Şekspirə namaz qıldıran azərbaycanlı müəllim

Şekspirə namaz qıldıran azərbaycanlı müəllim
5 iyul 2016
# 11:53

Lənkəran Dövlət Universitetində oxuduğum üçün özümü sözün həqiqi mənasında bəxtəvər sayıram. Çünki mən burada Haşim Əkbərov, Asudə Abdullayeva, Sevinc xanım və s. heç bir elmi dərəcəsi olmayan və eyni zamanda Azərbaycanın novator professorlarından olan Məsud Dövran kimi müəllimlərlə tanış olmuşam.

Həm də ona görə xoşbəxtəm ki, Lənkəran Dövlət Universiteti Azərbaycanda təhsil səviyyəsinin əsas meyar ölçüsüdür. LDU sayəsində Azərbaycanda təhsilin hansı səviyyədə olduğunu anlamaq olar. Çünki elmi işçi çatışmazlığına görə bu universitetə, demək olar ki, Azərbaycanın bütün universitetlərindən dosent, professor və s. çağırılırdı. Və mən bu akademik karyera nərdivanının müxtəlif pillələrində dayanan, başqa universitetlərdən gəlmiş bu elm xadimləri ilə söhbət etdiyim zaman sözün həqiqi mənasında şok olurdum.

Sovetlər yıxıldıqdan sonra Türkiyədən gələn cərəyanın bizim təhsil sistemimizi necə zəhərlədiyinə şahid oldum. Sözsüz ki, Cəlal Şəngör, İlber Ortaylı və s. kimi professorların fanatıyam, onlar televiziyaya çıxanda əlimdəki işi belə atıb onları dinləyirəm. Lakin di gəl ki, Türkiyədə milliyətçi, dindar professorların fantastik nəzəriyyələri insanı həm güldürür, həm də kədərləndirir. Və mən LDU-da oxuyarkən LDU-da olan və Azərbaycanın bir çox universitetlərindən gələn elm xadimlərinin artıq bu xəstəlikdən əziyyət çəkdiyini görmüşdüm.

Biçarə qulaqlarım elm adamlarından elm adı altında nələr eşitmədi ki: “Rus millətinin türklərdən törəməsini; Rus dilindəki “Tovariş” sözünün “Davar Eşimindir” sözündən; “kolbasa” “qol ilə basmaqdan” yaranması və s.” Hətta, bir dəfə müəllimlə Quran ayəsi üstündə mübahisəmiz düşdü. Dindar olan müəllimimiz Quranda olmayan bir hökm üzərində israr edirdi. Səhəri gün “Qurani Kərim”i universitetə aparıb, onun dediklərinə tamamilə zidd olan ayəni oxudum. Müəllim yerindən dik atıldı: “Bəs Harun Yəhya bunun tam tərsini deyir!”

Bir dəfə ingilis ədəbiyyatına aid dərslərin birində Azərbaycanın ən reytinqli universitetlərinin birindən gələn müəllimimiz başladı ingilisləri söyməyə. İngilislərin nə qeyrəti qaldı, nə namusu; onların nə qədər alçaq olmasından, nə qədər murdar məxluq olmalarından danışdı. Əminəm ki, sinifdə qızlar olmasaydı vulqar söyüşlərə də keçərdi.

Əlqərəz, sonunda fikrini belə tamamladı: “Gör bir bunlar nə qədər əclafdırlar; nə qədər alçaqdırlar? Özlərinin əlindən bir şey gəlmir, başqalarını da özlərinə çıxırlar! Axı sən kimsən? Sən tarix səhnəsinə dünən çıxmamısanmı? Sənin mədəniyyətin, sənin tarixin, sənin ədəbiyyatın buna imkan verirmi?! Axı sən bizim xalqın böyük yazıçısı Vəli Şah Pirini necə özününkü çıxarda bilərsən? Hələ adını da dəyişib Şekspir qoyublar – “nizə titrədən” belə də admı olar?!”

Əvvəlcə müəllimin bizimlə zarafat etdiyini düşündük, ancaq sonra anladıq ki, sözlərində tam ciddidir. Sən demə, bəşər tarixinə adını qızıl hərflərlə yazdırmış Vilyam Şekspir əslində Səfəvi Qızılbaşlarından imiş, əsil adı Vəli Şah Pir imiş və şiə namazı qılırmış. Sübut olaraq “Otello” əsərini göstərdi. Guya, burada özü qəsdən bir türkü baş qəhrəman edibmiş, onun sayəsində türklərin nə qədər namuslu, qeyrətli olmasını göstərmək istəyirmiş. Müəllimə etiraz etdik ki, əvvəla, Otello türk yox həbəşdir, ikincisi, axı əsərdə türklər orada yaxşı obraz kimi göstərilmir. Cavab çox qeyri adi oldu: “Diqqət çəkmək üçün özü elə yazıb!”

Həmin vaxtlarda belə bir fikrin bizə Türkiyədən gəldiyinə əmin idim. Sadəcə, kimin dediyini bilmirdim. Türkiyənin ən məşhur yazıçılarından biri olan Qədir Misirlioğlunun da Şekpirin müsəlman olduğunu açıqladığını oxudum. 7-8 il əvvəl müəllimimin dediyi bu sözlər yadıma düşdü və bir daha əmin oldum ki, “tavariş” sözünün “davar eşim (in-dir)” sözündən törəməsi fikri kimi bu fikir də bizə Türkiyədəki milliyyətçi, dindar elm adamlarından gəlibmiş.

Daha sonra öyrəndim ki, sən demə belə zərərli fikirlər ölkəmizə sadəcə Türkiyədən gəlmir, həm də İran başda olmaqla digər müsəlman dövlətlərindən gəlir. Bir neçə dindarla söhbətimdən sonra vəziyyətin universitetdəki vəziyyətlə eyni olduğunu öyrəndim. Sən demə, Albert Enşteyn öz təhsilini iranlı bir molladan alıbmış, onun müridi olubmuş; Jan Klod Vandama döyüş sənətini İraqda yaşayan bir fars öyrədibmiş və s.

Şərqlilərə məxsus olan “qonşudan dala qalmaq pirinsipi” ilə Lənkərandan Hüseynov familiyalı bir axund kitab yazıb. Həmin axund mübahisəni bir az da yuxarı qaldıraraq bütün dillərin talış dilindən, bütün millətlərinisə talışlardan törədiyi iddiasını ortaya atmışdı. Öz fikrini isə digər dillərdəki “Talış” mənşəli sözlərlə izah edir. Məsələn, adam iddia edir ki:

Vaşinqton – talış mənşəli “Vəhşi+kittən” yəni vəhşi pişik sözündən.

Müsavat – “Mos+əhvat” qatıq+satmaq yəni qatı satan

Moskva – “Mos+kvə” qatıq + hanı yəni qatıq hanı

“Arximed” – “Ar+xi+merd” – ar-namu+bağ+kişi yəni qeyrətli kişi və s. sözlərdən yarandığını yazırdı.

Düşünürəm ki, hər bir millət, hər bir din özlüyündə gözəldir. Sırf məşhurdur deyə Şekspiri yalandan müsəlman etmək baş ucalığı gətirməyəcək. Bunun üçün belə ucuz işlərin dalınca qaçmaq düzgün olmaz.

Qabil Aşırov

# 2396 dəfə oxunub

Müəllifin son yazıları

# # #