"Nizaminin salamı" filmi haqqında - Video

"Nizaminin salamı" filmi haqqında - Video
14 yanvar 2021
# 18:40

Kulis.az Filologiya üzrə fəlsəfə doktorları Əkrəm Bağırov və Nəzmiyyə Yigitoğlunun “Ədəbiyyat Muzeyi mənəvi ərazimizin ən dəqiq xəritəsidir” yazısını təqdim edir.

Televiziya uzun müddətdir həyatımızın ayrılmaz parçasına çevrilib. Son 30 ildə telekanallarımızın sayı artsa, seyr edə bildiyimiz xarici televiziya kanallarının miqdarı çoxalsa da, Azərbaycan Televiziyası bizim üçün xüsusi önəm daşıyır və həmişə daha çox diqqət çəkir.

Bunun əsas səbəblərindən biri odur ki, ana televiziyamızın təməli sağlam ənənələr üzərində qurulub, müəyyən dövrlərdə bədii səviyyə, təqdimat, təşkilatçılıq baxımından geniş tamaşaçı auditoriyasını yetərincə təmin edə bilməyən böhranlar yaşasa da, məhz həmin sağlam ənənələr onun yeni dirçəlişlərinə imkan yaradıb.
Son 2 ildə isə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC bütün parametrlər üzrə ölkəmizin ən üstün yayım mərkəzinə çevrilib.

Azərbaycan teleradiosunda iş və yaradıcılıq mühitinin saflaşması, yaşamalı ənənələr və müasir yanaşmaların qovuşması, bir-birindən maraqlı yeni verilişlər silsiləsinin təşkili, eksperimentlərdən çəkinməmək cəsarəti, verilişlərin təqdimatında müasir televiziya texnologiyalarına getdikcə daha çox yer verilməsi AzTV-nin uğurlarının başlıca təminatçısı olub.

Bədii və sənədli filmlər studiyasının tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan bir sıra yeni filmləri də AzTV-də müvəffəqiyyətlə aparılan yenilənmə və islahat işlərinin diqqətəlayiq təzahürlərindən sayıla bilər. Bu mənada Azərbaycan tamaşaçısına yenicə təqdim olunmuş ikihissəli “Söz məbədi” adlı sənədli-publisistik film xüsusilə əhəmiyyətlidir. Bu filmi millətin mühüm bir elm və mədəniyyət ocağının keçdiyi şərəfli yolun ürək və göz sevindirən səlnaməsi adlandırsaq, yanılmarıq.

Uzun illər Ədəbiyyat Muzeyində çalışıb burada yetişənlər, onu dəfələrlə ziyarət edənlər də təsdiqləyər ki, 80 illik fəaliyyət yolu ilə bu məkan dünyagörmüş bir müdrikə bənzəyir. Gərgin əməyin bəhrəsi olan “Söz məbədi” filmi muzeyin tarixinə nəzər salır, fədakar qurucularını yada salır. Çoxumuzun dəfələrlə seyr etdiyi muzey bu film vasitəsilə sanki bütün gözəllikləri ilə bizə yenidən açılır və bu milli xəzinəmiz haqqında bilməli olduğumuz xeyli həqiqətdən xəbərsiz olduğumuzu göstərir.

Hər hissəsi 1 saat davam edən, ssenari müəllifi və rejissorunun akademik Rafael Hüseynov olduğu bu film elə maraqlı qurulub, filmdə elə qiymətli tarixi sənədlər, kinolentlərdən istifadə olunub, dialoqlara elə dəyərli həmsöhbətlər cəlb edilib ki, vaxtın necə keçdiyini hiss etmir, ekrandan ayrıla bilmirsən.

Filmin “Nizaminin salamı” adlı hissəsinin maraqlı müsahiblərindən biri olan Xalq şairi Ramiz Rövşən Nizaminin adını daşıyan muzeyin keçdiyi tarixi yolu belə dəyərləndirir: “Zaman kimi, ədəbiyyat da həmişə hərəkətdədir. Muzey deyəndə isə ilk təsəvvürə gələn donmuş, daşlaşmış, dayanmış zaman olur. Amma mənə elə gəlir ki, bu aldadıcıdır. Çünki yazı gedəni, itəni saxlamaq, ona həyat vermək üçündür. Ədəbiyyat da gedəni, itəni sənət əsərinə çevirərək, sənətləşdirərək saxlayır. Muzey isə bütün bunları qoruyaraq sənədləşdirir. Ədəbiyyat sənətləşdirirsə, muzey sənəti sənədləşdirir. Bizim mənəvi ərazimiz coğrafi ərazimizdən qat-qat geniş, zəngin, rəngarəngdir. Ədəbiyyat Muzeyi də mənəvi ərazimizin ən gözəl, ən dəqiq xəritəsidir”.

Xronikalar həmişə insanı xatirələr aləminə aparır, riqqətə gətirir. Muzeyin ilk quruculuq illəri, əvəzsiz memarlıq incisi olan binanın inşasını özündə əks etdirən kadrlar, Bakının mərkəzi küçəsini bəzəyən bu abidənin həmin dövrdəki panoraması – yaxınlıqdan keçən tramvay yolu, istirahət parkı və Nizami heykəli ətrafında toplaşmış məşhur simaları izləmək insana xüsusi zövq bəxş edir. Həmin o dumanlı kadrları ən kiçik detalına qədər dönə-dönə doymadan seyr etmək mümkündür. Axı bu qiymətli görüntülər sadəcə gəldi-gedər səhnələr deyil. Həm də bizim şəhərimizin, deməli, Vətən tariximizin də ayrılmaz bir parçasıdır. Film tamaşaçıya bunu da xatırladır ki, Nizami Muzeyinin binası elə həmişə yalnız ədəbiyyata xidmət edən bir ocaq olmayıb. Karvansara, “Metropol” mehmanxanası kimi tanınan zamanlarda o, Bakıda erməni daşnaklarının törətdiyi qətliamlara da şahid kəsilib, istiqlaliyyət qurucularının bir müddət mənzilinə, iş yerinə də çevrilib.

“Söz məbədi” filminin ikinci – “Yaddaş körpüsü” adlı hissəsinin maraqlı həmsöhbətlərindən biri də Xalq yazıçısı Anardır. Məhz onunla söhbətində akademik Rafael Hüseynov Cümhuriyyət dövrünün “Metropol” mehmanxanası haqqında maraqlı məlumat verir: “Bu gün bu binanın məhz İstiqlaliyyət küçəsində yerləşməsində bir məna var. Çünki Azərbaycan istiqlalının başlanmasının ünvanlarından biri də Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyidir. Bu bina şərəfli bir tarix yaşayıb. Pilləkənləri də tarixlə doludur. 1918-ci ildə Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçərək “Metropol” mehmanxanasında yerləşəndə dövrün böyük insanları – Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xudadat bəy Rəfibəyli və digərləri burada yaşayar, hər gün məhz bu pilləkənlərlə enib-qalxarmışlar”.

“Söz məbədi” sənədli filmi onillərdir ki, varlığı ilə həm Azərbaycan memarlığının təkrarsız incisi, həm də söz, sənət xəzinəmizin tükənməz xəzinəsi olan Nizami Muzeyinin 80-ci ildönümünə nəsillərə qalacaq bir ərmağandır.
Ömrünün onillərini muzeyə sərf etmiş əməkdaşların bu söz ocağının dünənindən bəhs edən söhbətləri 30, 40, 50, 60 il əvvələ aparan körpüyə dönür, “Söz məbədi” filmi vasitəsilə tarix bu günümüzə yaxınlaşır.

Əslində, bu filmdəki müsahibələrin hər biri özlüyündə zaman keçdikcə dəyəri qat-qat artacaq sənəddir.
Yaxşıdır ki, filmdə muzeyin filiallarına da yer ayrılıb, yaradılması yolunda çox zəhmət sərf edilmiş Xaqani Şirvani adına Aran regional filialı, Sergey Yesenin adına Azərbaycan–Rusiya Ədəbi Əlaqələri Mərkəzi, Xurşidbanu Natəvan adına Qarabağ filialından ətraflı bəhs edilir, həmin müstəvidə bölgələrimizdəki ədəbi-mədəni həyatın yüksəlişləri izlənilir.
Bu gün hər bir azərbaycanlı və şəhərimizin qonaqları Ədəbiyyat Muzeyinin gözoxşayan binasının yanından ötəndə oradakı vitrin lövhələri qarşısında ayaq saxlayır, rəsmlərdəki ədəbiyyat xadimlərinin misralarında əks olunmuş dərin fikirlərdən həzz alırlar.

İstənilən filmin – ya bədii, ya sənədli – uğurlu alınmasının əsas şərti bütün komponentlərin həmahəngliyidir. “Söz məbədi” filminin təqdirəlayiq cəhəti məhz elə bundadır. Nizami Muzeyi, onun eksponatları özlüyündə gözəldir, cazibəlidir, binanın da, muzeyin də onillərdən adlayan tarixi mahiyyətcə hər kəs üçün maraq kəsb edəndir. Lakin bütün bunları necə qovuşdurasan, bu müxtəlif komponentlər arasında həmahəngliyi necə qurasan ki, bunların birləşməsindən yaxşı film alınsın? Məhz bu yerdə ssenari müəllifinin, rejissorun, aparıcının məharəti və qabiliyyəti üzə çıxır. Çətin ki bir başqasının təqdimatında Nizami Muzeyi, onun tarixi və taleyi haqqında belə dərin məzmunlu, böyük yolun bütün ayrıntılarını əks etdirən və belə sevgiylə təqdim edə biləcək film alına bilərdi.
Akademik Rafael Hüseynovun növbəti təqdirəlayiq ekran əsəri olan “Söz məbədi” filmi məhz mövzunu incəliklərinə qədər mükəmməl bilən və peşəkarlıqla da təqdim etməyi bacaran bir yaradıcının məhsulu olduğundan belə qənaətbəxş alınıb.

Bu öyrədici, maarifləndirici və işıqlı film Nizami Muzeyinin 80 illiyinə də, başlanan Nizami ilinə də bir naxış olmaqla yanaşı, şübhəsiz ki, onillərlə yaşayacaq, zaman ötdükcə daha da həvəslə baxılacaq.
Tükənməz bədii sözün məbədi Ədəbiyyat Muzeyi artıq öz divarları arasına, ekspozisiya hüdudlarına sığmır. Onun sorağı məqalələrə, kitablara köçür, dünyanın hər yerindən gələn ziyarətçilərin təəssürat rəylərində yaşayır. Ən başlıcası isə bütün əzəməti və tarixi, geniş fəaliyyət dairəsi ilə “Söz məbədi: “Nizaminin salamı” və “Yaddaş körpüsü” sənədli filminə çevrilərək xalqının yaddaşında yuva qurur.

Sənədliliklə bədiiliyin vəhdətindən yaranmış ikihissəli sənədli publisistik “Söz məbədi” filmi Azərbaycan Televiziyasının ədəbiyyatımıza, mədəniyyətimizə, xalqımıza layiqli töhfəsidir.

P.S. “Mədəniyyət” kanalı yanvarın 14-də saat 20:00-da “Söz məbədi” sənədli filminin birinci hissəsi olan “Nizaminin salamı”nı, yanvarın 15-də yenə saat 20.00-da “Yaddaş körpüsü” adlanan ikinci hissəsini nümayiş etdirəcək.

# 2069 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #