Fuad Poladov: "Bir qız zəng vurub evimizə deyib ki, Fuadı Rostovda öldürüblər" - Müsahibə

Fuad Poladov: "Bir qız zəng vurub evimizə deyib ki, Fuadı Rostovda öldürüblər" - Müsahibə
5 dekabr 2020
# 09:01

Kulis.az kinoşünas Aygün Aslanlının Xalq artisti Fuad Poladovla vaxtilə kitab üçün götürdüyü müsahibədən növbəti hissəsini təqdim edir.

əvvəli burda

Fuad müəllim danışanda jestlərdən az istifadə eləyir, sözə hakim olduğu dərhal nəzərə çarpır. Amma elə ki, aludə olub coşdu, onda bütün vücudu söhbətə qoşulur, danışmaqla kifayətlənmir, göstərməyə də başlayır. Elə indi də kreslonu kənara itələdi, Sovetski, İçərişəhər cayılları kimi sallağı oturub əlindəki xəyali təsbehi fırlatmağa başladı. Sonra ayağa qalxdı, yenə təmkinli Fuad Poladov oldu, kreslosunu altına çəkib sözünə davam elədi.

- Axşamlar yaxşı geyinib-keçinib restoranlarda qızlarla gəzən oğlanlar da elə həmin məhlədə yaşayırdı. Onlarla danışanda içlərində Bakı hiss olunur. O vaxtın tanınmış stilyaqaları Vaqif Mustafazadə, Yusif Səmədoğlu idi. Yusif Səmədoğlu çox gözəl qalstuklar taxardı. Hələ saç düzümü… Sonra Vaqif Səmədoğlu, yazıçı Cabbar Məcnunbəyovun oğlu Polad… Hamısı şəhərin qaymaqları idilər. Yaşda məndən böyük idilər. Mənim on səkkiz yaşım vardı, onların iyirmi səkkiz-otuz.. Yəni mənim “kruqum” deyildilər. Amma mən kim olduqlarını bilirdim. Hər “kruqun” öz toplaşma yeri vardı. Fəvvarələr gəzinti məkanı idi. Stilyaqalar axşamlar- bir neçə xüsusi restoran vardı - ora yığışırdılar. Köhnə “İnturist”, “Nərgiz” kafesi… Bulvarda restoranlar vardı - “Mirvari”, “Gilavar”. Şəhərin stilyaqalarının yığışdığı yerlər idi. “Nərgiz” kafesi keçmiş Karl Marks-Parapet bağının qarşısında yerləşirdi. İndi söküblər oranı.

-“Kruqa” necə qəbul eləyirdilər?

– “Kruqa” girmək o qədər də asan deyildi. Hər şeyin yazılmamış qanunları olduğu kimi “kruqa” daxil olmağın da öz qanunları vardı. Düzdü, xüsusi sınaqlardan keçmirdin, imtahan vermirdin. Amma özünü necə aparmağına, davranışına, artıq-əskik danışıb-danışmamağına diqqət yetirirdilər. Hər şey qaydasında olanda yavaş-yavaş onların içində əriyə bilirdin. Amma görəndə ki, bir dənə xaric not buraxdın, davranışında səhvə yol verdin, o saat “otsekat” eləyirdilər. Mən özüm “kruq” yaradan olmamışam, ancaq “stilyaqalar”ın – şəhər uşaqlarının da, sovetski, İçərişəhər uşaqlarının arasına… necə deyim… yağ kimi rahat daxil olmuşam. Hətta hər iki tərəf özü istəyib ki, mən aralarında olum. Bunu hiss eləmişəm. Hər iki “kruqda” həmişə böyük məmnuniyyətlə qəbul olunmuşam. Baxmayaraq ki, ikisi də bir-birindən xeyli fərqlənirdi. Məsələn, stilyaqalar, adətən, “Bitls”dən, qadağan olunmuş ədəbiyyatdan, dəbdə olan geyimlərdən danışırdılarsa, İçərişəhərdə- ikinci “kruq”da tamamilə başqa söhbətlər gedirdi: Filankəs filankəsi vurdu, heç yaxşı eləmədi, günahkar kimdi, “prav”, “neprav” kimdi, insan, kişi, ceyil necə olmalıdı və s. Əməllər, davranışlar ceyil qanunu ilə ölçülürdü. Bax, mən, bu iki mühitin arasında böyümüşəm. Ona görə də hesab eləyirəm ki, çox zəngin həyat məktəbim olub.

Az qala ağzıaçıq dinləyirəm. Bəh-bəh… Biz də deyirik gəncik.. Macəra dolu, romantik gənclik həyatı onda olubmuş ki…

– Bəs qadağan olunmuş ədəbiyyatı, valları necə əldə eləyirdiz?

– O vaxtlar “farsovşik” deyə bir söz vardı. Defisit malları, Sovet İttifaqında qadağan olunmuş ədəbiyyatı, musiqini, geyimləri tapıb gətirən adamları belə adlandırırdılar. “Farsovşiklər” nəyin dəb olduğunu bilirdilər, əsasən geyim, saat-filan satırdılar. Məsələn, o dövrdə İsveçrə saatları taxmaq dəbdə idi. Amma bizdə onları tapmaq müşkül iş idi. “Farsovşik” adlanan zümrə belə işlərlə məşğul olurdu. Ya da valyuta alveri. Malakan bağında valyuta dəyişən adamlar vardı. Yadıma gəlir ki, üstündə dollar tapıldığına görə bir nəfəri tutub altı-yeddi il iş vermişdilər. O vaxtlar xüsusi valyuta dükanları var idi. İnturistə gedən küçədə, bir də Nərimanov prospektində. Ordan da nəsə almaq üçün xüsusi sertifikatın olmalı idi. “Farsovşiklər” isə hər şeyi Moskvadan gətirirdilər. Geyimi, saatı-filanı belə əldə eləyirdik. Qadağan olunmuş kitablar, musiqi isə ölkədən çıxanlara sifariş olunurdu. Balaca şəhər idi də. Hamı bir-birini tanıyırdı. Hamı bilirdi ki, ətrafındakı adamlara nə maraqlı ola bilər?! Moskva böyük idi. Orda nəyi harda axtarmalı olduğunu bilirdin. “Beryozka”nın yanına getsən, saat ala bilərsən. Puşkin meydanında qadağan olunmuş ədəbiyyat, başqa bir yerdə Bitls-in vallarını. Sonra “Samizdat” deyilən bir mətbəə vardı. Bura gəlib çıxandan sonra əldən-ələ gəzirdi.

-Deyirsiz ki, “kruqların” arasında yerlə göy qədər uçurum yox idi. Ancaq hər halda düşüncə fərqi olmalı idi. Onların hər ikisi ilə ünsiyyətdə olub bütöv qalmaq necə mümkündü?

- Təbii ki, çox çətin idi. Həddindən artıq. Bütöv qalmaqdan əlavə özünü onların içində itirməmək daha vacib idi. Yenə də deyirəm, həyat məktəbi idi. Elə vaxt olurdu ki, üç-dörd gün stilyaqaların həyatı aparırdı səni. Bir də görürdün darıxırsan. Gedirdin, otururdun İçərişəhər uşaqlarının yanında. Məclislər də fərqli idi. Stilyaqalar restoranlarda yeyib-içirdilər, o biri tərəf hardasa dar bir yerdə – məhəllədə, ya da hansısa dükanın içində. Yadımdadı, biz İçərişəhərdə belə bir balaca dükanda müdirin otağına yığışırdıq. Yeyib-içəndən sonra hərdən bir nəfər qayıdırdı ki, gedək, “Nərgiz” kafesində su içək. Ya da 26-lar metrosunun (indiki Sahil metrosu) yanında “Armyanskiye vodı” deyilən yer vardı. Elə gözəl su verirdilər ki... Qazlı, siroplu… Bakının hər yerindən ora su içməyə gəlirdilər. Həmişə növbə olurdu. Yaxud da elə-belə şəhərə gəzməyə çıxırdıq, xoşagəlməz nəsə olurdu, dava düşürdü. Bir neçəsində mən də iştirak eləmişəm. Bir dəfə dostlarla- yazıçıların, vəzifəli adamların uşaqları- məşhur “Drujba” restoranına getmişdik. “Drujba”, indiki Şəhidlər xiyabanı, Dağüstü parkda- Kirovun heykəlinin arxasında yerləşirdi, şəhərin ən gözəl restoranlarından idi. Orda uşaqlardan birinin ad gününü qeyd eləyirdik. Mən oturmazdan qabaq evə zəng elədim, çünki əvvəlki gün evə getməmişdim. Ona görə də zəng elədim və anama dedim ki, bu gün də evə gec gələcəm. Anam səsimi eşidəndə həyacanlandı. Qayıtdı ki, “sən hardasan? Dünəndən səni axtarırıq, atanın vəziyyəti pisdi, təcili yardımın biri gəlir, biri gedir”. Mən qaçdım evə, o ad gününə qala bilmədim. Həmin gün “Drujba”da, iki qrup arasında şəhərin ən böyük davalarından biri olmuşdu. Uşaqların hamısını tutdular. Ən az iş alana iki il vermişdilər. Məni o davadan həmin telefon zəngi xilas elədi. Ümumiyyətlə, Allah məni belə hadisələrdən – bıçaqlanmaqdan, həbs olunmaqdan çox qoruyub.

– Yəqin, nəşə də çəkmisiz..

– Nəşə də, kokain də… Nəşə beş-altı dəfə çəkmişəm. Amma düzü, ondan ləzzət almamışam. O “kruqda” çəkməmək mümkün deyildi. Hər iki “kruqda” çəkirdilər. Birində papirosa doldururdular, o birində “Malbro” siqaretinə. Adına da.. “Şey” deyirdilər. İçərişəhərdə nəşəyə “şey” deyirdilər, stilyaqaların arasında “plan”.

– Hardan əldə eləyirdiz?

– Sovetskidə, İçərişəhərdə, Kubinkada. Onların da xüsusi yerləri vardı. Hətta bir dəfə özüm də getmişəm “plan” almağa. Uşaqlarla birlikdə maşınla getmişdik. Orda ancaq tanıdıqları adama satırlar. Gərək müştəri olasan. O gün həm də birinci dəfə kokainin dadına baxdım. Kokainin öz qaydaları var. Onu buruna çəkirdin, dodağa sürtürdün. Dərman paketlərinə oxşayırdı. Toz dərmanlarına bənzər balaca kağızların içinə qoyurdular. Kokain paketlərinə çet deyirdilər-qramın dörddə biri. Qiyməti də beş rubl idi. O vaxt üçün beş rubl böyük məbləğ idi. Yadımdadı ki, masaya güzgü qoyulmuşdu. Paketi güzgünün üstünə tökdülər, iti bıçaqla böldülər. Hər adamın payını ayrıca düzdülər. Ağa yaxınlaşanda – kokainə ağ da deyirdilər- nəfəs almaq olmaz, dağıla bilər. Kokoinin təəssüratı yadımdadı, amma anaşanın yox. Dörd-beş dəfə çəkdim, heç nə anlamadım. Amma bir dəfə çəkəndən sonra… Bilmirəm, əvvəl araq içmişdim, ondan idi, ya nə.. Deməli, restoranda oturmuşduq. Verdilər, bir-iki qullab vurdum. Sonra taksiyə oturub evə gəlmişəm. Evdə bütün günü güzgüyə baxırdım. Görürdüm ki, dörd başım var, üzüm bütöv gözdən ibarətdi. Burda da göz var, burda da. Burda da.. ağzım bir neçə dənədi. Gedib yerimə uzanırdım, sonra təkrar qalxıb baxırdım, heç nə dəyişmirdi. Öz-özümə deyirdim ki, bu nədi, ala?! Bütün günü o vəziyyətdə oldum. Onda bərk qorxdum və bir də çəkmədim. Amma kokainin təsiri başqa idi. Ondan sonra adama elə gəlirdi ki, dodaqları sallanır. Buruna çəkəndə elə-bil beynin buzlayırdı, daha yaxşı işləməyə başlayırdı.

– Fuad müəllim, şöhrət necə gəldi?

Sualım üzündə yüngül təvazö və özündənrazılığı birləşdirən təbəssüm yaradır.

-Nizami kinoteatrının qarşısında, Fəvvarələr meydanında xüsusi stendlər vardı. Şəkillərim ora yapışdırılmışdı. Şəhərə düşmək mümkün deyildi. Hamı tanıyırdı. Hətta çoxları məni hansısa hind aktyoruna bənzədirdi. Qızlardan “odboy” yox idi. Mən özüm də həmişə qəşəng xanımları, gözəl qadınları, qızları sevmişəm, ancaq onlar da mənə qarşı laqeyd olmayıblar.

– İlk qonorarınızı necə xərclədiz?

-İlk qonorarım, təxminən, 243 rubl idi. Yadıma gəlir ki, “Drujba” da yaxşı bir qonaqlıq vermişdim, dostlarımla yeyib-içmişdim. O vaxtlar pulumu ancaq geyimə, qonaqlığa sərf eləyirdim. Çünki evə gətirib kiməsə verə bilməzdim. Düzgün qəbul eləməzdilər. Onsuz da kinoya çəkildiyimi çəkilişlər bitəndən sonra öyrənmişdilər. Çəkilişə gedəndə səhər çıxırdım, axşam qayıdırdım. Evdəkilər mənim gecikmələrimlə yavaş-yavaş barışmışdılar. Yadıma düşmüşkən, qonorardan sonra mükafat da vermişdilər. “İstintaq davam edir” çox baxılan filmlərdən biri olmuşdu. Odur ki, “premiya” yazmışdılar. Onu alanda artıq birinci kursda oxuyurdum. Çağırıb dedilər ki, filmə xeyli tamaşaçı baxıb. Sonra da təxminən, 120 manat (rubl) mükafat verdilər. Bax, onu necə xərclədiyimi lap yaxşı xatırlayıram.

Bir dostum var: Hacı. Musiqiçidi. Uşaqlıqdan dostluq eləyirik. Elə burda bir haşiyə çıxım: Deməli, mən sentyabrın 1-də, ilk dərs günü institutdan qovuldum. Dedilər ki, ən azı, sentyabrın sonlarına qədər instituta yaxın gəlmə. Çünki Rahib müəllim- rektor deyib ki, onu xaric eləyirəm. Bunu evdə demək mümkün deyildi. Mükafatı da həmin vaxt aldım. Hacıya dedim ki, bəlkə Moskvaya gedək? Soruşdu ki, bəs evdəkilərə nə deyəcəyik? O vaxt filmlə rayonları gəzirdik. Belə səfərlər hərdən üç-gün dörd gün çəkirdi. Hacıya cavab verdim ki, mənim bəhanəm var, sən bir şey fikirləş. Hacının anası çox zəhmli qadın idi, ondan qorxurdu. Ona görə də hamam çamadanını yığıb, “hamama gedirəm” deyib, evdən çıxmışdı. O vaxtlar Moskvaya bilet 34 rubl idi. Amma tələbə vəsiqəsi ilə 17 rubla almaq olurdu. Hacı soruşdu ki, harda qalacağıq? Pul çatacaqmı? Dedim ki, 200 rubla qədər pul var. Məncə, çatar. Moskvada bir xanım tanışım var, onun evində qalarıq. Bu minvalla düşdük yola. Hardasa bir həftə qaldıq. Mən Moskvada çox olmuşdum, yaxşı tanıyırdım. Hə, filmdən aldığım mükafatı onda xərcləmişdim. Qayıdanda Hacının da problemi yarandı, mənim də. Bizimkilər, rayona getmədiyimdən xəbər tutmuşdular. Əvvəl kinostudiyadan zəng vurub məni axtarıblar. Sonra da bir qız evimizə zəng eləyib demişdi ki, Fuadı Rostovda öldürüblər. Anam gedib Hacıgilə. Onun anası da deyib ki, Hacı hamam adı ilə evdən çıxıb, hələ qayıtmayıb. Aləm dəymişdi bir-birinə.

Yadıma gəlir ki, qayıdanda hava limanında avtomatdan evə zəng vurdum, dəstəyi anam götürdü. “Mama” dedim bircə “can bala” sözünü eşitdim. Yazığın ürəyi gedibmiş. Hacı da dedi ki, mən sənsiz evə gedə bilmərəm. Dedim ki, mən getmirəm, anandan qorxuram. Qayıtdı ki, heç olmasa, yanımda ol. Nə isə, getdik. Hacı məni verir qabağa. Mən də onu itələyirəm ki, sən get, gəlirəm. Onlar həyət evində olurdular. Həyətə girən kimi yuxarı qalxan pilləkənlər vardı. Hacıgilin evi pilləkənlərin üstündə idi. Anası iri şüşəli eynək taxırdı. Eynəklə lap zəhmli görünürdü. İçəri girəndə gördük, Hacının anası xəkəndazla zibil boşaldır vedrəyə. Hacı qapını açdı. Arvad dayanıb heykəl kimi oğluna baxır. Hacı qayıtdı ki, mama… Arvad dinmədi. Bir də dedi: “Mama… Mama, məsələ onda deyil”. Arvad ordan qayıtdı ki, bəs məsələ nədədi, ay oğraş? Mən aradan çıxdım.

- İnstitutdan niyə qovulmuşduz?

– Hibabə müəllimə vardı. Xarici ədəbiyatdan dərs deyirdi.

– Hibabə müəllimə İncəsənət Universitetinin simvoludu. Oranı bitirən hər kəs onu tanıyır.

– Onda “boyevoy” vaxtları idi. Qılıncının dalı da kəsirdi, qabağı da. Deməli, “patok” dərsi idi. Teatrşünaslar, aktyorlar, rejissorlar və mədəni maarif bir yerdə. Onda institut “Bakı Soveti” (indiki “İçərişəhər”) metrosunun yanında yerləşirdi. Lap əvvəllər Fəvvarələr meydanında balaca bir binada idi. Sonra “Bakı Soveti” metrosunun yanındakı “Bilik” cəmiyyəti var haa.. Bax, o binaya köçürmüşdülər. Lap sonralar Malakan bağının yanına qaytardılar. Nə isə. Deməli, dərs başladı. Hibabə müəllimə içəri girib dedi ki, aktyorlar bir tərəfdə otursun, rejissorlar, teatrşünaslar, mədəni-maarif bir tərəfdə. Dediyi kimi elədik. Müəllimə aktyorlara tərəf baxıb qayıtdı ki, bunlardı aktyorlar? Azərbaycan teatrının gələcəyi bunlardı? Karlikdilər ki bunlar… Hamısını zəncirləmək lazımdı. Mənim cibimdə “Azərbaycan gəncləri” qəzeti vardı. İndiyə kimi yadımdadı. Çıxardıb nümayişkaranə şəkildə açdım və oxumağa başladım. Hibabə müəllim hirsləndi, “Nə özündən çıxmısan? Bir dənə filmə çəkilmisən, özünü artıq aktyor hesab eləyirsən?” dedi. Ayağa qalxıb “Bizi niyə təhqir eləyirsiz? Birinci dərs günüdü, heç birimizi tanımırsız! Hardan bilirsiz, gələcəkdə kim necə olacaq?” deyə cavab verdim. Məni auditoriyadan qovdu. Çıxanda qapını bərk çırpdım, şüşəli hissəsi “daranq” yerə gəldi. Ertəsi gün dərsə gələndə xaric olunduğumu dedilər. Mən də Moskvaya getdim.

- Bu hadisələrin heç birini atanıza danışmırdız?

– Yox.

– Danışsaydız, işə qarışardımı?

– Əksinə. O heç vaxt məni müdafiə eləməzdi. Çünki özü də pedaqoq idi. İnstitutdan dörd-beş dəfə qovulmuşam. Valideynlərimi çağıranda dayımı aparırdım. O da yaşlı adam idi. Rektor Rahib müəllim atamı tanıyırdı. O da bizim məhəllədə yaşayırdı. Çox böyük kişilərdən idi. Ümumiyyətlə, mənim qarşıma üç-dörd nəfər çox yaxşı kişi çıxıb. Biri Adil İsgəndərov idi, biri Rahib Hüseynov, biri də müəllimim Tofiq Kazımov. Rahib müəllim bilirdi ki, atam xəbər tutsa, hər şeyi tərsinə eləyəcək. İnstituta getməyəcək. Deyəcək ki, əgər xaric eləyiblərsə, deməli, təqsir səndədi. Onsuz da aktyor olmağımı istəmirdi.

Azlogos.eu

# 9718 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #