Qadın onu döyən ərini niyə sevir? STOKHOLM SİNDROMU

Qadın onu döyən ərini niyə sevir? <span style="color:red;">STOKHOLM SİNDROMU
28 sentyabr 2015
# 13:26

Fyodor Dostoyevskinin “Alçadılmışalr və təhqir olunmuşlar” əsərini həm də müəllifin yazıb-yaratdığı diyarda – Sankt-Peterburqda oxumağın başqa bir zövqü olmalıydı – oldu da. Üstəlik, əsərin motivləri də məhz bu şəhərdə, qoca Piterin nəhəng və möhkəm binaları olan qədim-qədim küçələrində baş verirsə və sən tənbəllik etməyib bir-bir o küçələri axtarırsansa (axtarmaq belə yetir, tapmaq şərt deyil) zövq üstünə zövq gəlir, izaholunmaz, fövqəladə bir həzzə çevrilir!

Yəqin ki, dahi yazıçının o biri əsərləri kimi bu əsəri haqqında da bir xeyli resenziyalar, tənqid-təhlillər yazılıb, fəqət mən bu yazıda başqa bir məsələyə diqqət çəkəcəyəm.

Əsərin trio qəhrəmanları – Nataşa, Vanya və Alyoşanın bir-birinə olan qarışıq münasibətlərindən baş açmaq elə də asan olmur. Belə ki, Nataşa Alyoşaya, Vanya Nataşaya aşiqdir, Alyoşa isə eşq iddiaları etsə də qəribə xarakterə sahib meşşan və laqeyd bir gəncdir. Nataşanı sevib-sevmədiyi də tam bəlli deyil, amma nə olsun, əsas odur ki, Nataşa onun üçün valideynlərindən imtina edəcək qədər dəli-divanədir.

Vanya (İvan) yoxsul, gənc yazıçıdır, həyalı, nəzakətli, fədakar oğlandır, sevir Nataşanı, çox dərindən sevir, o qədər sevir ki, onun xoşbəxtliyi üçün ondan vaz keçməyi, meşşan Alyoşaya həvalə etməyi də gözə ala bilir (Bu tip süjet xəttinə Bollivud fimlərində də tez-tez rast gəlirik). Bununla da qalmır, Nataşayla Alyoşanın arası dəyəndə onları barışdıran, hər ikisinə həmdəm olan da yenə Vanyadır.

Alyoşa və Vanya, ikisi də Nataşaya aşiq, üstəlik, Nataşa hər ikisinin eşqindən xəbərdardır da. Bəs görəsən hansını seçəcək, bu dilemmanı necə çözəcək? Diqqətimi çəkən məsələ də elə budur. Nataşa (romanın sonundakı məcburiyyəti nəzərə almasaq) bu qədər üstünlükləri, fədakarlıqları və pak sevgisinə rəğmən nəzakətli Vanyanı deyil, hələ sevgisindən belə düz-əməlli əmin olmadığı, onu incidən, min-bir əzab verən, hətta aldadan tərəfi-Alyoşanı seçir. Alyoşa öz kaprizləri, laqeydlikləri ilə qıza əməllicə zülm etməkdə, amma xeyri yoxdur, Nataşa ondan əl çəkmir – çəkə bilmir. Hələ siz bəzən onun Alyoşanın hərəkətlərini necə müdafiə etdiyini görəsiniz. Zavallı Vanyanın bütün bunları dinləməyə məcbur olduğu hissələr... Məncə əsərin ən ağrılı hissələridir.

Bu yerdə özümdən asılı olmayaraq qaynaqları və kökləri haqda araşdırmalar etməkdə olduğum Stokholm sindromunu xatırlayıram. Maraqlı sindromdur, üstəlik, şərq insanına çox tanışdır. Əslində bu termini psixologiyaya psixiatr Nils Bejerot gətirib.

1973-cü ildə İsveçnin paytaxtı Stokholmda bir bank soyğunu zamanı altı gün girov saxlanılan qadın, nə qədər qəribə olsa da onu girov götürən soyğunçuya vurulur. Sərbəst qalandan sonra isə soyğunçunu müdafiə etməyi azmış kimi, nişanlısından ayrılıb soyğunçunun həbsdən azad olmasını gözləyir. Haqlısınız, əsl ədəbiyyat mövzusudur. Psixiatr Nils də bu qəribə sindromun adını məhz bu hadisədən götürüb.

Sindromun qısa tərifi belədir:

Öz amansız və qəddar sahibinə vurulmaq; onun sənə etdiyi bütün zülmlərini görməzdən gəlməklə yanaşı, hətta lazım gəldikdə onu müdafiə etməkdən belə çəkinməmək.

Siz dəmi Dostoyevskinin Nataşasını xatırladınız?

Məsələn, Şərq ailələrində də bu hala tez-tez rast gəlinir. Tutaq ki, sən qızın ərinin yaxasından yapışırsan ki, arvadını belə heyvan kimi döymə. Kişi qalır bir yana, arvad hücum çəkir üstünə ki, sənə nə var, ərimdi, özü bilər. Əvvəllər elə düşünürdüm ki, qadının bu etirazı müqəddəsdir, məcburiyyətdir. Yəni, xanım sadəcə ailəsinin dağılmasını istəmir və bütün cəhdləri buna görədir. İndi isə... Məncə məsələ bu qədər də bəsit deyil, heç Nataşanın vəziyyətində də.

İnsan ona qəddarlıq və amansızlıq edən birini niyə sevər, necə sevər axı? Təəccüblənirəm. Əlbəttə ki, müxtəlif pasiyentlərlə söhbətdən sonra müəyyən ipucları əldə etmək mümkün olur: bu bir travmadır – psixoloji travmanın maraqlı fəsadı.

Yaxşı bilirəm ki, liderlər öz üsuli-idarələrində bu sindromu nəzərə alaraq davranırlar, məsələn, Şərq cəmiyyətində əksər hallarda nəzakətli və gülərüz lider taxtında cəmi iki gün qalsa böyük şeydir. Liderlər bunu çox yaxşı bilirlər və bəzən onların zülm və qəddarlığının səbəbi də məhz bu olur. İctimai xidmət, maarifçilik xətti də belədir; bəzən gerçəkdən də bunsuz alınmır, mühatəbinə xətasını göstərmək üçün onu təhqir etmək qaçılmaz olur; elə mollanəsrəddinçilərin maarifçilik xəttindəki amansızlığını, aqressiyasını da bu psixologiyanın fonunda izah etmək lazımdır.

Türkiyə səfərimdə bu tezisim bir daha təsdiqlənir. İnanclı, xoşəxlaq və gülərüz bir dostumla görüşürəm. Prestijli bir hoteldə işləyir. Tanıdığımdan çox dəyişib, yaman aqressivləşib, amansızdır, acıqlıdır, qaş-qabaq, əsəb və hətta söyüş!!!

Təəccübümü gizlədə bilmirəm:

- Abi, bu nə haldır, sən niyə belə olmusan?

Cavabı düşündürücü olur:

- Başqa cür heç bircə saat işləyə bilməzsən bu müştərilərlə. Bir çimdik təbəssüm elə, dərhal çıxıb oturacaqlar başında, xaos yaranacaq!

Bir qız təsəvvür edin ki, valideynlərinin saqqız kimi uzanan mübahisələri söyüşsüz, şillə-təpiksiz keçməyib, atası anasını bir ömür yalnız təhqir edərək, döyərək başa salıb, özü də düz bu zavallı qızcığazın gözləri önündə. İndi hər hansı bir anlaşılmazlıq zamanı ər bu biçarə xanıma nəyisə, döymədən, təhqir etmədən, mehribanlıqla, məntiqlə başa sala biləcəkmi?!

Travma alıbsa qəliz məsələdir!

Nəzərə alın ki, travmalı fərdlər olduğu kimi, travmalı toplumlar, xalqlar da olur.

Əsas sualsa budur: belə bir ictimai xadimə, maarifçiyə, belə bir ərə bu səbəblə bəraət qazandırmaq olarmı?

Cavab, bir mənalı olaraq mənfidir! Hədəfin müqəddəs olması ona çatdıran vasitələrin iyrənc olmasına bəraət vermir – verməməlidir! Ziyalı ziyalıdırsa əgər, əvvəl xalqın psixologiyasını düzəldəcək, xalqını bu travmadan xilas edəcək, sonra başqa məsələlər haqda da düşünmək olar; ər ərdirsə əgər, əvvəl xanımının bu travmasına məlhəm qoyacaq, sağaldacaq, sonra başqa şeylər haqda da düşünmək olar. Çətindir... Fəqət, nəzərə alın ki, “çətin” “qeyri-mümkün”ünün sinonimi deyil.

Ona görə də inqilab düşüncələrdə deyil, psixologiyalarda başlayır.

Bu da tezisimin ilahi təsdiqi:

Heç bir xalq öz halını (psixologiyasını – İ.K.) dəyişməyincə Allah onları dəyişən deyil. (Qurani-kərim)

Son olaraq belə deyim: Nə qədər ki, psixoloji travmalı Nataşalar və onların bu travmasından alçaqca sui-istifadə edən Alyoşalar olacaq ailə, cəmiyyət problemləri bitməyəcək, əzilən yenə qadın olacaq!

Əfsus ki, hər qadının fədakar xilas edicisi - Vanyası olmur./Ədəbiyyat qəzeti

İlqar Kamil

# 1451 dəfə oxunub

Müəllifin son yazıları

# # #