Qazaxda "Səmirsiz" tamaşası təqdim edildi

Qazaxda "Səmirsiz" tamaşası təqdim edildi
9 dekabr 2024
# 12:01

Dekabr ayının 7-də Qazax Dövlət Dram Teatrına "Səmirsiz"lik çökmüşdü. Səbəb həmin gün bu teatrın səhnəsində tamaşaçıları tamaşa sonra bir saatdan çox saxlayan, qızğın müzakirəyə səbəb olan, Samuel Bekketin "Sözsüz əməl" pyesinin motivləri əsasında səhnələşdirilmiş "Səmirsiz" tamaşaidi.

Kulis.az xəbər verir ki, səhnə əsərinin müəllifi rejissor Abdulla Elşadlı, quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı; bu iki teatr arasında ilk əməkdaşlıqdır), bəstəkarı Azər Hacıəsgərli, butafor-rəssamı Səyad Məmmədovdur. Mono tamaşanın ifaçısı isə Qazax Dövlət Dram Teatrının aktyoru Rüfət Ömərdir.

Pyesi tərcümə edən, səhnələşdirən və quruluş verən Abdulla Elşadlının sözlərinə görə, cəhənnəmin ən qorxulu yeri sözsüz deyil, səmirsiz yeridir.

“Tamaşa Bekketin mətninə, onun dünyasına və fəlsəfəsinə bizim cəmiyyətdən müasir şüur axınıdır. Səmirsiz olmaq – tək söz deməmək, sükut edib dinməmək deyil, həm də bunu əmələ daşımaqdır, fəaliyyətsiz, təslim olmaqdır... mirsizlik bir damğa, möhürdür ki, bu damğanın dəmiri cəmiyyət, onu qızdıran kömürü isə susqunluq və etiraz etməməkdir.

Afişadan da göründüyü kimi, tamaşanın qəhrəmanı olan "Kişi" "Səmirsiz"liklə möhürlənib. Bu möhürü ömürlük açmaq mümkün olmayacaq. Möhür ölümə, məhvə məhkumdur. Amma və lakin sonsuz ölümə... Yəni ölməyə belə qoymayan, amma eyni zamanda, hər saniyə öldürüb dirildən, dirildib öldürən, axırda birdəfəlik məhv edən möhür – "SƏMİRSİZ"lik.

Süjet abstrakt və absurddur. Onu sözə çevirmək olmur. Cəhd etsək də, alınmayacaq. Bu sujeti sözə çevirmək olmur. Cəhd etsək də, alınmayacaq. Çünki, sujet nizamlılıqdır. Burada isə səmirsizlik var. Səmirsiz cəmiyyətdə isə nizam yoxdur. Orada xaos hökm sürür, orada hər şey abstraktcasına gülməli və gülməlicəsinə ağlamalıdır. Lap "Sizif haqqında mif" kimi... Əzab bitmir. Əzab daim davam edir və bu, sonsuza qədər belə olacaq. Niyə? Vaxtında bu kişi susdu. Susdu və elə anda dindi ki, artıq onun danışmağının nəinki cəmiyyətə, heç özünə də xeyri olmadı. Artıq məhv olmuş şüura, cəmiyyətə söz demək özü lazımsız nəsnədir. Dedikcə daha da dərinliyə çəkir və yol göstərdiyin yerdə özün onların yolunu qazıb xəndəyə çevirirsən, çünki sözü vaxtında demədin. Susdun və susmağınla səmirsiz cəmiyyət yaratdın. İndi çək əzabını. İndi heç ölə də bilməyəcəksən! Hayqır bu əzaba, bu isti, qızmar ilğımları adamı kömür edən səhraya. Hayqır, zatən səsin də çıxmır! Səmirsizsən!” – Abdulla Elşadlı bildirib.

Qazax Dövlət Dram Teatrının rejissoru Xəzər Gəncəli də tamaşa haqqında fikirlərini bölüşüb:

“Cəmi 40 dəqiqə çəkən bu tamaşaya quruluşu maraqlı rejissor yozumları ilə daima gündəmə gələn gənc rejissor Abdulla Elşadlı vermişdir. Qəfəs-otaq stereotipi müstəvisində hazırlanmış dar bir oda xarakteri daşıyan məkana atılmış, nimdaş, tör-töküntülü qiyafət geyinmiş və işgəncələrə məruz qalmış bir adam arxadan kiminsə itələməsi nəticəsində büdrəyərək az qala məhbəs (əslində, bura məhbəsdən başqa bir şey deyildir) özəlliyi daşıyan dar bir mühitə düşür.

Buranın nə havası var, nə suyu var, nə də yeməyə hər hansı bir qida var... Döyülüb əldən düşmüş bu adamın yalnız bir istəyi var: heç olmasa bir qurtum da olsun, su içmək!.. Lakin tavandan ona ip vasitəsi ilə göndərilən suyu əldə edib içmək o qədər də asan deyildir.

Adam nə qədər əlləşirsə, nə qədər cəhd edirsə, yuxarıdan ona ip vasitəsi ilə göndərilmiş sal daşları min bir əziyyət ilə nə qədər ayağının altına yerləşdirib suyu yuxarıdan götürməyə təşəbbüs göstərirsə, məqsədinə heç vəchlə çata bilmir.

Nəhayət, bu döyüşdən məğlub olaraq ayrılır. "Səmirsiz" adlanan bu tamaşa ekzistensialist duyğular oyatmaqla fərdin mühitdə get-gedə sıxışdırıldığı və heçliyə doğru addımlaması ilə diqqətimizi cəlb edir.

İctimai mühitin yox olması ilə yalnızlaşan fərdiyyət, özünün fiziki cəhətlərini də itirərək, vücud və xarakterin yox olduğu varlıq və heçlik arasındakı incə çizgiyə gəlib çatır. Burada rejissor, yaradılışın digər bir canlı obyekti olan ağacla insanı müqayisə yollarına baş vuraraq, həyat uğrunda mücadilədə divarın köksünü yarıb qəfəs-otağa yaşıl bir budaq çıxaran ağacın bu mübarizədə nə qədər güclü olduğunu, həyat eşqi anlayışında insan üzərində qalibiyyət əldə etdiyini ön plana çıxarıb vurğulayır. İçəri sızmış ağacın yaşıl budağı: "...yarpağımdan yapış, səni çəkərək azadlığa çıxarım", - deyə haray çəkərək insanın imdadına yetişməyə tələsir.

Bir aktyorun üzərində qurulmuş bu mono-tamaşada aktyor Rüfət Əhmədov rejissorun konsepsiyasına sadiq qalmış, öz ifa tərzi ilə rejissor fikrini qabartmağa çalışmışdır”.

Qeyd edək ki, tamaşa genış auditoriya kütləsinə nümayiş etdirilmək üçün nəzərdə tutulmuşdur.

# 617 dəfə oxunub

Müəllifin son yazıları

# # #