Rəsulzadə Aşura haqqında nə yazmışdı?

Rəsulzadə Aşura haqqında nə yazmışdı?
11 sentyabr 2019
# 21:00

Kulis.az Məhəmməd Əmin Rəsulzadənin 14 noyabr 1914-cü ildə “İqbal” qəzetində çap olunmuş “Aşura” məqaləsini təqdim edir.

Vaqieyi-Kərbəlanı çox eşitmişik. Əhli-beytin oradakı məzlumiyyətlərini, min dürlü şəkil və növdə dinləmişik. Aşura gününün məzaliminə hər sənə göz yaşı və baş qanı tökərək gəlmişik. Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik. Yalnız bu, qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə haqqında ən az işlətdiyimiz və ən az zəhmət verdiyimiz bir şey vardır: əql!

Halbuki bu kimi ictimai və siyasi vəqeələrdən istifadə edə bilmək və onun künhünə və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyyati bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünməlidir.

Bu düşüncə bizə nə kimi bir hiss təlqin ediyor?

İştə iki gün sonra misli gələcək olan bir gün — Aşura!

Yar və ənsari qırılmış, yalnız bir imam! Düşmən çox, aman yox! Ərsə təng. Ölüm mühəqqəq. Buradan qurtarmaq üçün yalnız bir vasitə var: tövbə və iltica!

Bizim indiki tələqqilərimizcə (indiki deyil, Aşura şəhidindən bir az sonra əsaslı bir surət alan "təqiyyə" fəlsəfəsinin zühur elədiyi günlərin düşüncəsincə də belə) buradan çıxılacaq yol mövcud olduğu halda imam ölümünə razı oluyor. Bidət etmək istəmiyor! Cismən ölüyor. Fəqət ruhən zində olduğunu isbat ediyor. İstiqaməti-fikr, sabati-məslək və bunların müqabilində vücudun heç bir əhəmiyyəti olmadığını nə müəssir bir surətdə izhar ediyor. Bu nöqteyi-nəzərdən məzlum Dəşt-Neynəva heç də məğlub deyildir. Bəlkə o qalibiyyətin ən böyük bir dərəcəsini təşkil edən ruh əzəməti və qəlb qələbəsinə nail olmuş bir mücahidi-həqiqidir.

Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək əzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir.

Din, fikir, elm və millət naminə şəhid və məzlum olanlar bəşəriyyət tarixi ilə-islamiyyət tarixidə çoxdur. Bunlar həmişə və hər bir millət arasında təqdim olunar və adları ehtiramla anılar. Bu, kimilər haqqında göstərilən ən böyük ehtiram, onların böyüklüklərinə imtisal etməkdən ibarətdir.

Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun böyükdür.

Və bu böyüklük təqlidəşayan və təhsinə müstəhəqqdir!

Aşura günü bizə böylə bir əxlaq tərbiyəsi vermək iqtidar və səlahiyyətində ikən, eyvah ki, biz onu başqa dürlü qandıq, hər şeydə olduğu kimi burada da narəftə bir yola düşdük. Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz "mən-mənə, o-ona, o-o yana" timsalından dörd əlli yapışıb səadətdarini üç-dörd qətrə göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq.

Fəqət ey matəmgəran, artıq burasını düşünmək zamanı da gəlmişdir. Siz Kərbəla vaqieyi-cansuzinə ağlayırsınız. Fəqət tarixi-hicrinin il başçısı olan tazə məhərrəmdə bir az özünüzü toxdadıb keçən illərə baxınız, həqiqi bir nəzəri-ibrətlə baxmış olsanız Kərbəlanümun bir çox vaqeələr görəcəksiniz. İştə bu vaqiələri də düşününüz. Onlar da sizin nəzər diqqətinizi cəlb etsin. Fəqət yalnız bir rica edərəm ki, artıq bu vaqiələrə ağlamayınız.

Çünki ağlamaq dini vaqeələrdə, ruh və imanın nəzahət və istirahəti üçün lazımi bir şey isə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və birhəmdir. Göz yaşlarına zərrə qədəri əhəmiyyət verməz. Gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedər. Çünki ağlamaq ecaz əlamətidir. Acizlərin isə təbiət ən birinci düşmənidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər - budur onun rəftarı. Siz gəlin də bu xasiyyətindən ötrü ona kəcmədar deyiniz. Fəqət bu onun getdiyi doğru bir yoldur. Tazə ilimizdə köhnəsindəki itirdiklərimizi təlafi etmək istəyirisək, gələn məhərrəmə qədər ağlanacaq hallardan bir az olsun, özümüzü xilas etmək amalında isək, fələyin "gəcmədar" olduğunu anlayalım və böylə bir zalimə qələbə çala bilmək üçün insani boşaldan göz yaşından deyil, fikir istiqaməti və əqidə səbatı ilə əməlpərvərlikdən kömək gözləyəlim. Böyük Aşuranın müəzzəm şəhidinə imtisal edərək ruhi-qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz!

Hazırki əsas şəkil

# 17054 dəfə oxunub

Müəllifin son yazıları

# # #