Əylisə həsrət qalan Əkrəm – Yazıçını tənqid etdilər

Əylisə həsrət qalan Əkrəm – Yazıçını tənqid etdilər
4 sentyabr 2020
# 12:03

Kulis.az Əkrəm Əylislinin “Ömür kimi bir gecə” hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Gallery

Mehman Qaraxanoğlu

Həyətə düşərkən daima iki qara siçovulun müşayiət etdiyi 27 yaşlı gənc yazıçı Mehmanın “ömür kimi bir gecə”si dərzi Fərruxun ona kirayə verdiyi “zirzəmifason” otağında keçir. Qaramat basmış bu ev əslində, bütöv bir yüz ili simvolizə edir. Bir vaxtlar burada “yazıçı, tənqidçi, tərcüməçi” Mirzə Müştaq Əbdülbaqi yaşamışdır.

“Nəsillərarası mübarizə”nin baş ideoloqu “Yekəpər” gələnə qədər də “əhvalı bəs deyincə zay” olan Mehman həmin gün ən pis xəbəri nəşriyyatdan eşidir: Kitabı çap olunmayacaq! Absurd bir səbəbə görə! Kiçik bir hekayə ərazisinə ötən əsrin əvvəllərindən (Mirzə Müştaq Əbdülbaqidən) günümüzə qədər (Mehmana qədər – 27 yaşlı Mövluda qədər!) olan acı reallıqları bəzən açıq (yeri gəlmişkən, “açığ”a, çılpaq “radikallığ”a qarşıyıq, çünki mətnin universal sərhədlərini daraldır), bəzən də eyhamla, hətta gizli kodlarla yerləşdirib şəkilləndirən müəllif, həm də “Cinayət və cəza” ruhunun bütün zamanlarda ölməzliyini dərin daxili-psixoloji və emosional gərginlik müstəvisində əks etdirir.

Dünya “27 yaşlı” Raskolnikovlarla doludur. Onlar hər gün həqiqətin yuxu üzündə köhnə Alyonaların yeni “versiyası” olan “biznesmen” Natanları öldürüb polisə könüllü təslim olurlar.

İnsan içərisində olduğu çamuru, qəddar murdarlıqları hər bir vəchlə “itələyir”, sübut etmək istəyir ki, mənim obrazım burada yoxdur. Bizim hamımız bu hekayədəyik. Ona görə də hekayəyə olan aqressiyanı başa düşmək lazımdır. Amansız həqiqətdir! Yazıçı bizi əclaf edən dünyanın ənlik-kirşanını təmizləyib, onun əsl simasını göstərir. Həmin əsl sima elə biz özümüzük...

Gallery

Mübariz Örən

Əkrəm Əylisli nə yazsa - qənimətdi. Ondan nə oxusaq, zövqə, ruha qidadı. Çünki onun mətnləri də o unudulmaz Bibi kimi nəğməkardı; hərəsinin öz şirin nəğməsi var. Bəlkə də dilin sehridi, şirinliyidi, ola bilər. Bu hekayədə çox incə, ağrılı mətləblərə toxunulub. Hardasa oxudum, deyəsən, gənc qələm dostum A. Ayvaz yazmışdı, indi kitab çıxarmaq problem deyil və qəhrəmanın bunu özünə dərd eləməsi, qanını qaraltması təzə görünmür, ola bilər. Amma orda daha böyük mənəvi ağrılar da var, məsələn, siçanların - şəhər mühitinin ömrümüzü xımır-xımır və xırıd-xırıd yeməsi, ətrafımızdakı mənasız şeyxnəsrullahların ömrümüzü-günümüzü, beynimizi xarab eləməsi, həmişə nicat, xilas yerimiz olan anamızın - kəndin isə bizi gözləməməsi, gəlişimizə sevinməməsi, ən dəhşətlisi isə bizsiz yaşamağa öyrəşməsi!.. Hekayədə hər obraz bir məna kəsb edir və hər obrazın həyatda gözlərimiz önündə canlanan real prototipləri var. Ə.Əylislinin, demək olar ki, əksər əsərlərində Qayıdış var! Lakin bu İtakaya qayıdışdan fərqli - Əylisə qayıdışdı. Bu qayıdış həyatın çirkablarından, haqsızlıqlarından yorulmuş qəhrəmanın doğma səsə, işığa, saflığa, duruluğa qayıdışıdı, amma... artıq kənd də əvvəlki işığı, səsi, saflığı, duruluğu qoruyub saxlaya bilməyib... Əylisin rus dili müəllimi Zeynal müəllimin o frazası yadımda qaldı: "Yaşamaq da yuxu görmək kimi bir şeydir: gah yaxşısın görürsən, gah pisin". O frazanı dəyişib özüm üçün - yazım alınmadığı vaxtlar üçün - yaddaşıma belə saxladım: "Yazmaq da yuxu görmək kimi bir şeydi: gah yaxşısını yazırsan, gah pisini". Əsas odu ki, yazaq!

Gallery

Şərif Ağayar

Əkrəm Əylisinin hər bir cümləsinə sevinən adamam. O, Azərbaycanda yeganə yazıçıdır ki, son vaxtlar yazdığı hekayələrə tənqidçi-təhlilçi gözü ilə baxa bilmirəm. Ədəbiyyat uca bir dünyadır, amma bəzən ədəbiyyatdan da uca, müqəddəs hisslər olur. Əkrəmin bu yaşda üzləşdiyi hadisələr onun haqqında tənqidi düşünməyimə mane olur. Düşünürəm ki, o, dözürsə, hələ də yazırsa, bu, yalnız alqışa layiqdir. O cümlədən “Ömür kimi bir gecə” hekayəsi... Xüsusən, hekayələrindən boylanan Əylis nostaljisi, Əylis həsrəti... Bu yaxınlarda möhkəm xəstələnmişdim, özümdən asılı olmadan biz tərəflər haqqında düşünür, biz tərəflərdən olan aşıqlara, xanəndələrə qulaq asırdım. Bütün günü “google map”da kəndimizə səyahət edirdim. Təsəllim vardı: oralar işğaldadır və nə zamansa azad olunacaq.

Əkrəm Əylisli sərbəst buraxılıb

Əkrəmin göz bəbəyi kimi sevdiyi, Buzbulaq kimi əfsanələşdirdiyi, adını dünyayla bir etdiyi doğma Əylis işğal altında deyil, amma Əkrəm o kəndə gedə bilmir. Bu, dəhşətlidir! Belə bir reallıqda Əylis havası duyulan bir hekayəni ədəbi kriteriyalarla təhlilə çəkmək ağlıma gəlmir. Təhlili öz içindədir bu hekayənin. Qəhrəmanın yuxudasa öz həyətlərinə qayıtmasındadır. “Ürək yaman şeydir” hekayəsində qəhrəman gənc həmyerlisini şəhərdən kəndə göndərir, buralarda qalıb korlanma deyir. Lakin Əkrəmin son hekayələrində qəhrəmanlar müxtəlif səbəblərdən kəndə gedə bilmir. Buralarda qalıb korlana, kəndə gedib xilas ola bilmirlər. Azərbaycanın özü kimi yaxşı ilə yamanın, keçmişlə gələcəyin, sosializmlə kapitalizmin, avtoritarizmlə demokratiyanın arasında sərgərdan qalıblar. Ağırdır Əkrəmi oxumaq. Ağrılıdır. Həm də gözəldir. Ləzzətlidir. Yazması, özünü ifadə etməsi, ağrı-acılarını, bəzən qəzəbini vərəqlərə tökməsi onun üçün də, bizim üçün də bir təsəllidir.

Gallery

Sevinc Elsevər

Ənənəvi Əkrəm Əylisli hekayəsidir. Ayxan Ayvazın yazısını hekayədən qabaq oxumuşdum. Kitabın çapı ilə bağlı məsələyə toxunmuşdu, yazmışdı ki, Sovet dövrü ilə indiki dövrü qarışdırıb. Bu nəşriyyat çap etmir, o biri nəşriyyata aparsın kitabı gənc yazıçı. Sovet dövrü deyil artıq. Burda Əkrəm müəllim deyə bilər ki, qəhrəmanının fikri var ki, kitabı müstəqil nəşriyyatın hesabına çap etdirsin, ancaq pulu yoxdur. Çünki o nişanlanmaq üçün üzük də ala bilmir. Dissident də deyil əsərin qəhrəmanı, deyəsən ki, dissidentdir, ona görə çap eləmirlər. Orda hekayənin qəhrəmanının yazdığı romandan ilk cümləni sitat gətirir, redaktor da o cümlə haqqında belə deyib: “Bu cümlədən qan iyi gəlir, ona görə sil bunu.” O cümlədən yüz dəfə artıq qan iyi verən cümlələr yazmışıq biz gənc yazıçılar. Əkrəm müəllim öz obrazını yaratmaq istəyib. Həm istəyib qəhrəman özünə oxşasın, həm yox. Ən çox qəhrəmanın yuxusu təsvir olunan hissəni sevdim.

Gallery

İlham Əziz

Əvvəla onu bildirim ki, Əkrəmin mətnləri, Ordubad meyvələri kimi yerli brenddir. İçində dəyməmişi də var, yetişib sulu olanları da. Bu hekayənin bir üzü kal, bir üzü isə yetişmiş və ləzzətlidir. Əkrəmi Markes olmağa qoymayan irrasional qatının olmamasıdır, qalan parametrlərdə bəlkə ondan da güclüdür. Bu hekayənin də irrasional qatı yoxdur, hətta qəhrəmanın yuxusu da rasionaldır. Hərçənd yazıçı hekayədə siçovullarla nəsə edə bilərdi, o yetimləri də, yekəpər şair kimi ortada buraxıb. Hekayənin məni qane etməyən bir göstəricisi də işarə vurduğu sirlərin ardıcıllıqla özü tərəfindən izah edilməsdir. İzahın bədii mətni necə korlamasını Əkrəm hamıdan gözəl bilir. Bütün mətnlərində olduğu kimi bu mətndə də “yetişmiş”, dadından doymaq namümkün olan cümlələr və atmosfer var. Qəhrəmanın anası və sevgilisi barədə düşüncələri, o atmosfer ustalıqla işlənib. Düzdü bəzi cümlələrdə sözlərin səhv seçilməsi, publisistik ifadələr də var. Mənə elə gəlir ki, bunlar mətni köhnəlikdən çıxarmaq cəhdidir. Əkrəmin yaşının müdrik çağında məhsuldar olması gözəldir. Hesab edirəm ki, Əkrəmin şəxsiyyət vəsiqəsini qaytarsalar, Əylisə getsə, Ordubadın meyvələrindən özü dərib yesə, mətnləri travmadan azad olacaq.

Gallery

Mirmehdi Ağaoğlu

Əkrəm Əylislinin bu yaşda da qələmi yerə qoymayıb müntəzəm şəkildə yazması sevindiricidir. Bundan öncəki hekayəsi də hardasa iki ay əvvəl çap olunmuşdu. Ümumiyyətlə, son iki-üç il ərzində Əkrəm müəllimin səhv etmirəmsə iki povest, dörd hekayə yazıb. Bir kitablıq məhsuldur. Əkrəm müəllimin yazdıqlarının bədii dəyəri bir kənara təkcə bu məhsuldarlıq cavanlar üçün stimul ola bilər.

Əkrəm Əylislinin son dövrdə yazdıqları mövzu baxımından aktuallığı ilə də diqqətçəkəndir. Bu, o deməkdir ki, mövzu dalınca dağa-dərəyə qaçmaq lazım deyil, gözümüzün önündədir. Əkrəm müəllim real vaxtda baş verənləri kağıza köçürür. Elə “Ömür kimi bir gecə”dən əvvəl yazdığı “Ölmüş arvadların qayıtmağı” hekayəsinin koronavirusdan bəhs etməsi də buna nümunədir.

“Ömür kimi bir gecə” hekayəsinə gəldikdə isə mən daha çox koronavirusdan bəhs edən hekayəni bəyənmişdim. Bu hekayədə isə Əkrəm Əylislinin nəsrinə məxsus olmayan Dostoyevskinin “Cinayət və cəza”sına, Yusif Səmədoğlunun “Qətl günü”nə göndərmələrə rast gəldim. Əlbəttə, onun yaradıcılığı üçün dominant olan Əylis mövzusu, kənd həsrəti, yuxu priyomu bu hekayədən də xali deyildi.

Əkrəm Əylisli Azərbaycanın elə bir yazıçısıdır ki, o, nə yazsa maraq doğuracaq. Çünki bir sözü belə hədər yazmaz. Bu hekayə də həmin qəbildəndi.

# 4057 dəfə oxunub

Müəllifin son yazıları

# # #