O, olmasaydı acından batardıq – Məşhur yazıçılardan isti xatirələr

O, olmasaydı acından batardıq – Məşhur yazıçılardan isti xatirələr
15 iyul 2021
# 17:30

Kulis.az Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illiyi münasibəti ilə tanınmış ədəbiyyat adamlarının onun haqqında fikirlərini təqdim edir.

Xalq yazıçısı Mirzə İbrahimov

“Əli Vəliyevin yaradıcılığı, onun ən yaxşı roman, povest, hekayə və publisist yazıları belə bir bədii həqiqəti də təsdiq edir ki, yazıçı xalqla, xalqın həyatı ilə, mənəvi aləmi ilə nə qədər dərindən bağlı olursa onun, əsərlərində işıqlı fikirlər, insana inam o qədər aydın və təsirli, inandırıcı boyalarla öz əksini tapır”.

Xalq yazıçısı İlyas Əfəndiyev

“Doğrusu, o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən, yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edərdik. Əli bizim nöqsanlarımıza qarşı nə qədər sərt idisə, xahişimizə qarşı da o qədər qayğıkeş idi”.

No description available.

Xalq yazıçısı İsmayıl Şıxlı

“Əli müəllim 82 il yaşadı, bütün ömrü boyu da zəhmətlə. Vəzifəli vaxtı da oldu, vəzifəsiz vaxtı da. Amma xasiyyətini dəyişmədi. Biz onu həmişə sadə, qəlbi açıq, mehriban, tez tutulub, tez açılan, hirslənməyi ilə barışmağı bir olan, kin-küdurətsiz, qayğıkeş, küsəyən, uşaqtəki sadəlövh bir adam kimi gördük”.

Xalq şairi Mirvarid Dilbazi

“Əli Vəliyevin xarakterinin ana xətti – mənəvi təmizlik, xalqına, mənsub olduğu dövlətə, ailəsinə və dünyanın bütün yaxşı adamlarına sədaqətli olmasıdır”.

Əli Vəliyev — Vikipediya

Xalq şairi Bəxtiyar Vahabzadə

“O, qəribə adam idi. Sevdiyi, bəyəndiyi adamı heç vaxt üzünə tərifləməz, amma o adam olmadığı yerdə tərifini ulduzlara qaldırardı. Adama yaxşılıq edər, amma bildirməzdi. Üstündən zaman ötəndən sonra bilərdin ki, arğacı Əli Vəliyevdən keçib”.

Xalq yazıçısı Hüseyn Abbaszadə

“Əli müəllim çətində kimsəsizlərin əlindən tutmağı, onlara həyan olmağı özünə borc bilirdi və bu yaxşılıqları təmənnasız eləyirdi. Ədəbiyyatımızın qocaman nümayəndələrindən çox eşitmişdim ki, o, ən ağır vəziyyətlərdə belə, riskə gedərək öz qələm yoldaşlarını haqsız hücumlardan, ittihamlardan cəsarətlə müdafiə eləyib. Əli müəllim, yeri gələndə, həqiqəti ən yüksək vəzifəli adamların hüzurunda belə açıq deməkdən çəkinmirdi”.

Xalq şairi Nəriman Həsənzadə

“Əli Vəliyev xüsusi hörmət bəslədiyim bir şəxsiyyət idi. Mən onu mərd, bütöv adam kimi sevirdim. Onda ikinci bir söz yox idi, şax, düzü-düzünə – ya “hə”, ya “yox” deyərdi. Əli Vəliyev xarakter idi. Əli Vəliyev obraz idi. Dediyi sözün ağası, gördüyü işin qulu idi. O, sözü deməyi bacaran adam kimi yaşadı, yazdı, yaratdı”.

Xalq şairi Zəlimxan Yaqub

“Əli Qara oğlu Azərbaycanı, onun təbiətini dünyanın heç bir cənnət guşəsinə, bar-barxanasına dəyişməzdi. Hər cür imkanları olmasına baxmayaraq o, məzuniyyət günlərini o zamanın məşhur istirahət guşələrində yox, Laçında, Kəlbəcərdə, İstisuda keçirməyə üstünlük verərdi. Həyatda o şəxsiyyətlər zaman-zaman yaşayır ki, Yaradanının ona verdiyi ömür payını xalqına, onun inkişafına, mədəniyyət və ədəbiyyatına sərf etsin”.

Aydın Yol / Vasvası

Akademik Feyzulla Qasımzadə

“Qumru bacı olmasaydı, ailəmiz acından batardı. Sadə, gözütox yaşamağa öyrəncəli Əli müəllim ailəsinin çörək kartoçkalarını bizə verib deyərdi: “Biz birtəhər keçinərik. Qumrunun qohum-əqrəbası kənddən tez-tez un, dən-düş göndərir, Qumru bacın birtəhər bizi yola verər”.

Şair Atif Zeynallı

“Əli Vəliyevin öz qanun məcəlləsi vardı. Bu məcəllə onun hər şeydən müqəddəs sandığı vicdanı tərəfindən yazılmışdı”.

# 3152 dəfə oxunub

Müəllifin son yazıları

# # #