İsrafil İsrafilova sərt cavab gəldi - “Klas-klas” oyunu

İsrafil İsrafilova sərt cavab gəldi - <span style="color:red;">“Klas-klas” oyunu
5 iyul 2016
# 13:24

Sənətşünas İsrafil İsrafilovun “O bizi deyib gəlmişdi…” sərlövhəli məqaləsinin cəmi iki abzasına təhlil

İsrafil İsrafilovun Akademik Milli Dram Teatrında hazırlanmış “Ölülər” tamaşası haqda yazısının adı belədir: “O bizi deyib gəlmişdi…”

Düzü, məqaləni bütövlükdə oxumamışam. Amma, ancaq, lakin və fəqət əvvəlinci ilə sonuncu abzasa nəzər salarkən belə başa düşdüm ki, hörmətli İsrafilov bu yazıda yeni tamaşanı tənqid edib.

Əlbəttə, hər hansı bir əsəri tənqid də etmək olar, tərif də...

Məni indiki halda həmin məqalədə deyilənlərin həqiqəti nə dərəcədə əks etdirib- etdirməmsi deyil, İsrafilovun məqaləsindən oxuduğum o iki abzasda nəyin necə, nə cür ifadə olunmasıdır.

Vaxt itirmədən faktlara üz tutaq. Birinci abzasda oxuyuruq: Kassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir. Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri” (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir. Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfını amansızlıqla çıxır. Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”.

Əvvəlcə cümlənin birinci hissəsinə fikir verək: “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün...” Görünür, müəllif bilmir ki, “klassika”nın “ədəbi-bədii bətnində” heç də hər zaman “əbədi mənalar” qərar tutmur və ya heç qərar tutmalı da deyil. Çünki klassika təkcə ədəbi və bədii mətnlərdən ibarət olmur axı. Musiqi və rənglərdən yaranan klassika da var, hələ üstəlik səslərdən və daşlardan yaranan klassika da . Müəllif deyə bilər ki, o, burada dramaturgiyanı və ya klassik dramaturgiyanı nəzərdə tutub. Ola bilər. Amma güman ki, o, bunu ürəyində tutubmuş. Çünki təqdim olunan cümlədən heç də belə bir fikir (ümumiyyətlə, hansısa bir fikir) hasil olmur.

İndi isə gəlin həmin cümləni bütövlükdə nəzərdən keçirək: “Klassikanın ədəbi-bədii bətnində əbədi mənalar qərar tutduğu üçün o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. Bu cümlədən hansı fikir hasil olur? Necə yəni, “o, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”. “O” yəni kim, nə? Yəqin ki, müəllif burada da hansısa “klassikanı” nəzərdə tutur. Bir də ki, klassika təkcə zamanın fövqündə yaşamır axı. Hələ bir cümlənin pafosuna fikir verin: “O, zamanın fövqündə yaşamaq qüdrətinə malikdir”.

Həmin abzasdakı ikinci cümləyə nəzər salaq: “Bəlkə elə bu səbəbdəndir ki, klassikanın cazibəsinə dayanmaq çətindir, "ondakı tilsimləri” (B.Vahabzadə) qırmaq avantürası sənət adamlarına rahatlıq vermir”.

Görəsən, “klassikanın cazibəsinə dayanmaq” nə deməkdir? Görəsən, böyük şairimiz Bəxtiyar Vahabzadənin dilindən təhrif olunmuş şəkildə verilən “ondakı tilsimləri” qırmaq avantürası” ifadəsinin dilimizdə açması nədir?

Klassika və avantüra... Belə yerdə dramaturgiyanın atası hesab olunan qoca Esxili ağlamaq... bağışlayın, gülmək tutar ya turmaz?

Hələ bu bir abzasda “klassika” sözünün aşırı dərəcədə işlədilməsindən dolayı yaranan ədəbi-estetik-qrammatik “diskomfortu” demirik.

Növbəti cümlədə oxuyuruq: “Amma burası da var ki, öz zənginliyini təmkinlə qoruyan klassika özünə qarşı naşı kobudluğun hayıfını amansızlıqla çıxır”.

Tərkiblərə fikir verin bir: “öz zənginliyini təmkinlə qoruyan klassika”, “özünə qarşı naşı kobudluğun”... Görün, nə qədər orijinaldır: “naşı kobudluq”. Və nəhayət, dilimizin inkişafına əsl töhfə ola biləcək ifadə: “hayıfını amansızlıqla çıxır” ... “Hayıfını çıxır” ha... Görəsən o “hayıfını” deyilən nəsnə kimdən, nədən çıxılır”? Bu yerdə adamın yadına istər-istəməz Fridrix Engelsin məlum-məşhur bir ifadəsi düşür: “Təbiət ona qarşı edilən qəsdin hayıfını insanlardan çıxır”. Çox hörmətli İsrafilovun fikri Engelsi mat qoya bilər.

Buyurun, bu da birinci abzasın son cümləsi: “Bəli, klassika sənətkara öz sirlərini açmağa imkan versə də, diletantı rüsvay etməklə cəzalandırır”.

Necə yəni “klassika sənətkara öz sirlərini açmağa imkan versə də..”? Bəlkə müəllif burada “sənətkar” sözünün əvvəlində hansısa epiteti, istiarəni yazmağı unudub? Yəqin ki, bu elə-belə sənətkar ola bilməz, axı, o sirləri açmaqla məşğuldur. Bəd ayaqda həmin “sənətkarın” yanına bir “dahi” təyinini də artırmaq pis olmazdı. Eləcə də “diletantı rüsvay etməklə cəzalandırır” nə deməkdir görəsən? Yəni diletantın şəxsi işinə yazılmaqla töhmət verilir, yoxsa o, işdən uzaqlaşdırılır? Hələ onu demirik ki, ta o yazıq diletantı “rüsvay edəndən” sonra cəzalandırmağa nə ehtiyac qalır? Zira ikinci cəza birincinin yanında toya getməlidir.

Hə, lap əvvəldə demişdim axı: çox-çox hörmətli İsrafilovun yazısından cəmi-cümlətanı iki abzas oxumuşdum və amacım da həmin iki cümlədəki fikirlərin mənasını özümçün (və əgər mümkün olarsa, oxucular üçün) çözməkdən ibarətdir.

İndi keçirəm ikinci abzasa: “2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır. Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir. Axı, o, bizi deyib gəlmişdi!..”

Əvvəlcə abzasın birinci cümləsinə nəzər salaq: “2015-2016-cı ilin teatr mövsümü ərzində hazırlanan heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən yeganə tamaşanın yaradıcılıq məqsədi cılız olduğu üçün sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”.

Əslində bu cümlədəki ifadələrin, söz birləşmələrinin və tərkiblərin hər birini ayrılıqda təhlilə və tənqidə cəlb etsəydik, bu “şərh” müəllifin bütöv yazısından çox yer ala bilərdi. Elə bu səbəbdən də təkcə həmin cümlənin özündən, lap “orijinaldan”, ilk mənbədən iqtibaslar verməklə kifayətlənirik: “teatr mövsümü ərzində”, “heç bir ciddi səhnə kəşfi, rejissor ixtirası müşahidə edilməyən”, “yaradıcılıq məqsədi cılız olduğu üçün”, “sərçəyə top mərmisi atılması kimi anlaşılmazlığı ilə yadda qalır”. Bəh-bəh... “Niyə bəs böylə bərəldirsən, a qare gözünü?” (M.Ə.Sabir). Sabirin yerinə kim olsaydı “qare” əvəzinə” bir “qara” sözü də yazardı, rəngləri tündləşdirmək üçün. Amma məqsədimiz zatən tünd olanı bir az aydınlaşdırmaqdan ibarətdir.

Və nəhayət: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir. Axı, o, bizi deyib gəlmişdi!..”

Yəqin müəllif bu cümlə vasitəsi ilə fikrini ya belə ifadə etmək istəyib: “Bu gün Mirzə Cəlilə və Azərbaycan tamaşaçısına belə münasibət təəssüf doğurur”, ya da ki belə: “Bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməlidir”.

Amma əvəzində görün nə alınıb? : “Amma təəssüflər olsun” cümləsində artıq fikir ala-yarımçıq da olsa bitib. Yəni bundan sonra ya “çünki” bağlayıcısına ehtiyac duyulmur, ya da ki, qrammatik qanun yeni cümlənin başlanılmasını tələb edir. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfisə ondan ibarətdir ki, cümlədə “nə” inkar əvəzliyindən (gərək ki, dilçilikdə belə deyilir) istifadə olunursa, ikinci bir inkara ehtiyac qalmır. Yəni məlum ifadə “layiq görülməməlidir” yox, “layiq görülməlidir” olmalıdır.

Hələ bunu da qoyaq bir kənara. İsrafilov bu məntiqsiz, müxtəlif qrammatik səhvlərlə dolu mətni bu sözlərlə bitirib: “Axı, o, bizi deyib gəlmişdi!..”

Kim? Kim bizi deyib gəlmişdi? Məqalə müəllifi müdrikcəsinə gülümsəyib deyə bilər ki, bəyəm bu cümlənin (daha doğrusu, “sizi deyib gəlmişəm” ifadəsinin) kimə məxsus olduğu sizə məlum deyil?

O məşhur cümlənin müəllifi hamıya məlumdur. Amma görək İsrafilov ondan əvvəlki cümlədə nə deyir? Məcburuq həmin cümləyə bir də qayıdaq: “Amma təəssüflər olsun, çünki bu gün nə Mirzə Cəlil, nə də Azərbaycan tamaşaçısı belə münasibətə layiq görülməməlidir”. Gördüyünüz kimi, bu cümlədə iki komponentə (və ya iki fenomenə) isnad olunur. Onlardan biri Mirzə Cəlil, digəri Azərbaycan tamaşaçısıdır. Bundan sonra “Axı, o, bizi deyib gəlmişdi!..” cümləsini oxuyan sıravı oxucu düşünməli olur: görəsən, “bizi deyib gələn” kim idi elə? Mirzə Cəlil, Azərbaycan tamaşaçısı, yoxsa...

Yoxsa “bizi deyib gələn” elə İsrafilovun özü imiş?

Hə, indi yadıma düşdü ki, “Ölülər” tamaşası haqqında yazan İsrafilovun özü bu son zamanlaracan Akademik Milli Dram Teatrın müdiri idi. Yəni, belə baxanda, o da kimisə deyib gəlmişdi.

Mən indi iki abzasını yüngülvari təhlilə cəlb etdiyim məqalədə, deyəsən, teatrın yeni tamaşası tənqid olunub. Mən məqalənin cəmi-cümlətanı iki cümləsini oxuduğum üçün o tənqidin nədən ibarət olması barədə heç bir fikir yürüdə bilmərəm. Yalnız onu deyə bilərəm ki, hər bir tamaşada qüsur ola bilər. Və yenə əlbəttə ki, hər tamaşa tənqid oluna bilər. Hətta, tamaşanın ortasında zalı tərk etmək də olar. Axı okean suyunun tamını bilmək üçün ondan bir-iki qurtum içmək kifayətdir. Elə zəif söz yığımından ibarət bir yazını da sonacan oxumağa ehtiyac qalmır. Bəzən bu və ya digər sicilləmənin kvintessensiyasını (mahiyyətini, cövhərini) duymaq üçün təkcə əvvəlinci və sonuncu abzası oxumaq yetərli olur.

Hə, onu deyirdim axı. İsrafilov bir müddət indi tamaşasını təhlil (olsun ki, tənqid) etdiyi teatrın müdiri olub. Həmin dövrdə orada çox solğun, ölgün, hətta demək olar ki, ölü bir mühit yaranmışdı.

Yaxşı ki, indi teatr “Ölülər”i dirildə bilib. Demək, hələ dirilər cərgəsinə qoşulmağa ümid var. Hər halda diriləri öldürməkdənsə, ölüləri diriltmək ideyası daha önəmli və ... hətta, bir az klassik təsir bağışlaya bilər.

P.S. Uşaqların “klas-klas” oyununu yəqin ki, çoxunuz yaxşı xatırlayır. Zahirən bəsit, sadə görünən bu uşaq oyunu, bəzən klassika haqda yazılan pafos dolu cümlələrdən (əgər bunları cümlə kimi qəbul ediriksə) daha mənalı və düşündürücü təsir bağışlayır.

Firuz Mustafa

# 1581 dəfə oxunub

Müəllifin son yazıları

# # #