Dodaqlarını alnıma dayayıb...

Dodaqlarını alnıma dayayıb...
15 iyul 2014
# 15:28

Kulis.Az şairə Sara Selcanın yeni şeirlərini təqdim edir

***

Şairlər şərab içər,
Mən dərd içərəm.
Öyrəncəliyəm həzin dadına,
Heç kimə qıymıram.
Nəfsiniz çəkirsə
Süzün adama.


Deyəcəklərimi
susqunluğumun

ilk həmləsindəcə boğdum,
Daha mənim cavabım
Sözsüzlükdür.

Fikrim kimi dağınıq,
Səpələnib dörd yanıma
Sapından qırılan xatirələr
Onlarla oynayıram.

Göy üzü qırış-qırış,
Çoxdanın qocası olsa da
Təzə kimi sevirik onu,

Heyf ki
Göydə deyil,
Torpaqda dəfn olunuruq.

Buludlar qocaltdı göyləri
Cavan görünər
Nə vaxt ki
Buludsuz olacaq,
Eh, sənin bilmədiklərin...
Bilsən noolacaq?

Özün anla
Deyəcəklərimi
susqunluğumun

ilk həmləsindəcə boğdum,
Daha mənim cavabım
Sözsüzlükdür.

***

Şeir -
Bu, bir tərcümədir.
Hisslərin orijinaldan tərcüməsi.
Öz dilimdə oxuya bilməmişdin məni,
Səninçündür...

Həyata üzüqoylu yıxılandan
Kədər buz kimi dodaqlarını
Alnıma dayayıb:
- Əmanətimsən - dedi.

Varlığım
Yoxluğundakı boşluqda qeyb oldu.
Kim kimin ürəyində təzə-tərdi,
Kim kimin əllərində soldu,
Bilmədin...

Şeir -
Bu, bir tərcümədir,
Sənin oxuya biləcəyin dildə.
Fərqi yox nə cürədir.
Kiminin ömrü sərbəstdir,
Kiminin ömrü hecadır,
Sadəcə
sonda
qafiyəli, qafiyəsiz
Ölüm şansı var hamının...

# 2077 dəfə oxunub

Müəllifin son yazıları

# # #