Azad Qaradərəli də literaturşina polemikasında

Azad Qaradərəli də literaturşina polemikasında
21 oktyabr 2013
# 09:53

Kulis.Az-ın "Literaturşina" polemikası çərçivəsində yazıçı Azad Qaradərəlinin yazısını təqdim edirik.

Azad Qaradərəli

Qan Turalıya söz vermişəm: C.Cabbarlı ilə başladığım layihəni davam etdirməliyəm, yəni yeni yazını hazırlamalıyam. Fəqət...

Kulis.az-da sayqıdəyər Kamal Abdullanın açdığı polemikaya qısa da olsa münasibət bildirməsəm... Ona görə yox, burada “Şəhər yazıçısı, kənd yazıçısı” deyilən mətləblər də var və guya ki, burada mənim də bostanıma daş düşmüş. Xeyir. Qətiyyən belə deyil. Mən şəxsən, bu kimi mətləblərin üstündən çoxdan adlamışam və onu da bilirəm ki, indi cah-cəlalı ölkəmizdə heç kənd deyilən şey də qalmamışdır. Mənim kimilər erməni kirvələrimizin və onların hamisi (əmisi də oxumaq olar) rusların sayəsində məcburu köçkünə çevrilərək çoxdan “şəhərli” olublar. Digərləri isə... İndi kənddə doğulan hər oğlan uşağı böyüyən kimi danasının quyruğundan yapışıb bazara çıxardır, satıb bir ələngə JİQULİ alıb sürür bu yazıq şəhərə. Burda da işi tikiş tutmasa, gedir Rusiyada adam öldürməkdə təqsirli bilinən Orxan Zeynalovun dalınca. Demək, bu zorən urbanizasiya nəticəsində kənd yoxdursa, heç kənd ədəbiyyatı da yoxdur. Amma kənddə yaşayan gözəl qələm ustaları var. Biri elə Cavidan! Qalanını da özünüz fikirləşərsiniz...

Bir tələbə dostum vardı, Vasif adında. Qutqaşenin (indiki Qəbələ, o vaxt beləydi) hansısa dağ kəndindən idi. Üç ay qış, bir ay payız və bir ay da yaz, yəni ilin beş ayı onların kəndinə nəqliyyat işləmirdi. Deyirdi ki, Moskvada qanun çıxır, gəlir Bakıya, ordan da gəlir Qutqaşenə və kəndimizə yetişənəcən Moskvada yeni qanun çıxır və biz o köhnə qanundan xəbərsiz oluruq...

Vasifin sözü olmasın, bu xeyirli və lazımlı polemika mənə bir qədər gecikmiş göründü. Zatən bizdə onsuz da hər şeyin köhnəsi yaxşı sayılıb.

Bu literaturşina məsələsi də, məncə, öz ömrünü çoxdan bitrmiş olmalı. Sadəcə bizim kimi köləlikdən təzə ayrılan 3-cü “sort” xalqlarda həmişə toydan sonra nağara olar. Necə ki, Avropa posmodernizmlə vidalaşanda biz onun bazarını açmışdıq. Bir dostumuz hətta “geri durun demişdi, onu mən gətirdiyim kimi, mən də aparıram”. Onu da deyim ki, zarafat öz yerində mən həmin dostumuzu Azərbaycanda ən ciddi ədəbiyyat adamlarından sayıram, fəqət heyf ki, o ciddi proza ilə məşqul olmağı birdəncə unutmuş kimidir.

Bəlli bir vaxtda Qərb nəzəriyyəçiləri yeni bir cərəyan icad edəcəklər və biz posmodernizmi əxz etməmiş, o birisinin tapdağında qalacağıq...

Mən sizə iki müəllif adı çəkəcəyəm. İnanın ki, o posmodernizmi-filanı anlamasam da, dəqiq bilirəm ki, ən böyük posmodernistlər o iki müəlliflərdir: Nizami və Şekspir. Day niyə, nə təhər, bunu açıb-tökməyə vaxtım yox, çün Qan Turalı bəy məndən ayrı yazı gözləyir...

Bu literaturşina da onun kimi. Bu günlərdə Nobel Komitəsi verdiyi qərarla bütün modernistləri, posmodernistləri, həyatdan gələnləri, literaturşinaları... qoydu mat-məəttəl. Yaşadığı ucqar qəsəbənin sakinlərindən - tülkü dəstəsi saxlayıb dərisini satanlardan, anadangəlmə eybəcər doğulanlardan, arvadı fikir eləməsi deyə yad kişiyə arvadı ilə sevişməyi xahiş edənlərdən hekayə yazan kanadalı Alice Munro Nobel aldı. Hətta o hekayələrinin prototiplərini nə qədər dəyişdirsə də, ona hücum edir, təhqir və təhdid edir qonum-qonşuları. Lap elə bizim kəndçimiz kimi düşünür Alice xanım: “Atam sağ olsaydı, bunu edə biməzdilər o eybəcərləşdirilmiş şəxsiyyətsizlər.”

Təsəvvür edirsiniz: o qədər həyati yazır ki, prototip özü üzünü görür o hekayələrdə.

Qayıdaq Nobelsiz ədəbiyyatımıza. Mən Azərbaycan ədəbiyyatının Sovet vaxtı üzünü ağ edən bir-iki adamın adını çəkə bilərəm. Onlardan biri və birincisi Sabir Əhmədlidir. Kənddən gəlmiş bu böyük ustad azından onca il gec doğulsaydı, Nobel ödülünə ən şanslı namizəd olardı. Bütün kriteriyalarıyla uyğun gələrdi o ödülə. Nə yazıq ki, olmadı. Sabir Əhmədli hansısa ədəbiyyat tənqidçilərini elmlər doktoru, akademik edəcək qədər şanslı bir yazıçıdır. Fəqət. Azərbaycan tənqidçisi “ölüdən” yazmır, “diridən” yazır, özü də o diri gərək vəzifədə olsun, səlahiyyət sahibi olsun.

Oxumaq məsələsi də var polemikada. Bu oxumaq da fərdi bir iş. Elə yazıçılıq kimi, onu da xorla etmək olmur. Gərək dörd divar arasına girəsən və xarici aləmdən təcrid olunasan. Oxumadan yazılan əsər sahibini “dahi” edə bilər, Ə.Vahid qədər, Aşıq Ələsgər qədər və Pirosmani qədər... Ciddi ədəbiyyat isə ciddi mütaliədən, əziz dostlar, həm də ciddi müşahidədən başlayır. Sizin ətəyində namaz qıldığınız postmodernistlərin liderləri hətta kilsə xorunda kimin hansı sırada durduğunu və necə kostyum geyindiyini də dəqiq bilirmiş. (Bu yerdə özümdən misal çəkəcəm, məni məzur tutun. Demək, indi cənnətməkan olan kəndimizdə yaşayıram və eşitdim ki, elin sayılıb-seçilən adamı X. dayı rəhmətgə gedib. Kəndin adətincən onun abırlı paltarını arvadlar araya açıb ağlamalı idilər. Fəqət belə paltar yoxmuş. Gedib kənd dükanındakı yeganə defektli kostyumu gətirib araya açıb ağlayırlar... Yasdan sonra kostyumu qaytaran adam dükanşıya deyir ki, bunu heç satma, hər dəfə birtimiz öləndə araya açıb ağlayarlar. Sonralar mən “Soyxa” adlı hekayə yazdım. Amma hər dəfə dükana gedəndə o defektli kostyuma baxardım ki, görüm bunun defekti harasındadır. Amma demiyəsən ayrı şeyə baxırmışam)

Sonda bir daha kitab və mütaliə haqqında. Bu günlərdə atıldığım işimdə işlərkən (orda da hekayə bəlasına gəlmişdim əslində) yazdığım və məlum səbəbdən Ayxan Murad imzasıyla çap etdirdiyim məqaləmdən kitab, yazı və yazıçılıq barədə bəzi qeydlərimlə bitirirəm bu söhbəti:

Kitab hamı üçün deyil, kitabsızlar üçünsə əsla.

Kitabı hər adama hədiyyə etmə, aparıb ayaqyoluna qoyar.

Kitab baş üçündür, boş üçün deyil. (Allah Üzeyir bəyə rəhmət eləsin!)

Kitab katib sözüylə bir kökdən olsa da, zatları ayrıdır.

Bədii kitab oxuyub həvəsə gəlmisənsə, tap birin də oxu, daha özünü zora salıb yenisini yazmağa girişmə. (Sən yazıçı doğulmamısan)

Oxuduğun bədii əsəri anlamadınsa, bir anlayandan soruş, daha onu yandırmağa qalxma.

Bədii yazı qarğış kimidir: iki başı var. Birini anlamadınsa, o birinə də baxmalısan.

Hekayə çətin janrdır, amma onu yaza bildinsə, romanı göydə yazacaqsan.

Bədii əsər yazmaq üçün savad, intriqa bəs eləmir, səmimiyyət (istedad da ona bağlıdır) sonuncu olsa da, ən vacibidir.

Yazıçının Allaha inanması iki cəhətdən vacibdir: 1) O yazı-pozu zamanı allahlıq iddiasına düşəcək 2) Allah kimi yazı prosesində qadından uzaq olacaq. (Allah kimi tək qalmaq da var hələ!)

Yazdığını başa düşməyib səni avantüraya çəkə bilərlər deyə, özünümüdafiə yer qoymalısan – bu əsərə dəxli olmayan axmaq bir cümlə də ola bilər. (“Mən əslində həm də onu demək istəyirdim ki...”)

Yazıçılıq xəstəlik, yazıçı isə anormal adamdır. Ona görə onların sözünün başına ip salmazlar.

Yazıçılar adamotarandırlar: adamlara söz və fikir yedirdərlər.(Qanqalotlayanlar xaric)

Yazıçı nihilist ola bilməz. Yoxsa onun dünyası əbədi zülmət olar. Zülmətdə isə kitab oxumaq olmaz.

S.A.(Mən “P.S” əvəzinə “S.A” – Söz ardı yazıram.)

And olsun “Şeir bülbülləri”ndəki Zeynəb arvadın o gül kimi söz-söhbətinə ki, başlığa çıxardığım adı yazıyla uyğunlaşdırmağa vaxtım çatmadı. (Allah yazanına rəhmət eləsin.) Bilənlər bilməyənlərə başa salar.

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Cavid Zeynallı: Aqrar istedad, yarımçıq intellekt

Natiq Məmmədli: ““Literaturşina” bənövşənin yanındakı broyler toyuğudu”

Qan Turalı: “Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır”

Etimad Başkeçid: Üslubçuluq son sığınacaq yeri kimi

# 1528 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #