“Əli və Nino”dan mərifətsizlik görmüşük”

“Əli və Nino”dan mərifətsizlik görmüşük”
2 iyun 2015
# 15:16

“Əli və Nino” Kitab Evinin yerli yazarların kitablarını satmaqdan imtina etməsi ilə bağlı yaranmış müzakirələr davam edir. Kulis yazıçıların məsələyə münasibətini təqdim edir.

Azad Qaradərəli: Bu “Əli və Nino” məsələsi təzə məsələ deyil. Adi bir kitabsatanın tanınmış yazıçıya efirdən təhdid dolu ifadə işlətməsindən (Şərif Ağayara qarşı ) tutmuş MKM-dəki maxinasiyalara qədər (mən bu barədə yazmışam və bu əcaib MKM-i boykot eləmişəm, ona görə təkrarçılıq eləmirəm) köhnə və ağrılı bir haldır. Nə yazıq ki, mən də bu halla rastlaşmışdım bir zaman. Bir il əvvəl “Yazı” dərgisinin hər sayından 5-6 ədəd o mağazalardan birinə göndərdim (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüzdəki mağaza), lakin nə pulunu ala bildim, nə də verdiyim nömrələrdən xəbər çıxdı. Heç bunu üzə vurmazdım, sadəcə yeri gəldi, dedim.

Biz yazıçılara qonorar verməsə də, kitabımızı çap etmiş Şahbaz bəyin də bu məsələdə reaksiyası mənə qəribə gəldi. Axı az qala hamımız sizə hücumlar olanda nəşriyyatınızı müdafiə etdik. Hətta mən ayrıca məqalə ilə çıxış etdim. Bəs siz bir kitabçı kimi gənc yazıçı Qan Turalının hüquqlarının pozulmasına niyə göz yumursunuz?

Kitab mağazasında kitab olmalıdır və özü də Qan Turalı kimi tanınmış bir imza sahibinin kitabı. Xaricdə buna görə müəlliflə ayrıca kontrakt da bağlayarlar yəqin ki... “Əli və Nino”nun xanım sahibəsi gənc yazıçının “Doqquz hekayə” kitabının təqdimatından xəbərsizdir məncə. Yoxsa, buradakı kitab anşlaqını görsəydi, tərəddüd etməzdi.

(Söz Ardı: Bu sətirləri yazanda ürəyim ağrıdı. Biz daha böyük dərdlərimizi müzakirə etməliykən – məsələn kitab çapında avrostandartlara çatmaq, satışın prosedurlarını yaxşılaşdırmaq və s. - xırda və xırdaçı adamların yolumuza atdığı daş-kəsəyi təmizləməklə məşğuluq. Ona görə get-gedə boyumuz da kiçilir nə yazıqlar ki!)

Mübariz Mənsimoğlu: Azərbaycan dilinə xor baxmaq ənənəsi Sovet vaxtında da olub... O dövrdə idarələrdən, iş yerlərindən bu dili uzaq salmışdılar. Ancaq insafla desək, ədəbiyyat sahəsində bizə sərbəstlik vermişdilər. Və bu dil Sovet dövründə ədəbiyyatın sayəsində nəinki yaşamış, hətta inkişaf edib bugünkü səviyyəsinə çatmışdır...


Bu dildə yazılan bədii ədəbiyyatın təbliği, tədrisi, yazılan kitabların satışı ölkə miqyasında həyata keçirilirdi. Və bu ədəbiyyatı yaradan yazarların günü-güzəranı həddən artıq yaxşı vəziyyətdə idi, indiki kimi it gününə düşməmişdi... Və bu dildə dünya dillərində ifadə olunan hər bir fikri çox asan şəkildə ifadə etmək olurdu....


Nə baş verir indi? Məlum olan odur ki, bu gün iş yerlərində, dövlət idarələrində bu dilin üzünə xor baxanların sayı azalıb. Əvəzində, ədəbiyyat sahəsindəki sərbəstliyimizin başına ip salıb sürüyürlər. Bunu Qan Turalı vaxtında görmüş və gördüyünü dürüst ifadə etmişdir. Bəs, nədən ona qarşı gedənlər Qan Turalının fikrini ayrı yerə yozmaq eşqində bulunmuşlar?

Ölkədə kitab mağazaları dağıdılıb, bu məlum... Kitabxanalar yerlə-yeksan edilib, bu sözsüz... Əvəzində bir "Əli və Nino" mağazalar şəbəkəsi yaradılıb...Xoruzun quyruğu bu yerdə görünməz edilib. Azərbaycan dilli kitab satışı bu mağazalar vasitəsilə ağlagəlməz üsulla qadağan edilmiş duruma salınıb....

Kitab satışının inhisara alınması, bu bir dərd. Üstəlik, dilimizdə yazılan kitabların bu inhisar vasitəsilə satılmasına əngəl yaradılması isə ayrı bir dərd....

Nədi bunların qarnının ağrısı? Azarları budur ki, guya Azərbaycan dilində yazılan kitabın alıcısı yoxdur... Bu dilə xor baxan atasına lənət... Sən nə vaxt ürəklə bu dildə yazılan kitabları mağazanın rəfinə qoyub reklam etdin ki, onu alan olmasın...

Rus dilli kitabların bu mağazalarda gen-bol satılması və Azərbaycan dillində yazılmış kitabların bu mağazalar şəbəkəsinin kandarına yaxın qoyulmaması hüquqi dildə Ana Yasamızın kobud şəkildə pozulması deməkdir. Anti-inhisar qanununa bu şəbəkələrə rəhbərlik edən şəxslər tərəfindən tüpürülməsi deməkdir. İstehsalçıların hüquqlarının saya salınmaması deməkdir....

İqtisadi, siyasi, sosial, elmi, hüquqi və s. sahələrdə baş verən özbaşınalıqlar bu gün göz önündədir. Biz bunları nizama sala bilmirik. Rəhbərlik belə bunu açıq şəkildə etiraf edir. Nədən belə bir duruma düşmüşük, bəylər, cənablar? Çünki öz dilimizdə yaranan ədəbiyyatın təbliğinə şərait yaratmamışıq, onun satışına qadağa qoymuşuq. Yayılmasının qarşısını almışıq. Əvəzində kitab satışını bu dilə xor baxanların inhisarına vermişik... Öz ədəbiyyatımızın anasını ağladıb, yad ədəbiyyatın atasına rəhmət oxutdurmuşuq...

Öz dilinə, ədəbiyyatına xor baxan millətin, dövlətin iqtisadiyyatı, siyasəti, elmi, hüququ it günündə olmalıdır. Məncə QanTuralı bunu deyib...

Salam Sarvan: Siz məndən bu məsələyə münasibət soruşanda əvvəlcə özümü kitab müəllifi yerinə qoydum. Həm də belə təsəvvür elədim ki, tutalım, istedadlı adamam. Və gördüm ki, Azərbaycanda azad kitab bazarı olsa belə, yazarın talant hesabına dolanmağı mümkün deyil. Ədəbiyyatın gizli bazarındakı çörəyi isə, aydındı ki, həmişə talantsızlar basıb yeyib. Gördüm ki, istedad – həm də xasiyyətdir, ağır taledir, iflic həyat tərzidir. Onçün də xüsusi canfəşanlığa ehtiyac yox. Əksinə, istedad bu mənada elə məhz fağır olmalı, mağmın olmalı, utancaq olmalı, abırlı olmalı... Daha doğrusu, zirək deyilsə, sırtıq deyilsə, abırsız deyilsə, bunu talantdangəlmə qismət kimi qəbul eləməli. Onun kitabı satılmır – lap yaxşı. Onu ədəbi təsərrüfatda, cəmiyyətdə gözümçıxdıya salırlar – lap yaxşı. Onu dəyərləndirmirlər – lap yaxşı.

Sonra özümü oxucu yerinə qoydum. Gördüm ki, mən bir oxucu olaraq siz yazarların müəllif eqosunu yaxşı anlayıram. Siz oxucunu nə qədər aşağı səviyyəli hesab eləsəniz də, məhz elə həmin “zövqsüz” oxucu tərəfindən sevilməyə, məhz elə həmin “zövqsüz” oxucu hesabına tanınmağa, kitabın xərcini məhz elə həmin “zövqsüz” oxucudan çıxarmağa can atırsınız. Və bu reaksiyanı almayanda əsəbiləşirsiniz.

Başa düşün ki, bu xislətinizə rəğmən mən bir oxucu kimi sizdən ağıllıyam. Başa düşün ki, mənim oxuyub-oxumamaq və kimi oxumaq-kimi oxumamaq seçimim həmişə düzdür.

Kitablarınızı oxumaq istəməyəndə heç vaxt sizə “pis yazıçısınız” deməmişəm. Amma siz acığa düşüb “pis oxucusan” deyə həmişə məni şantaj eləmisiniz, məni abırdan salmısınız.

Axı siz niyə mənim kimi nəzakətli, təmkinli və rahat deyilsiniz?

Bağırmayın mənim üstümə, başa düşün ki, məsələn, təvazökar, yazıq, yetim, yiyəsiz Kafkanın kitabları dünya mədəniyyətinin ən ucqar coğrafiyası olan Azərbaycana, mən varam deyə, mən o yaxşı yazıçını oturub gözləmişəm deyə gəlib çıxdı. Noolub, nə qaçaqaçdı, Froydun indi dünyaca məşhur olan “Yuxuların yozumu” kitabı ilk vaxtlarda 8 il ərzində bütün dünya üzrə cəmi 500 nüsxə satılmışdı.

Lap axırda özümü kitab kommersantı yerinə qoydum. Gördüm ki, Azərbaycanda ayda onlarla şair-yazıçının kitabları çıxır, əksəri də zir-zibildi. Amma hamısı iddialıdır axı. İndi mən neynim? Öz şəxsi dükanımı o zir-zibillə doldurmağa borcluyammı?

Kazım Səlimov: Stiven Kinqin "Yazı sənəti" haqda danışmaq üçün mən 5 dəfə “Əli və Nino”nun Fəvvarələr bağındakı mağazasına getmişəm. Alıb-satmaqları o yana dursun, səlahiyyətli adamın heç qarşıya çıxıb danışmağa da qabiliyyəti çatmır. Rəna xanım kimdirsə, qapı arxasından, heç bir suala cavab verə bilməyən gənc qızlarla xəbər göndərir ki, "biz kitab almırıq". Sual verirsən ki, niyə, gözlərini döyürlər. Cavab verə bilmirlər. Düz 8 aydır ki, belədir. Hətta mən vizit kartımı da onlara verib israrla bildirdim ki, görüşmək istəyirəm. O adamlar mənim üçün “Əli və Nino” şirkətini təmsil edirlər, özləri ilə heç bir şəxsi qərəzim yoxdur. Şirkəti təmsil edən səlahiyyətli adamlardan mərifətsizlik görmüşük. Mən yeniyetmə deyiləm, 56 yaşım var, özümə qarşı bu hörmətsizliyi qəbul etmirəm. Öz adımdan “Əli və Nino”ya “Ayıb olsun” deyirəm.

Elxan Elatlı: “Əli və Nino” özümə qarşı bir problem yaratmayıb. Mənim kitablarımı hər zaman qəbul edib satıblar. Amma eşitdiyimə görə bir sıra gənc yazarlara zəng edib deyiblər ki, anbarlarımız dolub gəlin kitablarınızı götürün. Kitab təkcə kommersiya məsələsi deyil, həm də mənəviyyat məsələsidir. Buna görə də gənc yazarlara qayğı göstərilməli, onların kitablarının satılmasına şərait yaradılmalıdır.

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

# # #