“Azərbaycan adı eramızdan əvvəl yaranıb?” - SORĞU

“Azərbaycan adı eramızdan əvvəl yaranıb?” - <span style="color:red;">SORĞU
21 may 2018
# 16:40

Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun bu yaxınlarda çapdan çıxan "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabı müzakirələrə səbəb olub.

Həsən Həsənovun kitabda Azərbaycan adlı dövlətin e.ə 7-ci əsrdə yarandığını yazıb: “Hazırda dünya tarixində belə bir konsepsiya mövcuddur ki, Azərbaycan bir dövlət kimi bizim eradan əvvəl (e.ə) 321-ci ildə, Makedoniyalı İsgəndərin imperiyasının süquta uğraması nəticəsində yaranıb. Bu barədə tarixçi Strabon yazıb. Əksər tarixçilərdə bu, şübhə oyatmayıb. Mənim tədqiqatım isə deməyə imkan verir ki, dəqiqləşmə aparaq. Əslində, Strabonun dedikləri düzdür. Lakin burada bir məqam var. Onun qeyd etdiyi kimi e.ə 321-c ildə Azərbaycan adlı ölkə yaranmayıb, məhz bərpa olunub. Bu, Azərbaycan dövlətçiliyinin yaranmasının ikinci mərhələsi olub. Ona görə də mənim kitabımın ilk hissəsi məhz ilk Azərbaycan dövlətinin nə vaxt yaranması haqqındadır. Özlərini tarixçi kimi qələmə verən bir sıra diletantlar Azərbaycan adlı dövlətin tarixdə mövcud olmadığını bildirirlər. Guya bu dövlət 1918-ci ildə yaradılıb. Bu fikirlər məişət səviyyəsində olan fikirlər olduğuna görə əslində heç tənqidə də yaramır".

Kulis.az məsələ ilə bağlı tarixçilərin fikrini öyrənib.

Fazil Mustafa

Tarixçi, millət vəkili

- Mən bu məsələyə bu yaxında yazdığım bir yazımda da cavab vermişəm. Bunlar hamısı məsuliyyətsiz tarixçilikdən irəli gəlir. Azərbaycan dövləti deyəndə bizim bu ərazidə türklərin böyük axınla gəldiyi dövrdən başlayaraq yaranmış bütün türk dövlətləri nəzərdə tutulur. Azərbaycan dövlətinin indiki modeli Səlcuqlu Oğuz mədəniyyətinin yaratdığı dövlətçilik modelinin əksidir. Konkret Azərbaycan adı ilə yaradılan dövləti isə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və silahdaşları 28 May bəyannaməsi ilə təsis etmişlər. Bizim bugünkü Azərbaycan da həmin dövlətin varisidir. Qədim zamanlarda ərazimizdə mövcud olmuş fərqli dövlət təsisatlarını söz oynatmaqla Azərbaycan adına uyğunlaşdırmağın elmi əsası yoxdur.

Cavid İsmayıl

Tarix üzrə fəlsəfə doktoru

- Həsən Həsənovun Azərbaycanın qədim tarixinə işıq salmaq cəhdləri alqışa layiqdir. Ən azı ona görə ki, Azərbaycanın qədim tarixinə dair mənbələr çox azdır. Kitabı hələ oxumasam da, Həsən müəllimin müsahibəsini oxudum, özü də bir neçə dəfə. "Karxi de bet Selox" adlı Suriya xronikası və Ammian Martsellinin əsərlərinin senzura ilə tərcümə olunması haqqında fikirləri maraqlı gəldi. Mən indi bu açıqlamaya AMEA Tarix İnstitutundan və o dövrün tədqiqatçılarından münasibət gözləyirəm. Eyni zamanda etiraf edirəm ki, Həsən Həsənovun fikirləri hələ mənə inandırıcı təsir bağışlamır. Çünki bir tərəfdən özü deyir ki, dövlətin adı Adorbayqan olub, o biri tərəfdən də deyir ki, Azərbaycan adlı dövlət e.ə. VII əsrdə yaranıb. Təzad deyilmi? Fakt hələ də faktlığında qalır ki, qədim zamanlardan Atropatena, Adorbayqan, Azərbaycan kimi çəkilən ərazi adı yalnız 1918-ci ildə dövlət adı kimi rəsmiləşib ki, bu da Xalq Cümhuriyyəti sayəsində olub.

Bir məsələyə də təəssüf edirəm ki, Azərbaycan tarixinin erməni iddialarının təkzibi üzərində yazılması cəhdləri davam edir və Həsən Həsənov da bu çərçivədən kənara çıxa bilməyib. Tarix təkzib üzərində yox, olduğu kimi yazılmalıdır.

Tariximizi daha da qədimləşdirməklə nəyə nail olacağıq ki? Fakt budur ki, tarix boyu ərazilərimizi qonşularımıza, o cümlədən də ermənilərə peşkəş edə-edə gəlmişik və Atatürklə Kazım Qarabəkir paşa olmasaydı, Həsən Həsənovun böyük simpatiya bəslədiyi Nəriman Nərimanov Naxçıvanı da ermənilərə hədiyyə edəcəkdi. İtirdiyimiz əraziləri bundan sonra heç kim boşqabda gətirib öz xoşu ilə bizə qaytaran deyil. Ona görə də tariximizi süni yolla qədimləşdirməkdənsə, o əraziləri qaytara biləcək müasir düşüncəli nəsil yetişdirmək və güclü ordu formalaşdırmağı davam etdirmək lazımdır.

Əkbər N. Nəcəf

Tarixçi

- Həsən Həsənovun bu fikirləri səhv etmirəmsə, "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabında yer alıb. Əslində Atropatena ilə Azərbaycan sözü eyni mənalıdır. Ancaq biz dəqiq bilmirik ki, Atropatena adı tam olaraq hansı tarixdə ortaya çıxıb. Qədim Elam mətnlərində b.e.ə V əsrdə Atropatena adı qeyd edilir. Buna görə də Atropatena adını sərkərdə Atropatdan yarandığını iddia edən sovet tarixçiliyinin fikri səhvdir.

Mənim fikrimcə, Həsən Həsənov skif mərkəzli bir Azərbaycan tarix anlayışını formalaşdırmaq tərəfdarıdır və onun son illərdə çıxan əsərlərində bu tezis ciddi şəkildə vurğulanır. Bu maraqlı tezisdir və kifayət qədər də əsası var. Bizim qədim dövr tarixşünaslığımız, ümumiyyətlə, sovet dövrü tarixçilik anlayışından sıyrılmayıb. Bu mənada H.Həsənovun bu iddiası yeni məqamlar yarada bilər.

Digər tərəfdən, H.Həsənovun Atropatenanın yaranması məsələsində müraciət etdiyi Ammian Martsellinin fikirləri ciddi təhlil edilməlidir. Bizans dövrü tarixçisi olan Marcellinin əsərində başda terminoloji olaraq mübahisəli məqamlar çoxdur. Ümumiyyətlə, tarixçilər bir şeyə qərar verməlidirlər. Bizə coğrafiya mərkəzli bir tarix, yoxsa kimlik mərkəzli bir tarix lazımdır? Mənim üçün Həsən Həsənovun bu fikirlərinin Azərbaycanın qədim dövrləri haqqındakı davam edən böyük səssizliyi pozmasına görə maraqlı olardı.

Vaqif Abışov

Tarix üzrə fəlsəfə doktoru

- Mən bir tarix araşdırmaçısı kimi deyə bilərəm ki, e.ə 7 əsrdə bizim Azərbaycan ərazində Manna kimi dövlət olub. Bu dövlətin əsasları 9-cu əsrdə yaranıb. Biz tarixi araşdırarkən yunan-roma, hətta erməni müəllifinə də müraciət edirik. Əsas da Atropatenanın adı ilə bağlı məsələdə. Əslində, bu, çoxdan işlənmiş söhbətdir. Bizim erada ərəblər Azərbaycana gələndə yunanca tələffüz edə bilmədiklərindən "Adorbayqan" sözünü Azərbaycan kimi işlədiblər. Bizim eranın 7-ci əsrində bu hadisə olub. Bilirsiniz, yenə deyirəm, o kitabla tam tanış deyiləm. Amma hesab edirəm ki, Azərbaycanın etnogenez məsələsi haqda ancaq mütəxəssislər söz deyə bilər. Həvəskar kimi tarixlə məşğul olanlar olur, götürüb tariximizi yazırlar. Peşəkar yanaşma olmadan tarixi yaza bilərlər. Amma bu, bizim tariximiz haqda əsas ola bilməz. Bu cür məsələlər geniş şəkildə müzakirə olunmalıdır. Azərbaycan tarixi haqqında o qədər kitablar çıxır ki... Biz onların hamısını əsas kimi götürə bilmərik. Nə tariximizi qocaltmalıyıq, nə də cavanlaşdırmalıyıq... Diskussiya edib həqiqəti ortaya çıxartmaq lazımdır. Bu da peşəkarların işidir.

Həyat Şəmi

Tarix üzrə fəlsəfə doktoru

- Deməli, Azərbaycan ərazisində ilk dövlət qurumları hələ e.ə lll minillikdə yaranmışdır. Bu dövlət qurumları lullibi və kuti tayfaları tərəfindən yaradılıb. III minilliyin birinci yarısında Aratta dövlət qurumu mövcud olub. E.ə. IX əsrdə Manna, e.ə VII əsrdə isə Iskit (Skif) dövləti olub bu ərazidə. Iskit həm Şimala, həm də Cənuba yayıb öz hakimiyyətini. Artıq e.ə. IV əsrdə Atropatena yaranıb. Həsən Həsənovun mövqeyi doğrudur. Azərbaycan adına ərəb mənbələrində, ət-Təbəri, əl-İstəxri, əl-Bəlazurinin əsərlərində rast gəlinir. Hətta ərəb mənbələrində Azərbaycan coğrafiyasında türkdilli xalqların olmasından bəhs edilir. Azərbaycan adı ilk olaraq, VII əsrdə ərəb fütuhatları dönəmində qeyd edilir. Ərəblər bu əraziləri, Adurbadaqan, Azerbaycan adlandırmışlar. Bilirsiniz, Azərbaycan adının bir coğrafi anlamda, bir də dövlət anlamında işlədilməsi versiyaları var. "İran" adı da ilk dəfə XX əsrin 30-cu illərindən işlədilməyə başlanıb. Azərbaycan sözü Atropatena, Adurbadaqan, Azurbadaqan və s. formalarda işlədilməklə bugünkü formasını alıb. Azərbaycan sözünün mənşəyi mübahisəlidir. Atropatena dövləti olmuşdur. Amma Atripatena e.ə. IV əsrdə, Makedoniyalı İskəndərin ölümündən sonra, Atropat adlı sərkərdə tərəfindən yaradılıb. Fikir verdinizsə, Həsən Həsənov Azərbaycanın 1918-ci ildə dövlət adını almasını qəbul etmir. H.Həsənov bu məqamda doğru düşünür. Çünki mütəşəkkil milli dövlətçilik ənənəmiz Azərbaycan Səfəvilər dövründə başlayıb. Azərbaycanın qədim tarixi köklərə dayanan dövlət qurumları, dövlət formaları və müxtəlif tarixi dönəmlərdə mərhələlərlə mövcud olan milli dövlətçilik ənənələri olmuşdur. Ammian Martsellinin dedikləri ilə bağlı, Adorbayqan dövlətiylə bağlı bu fakt yeni tarixi faktdır artıq. Roma müəllifinin dedikləri versiyadır. O müəllif e.ə. I əsrdə yaşayıb. Özündən altı əsr öncə haqqında dedikləri mübahisə doğurur

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

- İlk metalın yox, dəmirin ixtirası dünyada böyük bir inqilab edib ki, insan cəmiyyəti sürətlə inkişafa başlayıb. Yaranan dövlətlər də, tayfa ittifaqları da ən çox dəmir dövründə olub. Dəmir dövründə Azərbaycanda, Qafqaz ərazisində ilk dövlətlər meydana çıxdı. Azərbaycan tarixinə aid olan bu dövlətlərdən birincisi Manna dövlətidir. Sonra Midya, ardınca Skif (Sak) dövləti meydana çıxdı. Əhəmənilərin hakimiyyəti dövrünü də bura daxil edə bilərik, bununla Azərbaycanın dövlətçilik ənənəsi inkişaf edib. Nəhayət Makedoniyalı İsgəndər Daranı öldürəndən sonra Əhəmənilər dövlətinə son qoyuldu və bununla da bir növ dövlətçilik ənənəsi dəyişdi. Bu ərazilərdə Parfiya dövləti yarandı. Əhəmənilər fars idilər. Parfiyalılar yunan mənşəli əhali idi, amma onların tərkibində yerli xalq və dövlətçilik ənənələri var idi. Yerli xalq onlara tabe idi. Eyni zamanda həm Əhəmənilərin, həm Parfiyanın ərazisində dövlətçiliyini saxlayan quruluşlar vardı. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində Azərbaycanda ilk sinifli cəmiyyət yaranmağa başlayır. Bu cəmiyyətdə erkən şəhər sivilizasiyasının və erkən dövlət qurumlarının əlamətləri özünü büruzə verir.

Elə bu zaman qədim Arattada erkən Kuti və Lullubi tayfa ittifaqları formalaşır. Qədim mixi mənbələrə görə eramızdan əvvəl III minilliyin 1-ci yarısında Urmiya gölünün cənub və cənub-şərq hövzəsinə qədər olan ərazidə ilk Azərbaycan dövləti - Aratta yaranmışdır. Eramızdan əvvəl 2300-cü ildən etibarən Urmiya gölünün cənub ərazisində ikinci qədim Azərbaycan dövləti - Lullubi yarandı. Eramızdan əvvəl III minilliyin 2-ci yarısında Urmiya gölünün qərb və cənub-qərb hövzəsində isə qədim Kuti dövləti yaranmışdır. Eramızdan əvvəl 2175-ci ildə Kutilər Şumer və Akkadlara qalib gələrək onların üzərində 100 il hökmranlıq etmişlər. Eramızdan əvvəl IX əsrin ortaları – VII əsrlərdə Urmiya gölü ərazisində idarəçiliyi digər qədim Azərbaycan dövləti - Manna ələ aldı. Eramızdan əvvəl VII-VI əsrlərdə Azərbaycanın cənub-qərbində Kimmer-Skit-Sak şahlığı təşəkkül tapmışdır. Eramızdan əvvəl VI əsrin əvvəllərində qədim Manna süquta yetirildi.

Eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində Azərbaycanın şimalında cənub sərhədləri Araz çayı ilə hüdudlanan qədim Albaniya dövləti yarandı. Qədim Albaniya ərazisinə əksəriyyəti türk dilində danışan müxtəlif xalqlar daxil idi.

Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin intibah dövrü başlanırdı.

Azərbaycan tarixində 20-yə qədər dövlət olub və təxminən 20 dövlət də Azərbaycan ərazisində müxtəlif dövrlərdə hökmranlıq edib. Bu 40 dövlətin hər birinin tarixi üzrə qaynaqlar müxtəlif səviyyədədir. Yəni birmənalı şəkildə “Azərbaycan dövlətçiliyinin tarixinə dair olan qaynaqlar” ifadəsini işlətsək, bu ifadə vəziyyəti bir qədər mürəkkəbləşdirər. Yəni biz konkret dövlətlərin tarixinə nəzər salsaq, bizim çox qədim dövlətlərimizin tarixinə dair qaynaqlar azdır. Əsas problem ondan ibarətdir ki, bizdə qaynaqların çoxu Azərbaycan dilində deyil. Məsələn, qədim dövrdən başlasaq, Manna dövlətinə aid olan qaynaqlar təbii ki, çox azdır. Əsas qaynaqlar isə mixi yazılarla bağlıdır. Biz o məlumatları əsasən assuriyalıların yazılarından alırıq. Ona görə də o mixi yazılar əcnəbi dövlətlərə məxsus olduğuna görə Azərbaycanın dövlətçilik rolunu azaldır.

# 14252 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #