Bu sabah feysbukda qrupların birində belə bir status oxudum. “Əgər yoldaşınız sizə əl qaldırsa, ailəniz də sizin arxanızda durmasa, məcbur qalıb polis çağırarsınız evə? Yoxsa, “ayıbdır” deyib sakit durarsınız?" yazıq necə də qorxa-qorxa sual eləmişdi. Bəlkə də sualı verənə qədər gecə səhərə qədər beynində götür-qoy eləmiş, bir neçə dəfə yazıb silib, təzədən yazmışdı. Ən pis təsir edəni isə sonuncu cümlə oldu: “Sual mənə aid deyil, yaxınıma maraqlıdır”.
Əslində “yaxınıma maraqlı” söhbətinin yalan olduğunu oxuyan kimi bilmək olur. Qadın hücumların qarşısını almaq üçün fənd işlədib. Çünki bəzi qadınların üstünə tökülüşəcəklərini bilir. Özünü sığortalamaq üçün döyülən qadının, əsas da ərini polisə vermək istəyənin özü olmadığını sonda da olsa, qeyd edib.
Çünki o qadın bilir ki, onu birinci elə həmcinslərini qınayacaq. Elə də oldu. Başladılar o qadının üstünə hücum çəkməyə.
Rəylərə baxın: "hər dəfə polis çağırmaq ayıbdı! Sonra onunla bir yastığa necə baş qoymaq olar? Necə bir- birinin üzünə baxmaq olar?"
"Hər söz- söhbətdə polisi qatmaq olmaz! Onda ortada hörmət də itər".
Ay anam-bacım, hansı hörmətdən danışırsan? Olmayan bir şey necə itə bilər? 5 yaşındakı bacım qızı da bilir ki, sıfır boşluqdu. Həmişə demişəm, deyirəm də, qadınların qadından başqa düşməni yoxdur! Atalar misalı var e, əri döyən arvadı it də tutdu bir yandan. İndi itə macal verməyən qadınlar var.
Qadınlar, ayılın! Hansı zəmanədə yaşayırsınız? Qadınını döyən kişi utanmalıdır, çarəsizlikdən onu polisə verən qadın yox! Yıxılan qadına birinci biz dəstək olmalıyıq, onun əlindən birinci biz tutmalıyıq. Axı qadınıq?!
O döyülən, utandığından qışda gün eynəyi ilə gəzən, “üzümü qapıya vurmuşam” deyən, xəbərlərdə əri tərəfindən öldürülən, ən yaxşı halda 5-6 bıçaq zərbəsindən canını qurtara bilən qadınlar elə sizin qorxunuzdan boşanmırlar. Qınayacaqsınız, boşanmış qadın ərlərinizə salam verəndə əlinizdən alacaq deyə qorxacaqsınız, boşanmış qadına potensial fahişə kimi baxacaqsınız deyə o qadınlar yumruq altda əzilirlər. Ən pisi də bilirsiniz nədi? O kişiləri böyüdənlər yenə biz qadınlarıq!
Artıq yaz gəlib. Ayılar belə yuxudan ayılıb, siz də ayılın!