Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Qulu Əsgərovun əzablı günü” yazısını təqdim edir.
Yayın ortaları idi. Bağda idik. Sükunətli, susqun bağ həyatı, demək olar hər gün şəhərdən gələn gözləmədiyimiz bir qonağın sayəsində canlanırdı. O gün heç kimi gözləmirdik. Artıq axşamüstü idi. Darıxıb, atam Əliağa Kürçaylıdan bizi dənizə aparmasını istədik. “Hava küləklidi, ay uşaq, sabah gedərik” - dedi Kürçaylı. Əl çəkməyib yalvarmağa başladıq. Kürçaylı yumşalıb bizi maşına mindirdi, apardı dənizə. Çatan kimi soyunub küləkdən kükrəyən dənizə baş vurdu və xeyli uzaqda dənizin boy verməyən yerində sudan çıxdı. Sonra o başa-bu başa üzə-üzə bizi diqqətdə saxlamağa başladı. Həmişə belə edərdi. Çox yaxşı üzürdü, özü də dənizin dalğalı vaxtını xoşlayırdı.
Bir az keçmiş uzaqdan bir bulaşıq yaşıl qaz 21-in bizə sarı gəldiyini gördük. Kürçaylı yavaş-yavaş sahilə tərəf üzüb diqqətlə baxmağa başladı. Birdən üzü güldü, “Sən öləsən, Quludu, yaxşı oldu...” - deyib sudan çıxdı. Maşın gəlib bizimkinin yanında dayandı. Qulu Əsgərov aram-aram maşından çıxıb Kürçaylıya yaxınlaşdı. Əl tutub görüşdülər. Yalnız televizorda baxdığımız, heç vaxt yaxından görmədiyimiz, canlı Qulu Əsgərova diqqət kəsildik. Bir-iki dəqiqə keçməmiş qəribə bir səhnənin şahidi olduq. Kürçaylı “Günahdı, ay Qulu, heç olmasa qurşağacan gir suya, yüngülləş” deyə-deyə zorla kişini soyundururdu. Qulu Əsgərov əvvəlcə “Küləkdi, vallah üzə bilmirəm” deyib boyun qaçırmaq istədi. Gördü Kürçaylı əl çəkmir, onda boğazını bəhanə gətirib, soyuqlamaqdan qorxduğunu söylədi. Bu vaxt artıq Kürçaylı onu yarılüt eləmişdi, işin qurşaqdan aşağı hissəsini həll edirdi. Qulu Əsgərov “Əliağa, dəyişək götürməmişəm, qalsın sonraya” deyib əynini bərk-bərk qucaqlayırdı. Amma bunun da xeyri olmadı. Bir dəqiqədən sonra hamımız Kürçaylının həmlələrinə davam gətirməyən Qulu Əsgərovu sahildə çılpaq, yəni bircə qara tumanda gördük. Tuman deyəndə, bu çox uzun, hədsiz enli, torbaya oxşayan bir şey idi.
Elə o an küləyin qəfil qalxmasıyla bu qara şey yelkən kimi açılıb yellənməyə başladı və Qulu Əsgərov bu vəziyyətdən qurtarmaq üçün çarəsiz özünü dənizə təslim etdi. Lakin Kürçaylı onu suda da rahat buraxmayıb, indi də dərinliyə cəlb etməyə başladı. Qulu Əsgərovun “Əliağa, üzə bilmirəm, bataram” söyləməsinin də xeyri olmadı, Kürçaylı onu tovlaya-tovlaya artıq xeyli uzağa aparmışdı. Xülasə, dənizin şor suyundan Qulu Əsgərova bolluca içirəndən sonra Kürçaylı nəhayət ki, ondan əl çəkdi. Kişi Kürçaylıdan xilas olan kimi sudan çıxdı, cəld qaçıb girdi maşınına, başladı yaş-yaş tələsik geyinməyə.
Sonra qayıtdıq bağa. Maşınları həyətə salıb evə qalxdıq. Kürçaylı gördü Qulu Əsgərov maşından çıxmır. Pəncərələri də bağlayıb içəridən həyəti marıtlayır, “Qulu, çıxsana” dedi.
- Əliağa, o çalağandı nədi, salmısan həyətə, onu rədd elə, çıxım. Məndə salamat yer qoymadı, maşını da cızıq-cızıq eləyib, - cavab verdi Qulu Əsgərov.
Söhbətin nədən getdiyini dərhal anladıq. Bu, doğrudan da, əcaib bir məxluq idi. Bir il əvvəl bağımıza gələn bir qonaq özü ilə qıpqırmızı, boynu uzun beçə gətirmişdi. Quş gündən-günə böyüyüb qəribə bir şəkil almışdı. Nə pipiyi vardı, nə də boynunda, qıclarında tükü. Yekə dimdikdən, uzun, tüksüz, yoğun qırmızı boyundan, nataraz qıç və caynaqlardan ibarət qəzəbli, qəddar, bədheybət bir şey idi. Təzə gələndə bir müddətdən sonra bilməyib hinə buraxdıq. Bir sürü quşu küncə qısıb eşməyə başladı. Xüsusən, xoruzları sevmirdi. Ürək edib azca qabağa gələni dərhal yerə yıxıb əziyyət verirdi. Səs-küyə çıxıb baxdıq ki, quşlarda rəng-ruf qalmayıb. Axır bu əzazil məxluqun hinlik olmadığını görüb həyətə buraxdıq. Yalquzaq kimi tək gəzirdi, heç vaxt da banlamırdı. Kəndin yerli camaatı onu tanıyırdı. Sədası qonşu kəndlərə də çatmışdı. O, həyətdə peyda olandan sonra bir kəs bizsiz qapıdan içəri girə bilməmişdi. Gələn bizi çəpərin o tayından çağırırdı. İki-üç gündən bir müştəriləri gəlirdi. İki, üç, beş əndamlı, allı-güllü xoruzla dəyişməyi təklif edirdilər. Xeyli pul vermək istəyən də olurdu. Heç kim başa düşmək istəmirdi ki, bu, döyüşkən xoruz deyil, sadəcə xasiyyəti ağırdı, gərək yaxın gəlməyəsən. Nə isə qəribə bir şey idi. Elə bil doğularkən son anda çönüb xoruz olmuşdu.
Axır, gördük Qulu Əsgərov zarafat eləmir və nə qədər ki xoruz həyətdədir, maşından çıxmayacaq. Kürçaylı dedi “Qulu, istəyirsən onu sənə bağışlayım, amma çıx maşından”. “Ancaq ölüsünü, Əliağa...” cavab verdi Qulu Əsgərov. Əlacsız qalıb xoruzu birtəhər tutduq, kəsib qoyduq soyuducuya ki, gedəndə Qulu Əsgərovun maşınına pay qoyaq. Elə də oldu. Yeri gəlmişkən, ertəsi gün gecə Qulu Əsgərov zəng edib demişdi ki, bütün günü bu xoruzla məşğul olublar. Axır, axşamüstü qaynar qazandan çıxarıb gətiriblər süfrəyə, yeməyə başlayıblar. Kürçaylı soruşub ki, “necəydi, Qulu?”. Qulu Əsgərov cavabında “pis deyildi, amma, bir az coddu, xasiyyəti kimi” demişdi.
Xülasə, xoruzun qətl olunduğunu görən Qulu Əsgərov maşından çıxdı. Bir azdan şüşəbəndə qalxıb süfrə başına yığışdıq. Kürçaylı ilə Qulu Əsgərov yeyib içə-içə söhbət eləməyə başladılar. Onu da deyim ki, Qulu Əsgərov elə də çox danışan, deyib-gülən deyildi, Kürçaylı isə hey danışır, onu dilləndirməyə çalışırdı. Qulu Əsgərov az danışsa da, bir söz deyəndə, gülməkdən ölürdün. Güclü yumor hissinə malik idi. Kürçaylı tez-tez süfrədə boşqaba düzülmüş üzü seyrək dənli qarğıdalıları Qulu Əsgərova dadızdırmaq istəyirdi. Həyətdə özü becərmişdi. “Qulu, bir bunların dadına bax eee, həyətdəndi...” - deyirdi. Qulu Əsgərov isə hər dəfə əlində kabab tərs-tərs qarğıdalılara baxıb, “Əliağa, qoy rahat yeyim” cavabını verirdi. Kürçaylı arada dedi ki “ay Qulu, sən ki “Leyli Məcnun”un ikinci pərdəsində o cırıq paltarda pillələrdən o cür dığırlanıb düşürsən, igid adamsan vallah. Bir qarğıdalının dadına bax”. Qulu Əsgərov ötəri keçəl qarğıdalılara nəzər salıb dinmədi. Həqiqətən nadir hal idi. Birinci pərdədə Qeysi Arif Babayev oynayırdı, ikinci pərdədə Məcnunu yanıqlı səsi ilə Qulu Əsgərov, Leyli isə hər iki pərdədə Rübabə Muradova idi. “Qulu, gördüyüm məcnunların içində, üzüvə demək olmasın, ən yaxşısı səninkidi, sağ ol. Sən allah, qarğıdalıdan ye, soyutma...” dedi Kürçaylı. Qulu Əsgərov “Yeyərəm, tələsmə” deyib içini çəkdi. Kürçaylı elə bildi Qulu Əsgərov utanır, qarğıdalının yekəsini götürüb qoydu onun boşqabına, “Ye, Qulu, utanma, sütüldü” dedi. Sən demə Qulu Əsgərov üstündə adda-budda dəni olan qarğıdalıdan iyrənirmiş. Əlacsız qalıb asta-asta qarğıdalını əlinə aldı, ağzına yaxınlaşdırdı, sonra yenə uzaqlaşdırıb yazıq-yazıq “Əliağa, bunlar axı deyəsən bir dəfə yeyilib?” dedi.
O gün çox sadə, səmimi insan, gözəl müğənni Qulu Əsgərov bağımızda olduğu müddətdə xeyli çətinliklərlə rastlaşmalı olmuşdu.