İran rejissoru Kulisə yazdı­ - XARİCİ REJİSSOR QALMAQALI

İran rejissoru Kulisə yazdı­ - XARİCİ REJİSSOR QALMAQALI
17 may 2016
# 12:57

Son günlərdə Azərbaycan kino sahəsində bir qalmal baş verib. Xəbərlərdə oxudum ki, guya Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə bir xarici rejissor Bakıda tammetrajlı bədii film çəkir. Filmin adı “Üç gün və bir ömür”, rejissoru isə Babək Şirinsifətdir.

Yazıların birində belə bir ifadə yer alır: “Niyə milli film başqa ölkənin vətəndaşına həvalə edilməlidir?” Və ya başqa bir yazıda belə deyilir: “Hansı iranlı rejissordur bu filmi çəkən? Kiarastamidir, Məxməlbafdır, Məcid Məcididir, Cəfər Pənahidir bura gələn?”

Bunları oxuduqda çox məyus oldum.

Babək Şirinsifəti az-çox tanıyıram... İllərdir Azərbaycanda yaşayır... Rejissor karyerası tam Azərbaycanda formalaşıb... Azərbaycanda öz hesabına Qarabağ mövzusuna aid iki film çəkib. Biri sənədli film (“Sıfır saatının qatarı”), digəri isə tammetrajlı (“Rami”) filmidir. Bundan əlavə bir teleseriyalı da (“Çaqqalın nəfəsi”) Azərbaycan televiziyalarından yayımlanıb.

Amma nə oldu ki, o zamanlar kimsədən səs çıxmadı. Adam öz hesabına Qarabağ haqda film çəkəndə kimsə etiraz etmirdi ki, niyə İranlı rejissor Qarabağ haqda film çəkir. “Sıfır saatının qatarı” bir çox festivalda Azərbaycanı təmsil edib və Türkiyədə çox tamaşaçıya qaçqınların acılarını göstərib.

İndi Babək Şirinsifət nə qədər qonorar alır ki, bəziləri bu qalmaqalı salıblar. Filmin çəkiliş qrupu hamısı azərbaycanlıdır. Bircə rejissor İran vətəndaşıdır. Amma bu İran vətəndaşı bir azərbaycanlıdır. Səhərdən axşama dediyiniz 50 milyon azərbaycanlının birisi. Hər il 31 dekabrda yalandan bir neçə mərasim qurub, boş-boş şüarlar səsləndiməklə dunya azərbaycanlılarının həmrəyliyi mümkün deyil.

Yazıblar ki, İrandan rejissor dəvət olurdusa niyə Kirayustami, ya da Əsgər Fərhadi dəvət olmayıb. Bunu deyənlər nə dunya kinosundan bir şey anlayır, nə də İran toplumundan xəbərləri var. İranda çox adam bilmir Qarabağ problemi nədir. Qarabağ haradadır. Onların içində azərbaycanlılar da çoxdur. İnanmırsız, gedin İrana, bir neçə nəfərdən soruşun. Kiyarüstəmi, ya Fərhadinin nə vecinədir Qarabağ? İndi bir Azərbaycanlı rejissor, o 50 milyonun birisi ürəkdən Qarabağın dərdini öz dərdi bilib öz hesabına (bəlkə də borc edib) iki film çəkib. Buna dəyər vermək lazımdır, ya yox? İndi dövlət hesabına film çəkir deyə aləm qarışıb.

Elə keçən il “Əli və Nino” filmini xarici rejissor çəkmədi bəyəm? (Qeyd edilən film dövlət sifarişiylə istehsal olunmayıb - red. )Asif Kapadiya. Hindistanlı. Kimsədən səs çıxdımı? Ya biz elə millətik ki, özumuzu aşağılayıb özgəni yüksəltməyi bacarırıq.

Kimsənin xətrinə dəymək istəmirəm... Amma bu sözlər mənim xətrimə dəydi. Çünki mənim də rejissor karyeramın çoxu Azərbaycanla bağlıdır. Bədii, sənədli və teleseriallarımda hər zaman azərbaycanlı aktyor, operator, bəstəkarlarla çalışmışam. 1997-dən rəhmətlik Həsən Məmmədovla başlayan əməkdaşlığım o rəhmətə gedənəcən davam elədi.

2011-də 100 nəfərə yaxın azərbaycanlı aktyor teleserialımda iştirak edib. Bu günə qədər də Azərbaycanda kimsədən bir qəpik də almamışam. Amma İranda kimsə mənə etiraz etməyib ki, nədən azərbaycanlı aktyor, ya bəstəkar, ya kameramanla çalışırsan? İranın parasını onlara niyə verirsən?

Gəlin adamlarımızı qoruyaq. Gerçəkdə həmrəy olaq. Kürd kinematoqrafçı dostlarımız İranda, Türkiyədə, İraqda və Suriyada bu həmrəyliyi yüksək dərəcədə göstərirlər. Biz nədən edə bilməyək?

Rza Siami

Kinorejissor

# 1780 dəfə oxunub

Müəllifin son yazıları

# # #