Çexov ərinə xəyanət edən qadından niyə hekayə yazdı?

Çexov ərinə xəyanət edən qadından niyə hekayə yazdı?
12 yanvar 2016
# 13:00

Vladimir Yermilov "Çexov 1860-1904" kitabında dahi rus yazıçısı Anton Pavloviç Çexovun həyat və yaradıcılığından, həmçinin həyatında baş verən maraqlı hadisələrdən bəhs edib. Kitabda yazıçının uşaqlıq illəri, dostları, düşmənləri, yazdığı hekayələrin tarixçəsi və ümumən oxucu nəzərindən kölgədə qalmış nüanslar öz əksini tapıb. Kulis kitabdan “Balaca dahi adam” məqaləsini Xanm Aydının tərcüməsində təqdim edir.

1892-ci ildə Anton Pavloviç Çexovun yeni hekayəsi çap olundu. Bu hekayə sevimli Çexov qəhrəmanının və Çexov estetikasının xüsusiyyətlərini, yaradıcılıq stilini anlamağa yardımçı oldu. "Qərarsız qız" hekayəsi "gözəgörünməz" və "balaca" adam - doktor Dımov haqqında hekayədir. Zəif doktor Ragindən fərqli olaraq Dımov qeyrətli və güclü, ürəyi yumşaq, xeyirxah, dəmir iradəsini sadəlik bəzəyən, işdən cəngavər kimi yapışan, məqsədinə doğru yorulmadan addımlayan, öz elminə qəhrəmancasına sadiq olan bir adamdır. Dımovun həyatında "Düşmənlər" hekayəsinin qəhrəmanı olan Aboqinin başına gələn bədbəxtlik baş vermişdi. Dımovun canından çox sevdiyi həyat yoldaşı ona xəyanət edir. Aboqindən fərqli olaraq Dımov isə öz kədərində daha çox insani hisslərə malikdir.

Dımovun həyat yoldaşı - "qərarsız qız" bütün həyatını "dahi insan" axtarışında olmuş, incəsənətin müxtəlif sferalarında öz qabiliyyətlərini sınaqdan keçirmiş zərif, diletant bir xanımdır. O, daima müxtəlif tanınmış adamların, rəssamların, artistlərin, yazıçıların əhatəsində olsa belə, hər zaman usanmadan yeni "dahi insan" axtarışındadır.

Dımov həyat yoldaşını əhatə edən məşhurların yanında çox sadə, mənasız bir adam kimi görünür. Olqa İvanovna (Dımovun həyat yoldaşı) və onun tay-tuşlarının gözündə Dımov o dairədəki nəhəng adamlarla müqayisəyə gələ bilməyəcək sadəcə, yaxşı, balaca bir adamdır.

Kiçik bir oğlandan difteritə (yoluxucu boğaz xəstəliyi, boğma) yoluxan Dımov öləndə, onun həmkarlarından biri Olqa İvanovnaya dedi:

"- O, özünü qurban verdiyinə görə ölür... Elm üçün böyük itkidir! Hamımızı onunla müqayisə etsək, o, dahi və qeyri-adi bir insan idi! O, necə də istedadlı idi! Necə böyük ümidlər veridi bizə!

Korostelyov barmaqlarını şaqqıldada-şaqqıldada davam etdi:

- İlahi, o, elə bir alim idi ki, bundan sonra eləsini heç çıraqla da axtarsan, tapmazsan...

Korostelyov kədər içində boğularaq əllərini üzünə tutub başını yellədi.

- Necə mənəviyyatı güclü adam idi! - sanki kiməsə daha da çox əsəbiləşərək davam etdi. - Xeyirxah, təmiz, sevgi dolu bir ürək! İnsan deyil, sanki şüşədir! Elmə canla-başla qulluq edirdi, elm uğrunda da öldü! Cütə qoşulmuş öküz kimi gecə-gündüz işləyirdi. Heç kimin ona yazığı gəlmirdi! Bu cır-cındıra pul verməkdən ötrü gənc alim, gələcəyin professoru özünə başqa işlər də tapır və hər gecə tərcümələr də edirdi!

Korostelyov nifrətlə Olqa İvanovlaya nəzər yetirdi..."

O, başa düşmədi, anlamadı ki, illər boyu axtarışında olduğu həmin "dahi insan" onun yanında yaşayırmış. Olqa İvanovna Dımovun nə gücünü, nə gözəlliyini, nə dahiliyini görə bilməmişdi. Adi bir insanda olan qeyri-adilikləri sezə bilməmişdi.

Oxucu Dımovun obrazında böyük rus alimi Seçenovun müəyyən əlamətlərini tapır. Çexov bu cür insanların milli xarakterini, gündəlik işdə göstərdikləri qəhrəmanlığı, sonsuz təvazökarlığı, mənəvi gücü, sınmaz qüruru, xalqa və vətənə olan ülvi məhəbbəti, mədəniyyətini dərindən hiss edirdi. Dımov obrazını yaratmaqla Çexov rus aliminə olan heyranlığını, sevgisini göstərmişdi. Anton Pavloviç özü də həm bədii metodları, həyata və yazıçılıq əməyinə qarşı münasibəti ilə rus alimi tipinə yaxın bir tipajdır.

Dımov elə Çexovun özü kimi demokratik, sadə, lakin ziyalı bir adamdır. Çexov, Doktor Dımov və həyat yoldaşı haqqında yazdığı hekayəni əvvəlcə "Dahi insan" adlandırmışdı. Bu adla onu "Sever" ("Şimal") jurnalının redaksiyasına göndərmişdi. Amma bu ad onu heç də qane etmirdi. Çexov məktubda jurnalın redaktoru Tixonova yazırdı: "Düzü heç bilmirəm hekayəni necə adlandırım. "Dahi insan" mənim heç xoşuma gəlmir. Hekayəni mütləq başqa cür adlandırmaq lazımdır. Belə yazın - "Qərarsız qız". Xahiş edirəm dəyişməyi unutmayın".

"Dahi insan" adı Çexova uyğun deyildi. Şübhəsiz ki, bu ad Anton Pavloviçə ədəbsiz, nəzakətsiz və iddialı görünürdü. Lakin o, işin əsas məğzini ifadə edirdi.

Çexov bir çox kiçik dahi rusların, zəhmətkeşlərin, həqiqət, elm uğrunda özünü fəda edənlərin, yaradıcılıq yanğısı olanların, həyatla barışmayanların, saf, böyük, ümumi bir məqsəd üçün çalışanların rəssamı idi. Osip Dımovun xüsusiyyətlərində Çexova çox yaxın və dəyərli olan bütün "balaca adamların" milli xüsusiyyətləri var. Həyatsa onlara qarşı amansız, haqsız, soyuq və laqeyd olmuşdur. Çünki həyat üçün bütün bu insanlar zir-zibil, qurd-quş kimi idi. Və gözəllikləri boş-boşuna itib gedirdi...

Çexovun sevimli qəhrəmanları arasında "nə fillər, nə də ki, başqa hər hansısa heyvanlar yoxdur", onlar rus xalqının adi, sıravi nümayəndələridir. Biz həmin obrazların hər birində nəyinki bir insanı, həm də onun əhatəsində olanları, böyük sosial kütlələri, həyatın müxtəlif təbəqələri də görürük.

Çexovu təhlil edən tənqidçilər yaradıcılıqdakı həmin bu yeniliyi hiss etsələr də, onu düzgün qiymətləndirə bilmir, dərindən anlamırdılar. Məsələn, tənqidçilərdən biri demişdi ki, son dövrün yazıçılarından olan Çexov qəhrəmanı olmayan ilk rus yazıçısıdır. Tənqidçi öz dövrü, öz zəmanəsiylə bu qədər harmoniyada olan, bu qədər ona uyğunlaşmış yazıçının - Çexovun nadir tapıntı olduğunu nəzərdə tuturdu.

Burada yanlış formullarla düzgün gümanlar bir-birinə qarışıb. Tənqidçi əlhavasına Çexov stilinin özünəməxsus xüsusiyyətlərinə yaxınlaşır, lakin ən əsas olanları tuta bilmir.

Əlbəttə ki, Çexovun "qəhrəmanı yoxdur". Onun yaradıcılığı elə ən əsas olaraq, dərindən individuallaşdırılmış, bir-birinə bənzəyən və eyni zamanda heç də bənzəməyən personajların bolluğu ilə fərqlənir. Bu da doğrudur ki, Çexovun ətraf mühitdən təcrid olunmuş heç bir qəhrəmanı yoxdur. Çexovun baş qəhrəmanı obyektiv həqiqətin, həyatın özündən olanların obrazıdır.

Çexova qədər olan personajlar öz ətraf mühitlərindən kəskin şəkildə yuxarıda olur və bilavasitə tipikliyə ilə seçilən kütləvi personaj ola bilmirdilər. Çatski (A.S.Qriboyedov "Ağıldan bəla"), Yevgeni Onegin (A.S.Puşkin "Yevgeni Onegin"), Peçorin (M.Y.Lermontov "Əsrimizin qəhrəmanı"), Rudin (İ.S.Turgenyev "Rudin"), Levin (L.N.Tolstoy "Anna Karenina"), Nexlyudov (L.N.Tolstoy "Dirilmə") kimi personajlar buna misal ola bilər.

Öndə gedən rus ədəbiyyatının qəhrəmanı onu əhatə edən, üstünlük təşkil edən zadəganların dar, kiçik sosial mühitiylə mübarizəyə girir, xalqa yaxınlaşmaq üçün ondan imtina edirdi. Məhz ətraf mühitindən imtina etməsi bu qəhrəmana zəmanəsində üzdə olan rus vətəndaşının öz xalqındakı ən yaxşı xüsusiyyətləri özündə cəm etməyə, ümumiləşdirməyə şərait yaradırdı. Rus ədəbiyyatının öndə gedən qəhrəmanlarının doğuşdan aid olduğu mühitin fikrincə onlar hamısı qeyri-adi insanlar olmuşlar, ən azından qəribəlikləri çox idi. Bununla yanaşı Peçorinlərin, Çatskilərin, Rudinlərin xalqla heç bir birbaşa əlaqəsi ola bilməzdi. Onların hamısı aşağı-yuxarı xalqdan ayrılmağa məhkum idilər. Bu isə özüylə ədəbiyyata qəhrəmanların qeyri-adilik və təkrarolunmazlıq poetikasını gətirməyə bilməzdi.

Çexovun qəhrəmanları geniş demokratik sosial təbəqəyə aiddirlər. Qəhrəmanların qeyri-adilik poetikası Çexov əsərlərindəki qəhrəmana tamamilə yaddır. O, öz təbiətinə görə ətraf-mühitdən ayrıla və ya ona qarşı ola bilməz. Bu xüsusiyyət onun bədii metodikasını müasir ədəbiyyata daha da maraqlı və yaxın edir.

Çexov öz stilinin xüsusiyyətlərini tamamilə dərk edir, onların üzərində cidd-cəhdlə işləyir və öz həyat təsvirlərini mükəməlləşdirirdi. Qorkiyə yazdığı məktublardan birində təkidlə qeyd edir ki, hekayədə fiqurlar kütlədən, xalqdan təcrid olmamalı, ondan ayrı qalmamalıdırlar. O, Qorkinin Krım hekayələrini orada məhz fiqurlardan əlavə onların çıxdıqları insan kütləsinin, həm havanın, həm arxa plan, bir sözlə hər şey olduğuna, duyulduğuna görə tərifləyirdi.

Hətta Çexovun ən kiçik hekayələrində belə bu və ya digər bir personajın çıxdığı kütlə, hər hansısa qəhrəmanın hərəkətini ifadə edən həyat axını duyulur. Bu da onu göstərir ki, həyatın özü, ən obyektiv həqiqətlər Çexov yaradıcılığının birinci və ən əsas "qəhrəmanıdır".

Çağdaşlarının Çexovu "obyektivizmdə" (obyektivlik pərdəsi altında gizlənən burjua idealist ideologiyası) günahlandırmaqları ya onun yaradıcılığını anlamamaqlarından irəli gəlirdi, ya da məqsədləri bu idi ki, subyektivist ideoloqlar kimi həyatın ziddinə gedən geridə qalmış fikirlərə bağlasınlar.

Qorki, Çexov haqqında yazdığı "Yarğanda" povestində Çexov "obyektivliyinin" məğzini açmışdır: o görürdü ki, Çexov bütün qəhrəmanlarının xarakterini obyektiv həqiqətlərdən, həyatın özündən, insanlara dərs olacaq müəyyən situasiyalardan götürür. Buna görə də Çexov əsərlərinə istinad edərək Qorki qeyd edirdi ki, xalqın ən gözəl xüsusiyyətlərinin ortaya çıxmasına mane olan, xalqa bu qədər pislikləri aşılayan şeyləri aradan qaldırmaq üçün həqiqətin özünün köklü şəkildə dəyişilməsinə ehtiyac var.

Qorki deyirdi: "Nəyisə həyati məsələ kimi işıqlandırmaq, ona yüksək ədalət ölçüsü qoymaq deməkdir!" Bu isə Çexov yaradıcılığına uyğun bir şey idi. Və bu dərin insani obyektivizmə görə onu "qəlbsiz və soyuq adam" adlandırırdılar.

Kirilov və Dımov kimi fiqurların arxasında biz açıq-aşkar eynən bu cür adi əmək adamlarını görürük. Çexov estetikasının ən vacib və özünəməxsus xüsusiyyətlərindən biri "Qərarsız qız"ın görə bilmədiyi, yanında anlamadan ötüb keçdiyi sadə, gündəlik həyatımızda olan gözəllikləri tapıb göstərmək istedadı vardı. Məktublarından birində Çexov yazırdı: "Siz və mən adi insanları sevirik".

Bu estetik prinsip - gözəlliyin sadəlikdə, gündəlik həyatımızda gizlənməsi prinsipi Çexovun əsil Rusiyanın sıravi vətəndaşlarının zəngin, rəngarəng, istedadlı olmasının əminliyindən irəli gəlirdi. "Balaca adamların" yüsəklərə qaldırılması prinsipi Çexov yaradıcılığının demokratik olmasından xəbər verirdi. Rusiyada saysız-hesabsız olan balaca dahi adamlar Çexov əsərlərində gözümüzün önündən keçib gedir. Çexov bu insanların portretində rus xarakterinin dərin xüsusiyyətlərini - güclü, qüvvətli, rus təbiətinə çox bənzəyən təvazökar bir gözəlliyi ifadə edirdi.

# 2252 dəfə oxunub

Müəllifin son yazıları

# # #