Əhli-kef

Əhli-kef
20 iyun 2021
# 11:01

Bu gün məşhur aktyor Fazil Salayevin anım gündür. Kulis.az bu münsibətlə Seymur Elsevərin “Fazil Salayev - bizim Toto” məqaləsini təqdim edir.

Tariximizin, mədəniyyətimizin hər qarışında bir istedad var.

Fazil gözünü dünyaya 1931-ci ildə Bakıda açdı. İdris kişinin evində. Sentyabr ayının ilk günü idi. Dərslər yenicə başlamışdı. Fazilsə bütün bunlardan xəbərsiz-xəbərsiz qayğısız böyüyürdü. Amma yeddi yaşını, məktəbə gedəcəyi günü gözləməyə səbri çatmadı. Ağlı kəsər-kəsməz yazmağa başladı. 1935-ci ildə çəkilmiş fotoşəkli əlimə keçib. Arxasında Fazil latın qrafikasıyla öz adını, soyadını yazıb...Uşaqlığının dörd ilini müharibə ilə qoşa addımladı. Fazil rəssam olmaq qərarına gəlmişdi. Əli qələm-karandaş tutandan şəkil çəkirdi. Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verdi. Qəbul oldu, təhsil aldı, «Azərnəşr»də tərtibatçı-rəssam kimi işlədi də. Amma özü demişkən, axıracan rəssam olmağa fürsət yoxmuş...

Fazil Salayevin əsli Arazın o tayındanıydı. Cənubi Azərbaycandan nə vaxt gəlmələri bəlli deyil. Hər halda xanımı bu faktı dəqiq bilmir. Gün təki aydın olan Fazilin atası İdris kişinin özü kimi əsli cənubdan olan Nurəddin adlı həmyerlisinin qızına elçi düşməsi, 1954-cü il aprelin 24-də, yağışlı bir gündə yaşadıqları evin geniş otağındaca oğluna toy etməsidi. O vədə rəssamlıq məktəbinin sonuncu kursunda oxuyurmuş Fazil. Nişan gününə kimi, qızın üzün də görməyibmiş.Toydan qabaq cəmi bir dəfə, valideynlərinin dəvəti ilə qız tərəfi teatra gələndə onunla rastlaşıbmış. Ancaq Nurəddin kişinin ağırxasiyyətliyi burada da cavanların kəlmə kəsməyinə imkan verməyib. On səkkiz yaşında ər evinə köçən Fəridə xanım ömür-gün yoldaşının rəssam olacağını zənn edirmiş. Dövrünün sayılan kişilərindən olan, müxtəlif vəzifələrdə çalışmış İdris Salayev də bu gümandaymış. Amma aktyor peşəsi yamanca sehrləmişdi Fazili. Rəssam kimi işlədiyi «Azərnəşr»lə vidalaşıb Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsində oxuyanda da əsl aktyor olacağı günü səbirsizliklə gözlədi. Adi rəssam olduğu vaxtlarda Fazil məşhur italyan aktyoru Totoya oxşamaq istəmişdi. Onun kimi güldürməyi, düşündürməyi, kəsəsi bizim Toto olmağı arzulamışdı...

İllər ötdü. Fazil Salayev Azərbaycan Akademik Dram Teatrına işə qəbul olundu. Bir-birindən maraqlı rollar oynadı. 1963-64-cü illər onun həyatında yeni dövrün başlanğıcı oldu, görkəmli kinorejissor və dramaturq Həsən Seyidbəyli Fazili «Möcüzələr adası» filmində kiçik bir rola çəkdi. Eyni vaxtda Ağarza Quliyevin lentə aldığı «Ulduz» filmində müxbir rolunu oynadı. Bir müddət paralel olaraq teatrda və kinoda çalışdı. «Azdrama»dan Musiqili Komediya Teatrına yerini dəyişsə də, Fazil yaxşı bilirdi ki, gec-tez kino onu teatrdan, sevimli sənət ocağından əməlli-başlı ayıracaq. Oynadığı şən və ciddi rolun hamısının canına bir əlçim qrotesk, incə yumor qatdığını, kinonun dili ilə təqdim etməyin daha asan olduğunu da bilirdi. Kiçicik bir jest, eləcə də qeyri-adi olmayan mizan ekranda teatrdan fərqli, tamam başqa təsir bağışlayır. Necə ki, F. Salayevin obrazlar qalereyasında hər şeydən əvvəl bu cəhətlə qarşılaşırsan. İstər qırçı Məhəmməd («Şərikli çörək»), istər Qulaməli («Dərviş Parisi partladır»), istərsə də alverçi («Bizim Cəbiş müəllim»), çilingər («Ürək...Ürək») və zontik Mehdi («Alma almaya bənzər») olsun, fərqi yoxdu, onların heç birində aktyorun yerişi, duruşu, baxışı bir-birini təkrarlamır. Ona görə ki, Fazil incə nüanslar, nəcib məqsədlər, hərtərəfli təhlil ustası, tədqiqatçı-aktyor idi. Aktyorun ifasında qəlibçilikdən uzaq, heç kimə bənzəməyən rollarla, həyatda çoxların qarşısına çıxan tipajlarla ekranda bir daha rastlaşarkən bezikmirik, onlara tamaşa etməkdən doymuruq. Bütün bunların səbəbi Fazil Salayevin real həyat lövhələrinə, canlı insan talelərinə bələdliyi və bu sahədə ən incə qatlara nüfuz etmək bacarığı ilə əlaqədardı. Bu rollar nə qədər satirik, yumoristik səpkidə həll olunsa da, aktyorun ifasında əndazəni aşan şitlik, saxta gülüş deyil, reallıqdan qidalanan qrotesk nəzərə çarpır. Həmin rolların təbiiliyi, baxımlığı da deyilənlərlə bağlıdı.

Related image

«Alma almaya bənzər» filminə hər dəfə baxarkən adama elə gəlir ki, zontik Mehdini birinci dəfədi görürsən.Və ən qəribəsi odur ki, zontik Mehdini başqa cür təsəvvür edə bilmirsən. Bu nədir? Yaradıcılığın son həddi, yoxsa tamaşaçı təxəyyülünün dayazlığı? Məncə, bunların heç biri deyil. Sənət dili ilə desək, Fazil Salayev zontik Mehdiyə, qırçı Məhəmmədə bir aktyor kimi öz möhürünü vurub. Ona görə də həmin obrazlar başqa biçimdə ağlımıza gəlmir.

Fazil Salayevin filmlərdəki qəhrəmanları ilə yanaşı, «Mozalan» satirik kinojurnalında yaratdığı tipajları da diqqətəlayiqdi. Aktyorun metroya baxmağa cəhd göstərən sərxoş, şəhərin gecə səhərədək uğultusundan dinclik tapıb yata bilməyən narahat, toylara dəvət olunmaqdan əldən düşən və axırda şalvarsız qalan, əmək qabaqcılı kimi tez-tez iclaslara, görüşlərə çağırılıb yarıtmaz işçiyə çevrilən qəhrəmanları ilə hər dəfə ekranda görüşməyə imkan tapanda gah gülür, gah halına acıyır, gah da təəssüf hissi keçiririk. İnanmaq olmur ki, tək bircə nəfər bu qədər bənzərsiz obrazlar düzümü yaradıb.

No description available.

Fazil Salayev yaddaqalan, mənalı bir ömür yaşadı. Bu, onun fitrətindən, talantından irəli gəlir. Fazil Salayev dünyanın hansı nöqtəsində yaşasaydı, mütləq şöhrət zirvəsinə yüksələcəkdi, maddi cəhətdən təmin olunacaqdı. Sovet rejimində yaşamış və çalışmış Fazilin qismətinəsə yalnız biganəlik, diqqətdən kənarda qalmaq yazılmışd. Buna görə də təltiflərin, fərqləndirmə, həvəsləndirmə üçün verilən mükafatların, bolluca diplomların bircəciyi ona tuş gəlməmişdi. Qazandığı tamaşaçı sevgisi, bir də peşəkarların xəsisliklə sənəti barəsində söylədikləri xoş sözlər oldu. Ən qəribəsi odur ki, onsuz keçən otuz ildən artıq vaxtda münasibət dəyişməz qalır.

Deyilənə görə, gəncliyində çaydan savayı dilinə bir şey vurmayan Fazil yavaş-yavaş içkiylə yoldaşlığa başlamışdı. Sənətinə, talantına qiymətə, xoş sözlərə, yaradıcılıq üçün imkanlara möhtac aktyor fikir-xəyaldan bir anlığa da olsa ayrılmaqçün elə hey içirdi. Bir yandan da atasının ölümü, dünyaca sevdiyi anasının xəstələnməsi və nəhayət qəfil onu yaxalayan zob xəstəliyi dərdinin üstünə dərd gətirmişdi...

Fəridə xanım xatırlayır ki, onun sənəti haqqında çoxlarının əsirgədiyi xoş sözləri ölümündən bir qədər əvvəl Həsən Seyidbəyli televiziya verilişində söyləmişdi. Həmin veriliş Fazilin vəfatından az sonra təkrar efirə gedibmiş. Fəridə xanım onu da xatırlayır ki, o aralarda guya ailəsinin onunla yola getmədiyi, giley-güzar etdiyi barədə söz-söhbətlər gəzirdi. Həsən Seyidbəylinin aktyorun sənətini gözəl təhlil etməsi, şəxsiyyəti haqqında ürəkaçan sözlər söyləməsi həmin şayiəbazların ağzını yaxşıca yumubmuş.

- Fazilsiz keçən bu illərdə təsəlliniz nə olub? - sualına Fəridə xanım belə cavab verdi:

- Qızlarım. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdı... Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Fazil evin vur-tut bircə uşağı olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik üç qardaşın evində yeganə uşağıydı. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu, mənim də. Heç, inanın, teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Pianino çalmağı, oxumağı aləmiydi. Hədsiz istedadlıydı. O açıq-saçıq, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc... Bir az da cavanlığıydı, indiki ağlım hardanıydı. Necə deyərlər, çox fərqimiz vardı... Fazilin ana babasının da artistliyi varmış. Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş. Görünür, babasına çəkibmiş. İndi mənim beş nəvəm var.

Fazil Salayevin haqqında keçmiş zamanda danışmaq çox ağır gəlir adama. Qırx yeddi yaşın içində ömrü yarı yolda qalan aktyorun doğmaları, neçə-neçə sənət dostları, tanış-bilişləri onunla bağlı qəribə əhvalatları, məzəli söhbətləri nəql etdikcə bu yoxluğa inanmırsan. İnanmırsan ki, kiçik qızı Ofelyanın ad günündə, iyunun 19-da son saatlarını xəstəxana divarları arasında keçirən zaman necə sevinmişdi. Sarıqlı boğazını arıtlamağa taqəti olmasa da, axır dəqiqələrində güclə udqunaraq qızına xoşbəxtlik arzulamışdı... Arzulamışdı və bir gün sonra, 1978-ci ilin iyunun 20-də dünyasını dəyişmişdi. Və çoxlarının əhlikef saydığı, əslində bütün vücudunun qəmlə şələləndiyi gözündən görünən, təkliyə çəkilib özüylə baş-başa qalmaqdan təsəlli tapan Fazil karvanını sürüb beləcə getmişdi.

# 7928 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #