Stalin" pyesi - Elçin yazır...
21 dekabr 2019
# 16:54

Kulis.az Xalq yazıçısı Elçinin "Stalin" pyesini təqdim edir.

Bu pyes Mikayıl Müşfiqin və onun timsalında bütün repressiya qurbanlarının xatirəsinə yazılmışdır.
Mənim həyatımın böyük bir hissəsi Sovet İttifaqında keçib.
İllər amansız bir sürətlə bir-birini əvəz edir və bu nəhəng imperiyanın - Sovet İttifaqının süqutu uzaqlaşdıqca, elə bil, elə həmin sürətlə də suallar bir-birini əvəz edir: mən necə bir ölkədə yaşamışam?, bu ölkəyə kimlər rəhbərlik edib?, rəsmi portretlərinin arxasında o rəhbərlər kim idi?, onlar üçün ölkə, xalq, kommunizm idealları və hakimiyyət nə demək idi?, əqidə onlar üçün həqiqət idi, yoxsa maska?, söz ilə əməl arasındakı uçurumun səbəbi nə idi? Və s., və i.a.

"Stalin" pyesi bu suallara cavab axtarışlarının nəticəsi, bu düşüncələrin ifadəsi kimi yazıldı.

Pyesin 4-cü və 5-ci şəkillərini oxuculara təqdim edirəm.

DÖRDÜNCÜ ŞƏKİL

Moskva. Konsperativ mənzil. Gecə.

Siyasi büro üzvləri: Nazirlər kuratoru, Partiya kuratoru, Təhlükəsizlik kuratoru, Ticarət kuratoru.

Onlar görüş yerinə yenicə gəlmişlər.

TƏHLÜKƏSİZLİK KURATORU. Soyunun, yoldaşlar... Əyləşin...

Kuratorlar paltolarını soyunub, şlyapalarını çıxarıb, hərəsi bir tərəfə atır və girdə mizin arxasında əyləşirlər.

TİCARƏT KURATORU. Biz əmin ola bilərik ki, bura təhlükəsiz bir yerdir?

TƏHLÜKƏSİZLİK KURATORU. Məndən başqa bu konsperativ mənzildən heç kimin xəbəri yoxdur. Açarı da şəxsən mənim özümdədir.

TİCARƏT KURATORU. Heç kimin?

TƏHLÜKƏSİZLİK KURATORU (acıqlı bir istehza ilə). Xəbəri olanlar artıq mələklərlə dərdləşirlər.

PARTİYA KURATORU. Yəni deyirsən ki, Polikarpov bura burnunu soxmayıb?

TƏHLÜKƏSİZLİK KURATORU. Ümid edirəm ki, yox. Ancaq bilmirəm, bizlərdən kimisə izləyiblər bura gələndə, ya yox?

TİCARƏT KURATORU. Mən kürəkənimin maşınında gəlmişəm.

NAZİRLƏR KURATORU. Sənin kürəkəninin maşınını izləmək çətin işdir?

TƏHLÜKƏSİZLİK KURATORU. Yoldaşlar, artıq bu söhbətin mənası yoxdur. Hər şey ola bilər. Bu, bəlkə də bizim son görüşümüzdür. Başqa bir yol yoxdur! Ya biz, ya da o qoca paranoik!

NAZİRLƏR KURATORU. Bizim dördümüzü də qaralayıb. O birilərini, bizim fədakar bolşevikləri, Leninin silahdaşlarını necə cəhənnəmə göndəribsə, bizi də eləcə ora göndərəcək.

PARTİYA KURATORU. Cəhənnəmə niyə?

NAZİRLƏR KURATORU. Bizim o qədər günahlarımız var ki...

TƏHLÜKƏSİZLİK KURATORU. Ən böyük günahımız ölkəni bu qoca paranoikin öhdəsinə buraxmaqdır. Özümüz heç, bəs, bu ölkə nə olacaq? Gələcək nəsillər şəkillərimizə tüpürməyəcək ki, əlinizdə bu qədər ixtiyar vardı, bəs, siz hara baxırdız?

TİCARƏT KURATORU. Biz niyə heç? Biz insan deyilik? Bizim ailəmiz yoxdur? Biz yaşamaq istəmirik? (Nazirlər kuratoruna.) Səni məcbur etmədi ki, arvadını boşayasan, onu da ingilis cəsusu kimi Sibirə göndərmədi? (Təhlükəsizlik kuratoruna.) Sənin qardaşını trotskiçi kimi güllələmədi?

PARTİYA KURATORU. Özünün! Özünün yaxın-uzaq qohumu qalmayıb, hamısını xalq düşməni kimi gülləliyib, Sibirə göndərib! Sabah...

TİCARƏT NAZİRİ (onun sözünü kəsərək). Biz də məcbur olub, o güllələnmə siyahılarına qol çəkmişik...

PARTİYA KURATORU (davam edir). Sabah oğlunu, ya qızını da ingilis cəsusu, ya Titonun adamı elan etsə, onları xalq düşməni kimi güllələsə, mən təəccüblənmərəm!

TİCARƏT KURATORU. Tito bir bəhanə idi. Siz bunu başa düşmədiz?!

NAZİRLƏR KURATORU. Bizimki daha təəccüblənməkdən çoxdan keçib! Görmürsən, yəhudilərə qarşı necə gizli nifrət var içində? (Yamsılayır.) "Siz yəhudi deyilsiz, siz kommunistsiz". Yəhudi kommunist ola bilməz? Marks kim idi?

TİCARƏT KURATORU. O, nə deyirsə, məqsədlə deyir. Yenə nəsə fikirləşib. İsraili də elə-belə demədi, mənim burnum yeni bir kompaniyanın ab-havasını hiss edir... Bəs, o Bağırov söhbətini eşitmədiz? Mənə deyir ki, Bağırovla dostsuz!.. Guya bilmir ki, Bağırov mənimlə düşmənçilik edir? (Təhlükəsizlik kuratoruna.) Bağırov sənin dostundur, ancaq mənə deyir

TƏHLÜKƏSİZLİK KURATORU. Əslində, elə mənə eşitdirirdi. Bu tiran üçün insan, ya milçək - fərqi yoxdu! Yaltada təklif etdi ki, əlli min alman zabiti məhkəməsiz güllələnsin. Əlli min! Təsəvvür edirsiz? Əlli min insan - məhkəməsiz! Mən orda idim. Çörçilin də, Ruzveltin də gözləri çıxmışdı kəllələrinə. Təkid edirdi! Çörçil dedi ki, Böyük Britaniya heç vaxt buna razı olmayacaq! Axırda otaqdan çıxıb, qapını da çırpdı.

NAZİRLƏR KURATORU. Ancaq bu Kalliqula həmişə gecikə-gecikə danışıqlar zalına girəndə, Çörçil sıravi əsgər kimi ayağa qalxırdı.

TİCARƏT KURATORU. Stalinin otağına kim... (Sözünü yarımçıq kəsib, Təhlükəsizlik kuratoruna baxır.) Sən bura mikrafon qoyub, bizim səsimizi yazmırsan ki?

TƏHLÜKƏSİZLİK KURATORU. Bu dəfə yox. Sözünü de, qurtar.

TİCARƏT KURATORU. Onun kabinetinə kim birinci dəfə girir, çıxanda başı ağarır.

PARTİYA KURATORU (aşkar bir kin-küdurətlə). Ancaq sənin başında ağ tük yoxdur!

TİCARƏT KURATORU. Nə olsun? Bizim Zaqafqaziyada müsəlmanlar meytləri ağ parçaya büküb, dəfn edirdilər. O vaxtdan mənim üçün ağ rəng - qorxulu rəngidir.

NAZİRLƏR KURATORU. Onda mənim bütün içimdə ağdan başqa rəng yoxdur. Bəyəm tək mənim?

TƏHLÜKƏSİZLİK KURATORU. Sizə bir daha deyirəm, məndə məlumat var: o, bizi xalq düşməni elan edəcək və (Sözləri hecalayır.) gül-lə-lə-də-cək. İntuisiya mənə deyir ki, bu, səhv məlumat deyil.

PARTİYA KURATORU. Bir sözlə, bizim daha vaxtımız yoxdur. Sabah məsələ həll olunmalıdır!

TƏHLÜKƏSİZLİK KURATORU. Hələ məlum deyil ki, sabaha sağ çıxacağıq, ya yox?

PARTİYA KURATORU. Ona görə də biz bu gün qərar verməliyik!

TİCARƏT KURATORU. Dünən hiss etmədiz ki, sondur? Mənim hissiyatım heç vaxt məni aldatmayıb. Bu, sondur! Görmədiz, hələ qurultay vaxtı cibindən heç kimin görmədiyi siyahını çıxarıb, Siyasi Büronu uşaq-muşaqla necə doldurdu? Guya, bunları Mərkəzi Komitə seçdi!.. Mən elə onda hiss etdim ki, bütün bu həngamə bizi əvəz etmək üçündür! Onun üçün bizi əvəz etmək nə deməkdir? Məhv etmək! Bizi dövlətin əleyhinə işləyən antipartiya qrupu yaratmaqda ittiham edib, xalqın tələbi ilə güllələmək! Məqsəd budur! Dördümüzü də nişan alıb, bu gün-sabah tüfəngin titəyini çəkəcək!

PARTİYA KURATORU. Fikir vermədiz, dünən mənimlə necə ikibaşlı danışırdı!

TİCARƏT KURATORU. Bəs, mənimlə?! Guya ki, Ermitajdakı rəsmləri Qalust Gülbenkyana mən özbaşına satmışam? Neynəmişəm, onun pulunu cibimə qoymuşam? Onun puluna biz Rostovda o boyda zavod tikdirdik! (Nazirlər kuratoruna.) Sənin yadında deyil?

NAZİRLƏR KURATORU. Necə yadımda deyil!? Biz Ermitajdan Rafaeli, Tisianı, Van Deyki götürüb, kapitalistlərə satdıq, bəli! Ancaq əvəzində Azərbaycandan tutmuş Barnaulacan, Leninqraddan tutmuş bilmirəm haracan, onlarla fabrik-zavod tikdik! Maqnitka, Dneproqes, Uralmaş!..

TİCARƏT KURATORU (sarkazm ilə). Bəs, bilmirsiz?! O fabriklər, zavodlar olmasaydı, Rafaellə Tisian əl-ələ verib, Hitleri məğlub edəcəkdi!

PARTİYA KURATORU. Mən o Belomorkanalda canımı qoymuşam, ad isə onunkudur! (Kinayə ilə.) Dahi rəhbərimizin!

TİCARƏT KURATORU (yamsılayır). "İyirmi yeddi Bakı komissarı oldu iyirmi altı..." 30 ildir bunu əlində süngü eləyib, mənim ürəyimə sancır.

TƏHLÜKƏSİZLİK KURATORU. İndi bu qaranlıq məsələni xatırlamağın yeri deyil.

TİCARƏT KURATORU (hiddətlə). Nə? Qaranlıq? Mənim bolşevikliyim sual altındadır? Bilirəm, biz onu ləğv edəndən sonra - əgər ləğv edə bilsək! - bunu siz də əlinizdə mənə qarşı süngü çevirəcəksiz.

PARTİYA KURATORU. Biz yenə bir-birimizlə çəkişməyə başlasaq, heç nə edə bilməyəcəyik.

NAZİRLƏR KURATORU. Ona da elə bu lazımdır! Dünən de Qoll zəng etməsəydi, kim bilir, hələ nə olacaqdı...

TƏHLÜKƏSİZLİK KURATORU. Kaladzenin iti söhbəti!.. Şeyx nağılı!.. Siz ki, yaxşı bilirsiz, o, elə-belə söz deyən deyil!

TİCARƏT KURATORU. Bəs, o sayıqlıq söhbəti?!

PARTİYA KURATORU. De Qoll zəng edib, o saat da bizi kabinetdən çıxardır. (Yamsılayır.) "Siz gedə bilərsiz". Bizim yanımızda de Qolla danışmaq olmaz? Biz kimik? Biz də bu ölkənin rəhbərləriyik!.. Biz bilməməliyik ki, de Qoll nə deyir? Niyə sən onun zəngini gözləyirsən? Özün ona nə deyəcəksən?!

TİCARƏT KURATORU. Hələ bilmək olmaz ki, de Qoll doğrudan zəng etmişdi, yoxsa bu da onun qurduğu oyunun bir bəndi idi? Bilmək olmaz...

NAZİRLƏR KURATORU. Sabah yenə bizi çağırıb. Özü də günorta! Son illərdə onun günorta iclas etməsi mənim yadıma gəlmir!

TƏHLÜKƏSİZLİK KURATORU. Dünənki kimi, yenə yalnız dördümüzü!

TİCARƏT KURATORU. Hissiyatım mənə deyir ki, Polikarpov sabah bizi o mənfur kabinetdən birbaşa Lyublyankaya yola salacaq!

NAZİRLƏR KURATORU. Biz dövləti onun əlindən xilas etməliyik!

TİCARƏT KURATORU. Özümüzü də! Bəli, dövləti və özümüzü xilas etməliyik!

TƏHLÜKƏSİZLİK KURATORU (əsəbi). Sabah o, yox olmalıdır! Məhv olmalıdır! (Tərini silir.) Mən hər şeyi hazırlamışam!

NAZİRLƏR KURATORU. Xalqa nə deyəcəyik?

TƏHLÜKƏSİZLİK KURATORU. Əvvəlcə xəstəliyi barədə məlumat verəcəyik. (Şalvarının cibindən kağız çıxarıb oxuyur). "SSRİ Nazirlər Sovetinin sədri və Sov.İKP Mrkəzi Komitəsinin katibi İosif Vissarionoviç Stalin yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üzv verdiyini - Stalin yoldaşın ağır xəstələndiyini xəbər verirlər". Sonra diaqnozu, guya beyninə qan sızıb, müalicə edən həkimlərin adı. İstəmirəm, hamısını oxuyub, vaxtımızı itirək.

TİCARƏT KURATORU. Özü morqda olacaq də?

TƏHLÜKƏSİZLİK KURATORU. Əlbəttə. İkinci gün (Şalvarının o biri cibindən kağız çıxarır.) partiyanın bütün üzvlərinə, Sovet İttifaqının bütün zəhmətkeşlərinə onun ölümü haqqında xəbər veririk. (Kağıza baxa-baxa.) Ayın filanında, filan saatda ağır xəstəlikdən sonra vəfat edib. (Oxuyur.) "Leninin silahdaşı və onun işinin dahi davametdiricisi, Kommunist partiyasının və sovet xalqının müdrik rəhbəri və müəllimi yoldaş Stalinin qəlbi döyünməkdən qaldı. Stalinin adı partiyamız üçün, sovet xalqı üçün, bütün dünya zəhmətkeşləri üçün hədsiz dərəcədə əzizdir". Və sairə.

TİCARƏT KURATORU. Burada dəqiq mikrofon yoxdu?

PARTİYA KURATORU. Olsa da, artıq iş-işdən keçib!

NAZİRLƏR KURATORU. Ölümü haqqında tibbi arayış?

TƏHLÜKƏSİZLİK KURATORU (pencəyinin döş cibindən kağız çıxarır). Hazırdır.

NAZİRLƏR KURATORU. Bunu kim imzalayacaq?

TƏHLÜKƏSİZLİK KURATORU. Səhiyyə naziri Tretyakov. Kremlin Müalicə-Sanitariya İdarəsinin rəisi Kuperin.

TİCARƏT KURATORU. İmzalayacaqlar?

TƏHLÜKƏSİZLİK KURATORU. Biləndə ki, ölüb, nə verəcəyik, imzalayacaqlar.

PARTİYA KURATORU. Aydın məsələdir.

TƏHLÜKƏSİZLİK KURATORU. Altı nəfər professor hazırlamışıq. İki akademik, üç professor, müalicə edən həkim.

TİCARƏT KURATORU (dəhşətlə). Hazırlamısız?! İndi də azad gəzirlər?!

TƏHLÜKƏSİZLİK KURATORU. İzolyatordadırlar.

PARTİYA KURATORU. Aralarında bir gürcü də olsaydı yaxşı olardı.

TƏHLÜKƏSİZLİK KURATORU. Mən də bu fikirdəyəm. Ancaq birini tapa bilmirik razılıq versin. İki gürcü professor buna görə xalq düşməni kimi güllələnib. Mən bütün gürcü professorları məsələdən agah edib, sonra da güllələyə bilmərəm ki!

NAZİRLƏR KURATORU. Güllələmə kabus kimi bizdən əl çəkmir...

TƏHLÜKƏSİZLİK KURATORU. Biz nə etməliydik? Belə təklifdən sonra, mən onları sağ buraxmalıydım?

TİCARƏT KURATORU (tələsik). Yox, yox!.. Əlbəttə!..

NAZİRLƏR KURATORU. Dəfni?

TƏHLÜKƏSİZLİK KURATORU. Özümüzdən ibarət dəfn komissiyası.

PARTİYA KURATORU (dərhal). Sədri kim olacaq?

TƏHLÜKƏSİZLİK KURATORU. Onu sonra müəyyən edərik.

NAZİRLƏR KURATORU. Dəfn mərasimi?

TƏHLÜKƏSİZLİK KURATORU (pencəyinin o biri döş cibindən kağız çıxarır). Partiyanın, Nazirlər sovetinin qərarı olacaq. (Oxuyur.) "Yoldaş Stalinin cənazəsi qoyulmuş sarkofaq Qızıl meydandakı V.İ.Leninin sarkofanqı yanında saxlanılsın".

NAZİRLƏR KURATORU. Zəhmətkeşlər onunla harda vidalaşacaqlar?

TƏHLÜKƏSİZLİK KURATORU. Qərar çıxaracağıq ki, vidalaşma mərasimi İttifaq Evinin Sütunlu salonunda keçirilsin. Dörd gün ölkədə matəm elan edəcəyik. Hamımız orda olmalıyıq. Tez-tez fəxri qarovulda durmalıyıq.

TİCARƏT KURATORU. Dörd gün?.. Naharı da orda edəcəyik?

TƏHLÜKƏSİZLİK KURATORU (elə bil, onun sözlərini eşitmir). Dəfn mərasimi Qızıl meydanda keçiriləcək. Hərbi parad olacaq. Toplardan atəş açılacaq.

NAZİRLƏR KURATORU. Fadeyevə tapşırmaq lazımdır ki, şairlər şeirlər yazsınlar.

TİCARƏT KURATORU. Nə tapşırıq? Özləri o saat başlayacaqlar yazmağa.

TƏHLÜKƏSİZLİK KURATORU. Vida mitinqi movzeleyin tribunasında olacaq.

PARTİYA KURATORU (dərhal). Mitinqi kim açacaq?

TƏHLÜKƏSİZLİK KURATORU. Onu sonra müəyyən edərik.

PARTİYA KURATORU. Elə sonra, sonra! Əsas məsələ bundadır.

NAZİRLƏR KURATORU. Xeyr, əsas məsələ odur ki, bu qoca kaftar necə aradan götürüləcək? Onu qoruyan o qədər orqan işçiləri, onun o qədər keşikçiləri, xidmətçiləri!..

TİCARƏT KURATORU. Gözəgörünməz adamları?!

NAZİRLƏR KURATORU. Polikarpov?!

TİCARƏT KURATORU. Hə, hə! Polikarpov?!

TƏHLÜKƏSİZLİK KURATORU. Bəli, əsas məsələ də elə burasındadır! Nə qədər ki, Polikarpov sağdır, mənim adamlarım onları tərksilah edə bilməyəcəklər. Hay-küy düşəcək, Polikarpov duyuğ düşəcək, qoca da o saat xəbər tutacaq. Onun da kabinetində yüz dənə düymə var! İlanı başından əzmək lazımdır! Əvvəlcə qoca!

PARTİYA KURATORU. Cəhənnəm onun yolunu çoxdan gözləyir!

NAZİRLƏR KURATORU. Özü də guya ateistdir! Bizim yanımızda ateistdir, guya dinin qəddar düşmənidtir, ancaq tək qalanda, mənim buna şübhəm yoxdur, Allaha yalvarır!

TİCARƏT KURATORU. Çox düzdür!

PARTİYAKURATORU. Sən Allaha yalvarmırsan?

TİCARƏT KURATORU. Xeyr! Mən ateistəm!

TƏHLÜKƏSİZLİK KURATORU (əsəbi). Bəsdirin! İndi bu söhbətinin yeridi?! İndi ancaq bir yol var: biz onu məhv etməliyik! Kabinetə silahla keçmək mümkün deyil. Biz də, elə bil, adi adamlarıq, Polikarpovun yanına gələnəcən on dəfə yoxlayırlar. (Gözlənilmədən Partiya kuratoruna.) Onu sən boğacaqsan!

PARTİYA KURATORU (qəzəbli). Nə? Mən? Mən niyə? Niyə sən yox?

TƏHLÜKƏSİZLİK KURATORU (mizin üstündəki kağızları göstərərək.) Bu kağızlardan biri bəsdir ki, mən bütün nəslimlə məhv olum! Hər şeyi mən etməliyəm ki, siz də rahatca canınızı xilas edəsiz?

PARTİYA KURATORU (Nazirlər kuratorunu göstərir). Onda niyə o, yox, (Ticarət kuratorunu göstərir.) o yox, mən?!

TƏHLÜKƏSİZLİK KURATORU. Sənin təcrübən var. Kabinetində marşal Perovskini boğub öldürmədin?!

TİCARƏT KURATORU. Düzdür!

PARTİYA KURATORU. O, xalq düşməni idi!

TƏHLÜKƏSİZLİK KURATORU. Bəs, bu kimdi? Cənnət-məkan əhlidir? Göydən enib yerə?

TİCARƏT KURATORU (istehza ilə). Yəqin elədir!

NAZİRLƏR KURATORU. Ən böyük xalq düşməni elə o özüdür!

PARTİYA KURATORU. Mən qəti etiraz edirəm! Mən partiyanın adından etiraz edirəm!

NAZİRLƏR KURATORU. Partiyanın adından etiraz edirsən ki, ona əl dəyməsinlər?

PARTİYA KURATORU. Mən elə demədim.

TƏHLÜKƏSİZLİK KURATORU. Yaxşı! Bəsdir! Mən əvvəldən bilirdim ki, belə olacaq! Püşk atacağıq! Kimə düşdü, düşdü!

NAZİRLƏR KURATORU. Başqa nə edə bilərik ki?

TİCARƏT KURATORU. Necə? Püşk? Nə püşk?! Bu, nə oyundur? Mən heç toyuq başı kəsə bilmirəm!

PARTİYA KURATORU. Sən elə təkcə Ermənistana gedib, orda nə qədər adam güllələtdin?! Nə qədər ailəni məhv etdin?! Nə qədər uşaqları yetim qoydun?!

TİCARƏT KURATORU. Bəs, sən nə etmisən? Moskvada partiyalı, partiyasız neçə minlərlə adamı güllələtdirməmisən? Sən deyildin, həftədə ona bir ərizə yazıb, yalvaran ki, əziz rəhbərimiz, bizə ayrılmış güllələmə kvotasını artırın?!

PARTİYA KURATORU. Onlar xalq düşməni idi!

TİCARƏT KURATORU. Bəs, mənimkilər nə idi? Xalq düşmənləri, əks-inqlabçılar, trotskiçilər deyildi?! İngiltərənin, Türkiyənin casusları deyildi?! Pantürkistlər deyildi?! Xalqı Allahla qorxudan keşişlər, mollalar deyildi?! Nə püşk? Yox, mən belə oyunlarda iştirak edə bilmərəm! (Ayağa qalxıb, paltosunu götürərək, şlyapasını başına qoyur.) Sağ olun! Mən yoldaş Stalinin rəhbərliyi altında, yorulmaq bilmədən xalqımıza xidmətimi davam edəcəyəm! Xudahafiz!

TƏHLÜKƏSİZLİK NAZİRİ. Yaxşı, yaxşı!.. Şlyapanı çıxar başından. Otur!

NAZİRLƏR KURATORU (həyəcanla). Yoldaşlar, bu, hara gedir?

PARTİYA KURATORU. Onu buraxmaq olmaz!

TƏHLÜKƏSİZLİK KURATORU. Əyləş, dedim! Sən püşk atmada iştirak etmə. Otur, üçümüz üçün kağızları sən hazırla.

TİCARƏT KURATORU. Hə?

NAZİRLƏR KURATORU. Otur.

PARTİYA KURATORU. Sənə dedilər də. Tez elə!

Ticarət kuratoru paltosunu, şlyapasını divanın üstünə atıb, mizin üstündəki bloknotdan üç ağ vərəq cırır və kənara çəkilib, vərəqlərin hər birinə işarə qoyur.

NAZİRLƏR KURATORU. Birdən kabinetdə səs-küy olar. Polikarpov nəsə hiss etməz?

TƏHLÜKƏSİZLİK KURATORU. O meşin qapıdan səs keçər?

Ticarət kuratoru kağızları bürmələyərək, onları mizin üstündə cidd-cəhdlə qarışdırır.

TİCARƏT KURATORU. Götürün!

Kuratorlar bir-bir vərəqləri götürüb baxırlar.

NAZİRLƏR KURATORU (dərindən rahat nəfəs alır). Of-f-f!..

PARTİYA KURATORU (kağızı mizin üstünə çırparaq). Ən zibil işlər həmişə mənim baxtıma düşür!

TİCARƏT KURATORU. Bu, nə bəxt söhbətidi belə? Sən kommunistsən!

TƏHLÜKƏSİZLİK KURATORU. Görürsən , Allah da, səni məsləhət bildi!

İşıq sönür.

BEŞİNCİ ŞƏKİL

Moskva, Kreml. Stalinin kabineti və qəbul otağı.

Stalin, Polikarpov, marşallar, Siyasi Büro üzvləri: Partiya kuratoru, Nazirlər kuratoru, Təhlükəsizlik kuratoru, Ticarət kuratoru.

Kabinetdə Stalin yazı mizinin arxasında oturub, qarşısındakı kağızları oxuyur.

Polikarpov qəbul otağında öz mizinin arxasında oturub. Mizin üstü telefonlarla doludur.

Siyasi Büro üzvləri onun qarşısındakı kreslolarda əyləşiblər.

Telefon zəngi.

POLİKARPOV (telefonlardan birinin dəstəyini qaldıraraq). Məşğuldur!

Telefonlar beləcə zəng çalır. Polikarpov ayrı-ayrı dəstəkləri qaldıra-qaldıra cavab verir və dəftərçələrdə qeydlər edir.

- Məşğuldur!

- Mümkün deyil!

- Məşğuldur!

- Sizə özü zəng edəcək!

- Bilmirəm, bir tapşırıq verməyib!

- Məşğuldur!

TİCƏRƏT KURATORU. Yoldaş Stalin həqiqətən perpetium-mobiledir! İnsan nə qədər işləyər!.. Xalq naminə! Vətən naminə!

NAZİRLƏR KURATORU. Lenin bizim şanlı keçmişimiz idi. Yoldaş Stalin isə bizim möhtəşəm bugünümüz, cahanşümül gələcəyimizdir!

PARTİYA KURATORU (Polikarpova). Siz bilmirsiz yoldaş Stalin bizi hansı məsələ ilə bağlı çağırıb?

POLİKARPOV (növbəti telefon dəstəyini yerinə qoyaraq, acıqlı). Yoldaş Stalin mənə hesabat vermir.

PARTİYA KURATORU. Bağışlayın, yoldaş Polikarpov.

Kiçik pauza.

POLİKARPOV. Siz çox həyəcanlısız.

PARTİYA KURATORU. Mən?

POLİKARPOV. Hamınız... Nəsə olub?

TİCARƏT KURATORU. Xeyr, xeyr!.. Nə ola bilər ki?..

Stalin kağızları kənara çəkərək, sönmüş qəlyanını mizin üstündən götürüb fikirli-fikirli əlində oynadır. Nəhayət, mizin kənarındakı düyməni basır.

Polikarpov cəld telefon dəstəyini qaldıraraq, ayağa qalxıb, fərəqat dayanır.

POLİKARPOV. Eşidirəm, yoldaş Stalin!

STALİN. Gözləyirlər?

POLİKARPOV. Bəli, yoldaş Stalin!

Kiçik pauza.

STALİN. Gəlsinlər.

POLİKARPOV (dəstəyi yerinə qoyaraq, oturur və başı ilə meşin qapıya tərəf işarə edir). Keçin.

Siyasi Büro üzvləri tələsik qalxıb, tələsik də üst-başlarını qaydaya salırlar və meşin qapını açaraq, bir-bir içəri girib, qapının ağzında dayanırlar.

- Salam, yoldaş Stalin!

- Xoş gördük, yoldaş Stalin!

- Salam, yoldaş Stalin!

- Sizi xoş gördük, yoldaş Stalin!..

STALİN (başının işarəsi ilə salamlaşaraq, qəlyan tutduğu əli ilə kənardakı uzun iclas mizinə tərəf işarə edir.) Əyləşin.

Siyasi Büro üzvlərinin ikisi uzun iclas mizinin bir tərəfində, ikisi də o biri tərəfində qarşı-qarşıya əyləşirlər.

Stalin qəlyanı yandırıb, ayağa qalxır, asta və yumşaq addımlarla onlara yaxınlaşaraq, mizin ətrafında var-gəl edir.

(Asta-asta, elə bil, öz-özü ilə danışır.) Bizim son məqsədimiz kommunizmin qələbəsidir... Biz bütün həyatımızı bu məqsədə sərf etmişik... Biz buna inanırıq... Faşizm üzərində qələbəni mən, o, o birisi əldə etmədi! Faşizm üzərində qələbəni həmin inam əldə etdi!.. (Partiya kuratorunun oturduğu kürsünün yanında dayanır.) Elə deyilmi?

PARTİYA KURATORU (dərhal ayağa qalxaraq). Əlbəttə, yoldaş Stalin! Başqa cür necə ola bilər ki?!

STALİN (yenə asta və yumşaq addımlarla mizin arxasınca dairəvi gəzişərək). Əyləşin.

Partiya kuratoru əyləşir.

Doğrudur, başqa cür ola bilməz!.. Düz deyirsiz!..

Kiçik və gərgin pauza.

Onda nə üçün biz geridə qalırıq?.. İmperializm inkişaf edir, fəhlələrin maaşı artır, kəndlə şəhərin fərqi aradan qalxır, tikirlər, qururlar, ancaq biz?.. Biz bütün sahələrdə onlardan geri qalırıq. Nə üçün?.. Bizim staxanovçulararımız Amerika fəhlələrindən pis işləyir?.. Yoxsa, bizim kolxozçular İngiltərə fermerlərindən az zəhmət çəkir?..

Kiçik və gərgin pauza.

Bəli, müharibə bizə qat-qat artıq ziyan vurdu. (Partiya kuratorunun yanında ayaq saxlayaraq.) Elədir?

PARTİYA KURATORU (cəld ayağa qalxaraq). Elədir, yoldaş Stalin!

STALİN. Əyləşin.

Partiya kuratoru əyləşir. Stalin eləcə asta və yumşaq addımlarla mizin ətrafında dairə vurmağına davam edir.

Düz deyirsiz... Elədir... Onda, bəs, Almaniya?.. Biz ki, Almaniyanı darmadağın etdik! Biz ki, Almaniyada daşı daş üstə qoymadıq! Nə üçün dağılmış Almaniya bizdən qat-qat artıq bir sürətlə özünü bərpa edir? Fabrikləri, zavodları nəinki işə salır, təzələrini yaradır, yeni texnologiyalara sahib olur, universitetlər açır... Niyə?.. Şatır oğlu Adenauer göydən göndərilib ki, Almaniyanı təzədən qaldırsın? Almaniya təzədən dünyaya meydan oxusun? Niyə imperializm get-gedə gücdən düşmək əvəzinə, get-gedə daha da inkişaf edir. Niyə? Çünki... (Ayaq saxlayır.)

Gərgin pauza.

Çünki biz yanılırıq? (Yenə yavaş-yavaş addımlayaraq, uzun mizin ətrafında dövrə vurur.) Hə? Biz düzgün yolda deyilik? Biz həyatımızı, ömrümüzü boş şüarlara həsr etmişik? (Partiya kuratorunun yanında ayaq saxlayaraq.) Siz belə düşünürsüz, hə?

PARTİYA KURATORU (cəld ayağa qalxaraq, çox həyəcanlı). Xeyr, yoldaş Stalin!

STALİN. Marksizm-leninizm bəlkə... bəlkə həqiqətən utopiyadır? Hə?

PARTİYA KURATORU (get-gedə daha da artan bir həyəcanla). Xeyr, yoldaş Stalin!

STALİN (qəlyanını tüsdülədə-tüsdülədə yavaş səslə). Onda nə üçün Amerika Yaponiyaya atom bombası atır, dinc insanları, zəhmətkeşləri milçək kimi qırır, ancaq bundan sonra Yaponiya Amerika ilə müttəfiq olur? Kapitalizm dünya siyasətində xeyiri, mənfəəti maqnit kimi özünə çəkir. Niyə? Yunanıstan kommunistləri böyük qəhrəmanlıqla vuruşdu, faşistləri qovdu, ölkələrinə sahib çıxdı. Məntiqlə Yunanıstan sosialist ölkəsi olmalı idi, ancaq nə oldu? Kapitalizm xalqı kommunistlərə qarşı çevirdi, kommunistləri məhv etdi. Niyə? Nə üçün? (Yazı mizinə yaxınlaşıb, sönmüş qəlyanını yandıraraq, yenə gəzişməyə başlayır.)

Pauza.

Yenə məsələ gəlib insan amilinə çıxır? Bəlkə bizim rəhbərlikdə də düşmənlər var, hə? Bəlkə onlar daxili siyasətdə də, xarici siyasətdə də ziyankarlıqla məşğuldurlar və biz də buna görə lazımi sürətlə irəli gedə bilmirik, beynəlxalq nüfuz qazana bilmirik? Nə üçün bizim gücümüz çatmır ki, Fransa kommunistlərinə, İtaliya, Türkiyə kommunistlərinə hər cürə kömək edək ki, hakimiyyəti öz əllərinə alsınlar? Hə? (Diqqətlə Partiya kuratoruna baxır.) Ancaq siz çox həyəcanlısız...

PARTİYA KURATORU. Mən... mən yoldaş Stalinlə danışıram...

STALİN. Siz içəri girəndə, artıq çox həyəcanlıydız... (Üzbəüz oturmuş Ticarət kuratoruna müraciətlə.) Elə deyilmi?

TİCARƏT KURATORU (cəld ayağa qalxaraq). Elədir, yoldaş Stalin!

STALİN (təzədən Partiya kuratoruna baxaraq). Niyə biz kapitalizmi tənqid edəndə, siz həyəcanlanırsız? (Yenidən Ticarət kuratoruna baxır.) Nəsə olub? (Çoxmənalı, eyni zamanda, istehzalı bir tərzdə.) Nə olub ki, bizim bundan xəbərimiz yoxdur?

TİCARƏT KURATORU (qorxu içində). Mənim... mənim günahım yoxdur...

STALİN. Yox! Bunu düz demədiz! Bizim hamımızın günahı var. (Sərt.) İndi isə, deyin görüm nədə günahınız yoxdur?

TİCARƏT KURATORU. Mən... mən... Yoldaş, Stalin, mən...

PARTİYA KURATORU (Ticarət kuratoruna). Qorxaq tülkü!..

STALİN (hiddətlə). Nə?

PARTİYA KURATORU (kobud). Heç nə!..

Və Partiya kuratoru gözlənilmədən Stalinin üzərinə atılaraq, iki əli ilə də onun boğazından yapışıb boğmağa başlayır.

Heç nə!.. Heç nə olmayıb!.. Heç nə!..

Partiya kuratoru bütün varlığından doğan bir nifrət və həyəcanla Stalini boğur. Stalin çapalayaraq onun əlindən qurtulmağa çalışır, ancaq bu, mümkün olmur. Siyasi büro üzvləri ayağa qalxaraq, hipnoz olublarmış kimi, yerlərində donub, qalıblar.

Öl!.. Gəbər!.. Gəbər!..

Stalinin nəfəsi kəsilir və Partiya kuratoru əllərini onun boğazından çəkəndə, onun cəsədi yerə sərilir.

Bitdi!..

Siyasi Büro üzvləri, elə bil, hipnozdan çıxırlar. Ticarət kuratoru Stalinin cəsədinə yaxınlaşaraq, diqqətlə baxır, sonra ona bir təpik vurur.

TİCARƏT KURATORU. İt oğlu, it, axır ki, gəbərdi!.. Axır ki, gorbagor oldu! (Cəsədin üstünə tüpürür.) Tfu!.. Daha Kaladzenin iti kimi hamını qapmayacaqsan!.. Hər şey qurtardı!

NAZİRLƏR KURATORU. Hələ heç nə qurtarmayıb!

TİCARƏT KURATORU (sol tərəfdəki qapıya tərəf baxaraq pıçıltıyla). Polikarpov!..

NAZİRLƏR KURATORU. Bəli, Polikarpov!..

TƏHLÜKƏSİZLİK KURATORU. Narahat olmayın, adamlarım mənim siqnalımı gözləyirlər. İndi...

PARTİYA KURATORU (üz-gözünün tərini silə-silə hələ də həyəcanlı halda onun sözünü kəsir). Biriniz də mənə kömək etmədiz... Mən Mərkəzi Komitənin üzvləri ilə bir-bir danışmalıyam. Yoldaş Stalinin... (Stalinin yerə sərilmiş cəsədinə tüpürür.) Yoldaş Stalinin ağır xəstələnməsi barədə onlara məlumat vermək lazımdır. Sabah səhər Mərkəzi Komitənin plenumunu çağıracağıq. Biz...

TƏHLÜKƏSİZLİK KURATORU (onun sözünü kəsərək). Bura bax, biz indi burada vəzifələri bölüşəcəyik, plenum da təsdiq edəcək! Dedim ki, mənim adamlarım siqnalımı gözləyir. (Qolundakı saatı göstərir.) Bax, bu düyməni görürsən? Bunu basan kimi, sənin yox, mənim adamlarım hər şeyi həll edəcək!

TİCARƏT KURATORU. Biz nə bilək ki, sənin adamların gəlib bizi həbs etməyəcək?

TƏHLÜKƏSİZLİK KURATORU (hirsli). Hələ ki, yox! Arxayın ol!.. İndi isə vəzifələr bölüşdürülməlidir!

PARTİYA KURATORU (tərini silə-silə). Partiya adından artıq mən hər şeyi hazırlamışam! Plenumun gündəliyi hazırdır.

TƏHLÜKƏSİZLİK KURATORU. Bu saat partiya da, hökumət də, KQB də mənəm!

PARTİYA KURATORU. Partiya buna yol verməyəcək!

TƏHLÜKƏSİZLİK KURATORU. Qulaq as! Özü də diqqətlə qulaq as, eşitdin! Hökumətə biz rəhbərlik edəcəyik! (Nazirlər kuratoruna işarə edərək.) O və mən! O sədr, mən birinci müavin! (Stalinə baxaraq, onu yamsılayır.) "Niyə imperializm inkişaf edir?" Çünki partiya hökumətin işinə qarışır! Dövləti idarə etməyə qoymur! Dövləti partiya idarə edir! Buna görə də (Yenə Stalini yamsılayır.) "kapitalizmdən geri qalırıq!" Partiya öz siyasəti ilə məşğul olsun! Bütün bunlar qurtardı! Ölkəni qaldırmaq lazımdı!

PARTİYA KURATORU (Stalinin cəsədinə işarə edərək). Onu partiya öldürdü!

TƏHLÜKƏSİZLİK KURATORU. Onu sənin canındakı qorxu öldürdü! Əgər sən onun dalınca getmək istəmirsənsə, səsini çıxarma! Səni sabah plenumda, partiya rəhbəri edəcəyik, hökumət isə bizimdir, eşitdin?! Yoxsa mənim adamlarımla zarafat etmək istəyirsən?

PARTİYA KURATORU (pıçıltı ilə Nazirlər kuratoruna). Sonra da sənin başını yeyəcək!..

NAZİRLƏR KURATORU (pıçıltı ilə). Bunu sonra səninlə danışarıq...

TƏHLÜKƏSİZLİK KURATORU. Nə mızıldanırsız elə?

PARTİYA RƏHBƏRİ. Heç nə.

TİCARƏT KURATORU. Mənim isə rəhbərlik iddiam yoxdur!

TƏHLÜKƏSİZLİK KURATORU. Səni rəhbər qoyan da yoxdur!

TİCARƏT KURATORU. Çox yaxşı! Mənə əvvəlki yerim kifayətdir. Mən sadəcə olaraq (Sözü hecalayır.) ya-şa-maq istəyirəm! Öz ailəm ilə qorxusuz, rahat yaşamaq istəyirəm. Bilim ki, ölüm hər gün qan süzülən qılıncı əlində başımın üstünü kəsdirməyib! (Stalinin cəsədinə baxaraq, yenə üstünə tüpürür.) Tfu, "xalqlar atası"!.. (İstehza ilə.) Marks-Engels-Lenin-Stalin partiyası!.. Yox bir, Vissarion partiyası! (Yamsılayır.) "Şatır oğlu Adenauer..." Bəs, sən kimsən? Padşah oğlusan? Dünya proletariatının rəhbərinə bax! (Əlini ağzına tutub, başını yuxarı qaldıraraq.) A-u-u-u!.. Pinəçi Vissarion!.. Oğlun axır ki, layiqincə gəbərdi! Mənəm-mənəmliklə deyil!..

PARTİYA KURATORU. Ancaq sən şalvarını bulamışdın! Beş saniyə geciksəydim, məni satacaqdın!..

TİCARƏT KURATORU. Xeyr, mən...

PARTİYA KURATORU (hiddətlə onun sözünü kəsir). Nə "xeyr, mən...?" Nə, "xeyr mən..."?

TƏHLÜKƏSİZLİK KURATORU (həyəcanla). Dayanın!..

NAZİRLƏR KURATORU. Nə olub?

Bu zaman kabinetin yuxarı başındakı qapı cırıldayaraq açılır.

Siyasi büro üzvləri hürkmüş halda qapıya tərəf baxırlar.

Pauza.

Stalin asta addımlarla kabinetə daxil olur. Yazı mizinə yaxınlaşıb, kibrit götürür və əlində tutduğu qəlyanı yandırır. Eləcə asta və yumşaq addımlarla dəhşət içində donub qalmış Siyasi Büro üzvlərinə yaxınlaşır və qəlyandan bir qullab vurub, Siyasi Büro üzvlərini bir-bir diqqətlə gözdən keçirir, sonra yerə sərilmiş cəsədə baxır.

STALİN (yerə sərilmiş cəsədə işarə edərək, soyuq bir sərtliklə). Siz yoldaş Kondratevi nə üçün qətlə yetirdiniz? O, partiyaya sədaqətli, mətin bir kommunist idi. Öz rolunu yaxşı ifa edirdi. (Yenə Siyasi Büro üzvlərini bir-bir nəzərdən keçirərək, müdhiş bir istehza ilə.) Siz, silahdaşlar, şagirdlər məni öldürmək istəyirdiniz?! Zəhmətkeşlər mitinqlərdə, paradlarda mətin silahdaşlar, sədaqətli şagirdlər kimi sizin portretlərinizi qaldırırdılar, siz isə mənə sui-qəsd hazırlayırsız?!

TİCARƏT KURATORU (Stalinin ayaqlarına atılaraq). Nə yaxşı! Nə yaxşı ki, siz sağsınız, yoldaş Stalin! (Stalinin ayaqlarını öpə-öpə barmağı ilə Partiya kuratorunu göstərir.) O elədi! O boğdu! (Yenə Stalinin ayaqlarını öpməyə başlayır.) Yoldaş Stalin!.. Nə yaxşı ki, siz sağsız!..

STALİN (ayağıyla Ticarət kuratorunu kənara itələyərək, aşkar bir ikrah hissi ilə). Yaxşı, yaxşı!.. Səni sonuncu güllələyərik...

Siyasi Büro üzvlərinin üçü də birdən Stalinin üzərinə atılır və onu boğa-boğa, vura-vura, təpikləyə-təpikləyə yerə yıxmağa çalışırlar. Stalin müqavimət göstərərək onların əlindən qurtulmaq istəyir, ancaq get-gedə gücdən düşür. Siyasi Büro üzvləri axır ki, onu yerə yıxırlar. Stalin daha müqavimət göstərmir, hay-küy içində onun yalnız xırıltısı eşidilir. Ticarət kuratoru da iməkləyib onlara qoşulur və əli-ayağı ilə Stalinə zərbələr endirir. Stalinin xırıltısı artıq kəsilib, Siyasi Büro üzvləri isə bir-birlərinə macal vermədən Stalini döyəcləyir, təpikləyirlər.

- Sən gəbərəcəksən, yoxsa, yox!..

- Öl!..

- Gəbər!..

- Al!..

- Bax, belə!..

- Belə!..

- Al, Kaladzenin iti!..

TİCARƏT KURATORU. Bu dəfə səninki tutmadı, oxşarınla bizi aldada bilmədin!..

Siyasi Büro üzvləri nəhayət əldən düşüb, Stalinin cansız vücudundan əl çəkərək, taqətsiz halda tövşəyə-tövşəyə döşəmənin üstündə otururlar.

Stalinin cəsədi Kondratyevin meyidindən bir az kənarda yerə sərilib.

TƏHLÜKƏSİZLİK KURATORU (dərindən nəfəs ala-ala). Öldü?

TİCARƏT KURATORU (ayağının ucu ilə bir-iki dəfə Stalinin cəsədini vurur). Çoxdan cəhənnəmdədi! Pinəçi Vissarionun küçüyü!

Kiçik pauza.

NAZİRLƏRİN KURATORU. O nə səsdir?

TƏHLÜKƏSİZLİK KURATORU. Səs? Nə səs?

PARTİYA KURATORU. Sakit durun.

Gərgin pauza.

Yavaş-yavaş addım səsləri gəlir və bir-neçə andan sonra kabinetin yuxarı başındakı qapı cırıltı ilə yenidən açılır. Əvvəlcə Polikarpov, ardınca əllərində tapanca tutmuş üç nəfər Sovet İttifaqı Marşalı, onların da ardınca Stalin kabinetə daxil olurlar.

Stalin qəlyan tutduğu sağ əli ilə marşalları kənara itələyərək, döşəmədə oturmuş Siyasi Büro üzvlərinə yaxınlaşır.

STALİN (qəlyan tutduğu əli ilə yerə sərilmiş ikinci cəsədə işarə edərək). Siz yoldaş Vasilyevi də qətlə yetirdiniz! Yoldaş Kondratyev... İndi də yoldaş Vasilyev...

TİCARƏT KURATORU. Yoldaş Stalin... Əziz yoldaş Stalin... (Özündən gedir.)

STALİN. Siz imperializmə satılmış əli qanlı qatillərsiz! Partiya sizdən heç nə əsrgəməmişdi! Partiya sizi yetişdirmişdi! Partiya sizə güvənirdi! Bəs, siz nə etdiz? Antipartiya qrupu yaradıb, ölkədə çevriliş etmək istədiz! Kapitalizmi bərpa etmək istədiz! Sizi xalq mühakimə edəcək! (Polikarpova.) Bu xalq düşmənlərini, Amerikanın cəsuslarını aparın!

TİCARƏT KURATORU (özünə gələrək). Yoldaş Stalin... Mən... mən Amerikanın cəsusu deyiləm...

STALİN. Əlbəttə... Bilirəm. Amerikanın cəsusu onlardı, siz yox...

TİCARƏT KURATORU. Bəli... Bəli...

STALİN. Siz Türkiyənin cəsususuz... Elə deyilmi?

TİCARƏT KURATORU. Yoldaş Stalin... Yoldaş Stalin... (Yenə özündən gedir.)

Polikarpov, ardıyca da marşallar qəti addımlarla Siyasi Büro üzvlərinə yaxınlaşırlar.

POLİKARPOV. Qalxın!

Özündən getmiş Ticarət kuratorundan başqa, o birilər ayağa qalxır.

İrəli addımlayın!

Siyasi Büro üzvləri Polikarpovun qabağına düşərək, sol tərəfdəki qapıya tərəf addımlayırlar. Marşallardan biri Ticarət kuratorunun pencəyinin boynundan tutub sürüyür. Qapının ağzında Polikarpov kənara çəkilir.

(Marşallara.) Aparın!

Siyasi Büro üzvləri və marşallar kabinetdən çıxırlar. Polikarpov Stalinə yaxınlaşır.

Yoldaş İqnatov, xidməti borcunuzu layiqincə yerinə yetirdiyinizə görə yoldaş Stalinin tapşırığı ilə sizə təşəkkür elan edirəm! Yoldaş Stalin partiya və sovet xalqı qarşısındakı xidmətlərinizə görə sizi Lenin ordeni ilə təltif edib! Təbrik edirəm, yoldaş İqnatov!

Polikarpov cibindən çıxartığı Lenin ordenini İqnatovun yaxasına taxır.

Bir daha təbrik edirəm, yoldaş İqnatov! (Hərarətlə İqnatovun əlini sıxır.)

İQNATOV (hərarətlə). Təşəkkür edirəm! Yaşasın yoldaş Stalin!

İşıq sönür.

# 2988 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #