Tahir Salahov: "Heydər Əliyev həmişə maddi nemətlərin fövqündə idi...." - Tarixi Şəxsiyyət

Tahir Salahov:  "Heydər Əliyev həmişə maddi nemətlərin fövqündə idi...." - Tarixi Şəxsiyyət
10 avqust 2026
# 10:00

Kulis.az "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində Xalq yazıçısı Elmira Axundovanın Xalq rəssamı Tahir Salahovla müsahibəsini təqdim edir.

Heydər Əliyevlə tanışlıq

E.A. – Hörmətli Tahir müəllim, bilirəm ki, böyük Heydər Əliyevlə sizin dostluq münasibətlərinizin uzun tarixi var. Şəxsi tanışlığınız hansı şəraitdə baş tutub?

T.S. – Şəxsi tanışlığımız 1962-ci ildən başlanıb. 1958-ci ildə mən Azərbaycan Rəssamlar İttifaqının sədrinin yaradıcılıq məsələləri üzrə müavini seçildim. O vaxt otuz yaşım vardı. 1962-ci ildə Bakıda «Kuba Sovet rəssamlarının gözü ilə» mövzusuna həsr edilmiş sərgi keçirilirdi. Keçmiş Lenin muzeyinin sonuncu mərtəbəsindəki sərgi otaqlarında təşkil edilən tədbirdə Viktor İvanovun və Pyotr Osovskinin işləri nümayiş etdirilirdi. Azərbaycan KP MK-nın ikinci katibi Yelistratov, – o, rəngkarlığın fanatı idi, – sərgilənən işlərə baxmaq, rəssamlarla tanış olmaq üçün sərgini ziyarət etdi. Bu rəssamlar altmışıncılar nəslindən olan gənclər idi. O vaxt mən də daxil olmaqla bir qrup rəssam sovet incəsənətində «Sərt üslub» adlı bir istiqamət yaratmışdı. İvanov və Osovski mənim dostlarım idi. Onlar uzun müddət Kubada yaşayıb, orada işləyib, gözəl rəsm əsərləri çəkiblər. Çox da böyük olmayan işlərdən ibarət bu əsərlərdə o illərdəki Kuba təsvir edilirdi. Yelistratov bizi «İnturist»ə dəvət etdi və orada, ayrıca bir zalda bu rəssamların şərəfinə kiçik bir banket təşkil edildi. Banketə Heydər Əliyev də gəldi və mən onunla orada tanış oldum. Bundan əvvəl onun haqqında heç nə eşitməmişdim. Onu DTK-nın 2-ci şöbəsinin rəisi kimi təqdim etdilər.

E.A. – Yəni o, qapalı şəxs deyildi?

T.S. – Xeyr.

E.A. – Bəs rəssamların şərəfinə təşkil olunmuş banketə nə üçün məhz Heydər Əliyev – xüsusi xidmət orqanlarının əməkdaşı gəlmişdi?

T.S. – Deyə bilmərəm. Orada cəmi bir neçə nəfər vardı: Yelistratov, Əliyev, bu rəssamlar və mən. Görünür, Əliyev incəsənətlə, yaradıcılıq məsələləri ilə maraqlanırdı.

E.A. – Onunla bağlı ilk təəssüratlarınızı xatırlayırsınızmı?

T.S. – O mənə çox xoşagələn, rəğbət doğuran bir insan kimi təsir bağışladı, rus dilində yaxşı danışırdı, gözəl sağlıqlar deyirdi. Səmimi deyim ki, Heydər Əliyev xoşuma gəldi – həm zahirən, həm də daxilən. Çox diqqətli, ciddi adam idi.

Ziyalılarla münasibətlər

E.A. – Sonrakı ünsiyyətiniz necə oldu?

T.S. – Bizim aramızda açıq-saçıq dostluq olmayıb. Dostluğumuz sırf qarşılıqlı hörmət münasibətlərinə əsaslanırdı. Yaradıcı insanlar onu cəlb edirdi. Yadımdadır, biz – Arif Məlikov, mən və Toğrul Nərimanbəyov Zuğulbada, Səhiyyə Nazirliyinin 4-cü idarəsinin sanatoriyasında istirahət edirdik. Heydər Əliyev oraya gəlir, bizimlə söhbət edirdi. Musiqini, təsviri incəsənəti özünəməxsus tərzdə başa düşürdü. Memarlıqla maraqlanırdı. Zərifə Əzizovna da incəsənətə böyük maraq göstərirdi. Düşünürəm ki, həyatda ona nə isə çatışmırdı, çünki rəsmi görüşlərdə hər zaman ciddi, təmkinli olmaq lazımdır. Amma onlar bizimlə olanda özlərini rahat hiss edir, gülür, zarafat edirdilər...

E.A. – Sizin fikrinizcə, yaradıcı insanlarla ünsiyyət ondan ötrü bir növ, gərginliyi azaltma, emosional rahatlıq vasitəsi idi, yoxsa incəsənət haqqında bilgilərini artırmaq üsulu? Onun yaradıcı insanlara marağını müəyyənləşdirən amil nədən ibarət idi?

T.S. – Məncə, bu istək onun daxilindən gəlirdi. Bundan əlavə, mənə belə gəlir ki, bizim soyadlarımızın mötəbər yerlərdə səslənməsi, Azərbaycan incəsənətinə yeni bir dalğa gəlməsi və bu dalğanı dəstəkləmək məsələsi onu daima düşündürürdü... Heydər Əliyeviçin yaradıcı ziyalılarla tanışlıq dairəsi geniş idi, o hamı ilə yaxşı münasibətdə idi. Ona ən incə məsələlər barədə müraciət etmək olardı, kömək əlini əsirgəməzdi. Məsələn, Səttarın başına gələn iş. Bir dəfə o restoranda olanda üstündə qədim Azərbaycan ornamenti olan çaydan xoşuna gəlir. O pulunu ödəyib çaydanı almaq istəyəndə, başlayırlar sual verməyə ki, bəs bu qədər pul onda haradandır, çünki xarici görkəmi o qədər də gözoxşayan deyilmiş. Səttar axı üst-başına o qədər fikir verməzdi. Onlar da anlamayıblar, qabaqlarındakı kimdir, milis çağırıblar. Mənə onunla bir yerdə olan adam zəng vurub dedi ki, Səttarı ayıltma məntəqəsinə apardılar, halbuki sərxoş deyildi. Mən Heydər Əliyeviçə müraciət etdim, o, doğrudan da, kömək etdi: hara lazımdırsa, zəng vurdu, Səttarı buraxmağı və bu işdə günahkar olanları cəzalandırmağı əmr etdi. Elə o vaxt da rəssamın özü ilə tanış oldu. Səttar ondan çox razı idi. Səttarın sözləri yadımdadır: «Niyə Azərbaycanın Xalq rəssamının başına belə oyun açırlar? Nə pis iş görmüşəm axı?» Heydər Əliyeviç Səttar Bəhlulzadənin 90 illik yubileyində çıxış edəndə mən bu hadisəni onun yadına saldım. O dedi: – Bilirsən, bu hadisəni mən tamam unutmuşdum.

Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi olanda Siyasi Maarif Evində Azərbaycan Rəssamlar İttifaqının qurultayı keçirildi. Yadımdadır ki, mən məxsusi olaraq həmin qurultayı keçirmək üçün Moskvadan gəlmişdim. Heydər Əliyev də orada idi, biz yanaşı oturmuşduq. O vaxt Azərbaycan Rəssamlar İttifaqının sədri olan Yusif Hüseynov məruzə edir, biz isə – Heydər Əliyevlə mən – söhbət edirdik. Deyirdi ki, memarlıq fakültəsində oxuduğu zaman çəkdiyi bütün rəsmləri Naxçıvana aparıb. Tahir, – deyirdi, – o rəsmlər itdiyinə görə çox təəssüflənirəm. Bu barədə mənə məhrəmanə şəkildə danışıb ürəyini boşaltdı.

Heydər Əliyevə general-mayor rütbəsinin verilməsi

Biz onunla 1967-ci ildə Naxçıvanın 40 illiyinə getmişdik. Mən Naxçıvandan SSRİ Ali Sovetinin deputatı idim. İliç rayonunda (indiki Şərur) hətta SSRİ Rəssamlar İttifaqının filialını da yaratmışdıq. Yubiley gününə həsr olunmuş təntənəli iclas Mədəniyyət sarayında keçirilirdi. Məruzə ilə Naxçıvanın birinci katibi çıxış etdi, sonra Vəli Axundov, daha sonra təbriklər başladı. Biz Rəyasət Heyətində əyləşmişdik. Mən çıxdım foyeyə siqaret çəkməyə. Birdən küncdə qoyulmuş telefon zəng çaldı. Növbətçilərdən heç kim yox idi. Telefona yaxınlaşdım. – Heydər Əliyeviçi olarmı? Yuri Vladimiroviç Andropovun qəbul otağındandır. Mən Heydər Əliyevə baxıb, ona işarə etdim. O, telefona yaxınlaşdı. Birdən eşidirəm: – Yuri Vladimiroviç, Sovet İttifaqına xidmət edirəm! Çox sağ olun! Ona general rütbəsi verilməsi haqqında o öz doğma torpağında eşitdi. Fasilə zamanı Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov və Ali Sovetin Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov Rəyasət Heyətinin foyesinə çıxdılar. Vəli Yusifoviç dedi: – Tahir, xoş gəlmisən. Yaxşı ki, bayrama gəldin. Nə var, nə yox? – Mənim işlərim qaydasındadır. Sevinməli odur ki, Heydər Əliyeviçə general rütbəsi veriblər. – Bəli, – Heydər Əliyev deyir, – indicə Yuri Vladimiroviç zəng vurmuşdu, təbrik edirdi. Axşam ziyafətdə bu barədə elan etdilər, zalda olan bütün naxçıvanlılar onu ayaq üstə alqışladılar.

... Bakıya hamımız birlikdə qatarla gəlirdik. Biz onunla bir kupedə idik. Qonşu vaqonlardan Firəngiz Əhmədova, Çingiz Sadıqov, Lütfiyar İmanov gəldilər. Bizdə artıq süfrə açılmışdı. Kupemizdə bayram başladı. Yadımdadır, hamı oxuyurdu, sevinirdi, onu təbrik edirdi. Bakıya çatanda, vağzalda Heydər Əliyeviç məni evlərinə dəvət etdi. Evdə onu artıq qonaqlar gözləyirdi. Zərifə xanım süfrə açdı. General Matrosov, başqa hərbçilər də orada idi, sağlıqlar deyilirdi. Bax beləcə, demək olar ki, iki gün biz onun hərbi rütbəsini «yuduq». Bu rütbədə o, ilk dəfə 1967-ci ildə Çekist Günündə televiziyada çıxış etdi. Rus dilində, «konspektsiz» çıxış edirdi. O gün ilk dəfə respublika ictimaiyyəti qarşısına çıxdı. Düşünürəm ki, onun yüksəlişi həmin gündən başladı, çünki o, hər kəsə yaxşı təsir bağışladı.

E.A. – Heydər Əliyevin birinci katib seçilməsində əsas rol oynayan kim olub – Sviqun, Andropov, yoxsa Brejnev?

T.S. – Hesab edirəm ki, Heydər Əliyevin irəli çəkilməsində əsas rolu Sviqun yox, məhz Yuri Andropov oynayıb. Belə ki, general Rəsulbəyovu MK-nın birinci katibi təyin etmək istəyirdilər. Sviqunun namizədi o idi. Moskvaya çağırıb onunla söhbət etdilər, ancaq o, vəzifədən imtina etdi. Rəsulbəyov Heydər Əliyevdən yaşca böyük idi, bu cür məsuliyyəti boynuna götürmək istəmədi. Başqa namizəd axtarmağa başladılar. Bax, onda Andropov Heydər Əliyevin namizədliyini irəli sürdü. Məndə belə bir təsəvvür yarandı ki, əvvəllər tabeliyində olan bir adamın bu cür yüksəlməsinə Sviqun daxilən müqavimət göstərirdi. Bir dəfə Sviqun məndən xahiş etdi ki, onun xeyirxahlıq etdiyi, Moskvada yaşayan, əslən azərbaycanlı olan bir rəssama fəxri ad verilsin. Mən buna heç cür nail ola bilmədim. Onda Heydər Əliyeviçə məktub yazıb xahiş etdim ki, Yusif Hüseynova Əməkdar rəssam, Sviqun deyən adama isə Xalq rəssamı adı verilməsi məsələsinə baxılsın. Heydər Əliyeviç Hüseynova fəxri ad verdi, amma o biri adama vermədi. Həmin rəssama ona görə fəxri ad vermədi ki, nəyisə etmək məcburiyyətində qalmağı xoşlamırdı. Hər hansı bir qərarı yalnız dərk edəndən sonra və müstəqil şəkildə qəbul edirdi. Əlbəttə, Əliyevin təyin edilməsində əsas rol oynayan Andropov oldu. O, Naxçıvana zəng vurub, Əliyevi təbrik etdi.

E.A. – Niyə onlar hərbçilər arasında, DTK-da axtarırdılar?

T.S. – Ona görə ki Axundov, Əlixanov və İsgəndərov arasında gedən bu daxili çəkişmələr respublikanı çox ağır vəziyyətə gətirib çıxarmışdı. Bu insanların hər biri müstəqil şəxsiyyət idi və başqasına tabe olmaq istəmirdi.

E.A. – Əliyevin təyin edilməsi ölkədə və xaricdə baş verənlərlə – 1968-ci il Çexoslovakiya hadisələri, Baltikyanı respublikalarda, Gürcüstanda millətçilik hərəkatı ilə, Azərbaycanda Sumqayıt hadisələri ilə bağlı deyildimi? Bəlkə, Moskva düşünürdü ki, respublikanın rəhbəri vəzifəsinə belə möhkəm iradəli, güclü bir çekist qoyulsa, vəziyyətə nəzarət etmək mümkün olacaq? Məhz güclü bir əl axtarmırdılarmı?

T.S. – Qismən sizinlə razıyam. Amma əsası o idi ki, respublika rəhbərləri bir-biri ilə yola getmirdi. Vəli Axundovun 1969-cu ilin 6 iyulunda Dzerjinski adına klubda keçirilən partiya fəalları yığıncağındakı son çıxışı yadımda qalıb. Əlbəttə, Axundov mədəni, ziyalı adam idi. Lakin həmin tədbirdə dediyi bir cümlə siyasi baxımdan korrekt deyildi: – Mən Çerkasovun baş rolda çəkildiyi bir filmə baxmışam. Onun bir sözü mənim çox xoşuma gəldi: «Xeyirxahlıq eləməyə tələsin». Birinci katibin ağzından çıxan, rayon rəhbərlərinin, nazirlərin əyləşdiyi zala ünvanlanan bu sözlər Şərqdə birmənalı şəkildə başa düşülməyə, yanlış yozula bilərdi. Görünür, bu ziyalı zəifliyi müqabilində «dəmir əl» zəruri idi.

E.A. – Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra təkcə Azərbaycan ziyalıları ilə deyil, həm də bütün İttifaqın ziyalıları ilə ünsiyyət qurmağa başladı. Rəssamların bəzi ümumittifaq tədbirləri Bakıda keçirilirdimi?

T.S. – Mən o vaxt artıq Moskvada işləyirdim. 1981-ci ilin yazında biz Bakıda SSRİ Rəssamlıq Akademiyasının genişləndirilmiş iclasını keçirirdik. İki yüz nəfər gəlmişdi – hamısı da Rəyasət Heyətinin üzvləri. İttifaqın Moskva, Leninqrad, Kiyev, Tbilisidəki ən böyük institutlarının professorları idi. Bu, təsviri sənətin əsl bayramı idi. Tədbir çərçivəsində ölkə rəssamlıq institutlarının 1980-ci il buraxılışını təmsil edən tələbələrin diplom işləri sərgilənmişdi. Yadımdadır, Heydər Əliyev Elmlər Akademiyasında bir saat yarımlıq nitq söylədi, sərgiyə də gəldi.

Moskvada ziyalılarla münasibətlər

E.A. – Həmkarlarınız Heydər Əliyevlə ünsiyyətdən sonra onun haqqında nə cür fikir söyləyirdilər?

T.S. – Məşhur rus heykəltaraşları – Kibalnikov, Kerber, Bakıya Azərbaycan mədəniyyət ustalarının Dövlət mükafatına təqdim olunmuş əsərlərinə baxmaq üçün gələnlərin hamısı onu çox yüksək qiymətləndirirdilər. Təkcə Bakıda yox, Heydər Əliyeviç Moskvaya köçəndən sonra da belə idi. Onun partiya qurultayının memarlıq sahəsində irəli sürdüyü vəzifələr barədə Memarlar Evindəki çıxışı uzun müddət yadda qaldı, memarlar indi də ondan danışırlar (yəqin, Heydər Əliyevin 1981-ci ilin oktyabrında Moskva memarları qarşısındakı çıxışı nəzərdə tutulur. Bu barədə R.Əliyevlə kitabdakı müsahibəyə bax – E.A.). Kinematoqrafiya, memarlıq, təsviri sənət, teatr sahəsində onun iştirakı ilə Moskvada qəbul edilmiş qərarlarda müəyyən istiqamətlər verilir, vəzifələr irəli sürülürdü. Bu çox ciddi sənədlər idi. Yaradıcılıq birliklərində onların yolunu, bəlkə də, otuz illərlə gözləyirdilər. Həmin qərarların bəzi bəndləri bu gün də aktuallığını itirməyib. Heydər Əliyeviç incəsənətin bütün sahələri üzrə belə sənədləri hazırlamışdı. Onlarda söhbət maliyyə yardımlarından, təsərrüfat fəaliyyətindən, binaların, mənzillərin verilməsindən, mədəniyyət xadimlərinin maddi-texniki təminatının yaxşılaşdırılmasından, əməkhaqlarının, qonorarların artırılmasından gedirdi. Bunlar qlobal qərarlar idi. İttifaqlar dirçəlir, incəsənətə maliyyə vəsaiti ayrılırdı. Heydər Əliyeviçin təşəbbüsü ilə səhiyyə, mədəniyyət, nəqliyyat, elm sahələrində xeyli işlər görülmüşdü! Bir sözlə, Heydər Əliyeviçin gəlişi ilə bu sahədə işlər yeni vüsət aldı. Bax, elə buna görə də onu bugünədək sevirlər, qiymətləndirirlər. Ona qədər heç kim belə fəallıq göstərməmişdi. Odur ki o, istefaya gedəndə hamı narahat olmuşdu. Heydər Əliyev ziyalılarla səmimi idi. O, yaradıcılıq məsələlərinə yanaşmanı daha yüksək səviyyəyə qaldırmaq istəyirdi. İstəyirdi ki, yaradıcı işçilər daha uzun müddətə təmin olunsunlar. Bununla incəsənət aləmində böyük əsərlər yaradılması, elmdə kəşflər edilməsi üçün imkanlar meydana çıxırdı. Bütün elmi, yaradıcı təşkilatların rəhbərləri onun yanına problemlərini həll etməyə gəlirdilər. Burdenko adına İnstitutun baş həkimi Konovalov, İqor Moiseyev və başqaları... Mədəniyyət xadimləri onun simasında xeyirxah bir insan görürdülər. Bilirdilər ki, əgər məsələ Heydər Əliyevə çatsa, mütləq həll olunacaq. Başqa sözlə, Heydər Əliyevin yaradıcı ziyalılara Azərbaycanda göstərdiyi hörmət, ehtiram, Moskvada İttifaq miqyasında böyük aksiyalara çevrildi. Onun incəsənət xadimlərinə daxili, sövq-təbii meyli belə düşünməyə əsas verir ki, bəlkə də, o özündə yaradıcı bir şəxsiyyəti «məhv edib».

E.A. – Heydər Əliyevlə ziyalıların qarşılıqlı meyli Qorbaçov və onun komandası tərəfindən ona qarşı düşmənçilik həddinə çatan etimadsızlığın güclənməsi səbəblərindən biri deyildimi?

T.S. – Deyə bilmərəm. Heydər Əliyev incəsənət xadimlərinə münasibətdə ayrı-seçkilik etmirdi. O, ümumiyyətlə, hamıya kömək edirdi. Ayrı-ayrılıqda kiminləsə qürur duya bilərdi, ancaq hamıya eyni gözlə baxırdı. Yadımdadır ki, Heydər Əliyeviç bərpa işləri ilə əlaqədar Tretyakov qalereyasına gəlmişdi. O dövr üçün bu dünyaca məşhur qalereya öz texniki imkanlarına görə çox geridə qalmışdı. Halbuki orada nəhəng sənət xəzinəsi mühafizə olunur. Mənə danışdılar ki, o zalları gəzir, rus miniatür sənəti ilə dərindən maraqlanır, suallar verirmiş. O, Tretyakov qalereyasının bərpası üzrə bütün sənədləri imzalamışdı, bir neçə dəfə oraya baş çəkmişdi. Orada ehtiyat saxlancları, xüsusi iqlim şəraiti yaradılmışdı. Bunun səbəbinə əlli-altmış min eksponatı işıq üzünə çıxara bildilər. Onun köməyi ilə Puşkin muzeyində şəxsi kolleksiyalar muzeyi yaradıldı.

E.A. – Bunlar son dərəcə maraqlı və çoxları üçün məlum olmayan faktlardır. Çox sağ olun ki, bunları yada saldınız.

Zərifə xanımın vəfatı və dəfn edilməsi

E.A. – Siz Zərifə xanımın dəfn mərasimində olmusunuzmu?

T.S. – Zərifə xanımın həyatdan köçməsindən axşam saat doqquz – ona on beş dəqiqə işləmiş xəbər tutdum. Mən Mədəniyyət Nazirliyində, nazir müavini Şabanovun yanındaydım. Bu, köhnə Arbat küçəsindədir. Məni tapıb dedilər ki, Əliyev onu mənimlə calaşdırmağı xahiş edib. Hökumət telefonu ilə zəng vurdum, məni Heydər Əliyeviçlə calaşdırdılar. O, Kremldə idi. – Heydər Əliyeviç, mənə dedilər ki, Zərifə Əzizovna xəstədir, mən sizin dərdinizə şərikəm. Hər şey yaxşı olmalıdır, – dedim. Və birdən: – Tahir, o, öldü, – səsi kövrəlib qırıldı. – Tahir, o, həyatdan köçdü... Tahir... – Heydər Əliyeviç, dediyinizə inana bilmirəm... – Mən özüm də... Çox gərgin məqam idi. – Heydər Əliyeviç, nə kömək lazımdır? – Tahir, çalış ondan maska götür... Yulian Rukavişnikovu özünlə apar. Onu tap, rəhmətlik dəyişməyincə hər işi görün. Nə qədər tez olsa, yaxşıdır. – Narahat olmayın, Heydər Əliyeviç, mən hər şeyi edərəm. Nigaran qalmayın, bir saata orada olacam. Mən Rukavişnikovu tapdım, – görkəmli heykəltaraşdır. Onun sənətçiləri vardı ki, mərhumlardan maska götürüb hazırlayırdılar. Niyə o məhz Rukavişnikovu yada salmışdı? Səbəbini deyim. Vaxtilə Heydər Əliyevin – iki dəfə Sosialist Əməyi Qəhrəmanı kimi – büstü hazırlananda, o mənə zəng vurub dedi: – Tahir, Ömər Eldarov Moskvaya gəlib. Düşündüm ki, bu iş (büstün yapılması – E.A.) mənsiz mümkün deyil, ona görə, bəlkə, Ömər Eldarovla görüşüm? Bu harada münasib olar? Mən Yulian Rukavişnikovun emalatxanasını məsləhət gördüm. Kalinin prospektinin yaxınlığında yerləşirdi. Mən görüşü təşkil elədim, Ömər Eldarov işə qatıldı. İki seans oldu, – Əliyev şənbə və bazar günləri heykəltaraşın qarşısında «poza almağa» macal tapdı. Rasim Əliyev, mən, Yulian Mitrofanoviç də emalatxanada idik. Hər seans iki-üç saat davam edirdi. Həmin vaxtda da o, Rukavişnikovla tanış olmuşdu.

... Biz morqa yollandıq. Sonra ondan yenə zəng gəldi: – Tahir, mən qəbiristanlığa yollanıram, imkanın varsa, sən də gəl. Maşının varmı? – Var. On dəqiqəyə gəlirəm. Kuntsevodan «Novodeviçye» məzarıstanına yollandım. Mən çatan kimi onlar da gəlib çıxdılar: Heydər Əliyeviç, Süleyman Tatlıyev, Qurban Xəlilov, Tamerlan. Məzar yerini təyin etmək üçün gəlmişdilər. Onu heç vaxt belə halda görməmişdim. Daxilən sarsılmışdı. Və bu hal o qədər təbii idi ki, bizlərə də sirayət edirdi. Bunca sarsılacağını gözləmirdik. Sanki onun üçün dünya qopmuşdu. Deyirdi: – Tahir, yadındamı, o necə insan idi, rəhmdil, mehriban, diqqətcil... Həm ömür-gün yoldaşı, həm dost kimi. Sənin axı yadındadı... Bunu hamının yanında deyirdi. Məzar yerini təyin etməyə getdik. Bizə qəbiristanlığın təzə sahəsini göstərib yer ayırdılar. Nəzərdən keçirdik. Sonra qəbiristanlığın müdirəsi köhnə sahədə daha bir yer göstərdi, nəticədə Zərifə xanım həmin yerdə torpağa tapşırılacaqdı. Yadımdadır, bizimlə olanlar – Tamerlan və başqaları mənə üz tutdular: – Tahir, yəqin, siz də o yeri seçməyimizi dəstəkləyərsiniz, – qəbiristanlığın yeni sahəsindəki guşəni nəzərdə tuturdular. – Tahir, sən necə bilirsən? – Heydər Əliyev maraqlandı. – Heydər Əliyeviç, bəlkə, ümumi rəyə xilaf çıxacam, amma mənə elə gəlir ki, ikinci yer daha yaxşıdır. Sözügedən sahədə Stalinin arvadının, Sobinovun məzarları yerləşirdi. Hiss elədim ki, arada bir gərginlik yarandı. Heydər Əliyev qəbiristanlığın müdirəsinə üz tutdu: – Bəs siz nə fikirdəsiniz? – Sizin yoldaş düz məsləhət verdi. Bu yer təsadüfən boş qalmışdır. Və o həmin yeri seçdi. Hərçənd başqa təklif sürənlər narazı qaldılar. Zərifə xanımın Bakıda deyil, Moskvada dünyasını dəyişib orada da dəfn olunması Heydər Əliyev üçün ağır psixoloji məqam oldu. Düşünəndə ki, Moskvaya daha yüksək vəzifədə çalışmağa gedəsən, ömür-gün yoldaşının səhhəti qaydasında ola və birdən-birə Moskvada xəstələnib keçinə, qürbətdə torpağa tapşırıla... Bu fikir onu göynədirdi...

E.A. – Bəs Zərifə xanımla Heydər Əliyevin münasibətləri haqqında nə deyə bilərsiniz? Adətən belə olur: biri sevir, o birisi isə sevilməyə «icazə verir».

T.S. – Yox, onların arasında belə şey yox idi. Onlar bir-birini qəribə şəkildə tamamlayırdılar. Bizi bağlayan xatirələr çoxdur. Heydər Əliyevin Moskvada təhsil aldığı və ya stajirovka keçdiyi vaxtlardakı görüşlərimizi xatırlayıram. Zərifə Əzizovna mənə Bakıdan zəng çalıb deyirdi: – Tahir, ona diqqət göstər, tək qoyma. Çünki orada qəribçilikdədir. Çox qayğıkeş qadın idi.

Tahir Salahovun atasının sənədləri

Heydər Əliyeviç DTK sədrinin müavini olanda, – 1965-ci və ya 1966-cı ildə, – mən ondan xahiş etdim ki, 1937-ci ildə Laçın Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində ikən həbs edilmiş atamın şəxsi işini mənə göstərsin. Atam həmin il sentyabrın 29-da həbs olunub və 1938-ci il iyulun 4-də güllələnib. Sonradan atam bəraət qazanıb. Heydər Əliyeviçdən atamın şəxsi işini mənə göstərməsini xahiş edəndə dedi: – Tahir, sənədləri arxivdən tələb etməliyəm. Bir həftə sonra mənə zəng vurdu, dedi ki, onun yanına gedim. O vaxt DTK hələ Naberejnayadakı köhnə binada yerləşirdi. Birinci dəfə idi ki, bu binaya gəlirdim. Axşam saat səkkiz idi. Geniş, qaranlıq dəhliz boyunca gedə-gedə fikirləşirdim ki, atamı da bu dəhlizlərlə istintaqa aparıblar. Heydər Əliyeviçin kabineti ikinci mərtəbədə, küncdə yerləşirdi, pəncərədən baxanda dəniz görünürdü. O, atamın şəxsi işini götürdü və dedi: – Tahir, sən oxu, mən isə öz işlərimlə məşğul olacam. Bu ittihamları, protokolları, ittihamnaməni, yekun hissəni oxumağa başladım. Hər vərəq üçün bir təkzib var idi, artıq reabilitasiya prosesində yazılmış bu təkziblərdə qeyd edilirdi ki, bu – uydurmadır, bu – səhvdir. Orada bir arayış da vardı. Atam təqsirini etiraf etməyəndə onu «troyka» mühakimə edirdi. Atamı dörd maddə üzrə ittiham edirdilər: Trotski-Zinovyev blokunda iştirak, əksinqilabi təşkilatda iştirak, sovet dövlətinin təməlini pozmaq, Azərbaycanın SSRİ-dən ayrılmasına çağırış, ziyanxorluq və terror. Görünür, Heydər Əliyeviç də işlə tanış olmuşdu. Mənə dedi: – Tahir, oxşar işlərin sayı on minə yaxın olub. Görürsən ki, atanın təqsiri yoxdur, ona bəraət verilib. Bu işi arxivdən ona görə götürdüm ki, mənə də maraqlı idi, digər tərəfdən – ona görə ki bunları sən də biləsən.

2001-ci ildə o mənə «İstiqlal» ordenini təqdim edəndə mən öz çıxışımda atam barədə danışdım və Heydər Əliyeviçə müraciətlə bu sözləri əlavə etdim: – Kimin ağlına gələrdi ki, 64 ildən sonra mənə – repressiyaya məruz qalmış şəxsin oğluna – müstəqil Azərbaycanın ən yüksək mükafatını siz təqdim edəcəksiniz?

Heydər Əliyevin xəstələnməsi

E.A. – Siz demisiniz ki, Heydər Əliyev istefaya göndəriləndə bir çox mədəniyyət xadimləri ona hüsn-rəğbətlərini bildirirdilər.

T.S. – Heydər Əliyeviç xəstələnəndə mən ona zəng vurdum və xəstəxanaya, onun yanına getdim. Artıq yataq xəstəsi deyildi, amma yaxşı görünmürdü – solğun, zəif idi. Biz əyləşdik və Heydər Əliyeviç mayın 11-də başına gələnləri ətraflı danışmağa başladı. – İşə gəldim, hər şey yaxşı idi, oturub işləməyə başladım, birdən özümü narahat hiss etməyə başladım. Düşündüm ki, bəlkə, pis yatmışam, divanda uzandım, baxıram, narahatlığım keçmir. Qridnevə zəng vurub, onu çağırdım (Valeri Qridnev H.Əliyevin katibliyinin rəisi idi – E.A.). O gəldi və dedi: «Heydər Əliyeviç, təcili yardım çağırmalıyam». Heydər Əliyeviç imtina etməyə başlayır, amma görünür, oranın öz qaydaları var. Təcili yardım briqadası gələndə həkimlər dedilər: «Heydər Əliyeviç, xəstəxanaya getmək lazımdır. Xərəyə uzanın». O razılaşmır, həmin vəziyyətdə liftə qədər piyada gedir, sonra liftlə aşağı düşüb maşına minir. Bunları mənə ətraflı danışdı. Mən ona ürək-dirək verirdim: – Heydər Əliyeviç, bütün bunlar keçəcək. İnfarktdan sağalan adamlar çoxdur. Onun əhvalını yaxşılaşdırmaq üçün zarafat edirdim. Görünür, mənim gəlməyim, onunla qeyri-rəsmi şəkildə söhbət etməyim onun üçün xoş idi. Gərək ki, onun yaxın adamlarından biri də orada idi. O zaman Heydər Əliyeviç artıq gəzirdi. Bilirəm ki, Heydər Əliyeviç orada müşavirələr də keçirirdi, insanların başqa bir otaqda onu gözlədiklərini görmüşəm.

Moskvada Brejnev dövründən qalmış ənənəyə görə, nazirlər səhər saatlarında gimnastika məşğələsinə, sonra hovuza gedir, saat on birə yaxın işə gəlirdilər. Gündüz saat birdə nahar, nahardan sonra – məlum deyil. Amma Heydər Əliyeviç gələndən sonra bu qayda dəyişdi, yeni bir iş üslubu yarandı. Bu, bəlkə də, çoxlarını qıcıqlandırırdı. Köhnə iş üslubunu kökündən dəyişmək çətin idi, amma Heydər Əliyevin tabeliyində olanların çoxu bu insanin fədakarlığına, iş qabiliyyətinə görə ona hörmət etməyə başladı. Kurasiyasında olan nazirliklər də ona işinə görə hörmət edirdilər. O, çox ciddi işləyirdi.

Bir dəfə televiziyada eşitdim ki, Heydər Əliyeviç xəstə olanda heç kim onun yanına getmirdi. Bu, düz deyil. Belə çıxırdı ki, guya hamı dərhal Heydər Əliyevdən üz döndərib.

Barvixada görüş

E.A. – Siyasi Büronun keçmiş üzvünün istefasından sonra onunla ilıq münasibətlər saxlayanlardan biri də siz idiniz. Barvixaya ona baş çəkməyə gəlmişdiniz. Xahiş edirəm, bu barədə də danışasınız.

T.S. – O vaxt Heydər Əliyev Sov.İKP MK-nın Moskva ətrafında yerləşən «Barvixa» sanatoriyasında dincəlirdi. Şaxtalı qış günü idi. Mühafizəçilər sənədlərimi uzun-uzadı yoxlayıb, nəhayət, buraxdılar. Üzü bu uzun binaya qarşı dayananda, sol tərəfdəki boksda Heydər Əliyev yaşayırdı. Bokslar ikimərtəbəlidir, hərəsinin girişi ayrıcadır. Birinci mərtəbə dəhliz, ikinci mərtəbə qonaq otağı və kabinetdir. Binaya daxil olub qalxdım. Heydər Əliyeviç hələ zəif idi. – Tahir, nə yaxşı ki, gəldin, – dedi. – Gəl, gəzişək, sonra şam edərik. Etiraz etmirsən ki? – Yox, Heydər Əliyeviç. Biz geyindik. O, qalın geyindi: isti boğazlı çəkmə, idman kostyumu, qalın palto, xəz papaq. Parka çıxdıq və yadımdadır, ayağımızın altında qar necə xırçıldayırdı. Addımlayırdıq, adama elə gəlirdi ki, uzaq Azərbaycandan ikimiz gəlib çıxmışıq bura. Qış, soyuq, toran, xəstə Heydər Əliyeviç, onun yanında mən. Həyat yoldaşı dünyadan köçmüşdü. Axır ki, ağlasığmaz mənzərədir. Və bu, kədərdən söhbət açmasaq da, yalnız xoş şeyləri yada salsaq da, söhbətimizə təsirini göstərirdi. Ürəyimdə bir ağırlıq vardı, lakin pis fikirləri qovmağa çalışırdım. Zarafat edir, gülür, ordan-burdan söhbətlər edirdik. Amma o, ciddi məsələlərdən danışmaq istəyirdi, məsələn: – «Pravda»da Rüstəm İbrahimbəyovun məqaləsini oxudum. Bilirsən, məqalə xoşuma gəldi. O dövr üçün bu məqalə çox aktual idi. O illər Rüstəm SSRİ Kinematoqrafiya İttifaqının sədri və SSRİ Ali Sovetinin deputatı idi. – Çox xoşuma gəldi, – Heydər Əliyeviç təkrar etdi. – Məni Rüstəmlə calaşdırsaydın, bunu ona deyərdim. Biz onun iqamətgahına qayıdanda qonşu boksda işıq yanırdı. – Heydər Əliyeviç, orada kim yaşayır? – deyə soruşdum. O cavab verdi: – Boris Yeltsin, o da mənim kimi istefadadır. Binanın qalan yerləri qaranlıq idi. Yalnız iki boksun pəncərələrindən işıq gəlirdi. Burada yalnız bu iki nəfər yaşayırdı. – Onunla münasibətiniz necədir? – soruşdum. – Normal. Şam yeməyini gətirdilər. O, ikiadamlıq sifariş etmişdi. Qulluqçu da elə gətirdi. Şam etdik, bir az da oturduq. Üç-dörd saat onunla oldum. Bütün bu müddətdə Heydər Əliyev, bir dəfə də olsun, başına gətirilənlərdən incikliyini bildirmədi, bəlkə də, ona görə ki o cür söhbətə köklənməmişdik. O görüşümüzü tez-tez xatırlayıram. Orada yaşayan iki adam, görünür, böyük iradə sahibləri idi. Sonralar biri Rusiyanın, o biri isə Azərbaycanın prezidenti oldu. Bu gecə və sonralar tamamilə müxtəlif yollarla yenə hakimiyyət zirvəsinə qalxan bu iki güclü insan... Həmin mənzərə indiyəcən gözlərimin önündədir.

Moskvaya qayıdandan sonra Rüstəmə zəng vurdum: – Heydər Əliyeviç səninlə maraqlanırdı. Məqaləni oxuyub, fikrini söyləmək istəyir. İstəyirsən, səni onunla calaşdırım, ya bəlkə, onun yanına gedək? Rüstəm getmək istədiyini dedi. Beş-on gündən sonra biz onun yanına getdik və artıq üçlükdə gəzişirdik. Hər şey birinci dəfə olduğu kimi idi – Heydər Əliyev həminki kimi geyindi, parka çıxdıq, ondakı kimi xiyabanlarla dolandıq. Lakin bu dəfə onunla daha çox Rüstəm danışırdı. Heydər Əliyeviç ona məqalə ilə bağlı suallar verdi, yazını çox bəyəndiyini söylədi. Sonra onun boksuna qayıtdıq, bir yerdə şam etdik. Hiss olunurdu ki, ürəyi açılıb. Biz ömrünün ən çətin günlərində ona dəstək olmaq istəyirdik.

E.A. – Siz onun yenidən hakimiyyət zirvəsinə qalxa biləcəyinə inanırdınız?

T.S. – Bunu heç kim gözləmirdi. Hələ Moskvada yaşayarkən o mənə zəng vurub dedi: – Tahir, məni Naxçıvandan partiya qurultayına nümayəndə seçiblər. Necə fikirləşirsən, getməyimə dəyərmi? – Heydər Əliyeviç, sizi sizə inanan insanlar seçiblər. Mən hesab edirəm ki, ora getməyiniz vacibdir. – Hə? Çox sağ ol, Tahir, çox sağ ol.

Elbəy Rzaquliyevin sərgisini ziyarət

1988-ci ildə Heydər Əliyeviç mənə zəng etdi: – Tahir, dünən televizorda Elbəy Rzaquliyevin Mərkəzi Rəssamlar Evində sərgisinin açılışını gördüm. Sərgiyə baxmaq istəyərdim. Mən cavab verdim: – Heydər Əliyeviç, biz sizi gözləyirik. Danışdıq ki, o, saat on ikidə gəlsin. Ailəlikcə gəlmişdilər: İlham Mehribanla və Seva. Heydər Əliyeviçi qarşıladım, Siyasi Büro üzvlərinin qarderobuna apardım. Yuxarı qalxdıq. Sərgiyə gələnlər onu tanıdılar, salamlaşmaq üçün yaxınlaşdılar. Bu ona xoş idi. Elbəy də həyat yoldaşı ilə gəldi. Mən isə fikirləşirəm: necə edim ki, görüşümüzü layiqincə bitirim. Nahar sifariş etmək qərarına gəldim. Amma tərs kimi, bütün restoranlarda təmizlik günü idi. Nəhayət, Beynəlxalq Hammer Ticarət Mərkəzinin Petrovski zalında uşaqlarla razılaşdıq, onlar dedilər ki, Tahir Teymuroviç, sizi gözləyəcəyik. Mən bunların kimin üçün edildiyini dedim və səkkizadamlıq masa sifariş etdim. Sərgidə söhbətimiz saat yarıma qədər çəkdi, artıq çıxışa tərəf gedəndə mən dedim: – Heydər Əliyeviç, bu gün elə gündür ki, Elbəy gəlib, sərgi açılıb, siz ailənizlə gəlmisiniz. Bu günü necəsə qeyd etmək lazımdır. İcazə versəydiniz, sizi restorana, nahara dəvət edərdim. – Dəvət elə, mən razıyam, – deyə cavab verdi. – Bəs hara gedəcəyik? – Beynəlxalq Ticarət Mərkəzinə. Maşınımız ora çatdı, mühafizə işçiləri onu görüb sevindilər: – Heydər Əliyeviç!.. Salam, Heydər Əliyeviç! İstefaya çıxandan sonra ilk dəfə sadə insanların ona olan münasibətini hiss etdi. Holla daxil olanda mənə dedi: – Tahir, mən iyirmi ildir ki, restoranda olmamışam. Və budur, zala yaxınlaşdıqca insanlar onu tanıyır, salamlayırlar. Rus zalına daxil oluruq, administrator onu təbəssümlə qarşılayır: – Salam, Heydər Əliyeviç, sizi burada görməyimizə şadıq. Masamızın arxasına keçdik. Həyat yoldaşım da gəldi, təxminən üç saat oturduq, məclisimizdə səmimiyyət, mehribanlıq hökm sürürdü: zarafatlar, gülüş. Güman ki, bu görüşümüz barədə Bakıya xəbər çatdırmışdılar, çünki elə ertəsi gün Vəzirovdan xəbər gəldi ki, mən Əliyevlə hansısa blok yaratmışam. Dedim: – Rəhmana deyin ki, o vəzifədən gedəndə mən onunla da görüşəcəyəm. Daha nə deyə bilərdim? Heydər Əliyev artıq Bakıda işləyərək respublikaya başçılıq etdiyi vaxt mən ona portretini bağışladım. Yadımdadır, o dedi: – Tahir, mənim sizinlə həmişə rəvan münasibətlərim olub. Və bu münasibətlər heç vaxt qırılmayıbdır. Aramızdakı etibar dolu münasibətlər həmişə onun mənə hörməti və mənim ona və ailəsinə ehtiramım çərçivəsində olub. Biz bir-birimizlə zarafat edə bilərdik, lakin müvafiq çərçivəni qorumaq şərtilə.

Məkkə ziyarəti

E.A. – Siz onunla birgə Məkkədə idiniz. Yadımdadır...

T.S. – Prezidentlə birlikdə Məkkəyə getməyim təsadüfən oldu. İyunun 5-də Moskvadan təyyarə ilə Bakıya gəlmişdim. Heydər Əliyeviçin köməkçisinə zəng vurub dedim ki, mən Bakıdayam. Məndə belə bir qayda vardı – Bakıda olanda bunu həmişə ona bildirirdim. Ola bilsin ki, mənimlə görüşmək istəyər, yaxud bir tapşırığı, xahişi olar. Ayın 8-də isə Polad Bülbüloğlu mənə zəng vurub soruşur: – Tahir, Bakıdasan? Prezident mənə tapşırıb: «Tahiri tap». Deyirəm: «Tahir Bakıda yoxdur», o isə etiraz edir: «Sən necə mədəniyyət nazirisən ki, Tahirin Bakıda olmasını bilmirsən». Heydər Əliyevə zəng vurdum. O soruşdu:

– Tahir, sən uzun müddətə gəlmisən? – Bir həftəliyə, on günlüyə. – Sabah Səudiyyə Ərəbistanına uçuram, bir neçə gündən sonra qayıdacam. Yəqin ki, sən hələ burada olacaqsan. – Səfəriniz uğurlu olsun. Yəqin ki, bu səfər maraqlı olacaq, çünki o, memarlıqla, dinlə, adətlərlə bağlıdır. – Orada olmusan? – Yox, olmamışam. – Getmək istəyirsənmi? – Məmnuniyyətlə gedərdim, amma mənim pasportum Rusiya pasportudur, orada məni necə qəbul edərlər? – Bu saat hər şeyi qaydaya salaram. Elə dərhal, dəstəyi asmadan o biri telefonu götürüb dedi:

– Tahir Salahova pasport hazırlayın, o, sabah bizimlə uçur. Tahir, Xarici İşlər Nazirliyinə gedərsən, orada pasport alarsan. Sabah saat doqquzda aeroportda görüşərik.

Heydər Əliyev mənim üçün belə bir gözlənilməz hədiyyə etdi. Səhər saat doqquzda uçduq, axşam saat onda isə artıq Kəbədə idik. Bu, unudulmaz hadisə idi! Dincəlmək üçün qısa müddətdə dayandığımız otaqda bizə su verdilər. Heydər Əliyev mənə və Arif Məlikova diqqətlə baxıb birdən dedi:

– Arif, Tahiri və səni bura gəlməyə dəvət etmişəm ki, Allah günahlarınızdan keçsin.

– Heydər Əliyeviç, mənim nə günahım var? – Arif şikayətlə dilləndi.

Sonra Heydər Əliyev baxışlarını mənə yönəltdi. – Sən nə fikirləşirsən, Tahir? – Bilirsinizmi, Heydər Əliyeviç, fikirləşirəm ki, mən gərək dörd dəfə, beş dəfə buraya gəlim, bəlkə, onda Allah məni bağışlaya. O, xeyli güldü. Bütün bu ciddi işlər fonunda o, gərginliyi bir qədər azaltmaq istəyirdi və indi belə bir fürsət düşmüşdü. Mən səmimi dedim, axı o məni beş barmağı kimi tanıyırdı və bu açıq etirafım onu mütəəssir etdi.

Büst üçün yer seçimi

E.A. – 1983-cü ildə Heydər Əliyevə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verildi və yaranmış ənənəyə görə onun vətənində büstü qoyulmalı idi. Büst üçün yer seçimində Ömər Eldarov və siz iştirak etmisiniz. Bu barədə danışaydınız.

T.S. – Biz Ömər Eldarovun emalatxanasında görüşdük. Kamran Bağırov və Ramiz Mehdiyev də orada idilər. Söhbət onun büstünün Naxçıvanın harasında qoyulacağından gedirdi. Heydər Əliyev, hətta təyyarə ilə Naxçıvana uçmağa hazırlaşırdı, ancaq bu, o qədər də ürəyincə deyildi. Doğrudur, məsələ onu narahat edirdi, lakin özünə aid olduğu üçün xüsusi canfəşanlıq göstərə bilmirdi. Büst üçün yeri mən seçməli idim. Sözləşdik ki, təyyarə ilə Ömər Eldarov və Rasim Əliyevlə birlikdə Naxçıvana uçaq. Mən xahiş etdim ki, Ramiz Mehdiyev də MK-nın təmsilçisi kimi bizimlə getsin. Naxçıvanda birinci katib İnqilab bağında seçilmiş yeri göstərdi. Rasim Əliyev və Ömər Eldarov artıq layihəni hazırlamışdılar. Onlar bu yeri ona görə seçmişdilər ki, yaxınlıqda inqilab mübarizlərinin abidəsi ucalırdı, bağın mərkəzində isə büstün qoyulması planlaşdırılırdı. Mən başqa fikirlərin, ideyaların olub-olmaması ilə maraqlandım. Maarif evinin yaxınlığına getdik. Orada mərkəzi hissədə büst üçün kifayət qədər müvafiq olan boş sahə vardı. Sonra Möminə xatun türbəsinə yollandıq, orada xeyli gəzişdik. İndi salınmış park o vaxt yox idi. Şüşə və alüminiumdan quraşdırılmış sərgi zalı və kiçik baxış meydançası vardı. Mən məhz bu yeri seçdim. Hətta yadımdadır, konkret yeri nişanlamaq üçün ayağımı qoydum. Həmin dəqiqə bir daş gətirib o yerə qoydular.

E.A. – Bəs niyə siz məhz o yeri seçdiniz?

T.S. – Əvvələn, bu çox layiqli yerdir. İkincisi, açıqlıqdır. Bir tərəfdən köhnə Naxçıvan görünür, o biri tərəfdən yenisi. Hətta büstün baxacağı istiqaməti də müəyyənləşdirdik. Baxdığımız əvvəlki yerdə – bağda isə heykəl ağaclarla örtüləcəkdi. Heykəli görmək üçün yaxına getmək lazım gələcəkdi. Sonra biz Bakıya qayıtdıq. Ramiz Mehdiyevlə birlikdə Kamran Bağırovun yanına getdik. Heydər Əliyev də orada idi. Naxçıvanın xəritəsini götürüb Heydər Əliyevə əvvəl seçilmiş yeri göstərdik. Mən dedim: – Əgər siz mənim fikrimi bilmək istəyirsinizsə, mən başqa yeri məsləhət görürəm. Bu, adi tövsiyə deyildi, SSRİ Rəssamlar İttifaqının birinci katibinin zəmanəti idi. Bu onun üçün çox vacib məqam idi. Bu yeri nə qohum, nə memar seçmişdi, məhz mən – SSRİ Rəssamlar İttifaqının başçısı gözaltı eləmişdim. Axı ölkədə yaradılan bir çox abidələr, bizim İttifaqdan keçib həyata vəsiqə alırdı. Bundan sonra o dedi: – Görünür, mən Naxçıvana getməyəcəyəm. Belə düşünürəm ki, o, daxilən bu işdə iştirak etmək istəmirdi. Fikirləşirdi ki, bu onun tərəfindən qeyri-təvazökarlıq olar.

E.A. – Tahir müəllim, Heydər Əliyev mədəniyyət xadimlərindən ən çox kimi bəyənirdi?

T.S. – Qara Əbülfəz oğlu Qarayevi. Qarayev vəfat edəndə, əvvəlcə Moskvada Çaykovski zalında matəm tədbiri keçirildi. Sonra biz onun nəşini təyyarə ilə Bakıya gətirdik. Burada möhtəşəm dəfn mərasimi oldu. Niyazini yüksək qiymətləndirirdi, Fikrət Əmirovun musiqisini çox sevirdi. Yadımdadır, 1971-ci ilin dekabrında Azərbaycan Dövlət Dram Teatrında Mirza İbrahimovun 60 illik yubileyi qeyd edildi. Yubiley tədbirinə SSRİ Yazıçılar İttifaqının katibləri, SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü Rəsul Həmzətov, müttəfiq respublikalardan yazıçılar ittifaqlarının birinci katibləri gəlmişdi. Yubiley tədbirinin rəsmi hissəsindən sonra Heydər Əliyeviç göz xəstəxanasının qarşısındakı qonaq evində bir banket verdi və bu banketdə özü tamadalıq etdi. Heydər Əliyeviç məclisi çox yaxşı idarə etdi. Banketdə bütün korifeylər iştirak edirdi – Mirzə İbrahimov, Rəsul Həmzətov, Süleyman Rəhimov, Əli Vəliyev, Rəsul Rza, İmran Qasımov, Nəbi Xəzri. Heydər Əliyeviç onların hər birinin şərəfinə bir tost dedi. Rəsul Həmzətovdan, SSRİ Yazıçılar İttifaqının katiblərindən başladı, daha sonra aşağı rütbəli qonaqlara keçdi. Hər kəs haqqında deməyə çox sanballı sözlər tapırdı.

E.A. – Tahir müəllim, söhbətin sonunda mən həmişə həmsöhbətlərimdən xahiş edirəm ki, Heydər Əliyevi bir növ gözlənilməz tərəfdən xarakterizə edən və ya onun portretinə müəyyən cizgilər əlavə edən hər hansı maraqlı epizodları xatırlasınlar.

T.S. – Razıyam, sizə iki belə epizod danışacam.

Avariya

1964-cü ildə, dekabrın 18-dən 19-na keçən gecə mən dostumu qarşılamaq üçün maşınla aeroporta gedəndə qəzaya düşdüm. Yol buz bağlamışdı, qarşıdan gələn yük maşını ilə toqquşmamaq üçün, maşını sola qaçırtdım, o, səkinin üstünə çıxıb ağaca çırpıldı. Sükan sifətimin yanından keçib damı deşdi. Ayaqlarım isə əyləcin üstündə sındı. Gecə saat ikidə Sabunçu xəstəxanasında mənim üzərimdə cərrahiyyə əməliyyatı apardılar, ayağımı kəsmək istəyirdilər. Mənə yerli narkoz etdiklərindən, bir neçə saniyəlik özümə gəldim. Hiss elədim ki, ayağımı kəsməyə hazırlaşırlar. Həkimi çağırdım. Onlar təəccübləndilər, çünki artıq pərdə asılmışdı, amputasiyaya hazırlaşırdılar. Həkim yaxınlaşanda soruşdum:

– Doktor, nə etmək istəyirsiniz? – İndi mən yalnız həyatınızı xilas etmək barədə düşünürəm. Mən Heydər Əliyevin telefon nömrəsini ona söyləyib dedim:

– Siz zəng edin. Mən huşumu itirirəm, siz zəng edin və öyrənin görək daha nə etmək olar. Həkim zəng etməyə getdi. Məlum oldu ki, o, Heydər Əliyevlə tanışdır və bu nömrəni bilir. Heydər Əliyeviç həmin saat xəstəxanaya gəldi. Mənimlə bərabər respublikanın baş cərrahı, Qara Qarayevin qardaşı Mürsəl Qarayev və rəssam Kamil Əliyev də həmin maşında idilər. Onlar da xəsarət almışdılar, amma bir qədər yüngül. Heydər Əliyeviç olmasaydı, birayaqlı qalacaqdım. Faktiki olaraq o mənim həyatımı xilas etdi. Səhərə yaxın çoxlu qan itirdiyimdən halım kritik həddə çatdı. O bütün gecəni xəstəxanada qaldı, konsilium keçirilməsinə nail oldu. Sonra məni müalicə edən həkim Heydər Əliyevin ona «elə et ki, Tahir sağ qalsın» söylədiyini danışdı. Sən demə, həkim naxçıvanlı imiş və Heydər Əliyevi yaxşı tanıyırmış. Bu hadisədən sonra altı ay özümə gələ bilmədim. Ayağım isə indiyədək ağrıyır. Heydər Əliyeviç sonradan bu hadisəni zarafatla yada salırdı:

– Girirəm içəri, görürəm, bunlar hamısı uzanıblar... Bu, doğrudan da, həm ağlamalı idi, həm də gülməli. Üçümüz də bir palatada yatırdıq, o da bizə dəyməyə gəlirdi.

Nehrəmə səfər

Hüseyn Cavidin məqbərəsinin açılışında mən prezidentlə birlikdə idim. Ertəsi gün o İran nümayəndə heyəti ilə görüşən zaman biz boş idik və mən kəndlərdən birinə getmək istədim. Sirus Təbrizli, Zəlimxan Yaqub və mən Nehrəm kəndinə getdik. Cəlil Məmmədquluzadənin muzeyində olduq, fotoşəkillər çəkdik, sonra mənim xahişimlə kəndə döndük. Bir rəssam kimi oranı görmək mənim üçün maraqlı idi. Qabaqlar mən Naxçıvanı çox gəzib-dolaşmışam, ancaq çoxdandı ki, bu yerlərdə olmurdum. Gördük ki, kəndin bazar meydanında camaat yığışıb. Adamlar şikayət edirdilər ki, işıq yoxdur, iş yerləri yoxdur, nasoslar işləmir, su vurmur. Camaat bizi görüb, başladı xahiş etməyə ki, problemlərin həllinə kömək edək. Biz də söz verdik. Lakin Naxçıvanda biz Heydər Əliyevlə daha görüşmədik, təyyarədə də onunla danışmaq imkanımız olmadı. Odur ki artıq Bakıda prezidentə zəng elədim. – Hə, necədir, razı qaldın? – soruşdu. – Bəli, Heydər Əliyeviç, çox yaxşı idi. Yalnız orda başa düşdüm ki, Hüseyn Cavidin cənazəsini vətənə gətirməklə siz necə böyük iş görmüsünüz, o vaxta qədər emosional səviyyədə bunu dərk etmirdim. Siz bu böyük şairə qarşı edilmiş bütün haqsızlıqları düzəltdiniz, tarixi ədaləti bərpa etdiniz… Ertəsi gün, siz İran nümayəndə heyəti ilə görüşən vaxt biz Nehrəmə getdik, sonra isə kənd camaatı ilə görüşdük.

– Hə, nə gördünüz? – Görüşümüz qısa oldu, ancaq hiss etdik ki, nehrəmlilər ağır vəziyyətdədirlər. Onlar mənə öz problemlərindən danışdılar. Çox xahiş edirəm, kənddəki sosial şəraitə diqqət edəsiniz: işıq, su, iş yoxdur.

– Yaxşı ki, bunları mənə danışdın. Və nə yaxşı ki, sən ora getdin. Naxçıvanda mənim heykəlimi sökmək istəyəndə bütün nehrəmlilər gecə-gündüz onun yanında növbə çəkiblər. Onlar – mənə sadiq adamlardır! Mən bu saat Naxçıvana zəng vuraram, tədbir görərik. Çox sağ ol. Guya xırda məsələdir, ancaq o necə də hər şeyi düz qəbul etdi! O, insanlarda sadiqliyi qiymətləndirirdi.

Heydər Əliyev ideya adamı idi

E.A. – 1985-ci il aprelin 15-də Zərifə Əliyeva dünyasını dəyişdi...

T.S. – Aprelin 22-si isə Leninin doğum günü idi. Heydər Əliyev necə də özünü ələ almağı bacarmışdı! Mən bu iclasa televiziya ilə baxırdım və onun xüsusən cəmiyyətin korrupsiyaya qurşanmasına qarşı güzəştsiz mübarizə haqqında tezislə bağlı yeni qiymətləndirmə, yeni intonasiya və perspektivlərin əks olunduğu məruzəsini nə dərəcədə təntənəli və ifadəli tərzdə söylədiyini gördüm.

E.A. – Deyirlər, bu məruzə «perestroyka»nın müjdəçisi kimi təsir bağışlayıb və Qorbaçovun ona münasibətinin dəyişməsinin az qala başlıca səbəbi olub, çünki o, Heydər Əliyevin bu cür güclü məruzə ilə çıxış edəcəyini gözləmirdi.

T.S. – Özü də bu, Zərifə xanım dünyasını dəyişəndən cəmi bir həftə sonra olmuşdu. O, heyrətamiz iradə qüvvəsi nümayiş etdirdi. Mən həmişə demişəm ki, o, ideya adamı idi, lakin bununla belə, heç vaxt özünü zamanın konyunkturuna uyğunlaşdırmırdı. O, Səməd Vurğunun «Azərbaycan» şeirini və Ənvər Əlibəylinin sözlərinə Rauf Hacıyevin bəstələdiyi «Azərbaycanım» mahnısını çox sevirdi! Özü bu mahnını oxuyur, Zərifə Əziz qızı da onu müşayiət edirdi. Bu, onun respublikaya məhəbbətinin ifadəsi idi. Bu onun kredosu idi. O bu duyğularla yaşayırdı. O, əqidəli adam idi, həmişə hər hansı maddi nemətlərin fövqündə idi. O, dahi şəxsiyyət idi.

E.A. – Təşəkkür edirəm, əziz Tahir Teymuroviç, belə ətraflı və maraqlı müsahibəyə görə çox sağ olun.

# 166 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər