Repressiya qurbanı olan deputatlar

Repressiya qurbanı olan deputatlar
1 fevral 2018
# 21:00

Kulis.az filosof Aydın Əlizadənin “Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938-56)” yazısını təqdim edir.

əvvəli burda

Xalq təsərrüfatına ziyanvermə ittihamları

İstintaq materiallarından məlum olur ki, 1939-cu ildə məhbusların keçmiş ifadələrindən imtina etməsindən sonra ittiham tərəfinin mövqeyi xeyli zəifləyir, cinayət işi isə dağılmaq üzrə olur. Həmin il “məhkəmədə baxılması çətinliklər törədər” tərifi ilə iş SSRİ XDİK nəzdində Xüsusi Şuraya göndərilir. (5, 20 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı, 251). İş o yerinə çatır ki, 24 aprel 1941 il qərarı ilə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası İ. Əliyevə və bu iş üzrə ittiham olunan başqa məhbuslara qarşı irəli sürülən ittihamları tam olaraq sübuta yetirilməmiş hesab edib, cinayət işini əlavə istintaqın aparılması üçün Az. SSR XDİK-ə geri qaytarır. Ancaq XDİK bu işi bağlayıb məhbuslara bəraət qazandıra bilməzdi, çünki bu məsələ, təkcə Az. SSR rəhbərliyi deyil, həm də Kreml tərəfindən sifariş edilmişdi. Bunu deməyə istintaq işinə tikilmiş aşağıdakı sənəd də (sentyabr 1940-cı il) əsas verməkdədir: “Xalq Daxili İşlər 1-ci rütbə komissarı yoldaş Beriyanın şəxsi sərəncamı ilə 4 nəfərin (Xəlilov, Məmmədəv, Əsədullayev, Əliyev) 25910 №-li istintaq işini SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına yollayırıq” (5, c.4, 297).

Buna görə, vəziyyəti düzəltmək üçün məhbuslara qarşı bundan sonrakı ittihamlar əsasən xalq təsərrüfatında “ziyanvericilik” və “düşünülmüş sabotaj” adı altında davam edir. Bu maddələr üzrə ittihamın irəli sürülməsi isə nisbətən asan iş idi, çünki ittiham olunanların dördü də rəhbər vəzifələrdə işləmişdilər. Müəssisələrdə isə ən bacarıqlı rəhbərlik olsa belə, hansısa çatışmazlıqların olması təbiidir. Bu istintaq işində isə hansısa çatışmazlıqları sifarişlə aşkar etmək və onlara siyasi don geydirmək məqsəd qoyulmuşdu. Bu məqsədlə də, sözügedən məhbusların keçmişdə rəhbərlik etdikləri müəssisələrə yoxlama heyətləri göndərilir Onlar da Sovet hökumətinə qarşı “düşünülmüş sabotaj və ziyanvericilik” faktlarını aşkarlayıb istintaqa təqdim etməli idilər və bunu da edirlər. Onların “işi” nəticəsində məhbusları ittiham edən yeni Aktlar tərtib edilir. Bu Aktların əsasında həmin 4 nəfər məhbusa (Xəlilova, Məmmədova, Əliyevə və Əsədullayevə) yeni ittihamlar irəli sürülür və dindirilmələr təşkil edilir. Məsələn İ. Əliyevə “ziyanvericilik” ittihamı 1941-ci ilin may ayında rəsmən irəli sürülür (5, c.4, 382).

Məhbusların işi üzrə 30 avqust 1941 il tarixli Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclasının yekun məhkəmə Hökmünün mətni əsasən bu kimi iqtisadi ittihamların üzərində qurulmuşdu.

İ. Əliyevə qarşı yeni ittiham onun üzərində qurulur ki, “əksinqilabçı təşkilatın rəhbəri olaraq o, 1938-ci ildə bilərəkdən tekstil mallarının buraxılışı üzrə planının yerinə yetirilməsinə maneçilik törətmişdir. Bundan başqa o istehsalatda fəhlə qüvvəsinin səmərəli istifadə etməməkdə, zay məhsul istehsalında və malların keyfiyyət dərəcələrinin aşağı salınmasında ittiham edilmişdi (5, c. 6, 187).

Ə. Məmmədova qarşı ittihama görə o, xalq əkinçilik komissarı olduğu zaman Az. SSR traktor parkını dağıtdığına görə, Az. SSR kənd təsərrüfatı 1938-ci ilin planını yerinə yetirməmişdi. O həm də “vaxtında kənd təsərrüfatı obyektlərini toxumlarla təmin etmədiyinə görə, 1938 ilin əkin planı yerinə yetirilməmişdi” (5, c. 6, 187).

İ. Əsədullayev isə xalq daxili ticarət komissarı olan dövrdə “1937-38-ci illərdə Az. SSR dağlıq rayonlarına kifayət qədər yeyinti mallarının gətirilməsini təmin etməmişdi. Onun təqsiri üzündən, bəzi rayonlara bu mallar (məsələn qənd) həddən çox gətirilmiş, başqalarına isə heç gətirilməmişdi. Həmçinin o, ticarət obyektlərində talama və israfetmə halları ilə yetərli mübarizə aparmamışdı. Bunun nəticəsində təkcə 1937-ci ilin IV və 1938-ci ilin I kvartallarında mənimsəmə, talama və əskikliklərin sayı 15 milyon manata çatmışdı (5, c. 6, 187).

Y. Rodionovun ittihamı onun üzərində qurulmuşdur ki, M. Xəlilovla sövdələşməyə girərək o, rabitə işçisi olaraq 10 hərbi obyektin vaxtında istifadəyə verilməsinin qarşısını almışdı (5, c. 6, 187).

Məhbuslar bütün bu yeni ittihamları rədd edirdilər. Məsələn İ. Əliyev 14 may 1941-ci il tarixli dindirilməsi zamanı tabeçiliyində olan müəssisələrdə bu və ya da digər problemlərin yaranmasını sabotaj və ziyanvericiliklə deyil, başqa obyektiv səbəblərlə izah edir, bir çox iqtisadi ittihamları isə rədd edirdi. (5, c.4, 362-367)

İstintaqın sonu və məhkəmə Qərarı

“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatın” işi Stalin “üçlükləri” tərəfindən mühakimə edilməmiş, onun iştirakçıları isə “Stalin siyahılarına” salınmamışların sırasında olan işlərdən olmuşdur. Bunun səbəbinin deputat toxunulmazlığı ya da məhbusların xüsusi rütbəyə malik olması ilə izah etmək düzgün olmazdı. Çünki “SSRİ Ali Sovetinə seçilmiş deputatların yarısı repressiyalara uğramış, güllələnmiş ya da QULAQ-lara sürgün edilmiş və onların deputat toxunulmazlığı məsələsini də heç kəs dilə gətirməmişdi” (2).

Buna baxmayaraq, sözü keçən işdə bəlkə də hansısa mənada deputatların xüsusi statusu məsələsinə qismən də olsa riayət olunmuşdu. Çünki işin içində belə bir sənəd də vardır: “İ. Əliyevin Az. SSR CM 64 və 73 maddələri üzrə (iş № 22737) istintaqın uzanmasına görə onun 2 ay müddətinə həbsini (1938-ci ilin 6 oktyabrına qədər) təmin etmək üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılsın” (5, c.4, 7). Bəlkə də məhbusların deputat olduqlarına görə onların işi formal prosedurlar üzündən 1938-ci ilin oktyabrına qədər uzadılır. Bu tarixdən sonra isə repressiyaların şiddəti nisbətən zəifləyir və onlar güllələnmirlər.

Onlar o qisim məhbuslara aid idilər ki, onların növbəsi “üçlüklərin” və səyyar məhkəmələrin mühakiməsinə çatmır. “Belə məhbusların taleyi bir qədər sonra, 1939-1940-cı illərdə SSRİ XDİK-in xüsusi müşavirəsi tərəfindən həll edilir. Edam olunmasalar da əksər hallarda məhkum edilirdilər” (10, 194-205).

29 may 1940 ildə İskəndər Əliyevin işinə Baş Hərbi Prokurorluq tərəfindən baxılmış və onu əlavə istintaq üçün Az. SSR XDİK-ə qaytarmışdır (5, c.4, 259-260). Sonra Əliyev, Xəlilov, Əsədullayev və Məmmədov Az. SSR 64 və 73 maddələri ilə ittiham olunurlar (5, c.4, 08.08.1940 tarixli Qərar). Bəlkə də bunun səbəbi 8 aprel 1939 il tarixli Ümumittfaq K(b)P Mərkəzi Komitəsinin aşağıdakı gizli əmri (№ П1/217) ilə bağlı idi: “Fəallıq göstərən sağ-trotskişilərin sui-qəsdçi təşkilatların işlərini (cəmi 931 nəfər) 01.12.1934 tarixli Qanunun əsasında mühakimə etmək üçün Ali Məhkəmənin Hərbi Kollegiyasına 198 nəfər başçının güllələnməsi, qalan 733 nəfərə (hərəsinə 15 ildən az olmamaq şərti ilə) həbs düşərgələrində cəza çəkmə hökmünü təmin etmək üçün verilsin” (17).

7 avqust 1940-cı ilin Qərarına əsasən M. Xəlilovun, İ. Əsədullayevin, Ə. Məmmədovun və İ. Əliyevin pərakəndə işləri vahid bir cinayət işinə birləşdirilir və həmin ilin 31 avqustunda SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilir. Bundan sonra İ. Əliyev Moskvanın “Butırka” adlanan siyasi həbsxanasına göndərilir və yarım ilə qədər orada həbsdə qalır (5, c.4, Göndərış, seriya "К", gir. № 243103, № 25 910 Д, 10.09.1940). Ancaq sonra yenidən Bakıya qaytarılır.

Nəhayət 1941-cı ilin 30 avqust tarixində Bakıda Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclası (hakimlər Novikov, Vetux, Kviraya) tərəfindən bağlı qapılar arxasında “Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” başçılarının məhkəmə prosesi keçirilir. 00497№-li məhkəmə Hökmünün mətnə görə:

“İlkin araşdırma və məhkəmə istintaqı sübuta yetirmişdir ki, 1937-1938-ci illərdə XDİK orqanları tərəfindən gizli burjua-milliyətçi üsyankar təşkilat aşkar edilib məhv edilmişdir. Ancaq Bakıda Xəlilov, Əsədullayev, Məmmədov və Əliyev Sovetlər əleyhinə işlərini davam etdirmişlər. Onlar 1938-ci ilin yanvar ayında Moskvada olarkən öz qeyri-qanuni yığıncaqlarında sağ-trotskiçi Kulkovun vasitəsi ilə sağ-trotskiçilər təşkilatı ilə əlaqə yaratmaq qərarına gəlirlər. Xəlilov, Əsədullayev, Məmmədov və Əliyevin praktiki işi təşkilata yeni üzvlərin cəlb olunmasından ibarət olur. Bundan başqa, Xəlilov öz işlədiyi sahələrdə ziyanverici fəaliyyətin görülməsi haqqında Əsədullayevə, Məmmədova və Əliyevə tapşırıqlar verir. Onlar da əksinqilabçı təşkilatın üzvləri kimi, ziyanvericiliyi həyata keçirmişlər...

Təqsirli bilinən Rodionov 1936-cı ildə sağ-trotskiçi təşkilatına cəlb olunmuşdur. O, 1937-ci ildə Az. SSR rabitə üzrə məsul vəzifədə çalışarkən əksinqilabi təşkilatın üzvləri Xarçevnikov və İmanovla (ikisi də başqa iş üzrə məsuliyyətə cəlb edilmişlər) əlaqəyə girərək onlara rabitə işi üzrə fəaliyyət göstərməyi tapşırmışdır. Həmin 1937-ci ildə Rodionov, təqsirli bilinən Xəlilovla əksinqilabi əlaqə yaratmış və ondan rabitə orqanlarında ziyanvericilik fəaliyyəti üzrə tapşırıqlar almışdı. Rodionovun praktiki fəaliyyəti təşkilata yeni üzvlərin cəlb edilməsi və rabitə sahəsində ziyanvericilikdən ibarət olmuşdur...

Təqsirli bilinən Lyuborski-Novikov əksinqilabi təşkilata 1937-ci ildə Məmmədov (ona iş kəsilib) tərəfindən cəlb olunub. Onun tapşırığı ilə Tokayevi (ona iş kəsilib) təşkilata cəlb etmişdi. 1938-ci ilin aprel-may aylarında Lyuborski-Novikov Xəlilovla əksinqilabi əlaqə qurmuşdu” (5, т. 6, 186-188).

Məhkəmənin hökmünə əsasən əmlakı müsadirə edilməklə Xəlilov 15 il, Məmmədov, Əsədullayev, Əliyev və Rodionov 10 il, Lyuborski-Novikov 8 il müddətinə azadlıqdan məhrum edilərək, islah əmək düşərgələrində cəzaçəkməyə məhkum olunmuşdurlar. Yalnız Lyuborski-Novikova 5 gün ərzində məhkəmə Hökmünə qarşı şikayətvermə hüququ verilmişdir.

Ardı var

Ədəbiyyat:

1. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе М.: Российская политическая энциклопедия (РОССПЭН), Фонд «Президентский центр Б.Н. Ельцина», 2010.

Baberovski Y. Düşmən hər tərəfdədir. Qafqazda Stalinizm. Moskva, 2010, http://caleb.feelnatural.ru/klassika/goo-2958 (müraciət tarixi 08.01.2018).

2. Вексельберг А. Депутатская неприкосновенность и для неприкасаемых? // Радио Свобода, 02 сентября 1999.

Vekselberq A. Deputat toxunulmazlığı həm də toxunulmazlar üçün? Azadlıq radiosu, 02 sentyabr 1999, https://www.svoboda.org/a/24202793.html (müraciət tarixi 08.01.2018).

3. Выписка из протокола № 54 заседания Президиума ЦК от 29 марта 1954 г. // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

29 mart 1954 il tarixli MK Prezidiumunun iclasından 54 №-li çıxarış // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu, Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).

4. Вышинский А.Я. Судебные речи. M.: Госюриздат, 1955.

Vışinski A.Y. Məhkəmə nitqləri. Moskva, 1955, http://istmat.info/node/31282 (müraciət tarixi 08.01.2018).

5. Дело №25910, т. 1-6, подлинник, машинопись // Архивые материалы.

İş № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları.

6. Жемкова А., Рогинский А. Между сочувствием и равнодушием - реабилитация жертв советских репрессий // Дрезден, 2016.

Jemkova A., Roginski A. Təəssüf və biganəlik arasında – sovet repressiya qurbanlarının reabilitasiyası. Dresden, 2016, https://www.memo.ru/media/uploads/2017/08/22/mezhdu-sochuvstviem-i-ravnodushuem_reabilitacia-zhertv-sovetskikh-repressiy.pdf (müraciət tarixi 08.01.2018).

7. Записка Р.А.Руденко в Президиум ЦК КПСС о М.Д.Багирове. 15 марта 1954 г. // Дело Берия. Приговор обжалованию не подлежит. Сост. В.Н. Хаустов. М.: МФД, 2012.

R. A. Rudenkonun M. C. Bağırov haqqında 15 mart 1954 ildə Sov. İKP MK-ya yolladığı yazı. // Beriyanın işi. Hökmə şikayətvermə hüququ verilmir. Moskva 2012, http://istmat.info/node/28162 (müraciət tarixi 08.01.2018).

8. Искендер Алиев // Жертвы политического террора в СССР.

İskəndər Əliyev // SSRİ-də siyasi terror qurbanları. http://base.memo.ru/person/show/2779630 (müraciət tarixi 08.01.2018).

9. Исмаилов Э. Р. Власть и народ: послевоенный сталинизм в Азербайджане: 1945-1953. Баку: Адильоглы, 2003.

İsmayılov E. Hakimiyyət və xalq: Azərbaycanda müharibə sonrası stalinizm. Bakı, 2003, http://www.ebooks.az/view/KGYobCwp.pdf (müraciət tarixi 08.01.2018).

10. Исмаилов Э. Советский государственный терроризм в Азербайджане // Кавказ и глобализация / CA&CC Press AB. Т. 4, № 1-2, 2010.

İsmayılov E. Azərbaycanda Sovet dövlət terrorizmi // Qafqaz və Qloballaşma / CA&CC Press AB. C. 4, № 1-2, 2010, www.ca-c.org/c-g/2010/journal_rus/c-g-1-2/16.shtml#nazad11 (müraciət tarixi 08.01.2018).

11. На имя Багирова, за подписью Багирова. Сборник архивных материалов / Составитель Теюб Гурбан. Редактор А. Балаев. Баку: "Ol"npkt, 2016.

Bağırovun adına, Bağırovun imzası ilə. Arxiv materiallarının toplusu / Tərtib edən Teyyub Qurban. Redaktor A. Balayev. Bakı, 2016.

12. Копия приговора Военной коллегии ВС СССР от 26 апреля 1956 г. по делу М. Д. Багирова, Т. М. Борщева, Р. А. Маркаряна, X. И. Григоряна, С. И. Атакишиева и С. Ф. Емельянова // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

Bağırov və başqalarının işi üzrə SSRİ AS Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, istmat.info/node/22355 (müraciət tarixi 08.01.2018).

13. Постановление Президиума ЦК КПСС от 1 апреля 1954 г. о М. Д. Багирове // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

Bağırov haqqında Sov. İKP MK 1 aprel 1954 il Qərarı // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).

14. "Правда" (газета) от 19.08.1936.

“Pravda” qəzeti (19.08.1936).

15. Свентоховский Т. Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане // Азербайджан и Россия: общества и государства. М.: Летний сад, 2001.

Sventoxovski T. Rus idarəetməsi, islahatçı elitalar və Azərbaycanda milli identikliyin qurulması. Moskva, 2001, http://sbiblio.com/biblio/archive/svent_rus (müraciət tarixi 08.01.2018).

16. Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг. М: АИРО-XXI, 2014.

Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M, 2014, https://www.libfox.ru/files/book/596372.pdf (müraciət tarixi 08.01.2018).

17. Сталинские списки.

Stalin siyahıları, http://stalin.memo.ru/images/intro.htm, (müraciət tarixi 08.01.2018).

# 1513 dəfə oxunub

Müəllifin son yazıları

# # #