İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar 

İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar 
26 noyabr 2020
# 14:53

Bu gün gənc yaşda dünyasını dəyişmiş şair Aydın Əfəndinin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Aydın Niyazi oğlu Əfəndiyev 1959-cu il noyabrın 26-da anadan olub. Orta məktəbi rus dilində bitirdikdən sonra riyaziyyat sahəsi üzrə təhsil alıb. 24 yaşında riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsi alıb. Akademiyanın Riyaziyyat İnstitutunda işləyib. Finlandiya Universitetlərinin birində mühazirə oxuyub.

***

Onun erkən və gözlənilməz uğurları çoxlarını təəccübləndirib. Çox parlaq istedadı, heyrətamiz mütaliəsi olub. Ədəbi yaradıcılığa 1981-ci ildə başlayıb. Aydın Əfəndi yapon mədəniyyəti, ədəbiyyatı ilə maraqlanıb və yapon dilini öyrənib. Yaradıcılığında tanınmış yapon şairləri Simadzaki Toson, Takamura Kotaro, Takahaşi Şinkitinin motivləri müşahidə olunur. Eyni zamanda onun şeirlərində Tomas Eliotun böyük təsiri olduğu qeyd edilir.

***

Əsərlərini və şeirlərini rusca yazıb. “Kütlə”, “Mənsizlik”, “Zaman içində tək”, “Bağışla” adlı şeirləri oxucular arasında böyük məşhurluq qazanıb. Aydın Əfəndinin “Сотвори себе остров” (Öz adanı yarat) adlı ilk şeirlər kitabı ədəbi mühitdə böyük maraqla qarşılanıb. İkinci kitabı “Отсутствие” (Yoxluq) 2002-ci ildə, ölümündən sonra çap olunub.

***

Elmlə məşğul olduğu dövrlərdə dəfələrlə yaradıcılıq ezamiyyətlərində olan Aydın Əfəndi bu təəssüratlarını “Bakılılar” adlı yarımçıq qalmış romanında qələmə almağa çalışıb. 80-ci illərin birinci yarısında yazılmış roman 12 müxtəlif hekayədən ibarətdir. Roman sovet quruluşunun son illəri və dövrün insanlarının daxili dünyasından bəhs edir.

***

Aydın Əfəndi bu gün ədəbi mühitdə kifayət qədər tanınan Həmid Herisçi, Mahir Qarayev, Paşa Əlioğlu, Adil Mirseyidlə çox yaxın dost olub. Dostları onu istedadlı şair, qeyri-adi insan, intellektual ədəbiyyat adamı kimi xatırlayır.

***

Adil Mirseyid Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olanda atası Mirseyid kişi ona bahalı bir yapon saatı alır, saatın arxasını da yazdırır. Adil arxası yazılı bahalı yapon saatını bir-iki günlüyə qohumuna verir. Ancaq ata yadigarı saat geri qayıtmır. Aradan illər keçəndən sonra əlinə keçən pulla eyni saatdan alır, amma bu dəfə öz puluna aldığı saatı qardaşına bağışlayır. Dostunun saatsız qaldığını görən Aydın Əfəndi öz qızıl saatını qolundan açıb Adilə bağışlamaq istəyir. Adil Mirseyid dostunun saatını götürmür. Aydın Əfəndinin ölümündən sonra Adil "Aydın Əfəndinin qızıl saatı və vaxtsız ölümü" adlı bir esse yazır.

***

Mahir Qarayev onun haqqında xatirələrində deyir: “Bir dəfə mənə Xaqanidən danışırdı. Xaqanini rusca oxumuşdu. Mən, Paşa Əlioğlu və sonra Həmid də onunla dost oldu. Özünə çox inamlı idi. Deyirdi, sabah görüşərik, ancaq iki ay yoxa çıxırdı. Standart deyildi, hər dəqiqə ondan nəsə gözləyirdin. Ya dava edəcəkdi, ya çox içəcəkdi. Ən yaxşı qızlarla tanış olmuşdu. Qızla iki dəqiqə danışırdı, nə deyirdi, nə demirdi, qızı razı salırdı. Darıxan insan idi”.

***

Aydın Əfəndinin ən yaxın dostlarından biri əmid Herisçi müsahibələrinin birində Aydını xatırlayır: “Aydınla tanışlığımız çox əcaib məsələdir. Aydınla tanış olduqdan sonra bildim ki, o, Xaqani Şirvaninin nəslindəndir. Xaqaninin əmisi Kafiyəddin Ömər Aydın Əfəndinin ulu babası sayılır. Aydınla qonşu olmuşuq. Bizim bina ilə qonşu olan binada yaşayırdı. Çox maraqlı və mütaliəli, eyni zamanda gözlənilməz insan idi. Həyat tərzinə görə onu Ştirlisə bənzədirəm. Qızların sevimlisi idi və qızlarla tanış olmaq onda xüsusi qabiliyyət sayıla bilərdi. Bildiyimə görə, yüksək dozada narkotik qəbul etdiyi üçün dünyasını dəyişib.”

***

Deyilənə görə, Aydın əfəndi gənc içkiyə meylli idi. İçki aludəçiliyinin kökündə böyük şəxsi faciəsi dayanırdı. Bu faciə konkret olaraq nə idi? Dəqiq deyən yoxdur. Çox gec ailə həyatı qurub. Dünyasını dəyişəndə övladı 3-4 həftəlik olub.

***

Rəssamlardan Van Qoqu çox sevirdi. Hərdən otağını onun tablolarındakı evlərə bənzər qurur, dostlarını dəvət edirmiş. Dostu Paşa Əlioğlu ilə birlikdə Van Qoq haqqında ssenari yazsalar da sonradan həmin ssenari itib.

***

Andrey Tarkovskinin fanatı olub. O, rejissor Sergey Paracanovun “Aşıq Qərib” filminin mətnini yazanlardan biridir. Belə ki, film çəkiləndə Azərbaycan dilində olması nəzərdə tutulub. Filmin mətnini yazmağı isə Həmid Herisçi, Aydın Əfəndi və Paşa Əlioğluna həvalə ediblər.

***

Aydın Əfəndinin təbəddülatlar, axtarışlar içərisində keçən həyatı 37 yaşında, yaradıcılığının ən parlaq dövründə sona çatıb. 26 avqust 1996-cı ildə vəfat edən Aydın Əfəndi Şamaxının Pir Dədəgünəş kəndində dəfn olunub.

***

Bəzi dostları onun yüksək dozalı narkotik və alkoqol qəbul etdikdən sonra dünyasını dəyişdiyini deyir. Bəziləri isə Aydın Əfəndinin içki aludəçisi olmadığını, hərdən və çox az miqdarda içdiyini iddia edir. Aydının intihar etmə ehtimalı da zaman-zaman dolaşan şayiələrdəndir.

# 9411 dəfə oxunub

Müəllifin son yazıları

# # #