Türklər və ermənilər: Qafqazda irqçilik necə yarandı? - Filosof yazır...

Türklər və ermənilər: Qafqazda irqçilik necə yarandı? - Filosof yazır...
12 noyabr 2020
# 15:02

Kulis.az filosof Rahid Uluselin "Ariçiliyin Qafqazda yuvalanması" yazısını təqdim edir.

Sovet İttifaqını çökdürən yenidənqurma tıxacı açandan sonra tarixi kökü olan iddialar da dəbərişdi, kifini, kinini-qərəzini püskürdü. Tarixən hər bir xalqın əleyhinə yönəldilməsi mümkün olan, bizim çağlarda isə anti-Azərbaycan, anti-türk siyasətinə xidmət eləyən, – aralarındakı sıx bağlılıqla bir-birini qabağa itələyən bu absurdlar aşağıdakılardır: Ari maniyası; “Əzəli torpaqlar” iddiası; Türk xalqlarının “gəlmə” olması; Qisasçılıq.

Qədim çinlilərdən, ellinlərdən üzü bəri bir çox xalqların həyat və qavramında çevrəsindəkiləri “barbar” (vəhşi) saymaq təkəbbürü ara-sıra işarıb. Bu etnik məğrurluq həddini aşanda və dövlət siyasətinə yeriyəndə, dolanıb-fırlanıb, çanağını özündənrazı xalqın başında çatladıb. Hind-avropalıların – onların içərisində də xüsusilə əsl “arilərin” müstəsna irq olması fərziyyəsi son üç yüz ildə dünya imperializminin aləti kimi itilənə-itilənə rasist fövqəldövlətçiliyinə gətirib çıxardı və Avropada meydan sulayan alman faşizmi itilədiyi bu silahla da doğrandı.

Əslində, Arilik – aydan arılıq, sudan duruluq – bənzərsiz ali keyfiyyətlərə malik olma bütün xalqların mayasında var. Bu gün meşə mədəniyyətini yaşayan, təbiətlə qol-boyun, texnosivilizasiya tünlüyündən uzaq xalqlarda da. Lakin imperiyaçılar xalqların təbii çiçəklənməsinə imkan vermədikləri üçün planetin Ümumbəşər Ariliyi küll halında zühur edə bilmir.

Kainat üçün kiçik ulduz da, böyük ulduz da eyni dərəcədə doğmadır. Təbiət üçün kəpənək də, timsah da eyni dərəcədə zəruridir. İkinci Dünya Müharibəsinin başlanğıcında böyük fransız antropoloqu və ilahiyyatçı-filosofu Pyer Teyyar de Şarden Pekində mühasirədə ikən, Materiyadan Ruha qədər bütün təkamül prosesini incəliklə izləyə-izləyə bu sətirləri yazmışdı:
“Rasist idealı uydurmadır və təbiətə ziddir, burada bir budaq ağacın bütün şirəsini özünə çəkib sorur və o biri budaqların quruması hesabına boy atır. Halbuki Günəşi içmək üçün bütün çətirin birgə boyatımı gərəkdir. Dünyaya çıxış, gələcəyin qapısı, ümumbəşəriliyə yol irəlidədir, özü də bir neçə imtiyazlı kimsələr üçün deyil, bir seçmə xalq üçün deyil! O birgə təkanla açılır, özü də o istiqamətə açılır ki, burada hamı Yer kürəsinin mənəvi yeniləşməsində birləşə və varlığını göstərə bilsin” (П.Т.Шарден Феномен человека. М., 1987, s.194). Bu gün Avropa sivilizasiyası belə bir istiqamətə meyllənsə də, ari iddiaları hələ də altdan-altdan möhkəmcə sızır və seçməmillətçiliyə rəvac verir.

Ariçilik (arianizm) ideologiyasının başlıca məntiqi belədir: planetdə ilk ocaqları Hind-Avropa xalqlarının ulu əcdadları qalayıb; Qafqazda yuvalandırılan ariçilər də bundan çıxış nöqtəsi taparaq, Hind-avropalı kökündə əski erməni-kartvel-slavyanları xüsusi bir xətt elan edirlər; yəni Kiçik Asiya, bütün Qafqaz və onun hüdudlarındakı ən ilkin mədəniyyətlərin törədiciləri də bu “əcdadlar əcdadı” olub; erməni alimlərinin paleoantoroloji miflərindən az qala belə qənaət hasil olur ki, Darvinin əsilzadə meymunlarından da əvvəl Kür-Araz bölgələrində ermənilərin ulu babaları yaşayıbmış, onlardan da meymun əmələ gəlib, bəşəriyyət isə məhz bundan sonra meydana çıxıb!

Slavyan yox, məhz “rus səltənətinin Nildən Nevayadək, Elbadan Çinədək, Volqadan Fərata qədər, Qanqdan Dunaya qədər uzandığını” (Yadınıza salın ermənilərin Qara dəniz – Xəzər dənizi arası “Böyük Ermənistan” xülyalarını!) söyləyən Tütçevin cazibədar “poetik coğrafiyası” kimi mənzərələr imperiyanı az qidalandırırdımı?! Əsr yarım ötəndən sonra bu “Rus coğrafiyası” yenidən işığa çıxarılır (Ф.И.Тютчев. Стихотворения. М., 1988, s.198).

Son 100 ildə “ari” maniyası, “milli müstəsnalıq” ən müxtəlif səpkilərdə təzahür edərək, dünya imperializminin ictimai elmlərdə, xüsusən tarixşünaslıqda davam etdirilən siyasəti kimi baş gicəlləndirir. Çoxdan hədəfinə çevrildiyimiz ariçilik cürbəcür hoqqalara əl atır ki, halal torpağında yaşayan türklərin, eləcə də Azərbaycan türklərinin bu torpağa haqqı olmadığını “sübuta yetirsin”. Gerçək tariximiz danılır ki, arxamızı hiss etməyək, söykəncimiz olmasın...

Ariçilər, “əzəli” torpaq iddiaçıları və digər tarix yozucuları “türk xalqlarının Qafqazda, Yaxın Şərq və Kiçik Asiyada gözlənilmədən meydana çıxmasını” sübuta yetirmək üçün yetərincə inadlı və hiddətlidirlər. Onlar türkün “gəlmə” olmasını təsdiq edən bütün “tarixi araşdırmalardan” əlüstü istifadə etməyə can atırlar. Məsələn, belə bir “əsas” verən simpoziumlardan biri hələ 1969-cu ildə Oksford Univesitetində keçirilib. Şərqşünas K.E.Bosvortun məqaləsinin adı da, məğzi də ariçilik ideologiyasına köklənib: “Barbarların axını: türklərin müsəlman dünyasında görünməsi”. Mançester Universitetinin professoru, yəqin ki, nə Britaniyanı fəth edən əcdadlarını – germanları, nə Şimali Amerikanı fəth edən ingilisləri, nə Sakit okeanda Tasmaniya aborigenlərini bütünlüklə məhv edən Britaniya müstəmləkəçilərini, nə də dünya tarixinin ən böyük, 34 milyon kv.km.-lik imperiya ərazisindən Britaniyaya sərvət daşıyan sahibkar və hərbçiləri “barbar” adlandırmağı özünə rəva görməzdi...

K.E.Bosvort İslam peyğəmbərinin “Türklərə toxunmayın”... kəlmələrini apokrifik (qeyri- mötəbər) hesab etsə də, “türk hərbi qullarının” Xilafətə axını üzərində xüsusi dayanır. Görəsən, türklər necə “qul” imişlər ki, Yaxın Şərqdə belə sürətlə hakim mövqeyə qalxıb, burada qüdrətli dövlətlər yaradıb, Avrasiyanın bu böyük və mürəkkəb parçasını əsrlər boyu dominant güc olaraq idarə edə bilmişlər?! Bunu isə elə həmin tədqiqatında Bosvort özü təsdiq edir... Şərqşünaslıq professoru yazır: “Yaxın Şərqdə torpaqların istifadə edilməsinə türk basqınlarının əhəmiyyətli təsiri göz qabağındadır. Şimali İrana qəsbkarlıqla soxulan tayfaların bir dəstəsi XI əsrin 20-ci illərində Anadoluya və Qafqaza keçir, burada qazi və axınçılar kimi xristian erməni, gürcü knyazlıqları və Bizans imperiyası ilə vuruşurdular… O tayfaların digər dəstəsi İran ərazisində sürüləri bəsləmək üçün əlverişli olan yerlərdə qaldı. Belə ki, Azərbaycanın, Kürdüstan, Fars və Gürganın müasir türk əhalisi, şəksiz, Səlcuq dövrünə gedib çıxır, hərçənd onların sayı (xüsusilə Farsda) monqoldan sonrakı mərhələdə arta bilərdi” (Мусульманский мир. 950-1150, М., 1981, s.30-31). Professor Enn Lembton türklərin bu “gəlişini” bir qədər də yaxına çəkir: “Mən belə düşünürəm ki, müasir İranın türk tayfalarının Səlcuq istilasına gedib çıxması qənaətinə gəlmək düz deyil. Gürgan və Azərbaycan, şübhəsiz, müəyyən dərəcədə məskunlaşmışdı, lakin hətta Azərbaycandakı ən iri məskunlaşmalar sonrakı dövrdə, monqolların, teymurilərin, Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilərin türkmən xanədanlıqları çağında oldu. Səlcuq zamanında Cənubi İranda Salqaridlərin meydana çıxmasına baxmayaraq, burada onlar əksəriyyətlə itib-batdılar, İrandakı Bayat, Əfşar, Qaşqayi isə sonrakı Səlcuq dövründə məskunlaşmış oldu” (Yenə orada, s.139). Avropa tarix elmi, əsasən, ərəb qaynaqlarına istinad edir. Xilafət mənafeləri baxımından deyilmişləri isə gerçək tarix kimi şərh etmək olmaz.

Ulu türklər səlnaməçi olmayıblar, əvəzində danılmaz dövlət və mədəniyyət yaradıcılığına malikdirlər. Bu məsələ xüsusunda akademik Ziya Bünyadov yazır:
“Bəzi tədqiqatçıların etdiyi kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də yanlışdır, çünki onda, yerli böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz yumulur. Türkləşmə prosesi yalnız türk aborigenlərinin cənubdan gələn oğuzlar və şimaldan gələn qıpçaqlarla qarışması nəticəsində, bunların assimilyasiyasından sonra başlandı və getdikcə sürətlənib XI–XII əsrlərdə qurtararaq, Azərbaycan və Arran ərazisində müasir Azərbaycan millətini əmələ gətirən türkdilli Azərbaycan xalqının təşəkkül tapması ilə nəticələndi” (Z.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989, s. 171). Əgər “hunlar qədim türk qəhrəmanlığını və uqor dəyanətini” saxlamışdılarsa (Л.Н. Гумилев. Хунны в Азии и Европе. – “Вопросы философии”, 1989, №7, s.37), hunlar, xəzərlər və qıpçaqlar miladdan sonra Qafqaz tarixində bir neçə yüz il rol oynamışdılarsa, Asiyanın və Şərqi Avropanın bütün qədim xalqlarının Xəzər ətrafında sarmaşması və sonra arınıb budaqlanması baş vermişsə, onda, görəsən, tarixçilər niyə Azərbaycan antikliyində ulu türk mənşəyini istisna etməyə çalışırlar?! Axı, hələ VII əsrdə Dağıstan hunları, həm də Tanqrı xan (türklərin ilahi tapınağı) adlandırdıqları Aspandiata sitayiş edirdilər” (“Вопросы истории”, 1989, №9, s.24).

Qafqazda Hind-Avropa başlanğıcından çıxış edərək, hər cür “proto-Azərbaycan” – uluazərbaycanlılıq – ulutürklük – anlayışını qətiyyətlə rədd edən, türkün “gəlmə” olduğunu dönə-dönə təsdiqləyən Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü İqrar Əliyevin tədqiqatları hər bir ariçinin əlində fürsətverici “sənəddir”. Əlbəttə, dərin tarixi proseslərin stixiyasını inkar edə bilməyən İqrar Əliyev qeyd edir ki, Hind-Avropa mənşəli irandilli tayfalar da Azərbaycan ərazisinə Şərqi Avropa çöllərindən gəlib və yerli əhali ilə assimilyasiya olunub (Azərbaycan SSR EA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 1987, №2, s. 57- 65). İqrar Əliyev xüsusilə 1986-cı ildən bəri “Xəbərlər” və “Вестник древней истории” jurnallarında çap etdirdiyi məqalələrində qədim torpağımızda yaşamış bütün “ünsürləri” – əsasən, kompilyasiya yolu ilə – yerli-yataqlı araşdırır və göstərir ki, “Azərbaycan xalqının əcdadları sırasında bu ərazinin təkcə ən qədim sakinlərinin deyil (Axı, kim imiş, hansı etnoslar imiş o qədim sakinlər?! – R.U.), bütün ilkin tarixi bizim tariximiz, bizim xalqın tarixi olan irandilli midiyalıların adını çəkirik. Midiyalılar vasitəsilə biz Hind-İran, daha geniş şəkildə Hind-Avropa dünyasına qovuşuruq, İran, indus, german, slavyan və digər xalqlarla qohum oluruq” (И.Алиев. Племена и племенные группы в Атропатене // “Вестник древней истории”, 1987, №3, s. 82), ancaq o, bu “Ari tarixinə” Türkü bir addım da yaxın qoymur. Ona tarixin daha sonrakı mərhələsi kimi baxır. İqrar Əliyevin fikrincə, görəsən, Ari çağlarında Türk planetdə doğulmuşdu, ya yox?!

1950-ci illərin əvvəllərindən respublikamızda ari tendensiyalı tədqiqatlara və 1978-ci ildən bəri Azərbaycan EA-nın Tarix İnstitutuna başçılıq edən İqrar Əliyev məhz belə dönməz inkarı ilə Türkün böyüklüyünə hədsiz inam yaradır: “Anadolu türkü, hərçənd ki, müəyyən mənada (hər halda antropoloji cəhətdən) Kiçik Asiyanın qədim sakinlərinin nəslindəndir, lakin onu qətiyyən türk dilinə keçən Kiçik Asiya avtoxtonu (yerlisi) hesab etmək olmaz. Bu, XV–XVI əsrlərdə yerli əhalinin türkdilli tayfalarla assimilyasiyası nəticəsində yaranmış yeni etnik – türk-birliyin – nümayəndəsidir” (Yenə orada, s. 81-82). Lembtonkundan Əliyevinkinə qədər bütün bu ənənəvi “tarixi dəlilləri” göz önündə olan bir fakt təkzib edir: çünki hamıya bəllidir ki, nəinki göstərilən əsrlərdə, hətta ondan qabaq da Şərqdə türkdilli poeziya (hələ ulu türkün İslamaqədərki sənəti bir yana qalsın) güclü klassik örnəklər içrə yeni bir xətt kimi özünü tanıtmışdı. Belə dərinköklü mədəniyyət isə yüzilliklər boyunca yetişir. Tarix paradoksçularının yozumunca belə çıxır ki, türk hələ etnik birlik kimi formalaşmamışdan... mədəniyyətini yaradıb! Məhz qeyd olunan ərazilərdə XV–XVI əsrlərə qədər ərsəyə çatıb toxtamış, bu əsrlərdə isə yüksək tərəqqiyə yetərək türk özəyindən şaxələnməyə başlayan mədəniyyətləri (ən azı Yunus İmrə – XIII əsr – zirvəsini) kimin ayağına yazaq, ariçi alimlər?!

Tarixən İran – Bizans – Qafqaz üçbucağında nə qədər təsirlərə, dönümlərə məruz qalan erməni mədəniyyətinə XIV əsrin sonu – XV əsrin əvvəllərindən Türkün də toxumu düşüb. Şərqin silkələndiyi bir çağda erməni şairləri böyük İmadəddin Nəsimiyə tapınmışdılar, erməni xalqı onun üsyankar şerlərini “nəsimilər” kimi dilə gətirirdi. Budaq Amtetsini isə bu “nəsimilərə” görə yandırmışdılar (З.Кули-заде. Хуруфизм и его представители в Азербайджане. Баку, 1970, s.194-195). Bu bir həqiqətdir ki, yalnız tarixin nəfəsini duymaqla, sivilizasiya yetkinliyi ilə, güclü mədəniyyətlə, yüksək ədəbi məntiqlə başqa xalqlara təsir etmək, digər mədəniyyətlərdə iz buraxmaq olar. Erməni ideoloqları bunların üstündən xətt çəkib, artıq IV əsrdə etnik konsentrasiyasını itirmiş Ermənistanın bütün tarixi faciələrini Türkün adına yazmaqla, ətrafımızda ittiham toru hörürlər... Məqsəd isə aydındır: Qafqazda ariçiliyin siyasətdən hərbə qədər istehkamlarını möhkəmləndirmək, ərazi iddiaları ilə hücuma keçmək.

Rəhbərlər yenidənqurma dövründən sonra getdikcə kükrəyib güclənən bu iddiaları vaxtında dəf etmək üçün ideoloji müqavimətə stimul yaratmağa belə bizə imkan vermədilər. Nəticədə, Absurdun Silahla və Qanla təhlükəli ittifaqı yarandı. Və nəhayət... XX əsrin sonlarına yaxın ermənilərin içində yüz illər boyu qıvrılan köklü qisasçılığın zəhəri dadıldı. Qisasçılıq daşa-daşa qanlı müharibəyə çevrildi!

# 3040 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #