Mehmet Rıhtım: "Fatih Sultan Mehmet Bakuvi təriqətindən idi"

Mehmet Rıhtım: "Fatih Sultan Mehmet Bakuvi təriqətindən idi"
1 aprel 2013
# 10:38

YUNESKO islamda xəlvətilik təriqətinin qurucularından biri sayılan Seyid Yəhya Bakuvinin ölümünün 550 illiyini qeyd etməyi 2013-cü ilin tədbirlər planına salıb. Qafqaz Universitetinin dosenti, Seyid Yəhya irsinin tədqiqatçısı Məhmət Rıhtım bu münasibətlə “Media forum” saytına müsahibə verib.

- Bakuvi irsini tədqiq etmək fikri sizdə necə yarandı?

- 1997-ci ildə Qafqaz Universitetinə müəllim dəvət edildim, Azərbaycana gəldim. O zaman həm də tarixçi kimi tədqiqat işi ilə məşğul olmaq istəyirdim. İçərişəhər, Şirvanşahlar sarayı mənə çox maraqlı gəlmişdi. Amma Şirvanşahlar sarayını gəzərkən bələdçilərin məlumatı məni qane etmədi. Sarayın içində bir türbə diqqətimi cəkdi. Kimə məxsus olduğunu soruşdum, sarayın şairi, müəzzini deyə təqdim etdilər. Bu təqdimatın yanlış olduğunu düşündüm. Çünki tarixdə sarayın həyətində qəbir qazma adət-ənənəsi yoxdur. Uzun araşdırmadan sonra Seyid Yəhya Bakuvi adına rast gəldim. Bu adın izinə düşüb Azərbaycan mənbələrinə baxdım. Çox az məlumat var idi. Əksəriyyəti də dəqiq deyildi.

Türkiyənin ən böyük əlyazmaları kitabxanası olan Süleymaniyyədə onun əsərlərini tapdım. Bu yol məni xəlvətilik təriqətinin izinə saldı.

- Sizdən əvvəl Azərbaycanda bu sahəni araşdıran olubmu?

- Demək olar ki, olmayıb. Bəzi kiçik miqyaslı tədqiqatlar olub: Əliəjdər Seyidzadənin Dövlət Arxiv Fondundakı yazıları, Azadə Musabəylinin məqalələri. Abasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”ində də qısa məlumat var. Məşədixanım Nemətin də müəyyən yazıları olub. Əliəjdər Seyidzadə Bakuvinin bəzi əsərlərinin yalnız adını tapıb, həyatı ilə bağlı bəzi doğru məlumatlar əldə etmişdi. Hamısı bir yerdə iki-üç səhifə olar. Seyid Yəhya Bakuvi haqqında Azərbaycan Sovet Ensiklopediyasındakı 8-10 sətirlik məlumatı da məhz Əliəjdər Seyidzadə verib. Mən tədqiqatımı nəşrə hazırlayanda bu məlumat əlimə keçdi, onu da kitabıma saldım. Çünki həmin alimin də bu işdə haqqı var.

- Xəlvətiliyin mahiyyəti nə olub?

- Sufilikdə təriqətlər silsilə adlanan mənəvi zəncirlə bir-birinə bağlanır. Silsilənin ən başında Məhəmməd peyğəmbər durur. Peyğəmbərdən sonra onun yaxın yoldaşlarından, yəni səhabələrdən biri olmalıdır ki, bu da başlanğıc kimi qəbul edilir. Xəlvətiliyin başlanğıcında Həzrət Əli dayanır. Xəlvətiliyin bir sufi təriqət kimi təşəkkül tarixində isə XI əsrdən başlamış azərbaycanlı sufilər Əbdülqahir və Şihabüddin Sührəverdilərin qurduğu Sührəverdiyyə məktəbi mühüm rol oynayır. Xəlvətiyyə təriqətinin əsаsı lənkərаnlı İbrаhim Zаhid və şirvаnlı Pir Ömər tərəfindən qоyulub.

Təxminən XIV əsrin sonlarında Şamaxıda, Şirvanşahlar dövlətinin ərazisində yaşayan seyidlərin birləşdiyi “Nəcibül-əşrəf” adlı təşkilata başçılıq edən Seyid Bəhaəddinin ailəsində onun oğlu Seyid Yəhya dünyaya gəlib. Bütün qaynaqlarda yaraşıqlı oğlan olduğu deyilir. Peyğəmbər nəslindən gələn uşaq olub. Şahlar ona xüsusi sayğı göstərirmiş. Yüksək tədbirlərdə ən ali məqamda o dururmuş. Yəni Seyid Yəhya Bakuvi belə nüfuzlu, belə zəngin ailədə doğulmuşdu. Atasının Şamaxıda böyük torpaqları olub.

15 yaşında Seyid Yəhya sufilərlə tanış olur. Yuxuda peyğəmbəri görür, peyğəmbər ona xəlvəti şeyxi Sədrəddinin yanına getməyi tövsiyə edir. Şeyxlə görüşdən sonra var-dövlət, atasının onun üçün arzu etdiyi hər şey gözündən düşür. Atası oğlunu bu yoldan çəkindirməyə çalışır. Ancaq şeyxi tanıyandan sonra özü də təriqət yolu tutur.

- Bəs xəlvətiliyin kökü hara bağlanır? Hər halda yeni məktəb olmayıb...

- Xəlvətiliyin kökü Sührəvərdiyyə məktəbinə gedib çıxır. Sufilikdə təriqətlər zəncir kimi bir-birinə bağlanır. Əzəl kök Məhəmməd peyğəmbərdir. Peyğəmbər islamın, onun səhabələri isə təsəvvüfün banisidir. Xəlvətiliyin kökü Həzrət Əliyə dayanır.

- Hazırda xəlvətiliyin coğrafiyasını necə cızmaq olar?

- Türkiyədə bu təriqətin davamçıları var. Xəlvətilik Afrikada, Misirdə, Liviyada, Əlcəzairdə, Tunisdə geniş yayılıb. Osmanlı dövründə Balkanlara da gedib çıxıb, orada indi də xəlvəti təkyələri var. Hətta İtaliyada, Amerikada, Kanadada, Argentinada, Braziliyada, Avropanın, demək olar, hər ölkəsində belə təkyələr var.

Sufilik bu gün Avropa insanına çox cəzbedici görünür. Həzrət Mövlananın “Məsnəvi”si Avropanın hər dilinə tərcümə edilib.

- Bəs Azərbaycanda necə?

- Azərbaycanda xəlvətilik XIX əsrin sonlarına qədər davam edib. Bundan sonra Xəlvətiyyə təriqətini davam etdirən bir kimsənin olduğuna dair məlumatımız yoxdur. Hazırda da xəlvətiliyin davam etdiyini demək mümkün deyil. Hər halda mən belə bir məlumata rast gəlməmişəm.

- O dövrkü hakimlərin, şahların xəlvətiliyə, sufiliyə isti münasibəti nədən yaranıb?

- Tarixdə sufiliyə dövlət səviyyəsində isti münasibət çox olub - Səlcuqilər, Elxanilər, Teymurilər, Ağqoyunlular kimi. Əmir Teymurun sufilərə hamilik etdiyini, onların türbələrini abadlaşdırdığını görürük. Səfəvi şeyxlərinə hörmət edib Ərdəbil şəhərini onlara vəqf eləmişdi. Teymur Xəlvəti şeyxi Hacı İzzəddinlə də görüşmüş, onun kəramətinə şahid olmuşdu.

Seyid Yəhya Şirvani də Şirvanşah I Xəlilullah xanın dəvəti ilə Bakıya gəlmiş, yüksək hörmət görmüşdü. Onun təkyəsinin sarayın yanında qurulması da Xəlilullah xanın qayğısı nəticəsində olmuşdu. Şahların bu davranışının kökündə onların xalq nəzərində böyük dəyəri olmasının təsiri var. Bununla yanaşı şahların elmə, ədalətə, haqq sözə meyillənməsi də mühüm rol oynayırdı. Axı padşah da insandır. Yolunu aza bilər, var-dövlət, hakimiyyət onu çaşdırar. Ona görə şahlar daim haqq sözü deyən, düz yol göstərən aqil insanları ziyarət edir, məsləhət alırdılar. Digər tərəfdən sufilərin, şeyxlərin cəmiyyətdə tarazlıq yaratmağı, insanları dünya malına tamahdan, pis işlərdən çəkindirməyi, qənaətcillik, səbir, itaət kimi müsbət xislətləri təbliğ etmələri, yəni bir mənada xalq tərbiyəçisi olmaları da şahların ürəyincə olub.

- Başqa sözlə desək, kütləni idarə etməkdə şahların işinə yarayıblar...

- Bəli, amma yaxşı mənada.

- YUNESKO-nun builki tədbirlər planında Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyini qeyd etmək də yer alıb. Azərbaycanda bu xəbər bir qədər də təəccüb doğurdu...

- YUNESKO-nun bu qərarı gözəl addım oldu. Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu bununla bağlı təşkilata müraciət etmişdi. Azərbaycanda bəzi insanların buna təəccüblənməsi bu mütəfəkkirin dəyərini bilməmələrindəndir. Demək olar, dünyada ən geniş yayılmış təsəvvüf məktəbi Seyid Yəhya Bakuviyə məxsusdur. Onun Bakıdakı bir institut mahiyyəti daşıyan xanəgahına Anadoludan 40-a yaxın alim gəlib, Bakuvinin məktəbini öyrənib öz vətənlərinə qayıdıb, orada bu məktəbi qurublar. Fateh Sultan Mehmetdən I Əbdülhəmidə qədər 21 Osmanlı padşahı Bakuvi yolunun bağlıları olublar. Xəlvəti ədəbiyyatı da var. Seyid Yəhya Bakuvi nəsr və nəzmlə çoxlu əsər yazıb. Sufi ədəbiyyatının bir hissəsi xəlvəti dərvişlərinin qələmindən çıxıb.

Onların ədəbiyyatımıza qazandırdığı çox zənginliklər var. Məsələn, Niyazi Misri Osmanlı divan ədəbiyyatının sayılıb-seçilən şairlərindən biridir. Yaxud Bərdə əsilli İbrahim Gülşəni. Sultan Yaqubun müəllimi olub, Uzun Həsənin sarayında çalışıb, ancaq sufi olduqdan sonra dövlət işlərindən uzaqlaşıb. Qanuni Sultan Süleyman onu İstanbula gətirib, çox sayğıyla yanaşıb ona. Gülşəninin Mövlanaya nəzirə kimi yazdığı “Məsnəviyi-mənəvi” adlı 40 min beytlik bir əsəri var. Belə misallar çoxdur. Bunlar ədəbiyyat tarixi üçün də zəngin qaynaqdır.

Seyid Yəhya 19 əsər yazıb. Bu əsərlər tanınmalı, dərindən tədqiq edilməlidir. Mən tarixçi kimi bir qismini araşdırdım. Bunların bir qismi həm Azərbaycanda, həm Türkiyədə nəşr olundu. Qalanlar üzərində tədqiqatlarımız davam edir. Yaxın vaxtlarda bir neçə kitab da işıq üzü görəcək. Türkiyədə simpozium keçiriləcək. Orada bu işə can yandıran çoxdur. Azərbaycanda 100 il əvvəl xırda hekayələr yazmış adamların hamısı ədəbiyyat tarixinə düşüb. Böyük məktəb açmış, onu bütün dünyaya yaymış insana laqeyd qalmaq ciddi nöqsandır. Seyid Yəhya Bakuvi dərsliklərə salınmalıdır. Özü, dili öyrənilməlidir. XV əsrdə Azərbaycan türkcəsində təsəvvüf haqqında yazılmış tək əsər “Şəfaül-əsrar”dır. Dilçilər bu məsələyə diqqət yetirməlidirlər. Bütün bunları nəzərə alsaq, YUNESKO-nun bu addımının çox müsbət nəticələrə gətirib çıxaracağı gözlənilə bilər.

# 3181 dəfə oxunub

Müəllifin son yazıları

# # #