Auksiona çıxarılan dilənçi - Mübariz Cəfərli

Auksiona çıxarılan dilənçi - <span style="color:red;">Mübariz Cəfərli
11 dekabr 2014
# 09:30

Mübariz Cəfərli

hekayə

Gecənin bir yarısında mobil telefona gələn aramsız zəng şoumeni lap hövsələdən çıxarmağa başladı. Ölkənin ən məşhur kanalının populyar teleşousunun aparıcısı müqavilə ilə bir sıra məcburiyyətlərə təhkim edilmişdi – 24 saat ərzində mobil telefonunu bağlaya bilməzdi. Buna görə də gün ərzində davam etmiş yorucu və zəhlətökən çəkilişlərə baxmayaraq, gecə yatanda da telefonu söndürməmişdi. Telefonun ekranına nəzər saldı, gizli nömrədən daxil olan zəng onu daha da həyəcanlandırdı:

- Bəli! Buyurun, eşidirəm.

- Cənab şoumen, sizi gecənin bu vaxtı narahat edirik, biz sizə dəvətnamə göndərmişdik. Siz bizim gecəyə gəlməyi deyəsən unutmusunuz, amma biz sizi unutmarıq.

- Axşamınız xeyir... Bağışlayın, səsinizdən tanımadım.

- Aqibətiniz xeyir. Sizin arxanızca göndərdiyim maşın bir azdan orda olar, qonaqlar da gəlişinizi səbirsizliklə gözləyir. Tanışlığımızı burda davam edərik.

Əslində unutmamışdı, dəvətnaməni alan kimi bu gecəyə getməməyə qərar vermişdi. Xaricdən gəlib, burada biznes quraraq milyonlar sahibi olmuş varlıların ildə bir dəfə təşkil etdikləri xeyriyyə gecəsi filantrop kimi görünmək istəyən meşşanlar yığıncağından başqa bir şey deyildi. Qəsdən yarıçılpaq paltar geyinib, bədənlərinin açıq qalan hissələrini ləl-cavahiratla örtməyə çalışan qadınların, avropasayağı “smokinq”lərə bədənlərini zorla dürtmüş “kəpənək”də boğulan yekəqarın cənabların bu gecəsində əsl lovğalıq ab-havası hökm sürürdü. Şoumen ötənilki təəssüratları yenidən yaşamamaq üçün qəti qərara gəlmişdi ki, getməyəcək. Amma, görünür, bu tədbirin iştirakçıları yalnız lovğalığı deyil, həm də hökm etməyi xoşlayırdılar.

Artıq yaxasını kənara çəkə bilməzdi, əgər arxasınca maşın göndəriblərsə, bu “lütf”ün qəzəbə çevrilməsinə yol vermək axmaqlıq olardı. Dərhal gecəyə uyğun paltarı qarderobdan götürərək tələsik əyninə keçirdi, “kəpənəyi” bağlamağa başladı. Elə bu vaxt, xidmətçi məlumat verdi ki, aşağıda onu qara rəngli son model “Mersedes” gözləyir.

Küçəyə çıxıb, avtomobilə minərkən dövlət nömrə nişanına da diqqət etməyi unutmadı. Hə, doğurdan da bunların dəvətindən boyun qaçırmaq, həmin boyunu cəllad kötüyünə qoymaq kimi bir şey olardı.

Yolda sürücünü sözə tutmağa çalışsa da tədbirdəki durumdan xəbərdar ola bilmədi. Gözünü şəhərin sayrışan işıqlarına zilləyib, gecədə onu nə gözləyəcəyini düşünməyə başladı; ötən il bütün gecənin aparıcılığını ona tapşırmışdılar. Bu dəfə də yəqin nəsə bir hoqqa çıxaracaqlar. Həm də buna görə belə tədbirləri sevmirdi, çünki hamı əylənsə də o işləməli olurdu...

Avtomobil işıqforda dayanarkən şoumen diqqətini küçədə ətrafa qorxa-qorxa baxıb addımlayan, cındırından cin hürkən bir dilənçiyə yönəltdi. Qəfil ağlına bir fikir gəldi və avtomobilin pəncərəsini açıb, onu çağırdı:

- Ay dilənçi, yaxın gəl, görüm.

- Nə buyurursunuz, cənab?

- Cənabmı? Deyəsən, sən ədəb qaydalarına nabələd deyilsən... Adın nədir?

- Adım...

- Söyləməsən də olar, önəmli deyil, pul qazanmaq istəyirsən?

- Cənab, mən... Bilmirəm...

Dilənçi bahalı avtomobildən boylanan bu cənabın təklifindən qorxurdu. Bir tərəfdən də işıqforun yaşıl işığının yanmasına baxmayaraq yerindən tərpənməyən və tıxac yaradan avtomobili arxadakı maşınların siqnal belə vermədən gözləməsi dilənçinin canına vəlvələ salmışdı.

- Hə, tez ol, min maşına, yoxsa bir azdan bizi siqnal atəşinə tutacaqlar.

Dilənçini maşına mindirəndən sonra beynində fırlatdığı planın detallarını düşünməyə başladı. Gecənin təkrarolunmaz olacağına bir daha əminlik hissi ona gümrahlıq gətirirdi.

Budur, gəlib çatdılar. Üzünü sürücüyə tutub, rica etdi:

- Sən, bunu hələlik özünüz oturduğunuz yerə götür, bir-iki tikə nəsə yesin, özünə gəlsin. Mən içəri keçim, görək təhlükəsizlik xidməti bu gözlənilməz “qonağımıza” izn verəcəkmi.

Təmtəraqlı zalın girişində qısa yoxlamadan sonra içəri daxil olan şoumen dərhal diqqəti özünə cəlb etdi. Xanımlar onu dövrəyə alıb, hal-əhval tutmağa, şəkil çəkdirməyə başladılar. Gecənin aparıcısı vaxtilə onun şou proqramında işləmiş və əslində elə orda yetişmiş həmkarı idi. Aparıcı məşhur şoumeni təqdim etdi və bildirdi ki, gecənin baş sponsoru şəxsən avtomobilini onun arxasınca göndərib. Bu təqdimatdan sonra mikrofonu götürən şoumen “iş başladı” deyə düşünərək, hamını salamladı və çox uzatmadan mətləbə keçmək istədi:

- Gecikdiyim üçün ilk növbədə xanım pərəstişkarlarımdan və çox hörmətli cənablardan üzr istəyirəm.

- Bir üzrlə canınızı qurtara bilməzsiniz!

Şoumen onu – bir az öncə zəng edən şəxsi səsindən tanıdı. Bəli, bu, onun çalışdığı telekanalı bir həftə öncə satın alan məşhur milyarder idi. Üzünü yalnız şəkillərdə görmüşdü, satınalma prosesindən sonra kollektivlə görüşəcəyi barədə şayiələr gəzsə də, milyarder yeni telekanalına hələ baş çəkməmişdi. Şoumen bəlkə sevinməliydi ki, telekanalın yeni sahibi ilə belə səmimi şəraitdə tanış olmaq imkanı qazanıb.

- Siz nə təklif edirsiniz, cənab milyarder, səhv etmirəmsə, siz bu cür xitabı xoşlayırsınız?

- Bəli, ad-soyadımla mənə yalnız ən yaxınlarım və bu məclisdəki bəzi dostlarım müraciət edir. Hə, cənab şoumen, bəlkə aparıcılığı ələ alasınız?

- Cənab milyarder, lütfünüzə, xüsusən də avtomobilinizi mənim arxamca göndərdiyinizə görə, dərindən minnətdaram. Amma həmkarımla vaxtilə bir yerdə çalışmışıq, o, yəqin ki, bu gecə üçün çox hazırlaşıb. Amma mən də gecikməyimin əvəzində sizə bir şou təklif edəcəyəm.

- Maraqlıdır, sizi bura gətirtməkdə səhv etmədiyimizi sübut edin.

Ürəyində, “görünür, məni bura gətizdirməyini hamıya dəfələrlə eşitdirmək fürsətini bu gecə çox sınaqdan keçirəcək” - deyən gülümsəyərək, davam etdi:

- Bəli, etimadınızı doğrultmağa çalışacağam. Yəqin ki, buradakı qonaqların əksəriyyəti vacib dövlət və biznes işləri ilə məşğul olduqlarından mənim şoumu izləmirlər. Ona görə, daha sadə bir şou təqdim etmək istəyirəm. Bir auksion keçirəcəyik, ödənilən məbləği bu gecəyə səbəb olan xeyriyyə tədbirinə yönəldəcəyik. Yəqin, etiraz etməzsiniz.

Zaldakı xanımların alqış sədaları artıq planın işə düşməsi üçün tətiyi çəkdi.

- Mən bura tək gəlməmişəm, dəvətsiz bir müsafirim də var. Onu bura cənab milyarderin izni olmadan buraxmazlar. Xahiş edirəm, buna izn verəsiniz.

Milyarderin əl işarəsi ilə zalı tərk edən iki cangüdən az sonra şoumenin dilənçi yoldaşını zala gətirdi. Sürücülərin otağında yemək yeyərkən ağzına atdığı son loğmanı udmağa macal tapmadan qəfil zala gətirilən dilənçinin tikəsi boğazında tıxanıb qaldı. Canındakı qorxu və vəlvələdən hələ də qurtulmayan dilənçi bütün bunların həqiqətən baş verdiyinə inana bilmirdi. Zaldakı işıqların, ləl-cavahiratın parıltısından gözləri qamaşırdı. Ona doğru gələn şoumeni görəndə bir az toxtadı. Ağzını açmaq istəsə də, şoumen ona göz vuraraq, susmasına işarə etdi. Şou artıq başlamışdı:

- Cənablar, bu adam dilənçidir. Bura gələrkən yolda gördüm. Fikirləşdim ki, gecəyə gətirim. Əminəm ki, indi təklif edəcəyim şou sizi çox əyləndirəcək. Bəli, həyatınız boyu müxtəlif auksionlarda iştirak edib, bahalı hədiyyələr, rəsmlər, əntiq əşyalar almısınız. İndi də belə bir auksion keçirəcəyik. Amma bu auksionda alacağınız əntiq əşyalar bir qədər fərqlidir. Hazırsınızsa, başlayaq!

Alqış sədaları və musiqiçilərin qısa bir etüdü şounun baş tutacağından xəbər verirdi.

- İlk növbədə xahiş edirəm bura bir masa və stul qoyulsun, qonağımız yeməyinə davam eləsin. Mən isə auksionda nəyin satışa çıxarılacağından danışım. Gördüyünüz bu şəxsi tanımıram, həyatı barədə heç bir məlumatım yoxdur. Amma onun geyimi çox şey deyir. Əminəm, ən bahalı modelyerlərin ən son dəblə xüsusi olaraq sizin üçün tikdiyi paltarlardan geyinirsiniz. Sizlərin evində bu şəxsin geyiminin heç bir elementi yoxdur. Deməli, bu şəxsin geyimi sizin üçün əntiq maldır.

Hamının diqqətini üzərində hiss edən dilənçi, onun üçün ayrılmış masada heç vaxt dadmadığı naz-nemətlər olsa da, heç nə yeyə bilmirdi. Baş verənləri anlaya bilməməyi onu daha da həyəcanlandırırdı. Şoumen isə öz işində idi:

- Birinci lot: aylarla yuyulmayan, bir qolu cırıq, digər qolu mazuta bulaşmış köynək! Cənablar, mən qiymət qoymağa çətinlik çəkirəm, sizlər ən bahalı köynəyinizi neçəyə alırsınız?

Qonaqlardan biri dərhal çığırdı:

- Sonuncu dəfə ipək köynəyə 3 min dollar verdim. Mən bu köynəyi 3 min dollara alıram.

- Varmı daha çox verən? 3 min dollar! Birinci lot üzrə satış davam edir, 3 min dollar, bir...

Bir başqa qonağın ağzından çıxan qiymət auksionu qızışdırdı:

- 4 min dollar!

Belə, 4 min dollar bir, 4 min dollar iki,...

- Bu köynək mənim ipək köynəyimin yanında olmalıdır, 6 min dollar!

İçkinin və gecənin nəşəsinin təsiri altında olan milyarderlər tezliklə dilənçinin köynəyi üzərində alış-verişi qızışdıraraq qiyməti 20 min dollara qaldırdılar. Axırda köynək 35 min dollara alındı.

- Bəli, cənablar, ikinci lotu elan edirəm. Bu arada, yəqin ki, aldığınız əntiq əşyanın, xüsusən də indi elan edəcəyim paltarın hələlik qonağımızın üzərində qalmasına etiraz etməzsiniz... Qonağımızın şalvarı... Cibləri deşik-deşik və dizlərindən biri yamaqlı! Əlbəttə, bu cür şalvarı sizin ev sakinləri yalnız “Şahzadə və dilənçi” filminə baxarkən görüblər.

Şalvara əlüstü qiymət qoyan milyarderlər klubu uzun müddətli çəkişmədən sonra 50 min dollara onu satın aldılar...

- Növbəti lot. Əminəm, aramızda ov həvəskarları çoxdur. Bu köhnəlmiş və tükləri tökülmüş qulaqlı papağı ova gedərkən ehtiyatlı istifadə edin, sizi uzaqdan bu papaqda görüb başqa bir meşə canlısı ilə dəyişik salar və atəş aça bilərlər! Amma bu, məhz ov zamanı adrenalini daha da artırmazmı? Buna görə papağın qiymətini elan edirəm...

Dilənçi, gördüklərinə inana bilmirdi, indiyədək təsəvvüründə canlandıra bilmədiyi məbləği onun paltarları üçün xərcləyirdilər. Axı küçədə bu məbləğin milyonda birini də verməzdilər...

- Bu pencəyin tikiliş üslubu yəqin ki, sizin indi istifadə etdiyiniz, Armani, Şanel və dünyaca məşhur digər modelyerlərin ilk dərziliyə başladıqları dövrün dəbindən də öncələrə gedib çıxır. Amma məhz buna görə bu əntiq geyimi öz qarderobunda görmək istəyən əntiq həvəskarları daha əliaçıq olmalıdırlar...

Pencəyi satdıqdan sonra şoumen bu prosesdən böyük həzz alırmış kimi auksiona davam etmək istəyirdi. Amma artıq dilənçinin əynində auksiona çıxarılacaq paltar qalmamışdı.

- Yəqin gözləyirsiniz ki, indi alt paltarlarını auksiona çıxardım - şoumen burda qısa fasilə verdi və məclisdəki qadınların gülüş və get-gedə artan heyrət səsi, alqışlar zalı başına götürdü – amma bunu etməyəcəm. Bununla belə, yenə də sizlərin evində və həyatında olmayan, amma bu dilənçiyə məxsus bir şeyi auksiona çıxarmaq istəyirəm.

- Buyurun - tədbirin baş sponsoru, şoumeni dəvət edən cənab milyarder dilləndi, - inanırıq ki, bu dəfə təklif edəcəyiniz şeyi almaq üçün yenə dostlarım və bəlkə də mən ciblərimizi boşaltmalı olacağıq.

- Hə, düz deyirsiniz, budəfəki lot daha da qeyri-adi olacaq. Cənablar, diqqət edin bu dilənçiyə. Onu bu hala nəyin gətirdiyi mənə bəlli deyil. Bildiyimiz budur ki, bu insan dilənçidir. Gününün böyük hissəsini başqalarına əl açıb, dilənməklə keçirir. Təhqirlər, təzyiqlər, tənbehlərlə üzləşir. Bəlkə də günlərlə ac qalır, küçələrdə yatır. Çimmək, təmiz paltar və dadlı yemək kimi adət etdiyimiz həyat tərzi onun üçün təmtəraqdır. Qısası, ürəkaçan həyat deyil. Bu həyatın dəyəri yoxdur! Bu məqama bir daha diqqət edin, təkrar edirəm: dəyəri yoxdur!!! Amma mən bu həyata qiymət qoymağa çalışacağam. Beləliklə, gecənin son lotunu elan edirəm. Kim bu dilənçinin həyatını satın ala bilər? Buyurun, bütün var dövlətinizi bu dilənçiyə verib, onun yaşadığı həyatı satın alın. Kim daha çox ödəyə bilər?

Hadisələrin belə qəfil dönüşü bütün zaldakıların nəşəsini pozdu. Bayaqdan dilənçinin loğması boğazında ilişmişdisə, indi zaldakı milyarderlərin nəfəsləri sanki nəfəs yolunda tıxanmışdı. Hətta xidmət göstərən ofisiantlar belə, donub qalmışdılar. Şoumen isə son zərbəni vurmaq, bu lovğalar məclisini utandırmaq qərarında israrlı idi:

- Səs gəlmir... Belə də düşünürdüm. Bəli, cənab milyarderlər, sizlər dünyanın ən bahalı naz-nemətini alacaq qədər varlısınız. Özünüzü rahat və əmin-amanlıqla əhatə etmisiniz. Bəlkə də bu şəxslə küçədə qarşılaşsanız ona nəzər salmağa belə lüzum görməzsiniz. Amma baxın, bu dilənçinin həyat tərzini ala biləcək qədər var dövlətiniz yoxdur. Siz bu qədər kasıbsınız... İndi kimdir varlı, siz, yoxsa o?! Cavabını rahatlıqla düşünün çünki auksion bitmişdir...

Mikrofonu yerə atan şoumen dilənçini də götürüb, zalı tərk etdi. Zaldan hələ də səs-səmir çıxmırdı. Ölkənin ən varlı və hökmlü auditoriyası şounun şokundan çıxa bilmədiyindən alqış etməyi unutmuşdu...

# 919 dəfə oxunub

Müəllifin son yazıları

# # #