Dostoyevski ilə birgə sürgündə olan azərbaycanlı

Dostoyevski ilə birgə sürgündə olan azərbaycanlı
25 noyabr 2013
# 13:35

Məşhur qaçaqlardan Qaçaq Nəbi, Qaçaq Kərəm və başqa qaçaqlar barədə dastanlar, əsərlər yazılmış, filmlər çəkilmişdir. XIX əsrdə Qafqazda sürgündə olmuş rus dekabristi Bestujev-Marlinski də Dərbənddən Şamaxıya gedərkən Qaçaq Mollanurla görüşmüş və onun haqqında “Mollanur” povestini yazmışdır.

Hələ Quba rayonunun Səbətlər kənd məktəbində oxuyanda (6-7 sinifdə) sevimli müəllimimiz rəhmətlik Axundbala müəllim “Rus dekabristləri” ilə bağlı dərsində bizə çox dəyərli bir məlumat verdi. Rus dekabristi Bestujev-Marlinski yazdığı “Mollanur” povestindən söhbət açan Axundbala müəllim Mollanurun əslən bizim Səbətlər kəndindən olduğunu dilə gətirdi. Bəzi versiyalara görə Mollanur adı Molla Nur kimi də yazılır. Müəllimimiz onu da qeyd etdi ki, Mollanur kənddə hamınızın tanıdığı Ələnur kişinin babasının əmisidir. Sonradan o da aydın oldu ki, Ələnur kişinin Mollanur adında qardaşı olmuş, o, 1941-45-ci illər müharibəsində həlak olmuşdur. Kənddəki məclislərdə olanda bu qaçaq haqqında ara-sıra söhbət açar və daha bitkin və dolğun məlumat əldə etmək marağında olurdum. Beləliklə, məlumatlarım xeyli zənginləşdi. Heç demə kənddə qaçağın nəslindən olan xeyli ailələr varmış. Sovet dövründə qaçaqlara olan münasibət insanlarda xof yaratdığından bəzən onlar qaçaqla qohumluğunu danır, tanımadıqlarını deyirdilər. Amma çoxu fərqinə varmırdı ki, söhbət sovetlərin qurulmasına qədər olan qaçaqlardan gedir.

Ümumiyyətlə, dekabrist-yazıçı Qafqazda olanda (1829-1837) yurdumuz haqqında (Dərbənd də daxil olmaqla) çox dəyərli və maraqlı məlumatları qələmə almış və sonradan bunlar bir neçə dəfə çap olunmuşdur. Mollanur haqqında povesti isə Bestujev-Marlinski 1835-36-cı illərdə yazıb.

Bestujev-Marlinskinin Moskvada 1958-ci ildə çap olunan ikicildliyinin ikinci cildində (Povestlər. Hekayələr. Oçerklər. Şeir. Məqalələr. Məktub) Mollanur povestini (səh.314-459) oxuyarkən dekabrist yazıçının Azərbaycan dilini bilməsi, yerli xalqın adət-ənənəsinə, xarakterinə dərindən bələd olması, eləcə də şəhər və rayonlarımızı tanıması üzə çıxır.

Mollanuru çalıb-çapan, quldur dəstəsi olan, yerli xalqa zülm edən kimi tanıyan Bestujev-Marlinski Təngə dərəsində (Quba-Qonaqkənd yolunun üstündə) qəfildən onunla görüşəndə əslində onun qarşısında əzazil insan kimi tanıdılan Mollanur deyil, tamam fərqli bir insan – mütərəqqi fikirli, zalımlığa, zülmə, əsarətə qarşı çıxan, yetimə, yoxsula çətin gündə əl tutan fədakar bir insanın oturduğunu görür...

Mollanur həyat hekayətini ona danışır. Guya əmisini öldürdüyünə görə (əslində öldürməyib), onun var-dövlətini ələ keçirəndən sonra həbsə alınacağından qorxaraq “öldürdüyü” əmisinin qızını – nişanlısı Gülşadı götürüb qaçaq düşür... Bu yanlış versiyadır!

Həqiqətən isə belədir: Səbətlər kəndində yaşlı nəsildən olanlardan Mollanur haqqında eşitdiklərimdən. Mollanur əmisinin yanında çalışır. Onun mal-qarasına, evinin təsərrüfat işlərinə nəzarət edir. Günlərin birində bir təsadüf nəticəsində əmisinin çox sevdiyi itini öldürür. O zamanın yazılmamış qanunlarına görə kişinin itini öldürmək, atının quyruğunu qırxıb buraxmaq və s. bu kimi hərəkətlərin sonu bəzən ölümlə nəticələnərdi. Əmisi Mollanuru ölümlə hədələyir. Mollanur əmisinə çox yalvarıb-yaxarır. Öldürdüyü itin müqabilində ona şəxsi mal-qarasından istədiyi qədər götürməsini təklif edir. Sonda əmisinin onun ölümünə israrlı olduğunu görüb gecəykən nişanlısı Gülşadı – itini öldürdüyü əmisi qızını götürüb dağlara çəkilir. Sonradan on iki nəfərlik dəstəylə qaçaqçılıq fəaliyyətinə başlayır.

Əsərdən göründüyü kimi o, əsasən Təngə dərəsinə yaxın ərazilərdə qaçaqçılıq etmişdir. Sığınacaq yeri Səbətlər kəndi ilə üzbəüz “Yeddi gəlin” dağının üstündəki böyük sal daş olmuşdur. Bu daşı indinin özündə də yerli sakinlər “Mollanur daşı” adlandırırlar. “Mollanur daşı” Təngə dərəsindən çox da uzaq olmayan bir yerdədir. Təngə dərəsi ilə qol-boyun olub sıralanan “Yeddi gəlin” dağının zirvəsindən baxanda ta Xəzər dənizinə qədər hər tərəfi rahat seyr edib görmək mümkündür.

Yazının əvvəlində adını çəkdiyimiz qaçaqların yeri-yurdu bəlli olduğu kimi bu gün qətiyyətlə deyə bilərik ki, Qaçaq Mollanur da Quba rayonunun Səbətlər kəndindəndir. Düzdür, onun doğum tarixi haqqında əlimizdə heç bir sənəd yoxdur. Tədqiqatçı alim İmaməddin Zəkiyevin yazdığına görə Qaçaq Mollanur Sibirdə böyük rus yazıçısı Dostoyevski ilə bir yerdə məhbəsdə olmuşdur. Yazıçı onu “Qafqaz cəngavəri” adlandırmışdır. Onun tutulması ilə bağlı əhvalatı isə kənddəki yaşlı adamlardan eşitmişəm. Mollanurun dəstəsinə qəflətən rus qoşunu tərəfindən hücum olur. Onlar vuruşa-vuruşa geri çəkilirlər. Bu döyüşdə həmişə olduğu kimi Gülşad da vuruşur. Mollanur arvadına deyir ki, mən bunları azdıracağam. Sən aradan çıx. Hamilə olan Gülşad ərini darda qoyub getməyi qüruruna sığışdırmır. Mollanura təkidlə deyir ki, sən aradan çıxa bilərsən. Qaç! Mollanur Dilşadın bu arzusuna əməl etməyərək sevimli arvadına görə əsir düşür...

Sözsüz ki, Mollanur haqqında daha geniş yazıya ehtiyac var. Povestin bir hissəsini rəhmətlik Tofiq Hacıyev tərcümə etmiş və kitab oxucuların ixtiyarına verilmişdir. Bu yazıda məqsədimiz qaçağın yeri-yurdu barədə oxuculara bir qədər geniş məlumat vermək idi.

Əkrəm Qaflanoğlu

# 3389 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #