Məşhur aşıqların doğum tarixlərini düz bilmirik – İddia

Məşhur aşıqların doğum tarixlərini düz bilmirik – İddia
9 iyun 2021
# 18:00

Kulis.az şair-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoruAkif Azalpın “Kəsişən əbcədlər” üsulu, yaxud “Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələri adlı məqaləsinin ikinci hissəsini təqdim edir. Qeyd edək ki, müəllif bu məqalədə Azərbaycan ədəbiyyatşünaslığına hələlik məlum olmayan bir sıra əhəmiyyətli tarixləri öz “Kəsişən əbcədlər” üsulu ilə aşkara çıxardığını iddia edir. Azərbaycan ədəbiyyatı üçün önəmli olan bu elmi tapıntıların digər qismi məqalənin növbəti hissələrində oxucuların diqqətinə çatdırılacaqdır.

Birinci hissə burda

Beləliklə, Seyid Nəsiminin şərafəti ilə və onun yaradıcılığı üzrə uzun illərin axtarışlarından və müşahidələrindən sonra əldə etdiyimiz “Kəsişən əbcədlər” üsulunun (yəni, eyni hadisənin sənəsini nəzərdə tutan tarix maddələrinin üst-üstə düşməsinin, yaxud müxtəlif hadisələrin ilini göstərən tarix maddələrinin biri-birini təsdiq etməsinin) ən böyük yeniliyi və əhəmiyyəti ondadır ki, bu üsulun tutarlı faktlar əsasında doğru-düzgün tətbiqi Azərbaycan şifahi və yazılı ədəbiyyatının indiyə qədər dərsliklərdə, ədəbiyyat tarixlərində və ensiklopediyalarda yeri boş qalmış, yaxud qarşısında sual işarəsi qoyulmuş bir çox sənələrinə aydınlıq gətirə bilər və onlarla bağlı qaranlıq səhifələrinə işıq sala bilər.

Məsələn, XVI-XVIII əsrləri hər cəhətdən Azərbaycan aşıq ədəbiyyatının Qızıl dövrü kimi səciyyələndirmək olar: lirik şeirdə əksər janrların hərtərəfli intişarı və inkişafı, epik-lirik ənənədə dastan yaradıcılığının çiçəklənməsi, poetik təcrübədə qədim ənənələrin yeni məharət əlamətləri ilə zənginləşməsi, klassik yazılı ədəbiyyatla qarşılıqlı əlaqə və təsir, bədii-fəlsəfi məzmunun dərinləşməsi və geniş vüsət alması, Gümüş dövrün (XIX-XX əsrlər) görkəmli aşıqları üçün poetik məharət məktəblərinin yaranması və s. və i.a.

Təəssüf ki, həmin dövrün ən məşhur aşıqlarının doğum və vəfat tarixləri dəqiq məlum olmadığından, hətta müxtəlif qaynaqlarda əsrləri belə təxmini (XVI və ya XVII, XVII yaxud XVIII) göstərildiyindən, bir çox klassiklərdən fərqli olaraq, sözügedən el sənətkarlarının kütləvi anım törənlərinin və adi yubileylərinin keçirilməsi də müşkülə çevrilib. Halbuki, “Kəsişən əbcədlər” üsulunun Qızıl dövrün adına dastanlar bağlanmış üç nəhəngindən - Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı və Sarı Aşıqdan hər birinin yaradıcılığında tarix maddələrinə işarə edən misralara tətbiq edilməsi sözügedən böyük aşıqların doğum illərini dəqiqliyi ilə ortaya qoyur və vəfat tarixlərinə təxmini şəkildə aydınlıq gətirir. Amma burada bir neçə mühüm mətləbi ayrıca vurğulamaq lazım gəlir.

Birincisi, aşıq şeiri əsasən şifahi ənənələrə söykəndiyi üçün ondakı örtülü tarix maddələri də imla əbcədindən daha çox, tələffüz və təfəkkür əbcədlərinə əsaslanır. Yəni, söz əvvəlindəki səsin ənənəvi imlasının deyil, tələffüzünün hərfi say qiyməti hesablanır, söz ortasındakı bütün qısa saitlərin say qiyməti nəzərə alınmadığı kimi, ərəb əlifbasının dilimizdə eyni samiti ifadə edən bir neçə hərfindən aşığın məqsədinə hansının say qiyməti uyğun gəlirsə, ondan da istifadə olunur və s.

İkincisi, aşıq şeiri çoxvariantlı olduğundan, eləcə də, müxtəlif qaynaqlar və ifaçılar tərəfindən dəyişikliyə məruz qaldığından tarix maddələrini əks etdirən söz, ifadə və misraların variantlar arasından düzgün seçilməsi mühüm şərt sayılır.

Üçüncüsü, ustad aşıqların doğum sənələri ilə bağlı tarix maddələrinin ön sıraya çəkilməsi heç bir halda onların, deyək ki, Aşıq Qurbaninin, yaxud Aşıq Abbasın yaradıcılığının üzə çıxarılmasında böyük əməyi olan Salman Mümtazdan ta Qəzənfər Kazımova qədər bir sıra görkəmli ədəbiyyatşünas və folklorşünasların fikir-mülahizələrinə kölgə salmaq məqsədini daşımır. Sadəcə olaraq öz həyat və yaradıcılıqlarının ən əlamətdar illərini gələcək nəsillərə çatdırmaq üçün ustad aşıqların böyük ümidlə və yüksək məharətlə yaratdıqları örtülü tarix maddələrinə biganə qalmaq insafdan və ədalətdən olmazdı.

No description available.

Başlayaq Aşıq Qurbanidən:

İsmim Qurbanidi, kəndim Diridi,
Qaradağdan Qarabağa gedirəm.

“Qurbani” dastanının Diri versiyasından alınmış və çox təəssüf ki, əksər nəşr və tədqiqatlardan kənarda qalmış bu iki misrada ustad aşığın özünün, kəndinin və bölgəsinin adlarının vurğulanması, üstəlik, doğuluşla müəyyən assosiasiya doğuran “diri” sözü sətirlərdə hansısa örtülü tarix maddəsinin gizləndiyindən soraq verir. İkinci misrada hər birinin say qiyməti 1000-ə bərabər olan iki “ğəyn” hərfini görüb, ondan vaz keçirik və bütün diqqəti birinci misranın hərflərinə yönəldərək hesablayırıq: “ya(10)”+ “sin(60)”+ “mim(40)”+ “ya(10)”+ “mim(40)”+ “qaf(100)”+ “vav(6)”+ “re(200)”+ “be(2)”+ “əlif(1)”+ “nun(50)”+ “ya(10)”+ “dal(4)”+ “ya(10)”+ “kaf(20)”+ “nun(50)”+ “dal(4)”+ “ya(10)”+ “mim(40)”+ “dal(4)”+ “ya(10)”+ “re(200)”+ “ya(10)”+ “dal(4)”+ “ya(10)”=905

Göründüyü kimi, əbcəd hesabı hiçri-qəməri təqvimlə 905-ci ili (miladi təqvimlə 1499-1500-cü illəri) göstərir. İndi bizə bu sənəni təsdiq edən, yaxud onunla üst-üstə düşən başqa bir tarix maddəsi lazımdır. Bu baxımdan Aşıq Qurbaninin “Yetişdim” rədifli qoşmasının ilk misraları diqqəti yaxından cəlb edir:

Laməkan şəhrindən gəldim cəhana,
Canlar əhli bir canana yetişdim.

İlk misranın başqa variantlarının da (“Laməkan şəhrindən gəldim cana mən”, “Laməkan şəhrindən gəldim məkana”) olmasına baxmayaraq, bu variantın tam doğruluğuna əmin olmaq üçün doğum tarixinə açıqca işarəyə əsasən misra əbcədini müəyyənləşdirməyə çalışırıq: “lam(30)”+ “əlif(1)”+ “mim(40)”+ “kaf(20)”+ “əlif(1)”+ “nun(50)”+ “şin(300)”+ “hə(5)”+ “re(200)”+ “nun(50)”+ “dal(4)”+ “nun(50)”+ “gaf(20)”+ “lam(30)”+ “dal(4)”+ “mim(40)”+ “cim(3)”+ “hə(5)”+ “əlif(1)”+ “nun(50)”+ “əlif(1)”= 905 (1499-1500).

Amma bu da hələ son deyil! Qızıl dövrün azman aşıqları, bir tərəfdən, ehtimal, təzkirəçilərə və tarixçilərə yetərincə bel bağlamadıqları üçün öz həyat və yaradıcılıqlarının əsas sənələrinin, xüsusən, doğum tarixlərinin qeydinə özləri, özü də təkrar-təkrar qalaraq, həmin sənələri öz şeirlərində pərdəli tarix maddələri ilə dəfələrlə ifadə etməli olmuşlar, digər tərəfdən, Nəsimidən sonra və əsasən Nəsiminin təsirində ən əlamətdar sənələri gələcək nəsillərə tam və dəqiq şəkildə çatdırmaq üçün onları yalnız hicri-qəməri təqvimlə deyil, eyni zamanda, miladi təqvimlə və böyük məharətlə əks etdirməyə ciddi səy göstərmişlər. Bu cəhətdən yenə də Aşıq Qurbaninin bir şeirinin ilk bəndi ustad aşığın doğum tarixinə dair verdiyi bilginin dəqiqliyi və bədii məharətin orijinallığı ilə heyrətə gətirir:

Haqqım əmr eylədi, gəldim dünyaya,
Gözüm açdım, mail oldum o burca.
Arif oldum, haq kəlamın oxudum,
“Əlif” qəddim “dal” yazıldı o burca.

Müxtəlif qaynaqlarda çeşidli variantlarına baxmayaraq, bu bəndin ilk misrasından onda müəllifin doğum sənəsi ilə bağlı örtülü tarix maddəsinin mövcudluğu hiss olunur. Ustad aşıq birinci sətirdən etibarən hansı yolla və hansı təqvimlə (hicri-qəməri və ya miladi) olur-olsun, poetik məzmuna və onun təbii axarına xələl gətirmədən, yəni süniliyə və bayağılığa yol vermədən sözügedən mətləbi səmimi və təsirli əks etdirməyə can atır. Lakin bu olduqca çətin bir vəzifə olub, hər hansı istedad sahibindən böyük ayıqlıq və yüksək məharət tələb edir. Nəhayət, sonuncu misrada mahir sənətkar “əlif”“dal” hərflərinin köməyi ilə həmin müşkül vəzifənin öhdəsindən bacarıqla gələ bilir. “Əbcəd” sözünün ilk və son hərflərini xatırlatmaqdan müəllifin bir məqsədi də öz xüsusi və sətiraltı istəyini (“Əbcədə diqqət yetirin, əbcədə!”) nəzərə çarpdırmaqdır. Misranın əslinə uyğun yeganə doğru variant olduğunu isə, hər şeydən əvvəl, ondakı keçmiş zaman formasının (yəni başqa variantdakı “yazılmış”dan fərqli olaraq, “yazıldı”nın ) digər misralardakı eyni zaman formaları (“eylədi”, “açdım”, “oldum”, “oxudum”) ilə uyğunluğu təsdiq edir. Beləliklə, boyaboy sonuncu misranı ehtiva edən tarix maddəsinə diqqət kəsilirik: “əlif(1)”+ “lam(30)”+ “ya(10)”+ “fe(80)”+ “qaf(100)”+ “dal(4)”+ “dal(4)”+ “ya(10)”+ “mim(40)”+ “dal(4)”+ “əlif(1)”+ “lam(30)”+ “ya(10)”+ “əlif(1)”+ “za(900)”+ “ya(10)”+ “lam(30)”+ “dal(4)”+ “ya(10)”+ “əlif(1)”+ “vav(6)”+ “be(2)”+ “vav(6)”+ “re(200)”+ “cim(3)”+ “əlif(1)”= 1498.

Buyurun, bu da Aşıq Qurbaninin öz dilindən söylənən və miladi təqvimlə göstərilən doğum tarixi! Bu sənənin yuxarıdakı hicri-qəməridən çevrilmə tarixlə il fərqinə gəlsək, bu, bir tərəfdən, örtülü tarix maddəsi yaratmağın son dərəcə çətinliyi ilə bağlıdırsa, ikinci tərəfdən, hicri-qəməri və miladi təqvimlərin bir-birinə çevrilmələrində arzu olunan dəqiqliyin olmamasından irəli gəlir. Lakin istənilən halda birbaşa miladi təqvimlə göstərilən tarixlər daha dəqiq və daha etibarlı hesab olunurlar.

Aşıq Qurbaninin doğum sənəsinin müəyyənləşməsi onun kimin dövründə (Şah İsmayılınmı, Şah Abbasınmı?!) yaşaması ilə bağlı çağdaş folklorşünaslıqdakı bir mübahisəyə də dəqiqlik gətirir: əlbəttə, Şah İsmayılın! Zatən, Qurbani kimi bir Haqq aşığı “Mürşidi-kamilim, Şeyx oğlu Şahım!..” deyə Şah İsmayıl Xətaidən başqa daha kimə müraciət edə bilərdi ki?!..

Böyük el sənətkarının vəfat tarixinə gəlsək, bu haqda dəqiq bilgilər çatdırmaq hər bir sənətkardakı kimi, onun da imkanları xaricində olsa da, aşığın yaradıcılığında onun qocalıq dövrü və sarsıntılarına dair məlumatlara da rast gəlmək mümkündür. Bu baxımdan, xüsusən, aşağıdakı misralar qiymətli material verir:

Qurbanidir mənim adım,
Adəm atadır bünyadım.
Çahar atdım, şeş oynadım,
Axır fələk uddu məni.

Ustad aşığın “Aldatdı məni” gəraylısının xüsusilə bu möhürbəndinin ciddi təhriflərə uğradığının dəlili kimi təkcə onun üçüncü misrasındakı “fəndgirlik”lə irəli getmək və qazanmaq əzminin (“Çahar atdım, şeş oynadım”) əksər nəşrlərdə tərsinə (“Şeş atdım, çahar oynadım”) verildiyini xatırlatmaq kifayətdir. Amma bütün bunlara baxmayaraq, biz birinci və ikinci misralardakı qafiyələrin (“adım” və “bünyadım”) işarəsi və bələdçiliyi ilə hər iki misranı əhatə edən qoşa misralı tarix maddəsinin izinə düşürük: “qaf(100)”+ “vav(6)”+ “re(200)”+ “be(2)”+ “əlif(1)”+ “nun(50)”+ “ya(10)”+ “dal(4)”+ “ya(10)”+ “re(200)”+ “mim(40)”+ “nun(50)”+ “ya(10)”+ “mim(40)”+ “əlif(1)”+ “dal(4)”+ “ya(10)”+ “mim(40)” = 778 və: “əlif(1)”+ “dal(4)”+ “mim(40)”+ “əlif(1)”+ “te(400)”+ “əlif(1)”+ “dal(4)”+ “ya(10)”+ “re(200)”+ “be(2)”+ “vav(6)”+ “nun(50)”+ “ya(10)”+ “əlif(1)”+ “dal(4)”+ “ya(10)”+ “mim(40)” = 784

Göründüyü kimi, birinci misra hərflərinin say qiyməti 778, ikinci misranınkı 784-dür. Hər iki rəqəmin cəmi (778+784=1562) isə miladi təqvimlə 1562-ci ili bildirir. Bəli, müəllifin öz dilindən səslənən bu sənə, hər şeydən öncə, şeirin yaranma tarixini və həmin vaxtda aşığın 65 yaşını göstərməsi ilə qiymətli əhəmiyyət kəsb edir. Sonrakı misralarda müəllifin öz taleyinin axırını el arasında ən yayğın oyun olan nərd oyununda iddialı tərəfin gözlənilməz sonluğu və məğlubiyyəti ilə müqayisə etməsindən və dərin sarsıntılı xülasəsindən yalnız onu güman etmək olar ki, ustad aşıq sözügedən gəraylını elə ömrünün axırına yaxın yaradıb.

Beləliklə, yuxarıda diqqət mərkəzinə çəkilən əbcəd göstəricilərini ümumiləşdirərək, artıq əminliklə deyə bilərik ki, aşıq ədəbiyyatımızın ilk görkəmli nümayəndəsi olan Aşıq Qurbani 1498-ci ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Diri kəndində anadan olmuş, təxminən 1562-ci ildə 65 yaşında həmin kənddə də vəfat etmişdir.

No description available.

Keçək Qızıl dövrün xronoloji baxımdan ikinci nəhəng sənətkarı Aşıq Abbas Tufarqanlıya:

...Burdan bir yol gedir ol Tufarqana,
Tamam qohum-qardaş, el bu yandadı.

Tələbəlik illərindən üzü bəri əzbər bildiyim bu misralar hər dəfə yadıma düşəndə məndə cavabsız suallar doğururdu: – Axı, nəyə görə el sənətkarı “o” yerinə “ol” deməlidir?! Üstəlik, el arasında “aşıqlığın padşahı” kimi ad qazanmış Aşıq Abbas boyda söz sərrafı! Bəlkə, naşir xətasıdır, nəşrlərdə yanlış gedib?! və s.

Klassik yazılı poeziyada “o” yerinə “ol”, “şol” deməyin çox vaxt əruzun tələbləri ilə bağlı olub, ahəngə oynaqlıq gətirdiyini bilirdim. Amma heca vəznində, əksinə, ahəngi müəyyən qədər süstləşdirən bu “ol” formasının nədən işlədildiyinin əsl səbəbi hər səfər qaranlıq qalırdı.

Nəhayət, son illərdə “Sığmazam!” qəzəlinin tam mətni və ondakı gizli mətləblər üzərində düşünərkən, hardansa Aşıq Abbasın həmin misraları yenə yadıma düşdü və yeni suallar doğurmağa başladı:– Bəlkə, “o” əvəzinə “ol” işlətməkdən ustad aşığın başqa məqsədi var imiş?! Bəlkə, müəllifə məhz 30 rəqəmini bildirən “lam” hərfi lazım imiş?! Dərin maraqla misra əbcədinə göz gəzdirən kimi, sualların müjdəli cavabları təfəkkürün “Evrika!” nidası ilə səs-səsə verdi: – Bəli, eynən eləymiş! Heç demə, ustad aşıq həmin misraya əbcəd hesabı ilə və miladi təqvimlə özünün doğum ilini möhürləyibmiş! Hesablayırıq:

“be(2)”+ “vav(6)”+ “re(200)”+ “dal(4)”+ “əlif(1)”+ “nun(50)”+ “be(2)”+ “ya(10)”+ “re(200)”+ “ya(10)”+ “vav(6)”+ “lam(30)”+ “gaf(20)”+ “dal(4)”+ “ya(10)”+ “re(200)”+ “vav(6)”+ “lam(30)”+ “te(400)”+ “vav(6)”+ “fe(80)”+ “əlif(1)”+ “re(200)”+ “qaf(100)”+ “əlif(1)”+ “nun(50)”+ “əlif(1)”= 1630.

Bu sənənin tam dəqiqliyini təsdiq edən başqa bir tarix maddəsi isə aşığın doğum yerinin adı vurğulanan digər misrasında mücəssəm:

...Adım Aşıq Abbas, yerim Tufarqan,
Gahdan ağla, gahdan yada sal məni.

Tarix maddəsi üçün “ipucu” vermək baxımından müəllifin öz yer-yurdunun adını dilə gətirməsi Qızıl dövrün aşıq poeziyasında az qala bir ənənəyə çevrilib. Bu mənada birinci misranın əbcəd hesabına diqqət yetiririk: “əlif(1)”+ “dal(4)”+ “ya(10)”+ “mim(40)”+ “əlif(1)”+ “şin(300)”+ “ya(10)”+ “qaf(100)”+ “əlif(1)”+ “be(2)”+ “be(2)”+ “əlif(1)”+ “sin(60)”+ “ya(10)”+ “re(200)”+ “ya(10)”+ “mim(40)”+ “te(400)”+ “vav(6)”+ “fe(80)”+ “əlif(1)”+ “re(200)”+ “qaf(100)”+ “əlif(1)”+ “nun(50)”= 1630.

Aşıq Qurbaniyə baxanda Aşıq Abbas Tufarqanlı kifayət qədər uzun ömür sürmüşdür. Ustad aşığın şeirlərində onun öz dilindən bunun təsdiqini tapmaq mümkündür. Bu cəhətdən, xüsusən, Aşıq Abbasın bir təcnisinin aşağıdakı bəndi qiymətli tarixi məlumat çatdırır:

Abbasam, dövranım ay belə keçdi,
Dolandı ruzigar, ay belə keçdi.
Sallandı bir pərim, ay belə keçdi,
O səbəbdən dedim, ay, bu yanda dur!

Poetik yaşantının nisgilli ovqatından bu şeirin dövrü dövranlar sürmüş aşığın keşməkeşli ömrünün qürub çağında yarandığını hiss etmək o qədər də çətin deyil. Üstəlik, birinci və ikinci misralardakı kifayət qədər açıq işarələr bənddəki qoşa misralı tarix maddəsi ilə tanışlığa tələsdirir. Tanış oluruq: “əlif(1)”+ “be(2)”+ “be(2)”+ “əlif(1)”+ “sin(60)”+ “əlif(1)”+ “mim(40)”+ “dal(4)”+ “vav(6)”+ “re(200)”+ “əlif(1)”+ “nun(50)”+ “ya(10)”+ “mim(40)”+ “əlif(1)”+ “ya(10)”+ “be(2)”+ “lam(30)”+ “hə(5)”+ “kaf(20)”+ “çim(3)”+ “dal(4)”+ “ya(10)”= 503 və: “dal(4)”+ “vav(6)”+ “lam(30)”+ “əlif(1)”+ “nun(50)”+ “dal(4)”+ “ya(10)”+ “re(200)”+ “vav(6)”+ “ze(7)”+ “ya(10)”, “gaf(20)”+ “əlif(1)”+ “re(200)”+ “əlif(1)”+ “ya(10)”+ “be(2)”+ “lam(30)”+ “hə(5)”+ “kaf(20)”+ “çim(3)”+ “dal(4)”+ “ya(10)”= 634.

Birinci misranın əbcəd nəticəsi (503) ilə ikinci misranın əbcəd nəticəsini (634) toplayanda alınan 1137 rəqəmi hicri-qəməri təqvimlə, onun miladiyə çevrilməsindən alınan 1725 rəqəmi isə çağdaş təqvimlə sözügedən təcnisin yaranma tarixini göstərir. Beləliklə, yuxarıdakı misallardan və ustad aşığın öz dilindən səslənən tarixi məlumatlardan belə məlum olur ki, Aşıq Abbas Tufarqanlı 1630-cu ildə Cənubi AzərbaycanınTəbriz bölgəsindəki Tufarqan qəsəbəsində doğulmuş və təxminən 95 yaşında, 1725-ci ildə Təbriz şəhərində dünyasını dəyişmişdir.

# 2975 dəfə oxunub

Müəllifin son yazıları

# # #