Anası onu atıb ərə getdi, qardaşı süd qazanında yandı, küçədə şərlənib tutuldu - “20 yanvar”a görə infarkt keçirən sənətkar

Anası onu atıb ərə getdi, qardaşı süd qazanında yandı, küçədə şərlənib tutuldu -  “20 yanvar”a görə infarkt keçirən sənətkar
12 oktyabr 2020
# 14:43

Bu gün tanınmış el sənətkarı, əməkdar mədəniyyət işçisi aşıq Mikayıl Azaflının anım günündür. Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir.

Mikayıl Cabbar oğlu Zeynalov‎ 21 mart 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.

***

Mikayıl Azaflı atası Cabbar Zeynal oğlunu erkən itirib. O, 3 yaşına qədər anası Nənəxanımın himayəsində böyüyüb. Ailədə iki qardaş olublar. Qardaşı iri süd qazanına düşərək yanıb. Mikayılın 3 yaşı tamam olanda anası Mikayılı əmisi Həsən kişiyə verib, özü isə ikinci dəfə ailə qurub. Həsən kişi yaxşı saz çalarmış. Mikayıl Azaflı ilk dərsini Həsən əmisindən alıb. Bir müddət sonra Həsən kişi də dünyasını dəyişib və o, onların övladlarına baxmalı olub.

Aşığın həyatı çox keşməkeşli olub. Hələ orta məktəbdə oxuyanda qaçaqlıq həyatı yaşamağa məhkum olub. Yeddinci sinifdə oxuyanda Stalinin şəkilini kitabının üzərinə yapışdırır. Uşaqlardan biri bu şəkli eybəcər formaya salır və üzərinə mürəkkəb tökür. Bu hadisəni direktora xəbər verirlər. Mikayıl direktora deyir ki, “mən eləməmişəm”. Direktor deyir: "Mənim sənə köməyim bu olar ki, qaç canını qurtar. Artıq NKVD-yə xəbər veriblər". Bununla da Azaflının qaçaqlıq həyatı başlayıb. Meşələrdə gizlənib, ağacların başında yatıb və yıxılmamaq üçün özünü kəmərlə ağaca bağlayıb. Gecələr isə qəbiristanlıqda yatırmış. Bir müddət sonra Goranboyda qohumlarının yanına gedir. Bir ay burada qalır. Qohumları onun qaçmaq səbəbini biləndən sonra evlərində saxlamırlar. Gələcək həyat yoldaşı ilə tanış olana qədər beləcə yaşamağa məhkum olur. Sevdiyi qızın anası Mikayıl Azaflını üzə çıxarır, onu qaçaqçılıq həyatından qurtarır. Aşıq ailə qurandan sonra təvəllüdünü dəyişərək başqa bir adamın yerinə Goranboy rayonundan müharibəyə göndərir.

Rus zabitləri dil bilməyən əsgərləri güllələyirmişlər. Mikayıl Azaflı da rus dilini bilmədiyi üçün bir dostu ilə çox çətinliklə cəbhə bölgəsindən qaçır və Bakıya gəlir. Bu xəbəri bir yolla Mircəfər Bağırova çatdırırlar və onu həbs edirlər. Həbsin səbəbi onun adının Tovuz rayonu siyahısında olmaması olur.

***

4 övladı olandan sonra həyat yoldaşından ayrılır və başqa bir qadınla ailə qurur. Ondan iki övladı olur. Sonradan isə birinci xanımı ilə uşaqlarına xatir barışır. Bunun ayrıca bir əhvalatı var. Bir gün Azaflı dostugilə qonaq gedir və görür ki, bütün ailə bir arada deyib-gülüb xəngəl yeyir. Bu zaman o, doluxsunur. Dostu bunun səbəbini soruşur. O, ailəsindən ayırlması barədə dostuna danışır. Dostu uzun müddətdən sonra onları barışdırır. Bundan sonra onun başqa övladları dünyaya gəlir.

***

1954-cü ildə Salyan aşıqları Tovuz aşıqlarına bağlama - qıfılbənd göndərirlər. Həmin bağlamanı heç kəs aça bilmir. Nəhayət bağlamanı Mikayıl Azaflıya göndərirlər. O, bu bağlamanı açır. Ancaq bir yerində ilişib qalır. Gecə yuxusuna Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlı girir. Üzlərini Mikayıldan döndərib deyirlər ki, səndən küsmüşük. O nə qıfılbənddir ki, aça bilmirsən. Səhər Azaflı oyanır. Aşıq Əkbərin yanına gedir. Və birlikdə Hüseyn Bozalqanlının məzarına gedirlər. Mikayıl "Məzarına ziyarətə gəlmişəm, Yad ellər üstümə ayaq alıbdır" şeirini deyir və orada da yatır. Yuxuda Aşıq Hüseyn Bozalqanlı deyir: "Əsəd, Mikayıl gəlib, gör nə istəyir?" Aşıq Əsəd deyir: "Mən ondan küsmüşəm. Mikayıl ay və günü bölüb çıxa bilmir, mən ona nə deyim". Beləcə bu bağlamanı açır və buna cavab yazır.

Radioda aşıq musiqisinin yeni-yeni səsləndirilən vaxtları olub. Tovuzun o vaxtkı birinci katibi Kərimov aşıqları çağırıb deyir: "Necə olur ki, Tovuz aşıqlar yurdu ola, amma radioda çıxış etməyələr. Siz də çıxış etməlisiniz". Aşıqlar yığışıb xor oxumaq istəyirlər, amma hansı sözü oxuyacaqları üstündə sözləri çəpləşir. Biri Səməd Vurğunun "Azərbaycan" şeirini, başqa biri isə Hüseyn Bozalqanlının "Yaşa-yaşa, Azərbaycan" şeirini təklif edir. Konsert pozulur. Azaflı bu münasibətlə "Bizim aşıqların xor düzəltməyi, Tükənməz aylara, illərə qaldı" şeirini deyir, aşıqlar inciyirlər. Raykoma gedib şikayət edirlər ki, Azaflının sazı alınsın. Özünə də aşıqlıq eləməyə qadağa qoyulsun. Təsadüfən o vaxt nəşr olunan "Kommunist" qəzetinin müxbiri gəlib ora çıxır. Deyir ki, bu şeir təhqir deyil, tənqiddir. Sonra aşıqlar kimə deyirlərsə ki, Mikayıla tənqidi şeir yazsın, heç kim razı olmur. O zaman aşıq Qəhrəman Molla Əhmədin yanın gedir. Xahiş, minnət edir ki, Mikayıla cavab versin. Molla Əhməd bir şərtlə razılaşır ki, onun adı olmasın. Şeiri "Bənnaçı" imzası ilə Mikayıla göndərirlər. Şeir Azaflının aşıqlara yazdığı "Qaldı" rədifli şeirinə cavabdır.

Azaflı Mikayıl həm də Səməd Vurğunun xeyir-duası ilə aşıqlıq sənətinə başlayıb. Gənclik illərində Azaflı Goranboyda olanda Borsunlu Məzahirin təşkil etdiyi aşıqlar məclisinə gəlir. Bir gün Məzahir Daşqın Səməd Vurğunun gələcəyini deyir. Vurğun gəlir və şeir oxuyur. Azaflı da şeir oxuyur. Vurğun ondan ən böyük istəyinin nə olduğunu soruşur. Mikayıl müəllim olmaq istədiyini deyir. Səməd Vurğun iki kağız yazır. Birini aşıq Mirzəyə ki, bu adamdan yaxşı aşıq olar, onu şagirdliyə götür. İkincisini də Qazax müəllimlər seminariyasının direktoruna ki, onu seminariyaya qəbul etsin. Bir də öz xətti ilə "Saqiya" şeirini yazıb verir. Azaflını seminariyaya qəbul edirlər. Amma təsadüfən kəndlərindən bir nəfər gəlib ora çıxır. Mikayılı görəndən sonra gedib direktora deyir ki, bu adam siyasi məhbusdur, burada nə işi var? Onu seminariyadan azad edirlər. Artıq Aşıq Mirzə də dünyasını dəyişmiş olur. Mikayıl Aşıq Əsədin yanında şagirdliyə başlayır. Onun ölümündən sonra Aşıq Yusifin şagirdi olub.

***

Mikayıl Azaflı dissident şair olub. Məclislərdə sovet hökümətini tənqid edən şeirlər oxuduğu onu şərləyib tutdururlar. Hadisə isə belə olur. Tilfisdə bir dostu ona bahalı makintoş bağışlayır. Şəhərdə əynində tuturlar. Bir adam gəlib deyir, bu makintoş mənimdir, cibində adım yazılıb. Açıb baxırlar ki, düz deyir. Azaflı dostunu satmır, özü həbsə gedir. Düşünür ki, dostu özü üzə çıxar, etiraf edər. O isə gəlmir. Beş il iş verirlər, dörd ilini yatandan sonra, əsl oğruları tapırlar.

Zindandan çıxanda bütün aləmə səs yayılır ki, Mikayıl azad olunub. Bu zaman, onun evinə 100-dən artıq başı bəzəkli qurbanlıq quzular göndərilir.

***

Mikayıl Azaflının zindanda yazdığı məşhur şeirlərindən biri olan "Ağarmayın, ay saçlarım" şeirinin qəribə tarixçəsi olub. Onu həbs edərkən üzünü-başını tük basıbmış. Buna görə bərbər çağırırlar. Mikayıl Azaflı güzgüyə baxarkən özünü tanımır və görür ki, güzgüdən elə bil başqa adam boylanır. Saçı-saqqalı bir neçə gün içində ağarıb. Orada "Güzgü" şeirini yazır.

Anası başqa ərə getdiyinə görə anasını bağışlamır. Onunla sonralar görüşsə də, qəlbi sınıq qalır həmişə. Anası öləndə türmədə olur. Böyük qızı Dilarə bu xəbəri ona şeirlə yazır. O da kədərli bir şeirlə cavab verir. Türmədə olduğuna görə anasının yasında iştirak edə bilmir.

***

1990-cı ildə böyrəyində problem yaranır. Biləcəridə dəmiryolçuların xəstəxanasında yatanda, gecə 20 Yanvar hadisəsi baş verir. Yanına gələnlər ona deyilər ki, Bakını yerlə yeksan elədilər, adamları qırdılar. Mikayıl Azaflı elə o andaca infarkt keçirir. Ruh düşkünlüyünə qapılır, dərmanlarını içmir. Həmin ilin oktyabrınacan yaşayır. Oktyabrda əməliyyat olunsa da, əməliyyatdan çıxmır. 1990-cı ilin oktyabrın 10-da rəhmətə gedir, 12-si dəfn olunur.

# 14046 dəfə oxunub

Müəllifin son yazıları

# # #