Amerikalılar dedi ki, Səməd Vurğun söz yığınıdır

Amerikalılar dedi ki, Səməd Vurğun söz yığınıdır
5 fevral 2015
# 17:21

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi”, “Tərcümə mətinlərinin müqayisəli təhlili” mövzularının müzakirəsi ilə tanış olmusuz.

Bu dəfə “Poeziya nümunələrinin tərcümə çətinlikləri” mövzusu müzakirə olunub.

Yekun müzakirəni təqdim edirik.

Fərid Hüseyn: Bizim mövzumuz “Poetik tərcümənin çətinlikləri”dir. Artıq bu barədə məruzələr də hazırdır. Şəhla xanım daha çox bu işin nəzəri tərəfi ilə məşğuldur. Ramiz, Zakir və Zahid müəllim bu işin praktiki tərəfi ilə məşğuldurlar və illərdir ki, dünya şairlərini və yazıçılarını dilimizə tərcümə edirlər. İstərdik ki, poeziya tərcüməsinin nəzəri və praktiki tərəflərində danışasınız. Hansı qüsurlar, problemlər və çətinliklər var?

Şəhla Nağıyeva: Mən tələbəlikdən ingilis dilinə tərcümə ilə məşğul oluram. Ramiz müəllim, Sizin də bir neçə şeirinizi ingilis dilinə tərcümə etmişəm. İsmixan Rəhimovun tələbəsi olmuşam. Onun şəxsiyyətindən çox şey öyrənmişəm. Onun yazılı çox əsəri qalmasa da, tərcümə ilə bağlı fikirləri ağızdan-ağıza dolaşır. Mən Amerikanın iki universitetində tərcümə ilə bağlı tədqiqat aparmışam. Ümumi tərcümə problemləri ilə bağlı mühazirələr dinləmişəm, ayrı-ayrı konfranslarda iştirak etmişəm. İlk dəfə Şimali Karolina Universitetində Bəxtiyar Vahabzadənin dörd şeirini tərcümə etdim və Amerika mətbuatında çap olundu. İkinci dəfə Corc Meyson Universitetində təcrübə keçərkən “Uitman” mükafatının laureatı olan şairlə işlədik. Ramiz Rövşənin, Əli Kərimin şeirlərindən tərcümələr etdik, nəşr etdirdik. O ölkədə olanda müqayisələr apardım, anladım ki, Azərbaycan ədəbiyyatının tanıdılması ilə bağlı çox az iş görülüb. Geri qayıtdıqdan sonra “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi adlı təşkilat yaratdıq. UNESCO-dan qrant aldıq, Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümə ilə bağlı elektron biblioqrafik məlumat bazası yaratdıq. Azərbaycanda bununla bağlı demək olar ki, heç nə yox idi. Fransada “İndex Translation” adlı tərcümə ədəbiyyatları ilə bağlı geniş şəbəkə var. Biz də o şəbəkəyə qoşulduq. İndi UNESCO-nun saytı vasitəsilə bizim həmin elektron bazaya da istənilən adam daxil ola bilər və Azərbaycanda ədəbiyyat tərcüməsi ilə bağlı məlumat ala bilər. O saytda ancaq tərcümələrdən ibarət kiçik bir elektron kitabxana da yerləşdirmişik.

Mənim ilk tərcümələrim tələbə vaxtı Bayrondan və Şellidən olmuşdu. Sonra bunu davam etdirdim. Daha sonra istək yarandı və ingilis dilinə tərcüməyə başladım. İlk dəfə Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeiri ilə başladım. Betti Bleyrlə çoxlu müzakirələrimiz, mübahisələrimiz oldu. Onlar şeiri ya sətri, ya da sərbəst tərcümə edirlər.

Ramiz Rövşən: Onlar təkcə Bəxtiyar Vahabzadəni sərbəst tərcümə etmirlər.

Zahid Sarıtorpaq: Yeri gəlmişkən, bu söhbət mənə üzləşdiyim situasiyasını xatırlatdı. Klassik ingilis ədəbiyyatından etdiyim tərcümədə şeirin ruhunu saxlamaq üçün onun şəklini dəyişməyə məcbur oldum, nəticədə heç nə dəyişmədi, əksinə, məncə maraqlı bir mətn alındı.

Şəhla Nağıyeva: Səməd Vurğunun “Şair, nə tez qocaldın sən” şeirini də qafiyə ilə tərcümə etmişdim. Bunu Amerikada şairlərlə müzakirə edəndə tərcüməni söz yığını adlandırdılar. Bütün bunlar mənim ingilis dilinə tərcümə barədə fikirlərimi dəyişdi. Şübhəsiz, Betti xanım Azərbaycan adına bu sahədə çox böyük işlər görüb. Amma onların da tərcümələri qüsurdan xali deyil. Onlar “Sarı gəlin”i tərcümə ediblər və “sarı” rəng kimi izah olunub. Amma ingilis dili mütəxəssisi bilir ki, bu, rəng deyil. Biz bunu sarışın xanım kimi başa düşürük. Dil ailələrinin müxtəlif quruluşları imkan vermir ki, tərcümədə həm formanı, həm də mənanı olduğu kimi saxlayasan. Hamletin monoloqu altı dəfə Azərbaycan dilinə tərcümə edilib. Biz saytımızda bunu da vermişik. İlk dəfə Cəfər Cabbarlı, sonralar Tələt Eyyubov, Mehdi Məmmədov və başqaları tərcümə edib. Mən bunu qafiyə ilə tərcümə etmişəm.

Ramiz Rövşən: Amma Şekspirin pyesləri ağ şeirlə yazılıb. Yəni, bölgü var, amma qafiyəsizdir.

Şəhla Nağıyeva: Bilirəm. Mən demirəm ki, onlardan yaxşı tərcümə etmişəm. Bəzən dilçilik problemlərimiz qabaranda biz sözün türkcəsini, ruscasını tapa bilmirik. Amma bədii vasitələrimiz daha zəngindir. Ona görə də Şekspirin musiqili səslənməsinin elə bir problemi yoxdur. Mən Şekspirin şeirlərini qafiyə ilə verə bilirəmsə, niyə verməyim? Şeir deyən kimi gözümüzün qabağına qafiyə gəlir, biz onu hecada təsəvvür edirik. Amerikada isə demək olar ki, qafiyə ilə yazmırlar.

Ramiz Rövşən: Amerikada vəziyyət başqadır. Orda hər şeyə olduğu kimi, deyəsən, şeirə də bir istifadəçi münasibəti var. Məzmun çatdı, bəs eləyər. Əlavə dəm-dəstgaha, nəbilim, ahəngə, vəznə, qafiyəyə ehtiyac yoxdur. Təxminən, “Mcdonalds”ın buterbrodları kimi. Yedin, doydun, vəssalam. Amma mənim də bir neçə şeirimi ingiliscəyə çevirmiş görkəmli ingilis şairi və tərcüməçisi Riçard Makkeyn amerikalılardan fərqli olaraq, şerin təkcə məzmununu yox, şəklini, qafiyə sistemini də mümkün qədər saxlamağa çalışır. Və bu onun ingilis mühafizəkarlığından yox, peşəkarlığından gəlir. Yeri gəlmişkən deyim ki, Avropada, Amerikada yeni şeir dili yapon şeirlərinin fransızcaya təhrif olunmuş tərcümələrindən yaranıb. Rəssamlıqda Avropa impressionist məktəbi də yapon miniatürlərinin təsirindən başlayıb. Biz Kits, Bayron, Şelli kimi ingilis romantiklərinin vəznli, qafiyəli şeirlərini Ezra Paund, Karl Sednberq kimi modernist şairlərin sərbəst, qafiyəsiz şeirləri kimi tərcümə edə bilmərik. Eləcə də, Molla Pənah Vaqifin qoşmalarıyla Rəsul Rzanın sərbəst şeirlərini ingilis dilinə eyni şəkildə tərcümə etmək olmaz. Heç sərbəst şeirin, verlibrin özü də hər yerdə eyni deyil. Hətta bizim sərbəst şeirimizlə Türkiyə şairlərinin sərbəst şeirləri fərqlənir. Bizimki hecanın sərbəstidir, Nazim Hikmətin şeirləri isə daha çox əruzun sərbəstidir.

Söhbət klassik şeirin tərcüməsindən gedirsə, biz onun mənası ilə yanaşı şəklini də, ritmikasını da almağa çalışmalıyıq. Bu gün Avropada, Amerikada ən populyar şeir formalarından biri qəzəlin təhrif olunmuş formasıdır. Sərbəst qəzəllər. Türkiyədə də bu var. Mənim fikrimcə, ən gözəl tərcümə məktəbi rus tərcümə məktəbidir. Çünki ruslarda bu işlə böyük şairlər məşğul olub. Pasternak, Axmatova, Zabolotski və başqaları. Onları ideoloji səbəblərə görə çap etmirdilər və bu şairlər tərcümə ilə dolanırdılar. Amma yaxşı deyiblər ki, şər deməsən xeyir gəlməz. Məhz bu cür şairlər rus dilində böyük tərcümə məktəbi yaratdılar. Mənim üçün poeziya tərcüməsinin iki əsas şərti var. Ola bilər ki, tərcüməçi böyük şair olmasın. Amma onun mütləq poetik istedadı olmalıdır. İkincisi, böyük şair yaxşı tərcüməçi olmaya da bilər. Çünki, yaxşı tərcüməçi olmaq üçün dərin bilikli, ciddi ədəbiyyatçı da olmalısan. Bir şeiri tərcümə edəndə bəzən bir neçə konteksti nəzərə almaq lazım gəlir. Mən Slavyan Universitetində Rus poeziyasının gümüş dövründən mühazirələr oxumuşam. Həm rus, həm də Azərbaycan sektorlarında. Mən o dövrün şeirlərini tərcümə edəndə o şeirləri həm ümumən rus poeziyası kontekstində, həm də “gümüş dövr” poeziyası kontekstində götürürəm. Eyni zamanda həmin dövrün konteksti var. Yəni, ədəbi və tarixi konteksti birgə götürməlisən. Bu şeirləri Azərbaycan dilinə tərcümə edəndə onları Azərbaycan dilinin kontekstində, demək olar ki, yenidən yaradırsan. Fikir verin kontekstlər arasında nə qədər fərqliliklər var. Bir şeir nə qədər fərqli atmosferdən keçir. Şeir hissin, ovqatın mənzərəsidir. Əgər şeir fikirdən gəlirsə, onu da köpükləndirib hissə çevirməlisən. Hissin gözəlliyi onun ilkinliyindədir. Hissi, duyğunu təkrar istehsal etmək mümkün deyil. Sən bu hissi yenidən yaşayıb, Azərbaycan dilində ifadə etməlisən. Tutalım, Mayakovskinin şeirlərini tərcümə edirsən. Mayakovski yüksək notlarda işləyən şairdir. Onun şeirlərini tərcümə edəndə ritorikaya yuvarlanmaq təhlükəsi var. Onun səsini ala bilməzsən, amma bir az aşağıdan götürə bilərsən. Bizdə belə bir düşüncə var ki, tərcüməçi bütün hallarda müəllifə uduzmuş vəziyyətdədir. Bu aksioma deyil. Mən Puşkinin “Qurana nəzirə” silsiləsindən tərcümələr etmişəm. Adından da bəllidir ki, burda Qurana nəzirədən söhbət gedir. Puşkin sadə və böyük şairdir. Sadə şeirlərisə tərcümə etmək çox çətindir. Sadəliyin dahiyanəliyini göstərmək lazımdır. Amma mən Puşkinin bu şeirlərini tərcümə edərkən onun qarşısında üstünlüklərim vardı. Mənim bu böyük şair qarşısında üstünlüyüm nə idi? Birincisi, mən Quran haqqında Puşkindən qat-qat çox şey bilirəm. İkincisi, Puşkin bu şeirləri 25 yaşında yazıb və mən Puşkinin özü, onun sonrakı taleyi, yaradıcılığı, həyatı, ölümü haqqında da 25 yaşlı Puşkindən qat-qat çox şey bilirəm. Həmin silsilədəki şeirlərdən biri şərqdə çox məşhur olan bir rəvayət əsasında yazılıb. Bu rəvayət Allahın gücünün hüdudsuzluğu haqqındadır. Allah bütün dünyaların və zamanların sahibidir. Və ən pis vəziyyətdə də insan şükürlü olmalıdır. Rusca, biz bildiyimiz mənada, “şükür” sözü yoxdur. Təşəkkür başqadır, “şükür” başqa. Mən tərcümə edərkən, rus dilində olmayan, amma bu şeirin mahiyyətində olan sözü mətnin üzərinə çıxarıram. Əslində, tərcümə Puşkinin şeiridir və mən bu şeiri orijinalın dilinə çevirirəm. Azərbaycan və rus dillərini yaxşı bilən, ədəbiyyatı anlayan adam bu şeiri oxuyanda mənim tərcüməmə “orijinal budur, tərcümə isə odur” sözünü deməyəcəksə, mənim işim uğursuzdur. Bizdə bu hədislərin, rəvayətlərin mollalar məclislərdə yüzünü danışırlar.

Puşkin yazır:

И путник усталый на бога роптал:

Он жаждой томился и тени алкал.

В пустыне блуждая три дня и три ночи,

И зноем и пылью тягчимые очи

С тоской безнадежной водил он вокруг,

И кладязь под пальмою видит он вдруг.

Mənim tərcüməm belədir:

Yorğun yolçu üç gündü ki səhranı dolaşırdı,

Dili-ağzı yana-yana Allahla dalaşırdı:

- Qarışqanı görən Allah məni də gör, - deyirdi, (bunu biz əlavə elədik)

- Bir qurtum su, bircə qarış kölgəlik ver, - deyirdi. (Bu mətndə vardı, ordan gətirdik)

Qəfil birdən elə bil ki bəxti güldü üzünə,

Bir palmanın altındakı quyu dəydi gözünə. (Mənzərəni göstərdik)

Sonra şeir belə davam edir:

И к пальме пустынной он бег устремил,

И жадно холодной струей освежил

Горевшие тяжко язык и зеницы,

И лег, и заснул он близ верной ослицы —

И многие годы над ним протекли

По воле владыки небес и земли.

Настал пробужденья для путника час;

Встает он и слышит неведомый глас:

«Давно ли в пустыне заснул ты глубоко?»

И он отвечает: уж солнце высоко

На утреннем небе сияло вчера;

С утра я глубоко проспал до утра.

Və biz tərcümə edirik:

Cumdu, içdi, xoşallandı sərin suyun dadından,

Allaha şükür eləmək amma çıxdı yadından.

(Şeirin bütün mahiyyəti bundadır, amma dediyim kimi rusca şükür sözü yoxdur.)

Sudan içdi yanındakı vəfalı eşşəyi də.

O palmanın altı oldu ən yumşaq döşəyi də;

Yorğun yolçu qumlar üstə yuxuya getdi, yatdı.

Allah bilir, başı üstən neçə il ötdü... yatdı.

Oyananda qulağına bir səs gəldi: “Ey insan,

Xəbərin var bu səhrada neçə vaxtdı yatırsan?!”

“Mən yatanda səhər idi, gün döyürdü hər yanı,

İndi yenə günəş doğub, işıqladır dünyanı.

Dünən səhər tezdən yatıb, bu gün səhər durmuşam,

Belə çıxır, bütün günü mən yuxuda olmuşam.”

Sonra Allah cavab verir:

Но голос: «О путник, ты долее спал;

Взгляни: лег ты молод, а старцем восстал,

Уж пальма истлела, а кладязь холодный

Иссяк и засохнул в пустыне безводной,

Давно занесенный песками степей;

И кости белеют ослицы твоей».

Rusca bütün mətni oxumağa ehtiyac yoxdur, tərcüməni sonacan oxuyaq:

O səs dedi: “ Dünən nədi, bu gün nədi, ay insan?

Bu səhrada bircə gün yox, sən yaman çox yatmısan.

Sən yatanda necə idin, indi bax gör necəsən?

Sən yatanda cavan idin, indi ağsaç qocasan.

Bir bax, çoxdan quruyubdu bu quyunun suyu da.

Quyu hanı? Qum altında itib-batıb quyu da.

Yanıb palma ağacı da, çürüyüb çoxdan bəri,

Eşşəyin də çoxdan ölüb, ağarır sümükləri.”

“Allah, bu nə dərddi?!” deyib qoca zar-zar ağladı,

Başımı köksünə əyib dizini qucaqladı.

Qəfil birdən bir möcüzə baş verdi qumlar üstə;

Eşşəyin ağ sümükləri dikəldi qumlar üstə.

Geyinib öz bədənini yenə dimdik durdu da,

Sevincindən şıllaq atıb bir ağız anqırdı da.

Boş quyu da ağzınacan suyla doldu təzədən,

Yaşıl palma dörd yanına kölgə saldı təzədən.

Damarında qanı coşdu, cavanlaşdı qoca da,

“Şükür” deyib qollarını göyə açdı qoca da:

“Sən qaytardın məni mənə, şükür sənə, İlahi!

Lənət sənə şəkk edənə, şükür sənə, İlahi!”

Və beləcə, ulu tanrı dərs verdi öz quluna,

Yolçu “şükür” deyə-deyə düzəldi öz yoluna...

Rusca sonuncu misra belədir: “И с богом он дале пускается в путь.” Mən bunu “yolçu Allahla birgə”, “yolçu Allah deyə-deyə” yox, “şükür deyə-deyə” şəklində tərcümə etmişəm.

Burada mahiyyət etibarilə biz həm şəkli vermişik, həm də mənanı. Yuxarıda dediyim kimi, biz bu məqamda Puşkindən daha dəqiq olmalıyıq. Çünki bu rəvayət bizim dilimizin stixiyasındadır.

İngilis dilində qafiyəli şeiri qafiyəsiz tərcümə etmək ənənəsindən danışdıq. Əgər şeir doğrudan da poetik cəhətdən güclüdürsə, lap başdan ayağa qafiyələnsə belə sən onu qafiyəsiz tərcümə etsən də, onun poetik gücü yenə ortada olacaq. Amma bu hər şeirə aid deyil. Elə şeir var ki, onun gücü musiqisində, ritm və ahəngindədir. Şairi şairdən fərqləndirən də təkcə məna və məzmun deyil, həm də ritm və ahəngdir. Siz Şekspiri dediniz. Onun bəzi sonetlərinin ruscaya 200-300 tərcüməsi var. Məncə, ən yaxşı tərcümələri Marşak edib. “Hamlet”i rus dilinə Pasternak çevirib və neyləsə də özünü Şekspirin kölgəsində gizlədə bilmir. Pasternakın Şekspiri tərcüməsi iki tərəfli ədəbi tarixi hadisədir.

Şəhla Nağıyeva: Sizin Puşkinin şeirlərini tərcümə etməyiniz kimi.

Ramiz Rövşən: Pasternak tərcümədə özünə bəzən sərbəstlik verir. O sərbəstliyi özünə Pasternak verə bilər, hər tərcüməçi yox. Elə şeylər var ki, birə-bir dəqiq olmalıdır. Doğrudur, vəznli, qafiyəli şeiri mütləq qafiyəli tərcümə etmək qanunu yoxdur. Ama qafiyəsiz tərcümə də fikircə nə qədər dəqiq olsa da, orijinalın həm şəkilcə, həm də musiqicə itirməsi deməkdir.

Zahid Sarıtorpaq: Belə bir qanunun olmaması fikriylə mən də razıyam. Həm də vəzn və qafiyə faktoru sərbəst şeirin tərcüməsində də ortaya çıxa bilər. Yenə burada hər şey tərcüməçinin gücündən, ədəbi müstəvidə mövqeyindən, xüsusilə də şeirə münasibətindən asılıdı. Hər şey prosesin axarında da ortaya çıxa bilər.

Şəhla Nağıyeva: Mən qafiyəli tərcümənin tərəfdarıyam. Mənə elə gəlir ki, uyğun mahiyyəti gözləməklə şeir qafiyəli tərcümə olunmalıdır.

Ramiz Rövşən: Zahid Con Miltonu tərcümə edib. Miltonun poeması da ağ şeirlə yazılıb. Amma tərcümədə çox yerlərdə qafiyə var və özü də təbii alınıb.

Zahid Sarıtorpaq: Mən də həmçinin, yeri gəldi-gəlmədi, şeirin mütləq qafiyəli tərcümə edilməsi fikriylə razılaşmıram. Baxır hansı şeiri çevirirsən. Ola da bilər, olmaya da. Bu məsələyə, yenə deyirəm, mətnin konteksindən yanaşmaq lazımdı. Heç Con Miltonun da tərcüməsində qafiyədən ötrü şeiri öldürməyə cəhd etmədim. Bilirsiz, bir əsərdə əgər hər şey harmoniya içindədisə, yəni, loru dildə desək, ifadələr qulağı cırmaqlamırsa, onda iş qalır tərcüməçinin gücünə, dil və imformasiya ilə işləmək bacarığına, həm də mətnin estetikasına münasibətinə, ona yanaşma bacarığına.

Ramiz Rövşən: Hər bir xalqın taleyində həlledici şairlər var. Məsələn, Puşkin. Rus poeziyası Puşkinə münasibətdə formalaşıb. XX əsrin əvvəllərinin rus poeziyası isə Bloka münasibətdə formalaşıb. Yəni, şairlərin bir çoxu Bloku sevib, onun təsiri altında olub, bir hissəsi onu inkar edib. Svetayeva da çox maraqlı şairədir. Tərcümə etdiyim bu şeiri Svetayeva Blokun adına yazıb. Bütün şeir o adın səslənməsi və o səslənmənin doğurduğu poetik obrazlar üzərində qurulub.

Şeir belədir:

Имя твое — птица в руке,

Имя твое — льдинка на языке.

Одно-единственное движенье губ.

Имя твое — пять букв.*

Мячик, пойманный на лету,

Серебряный бубенец во рту.

Камень, кинутый в тихий пруд,

Всхлипнет так, как тебя зовут.

В легком щелканье ночных копыт

Громкое имя твое гремит.

И назовет его нам в висок

Звонко щелкающий курок.

Имя твое — ах, нельзя! —

Имя твое — поцелуй в глаза,

В нежную стужу недвижных век.

Имя твое — поцелуй в снег.

Ключевой, ледяной, голубой глоток…

С именем твоим — сон глубок.

(İnqilabdan əvvəl Blok adı beş hərfli idi: Блокъ)

Mən bu şeiri, demək olar ki, birə-bir tərcümə etmişəm:

Sənin adın – quş kimidi əlimdə,

Sənin adın – buz kimidi dilimdə.

Sənin adın – hərflərin beşidi,

Dodağımın bircə tərpənişidi.

Ağızdakı gümüş zınqırovdumu?

Havadaca tora düşən topdumu?

Sənin adın – bu bahar gecəsində

Çöldən keçən atların nal səsində.

Sakit gölə bir daş atsam bu gecə

Qulağıma sənin adın gələcək.

Gicgahıma güllə sıxsam qəfildən,

Adın qopar şaqqıldayan tətikdən.

Sənin adın – necə deyim, ax, necə?! –

Yuxulu gözdən bir öpüşdü gizlicə.

Sonra çıxıb tez qapını örtməkdi.

Sənin adın – qışda qarı öpməkdi.

Bircə qurtum sərin sudu, sərin su...

Və lap dərin bir yuxudu, bir yuxu.

Əlavə etdiyim yeganə misra “Sonra çıxıb tez qapını ötrməkdi”. Bu da həm Blok adının səslənməyinə uyğundur, həm də təsvir olunan vəziyyətə. Yəni, xəlvətcə yuxulu gözdən öpdüm və çıxdım. Bircə misra artırmışıq, o da şeirin öz stixiyasındadır. Mən başqa şairləri də tərcümə etmişəm və bütün tərcümələrimdə, onların dəqiqlik dərəcəsindən asılı olmayaraq, həmişə sərbəst olmuşam. Heç nə məni sıxmayıb. Əgər tərcümə etdiyin mətn sənin içində, sən də o mətnin içində deyilsənsə, istər qafiyəli, istər qafiyəsiz tərcümə elə, daxilən sərbəst ola bilməyəcəksən.

Zahid Sarıtorpaq: Şeirin ruhu və şəkli məsələsi var. Mən təcrübəmə əsaslanıb deyirəm. Şeirin tərcüməsinin hazır resepti yoxdur. Bəzən şəklini alıb, ruhunu ala bilmirsən. Qızıl orta tapmaq lazımdır. Qızıl orta tapılanda, şeir dəqiq tərcümə olunur. Con Miltonun iki böyük əsərini tərcümə etdim. Ömrümün iki il yarımı o işə sərf olundu. Bu şeir ağ şeirdir, amma ritmik şeirdir. Mən nəzərə alıb, onu sərbəst şeir kimi tərcümə etmədim. İçi coğrafi, dini, mifik terminlərlə doluydu, bizim dildə roman tərcüməsinə bənzəyəcəkdi və heç nə alınmayacaqdı. Daha çox qafiyəyə yönəltdim. Bizim dastançılıq ənənələrimizi ortaya qoydum. “İtirilmiş cənnət” Bibliyanın əsasında, motivlərində yazılıb. “Qaytarılmış cənnət” şair təxəyyülüdür. Bəzən informasiyanı mətnə uyğunlaşdırmaq lazım gəlir. Nazim Hikmətin tərcümə ilə bağlı iki gözəl fikri var. Dəqiq yadımda deyil, biri təxminən belədi: “Şeirin hətta ən uğurlu tərcüməsi ona bənzəyir ki, sən bir ürək şəklini olduğu kimi çəkirsən, amma baxanda görürsən ki, çatları ilə alınıb”. İkinci fikir isə budur ki, “tərcümə qadın ayaqlarındakı kapron coraba bənzəməlidir – baxanda o üzünün də, bu üzünün də gözəlliyi görünməlidir”. Şeirin mütləq ruhu ilə şəkli ortaq məxrəcə gələn motivləri alınmalıdır. Tərcüməni edənin imzasından, kimliyindən çox şey asılıdır. Rumidən, Blokdan, Bodlerdən tərcümə edən adamın ruhi baxımdan bu müəlliflərlə adının birlikdə çəkilməsinə, hardasa, haqqının olub-olmamasına baxılmalıdır. Amma cəsarət də lazımdır. İnsanın istedadı varsa qorxmamalıdır.

Fərid Hüseyn: Poeziyanın tərcüməsində bir variant da, sətri tərcüməni bədiiləşdirməkdir. İstərdik Zakir müəllim bu barədə danışsın.

Zakir Fəxri: Hərənin bir metodu var və mən hamısını demək fikrində deyiləm. Mən almanca çox mükəmməl bilmişəm. Mən Georq Geymi tapanda çoxları heyrətə gəldi ki, almanların çoxu onu tanımır. Hətta Ramiz müəllim də o şeiri bəyənmişdi. Onun bir şeirini deyim:

Yenə səhər açılır, yenə gün çıxır

Gün beləcə ötüşür.

Ömürdən yenə belə

Yenə səhər, yenə axşam

Gün beləcə ötüşür.

Azərbaycanca bu ovqat qalır. Mənim üçün əsas ovqatdır. Kriqe aya dua oxuyur. Mənim isə Laçındakı Bəyaz arvadın aya dua oxuması yadıma düşür. Kriqe ingiliscə oxuyur. Füzuli deyir ki,

“Zülfü tək ayağından qoymaz öpə nigarım,

Yoxdur onun yanında bir qılca etibarım”.

Edqar Po isə başqa cür yazır. Qız ölüb və onun tabutu qarşısında deyir:

“İzn ver alnından öpüm,

Nə gizlədim, bu anı çox gözlədim”.

Eyni şeydir. Ramizin dediyi ilə yüzə-yüz razıyam, çünki özüm də o yoldayam. Zahidlə də razılaşıram. Raytdan axırıncı tərcümələrim: “Ayıltma məntəqəsinin divarlarındakı yazı”, Xəzər jurnalında dərc olunub. Zakir Fəxri içki nədi, bilən adamdır. Ayıltma məntəqəsinin divarı mənə tanışdır. Sərxoş adam orda nə yaşaya bilər, onu bilirəm. Sərxoşluq nədir bilirəm.

Rayt da yazır ki, İsa çıxır qara daşın üstünə. Sufilərin moizəsi ilə eynilik var. Mənə ruhca yaxın olmayan şeiri yaxına buraxmıram. Ramizin Puşkindən oxuduğu şeir şərq mifologiyasıdır.

İngilis dilini yaxşı bilmək, yaxşı şeir tərcümə etmək mənasına gəlmir. Şəhla xanım poeziyanı bilir. Amma adam var, poetik sözü başa sala bilmirsən. Şeiri mütləq şair çevirməlidir. Bu mənim mütləq həqiqətimdir.

Zahid Sarıtorpaq: Heç yazıçı olmayanın da nəsr tərcümə etməsi düzgün deyil. Çünki, cümləni, mətni verəcək , amma ruhunu, mətnin alt yapısını – yox.

Zakir Fəxri: Təbii ki, elədir.

Ramiz Rövşən: Mən əvvəllər də demişəm ki, şeiri tərcümə eləmək hansısa bir bədən üzvünü bir canlı orqanizmdən başqasına köçürmək kimidir. Əgər sənin köçürdüyün bədən üzvü başqa orqanizmdə - dildə yaşamayacaqsa, istəyirsən onu qızıl sapla tik, xeyri yoxdur. Amma, təəssüf ki, tərcüməçilərin stolları üstündə ölən əsərlərin sayı, cərrahiyyə stollarında ölən xəstələrin sayından qətiyyən az deyil.

Amma bir iş də var ki, bəzən şəkilcə ən dəqiq tərcümə belə gülməli ola bilər. Çünki elə şeirlər var ki, ümumiyyətlə onları tərcümə etmək mümkün deyil. Məsələn, Əli Kərimin idiomatik ifadələr üstündə qurulmuş bu şeiri kimi:

Gözlərim boylanır o yerə sarı,

Gözlərim yol çəkir, çəkir yolları;

Gah hava yolunu, gah su yolunu

Gah maşın yolunu, şosse yolunu.

Şeirin sonluğu belədir:

Yollarla doludur gözümün içi,

Gözümün üstə də yollara yer var.

Bu gözəl şeiri başqa dilə necə tərcümə edəsən? Amma ümumiyyətlə götürsək, demək olar ki, tərcümə olunmayan şeir yoxdur. Nəyi isə tərcümə edə bilmirsənsə, bu dilin yox, sənin gücsüzlüyündür.

Şəhla Nağıyeva: Məncə, bizim dildən ingilis dilinə tərcümədə xarici mütəxəssisin iştirakı çox vacib və əhəmiyyətlidir. Bu yaxınlarda ingilis dilində “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı buraxmışıq. Orda Aşıq Bəstinin şeirlərini də vermişik. Bilirsiniz ki, aşıq şerinin tərcüməsinin özünəməxsus çətinlikləri var. Ona görə bu məsələdə çox düşündük. Amerikalı şair Əlison Məndəvilin köməyilə o şeirləri ingilis dilində səsləndirə bildik. Məncə, uğurludur.

Ramiz Rövşən: Əgər poetik tərcümə orijinala adekvat deyilsə, sətri tərcümə ondan daha yaxşıdır.

Şəhla Nağıyeva: Sizdən bir misal verim:

Bilsək dünyaya gəlməzdik,

Analar aldatdı bizi...

Bunu biz qafiyə ilə vermədik, amma misranın məna yükü ingiliscədə də çox güclü alındı və Amerikalı şairi də təəccübləndirdi. Poetik yük özünü göstərdi. Amma öz-özünə alınan qafiyələr də olur.

Ramiz Rövşən: İngilis dilinin öz qaydaları var. Qafiyəli şeir XX əsrin əvvəllərindən bir az arxa plana keçib. Amma Robert Frost qafiyəli yazırdı. O, Amerikada bu gün də ən sevilən şairlərdəndir. Mən hələ gəncliyimdən Allan Ginzberqi çox sevirəm. Amma o tamam fərqlidir. Fransada bu günəcən ən populyar şair olan Şarl Bodlerin şeirlərinin əksəriyyəti vəznli və qafiyəlidir. İngilis dilinə tərcümə bir işdir, Azərbaycan dilinə tərcümə başqa iş. Amma qafiyələndirmək xatirinə qafiyə gətirəcəksənsə, bu lazım deyil. Mən fikrimdə qalıram ki, tərcüməçi həm də yaxşı ədəbiyyatçı olmalıdır. Əgər belə olsa, hətta özünə o qədər doğma olmayan şairləri də uğurla tərcümə eləyə bilər.

Bizdə yaxşı tərcüməçilər də, yaxşı tərcümə əsərləri də olub. Bu gün də var. Amma bu azdır. Dünya ədəbiyyatını ana dilimizə və bizim ədəbiyyatımızı dünya dillərinə çevirə biləcək istedadlı, cavan tərcüməçilər də yetişdirməliyik. Xoşbəxtlikdən, bunu reallaşdırmağa bu gün Azərbaycan Tərcümə Mərkəzinin imkanı da var.

Vladimir Mayakovski

Хвои

Не надо.

Не просите.

Не будет елки.

Как же

в лес

отпустите папу?

К нему

из-за леса

ядер осколки

протянут, чтоб взять его,

хищную лапу.

Нельзя.

Сегодня

горящие блестки

не будут лежать

под елкой

в вате.

Там —

миллион смертоносных о

сок,

ужалят,

а раненым ваты не хватит.

Нет.

Не зажгут.

Свечей не будет.

В море

железные чудища лазят.

А с этих чудищ

злые люди

ждут:

не блеснет ли у окон в глазе.

Не говорите.

Глупые речь заводят:

чтоб дед пришел,

чтоб игрушек ворох.

Деда нет.

Дед на заводе.

Завод?

Это тот, кто делает порох.

Не будет музыки.

Рученек

где взять ему?

Не сядет, играя.

Ваш брат

теперь,

безрукий мученик,

идет, сияющий, в воротах рая.

Не плачьте.

Зачем?

Не хмурьте личек.

Не будет —

что же с того!

Скоро

все, в радостном кличе

голоса сплетая,

встретят новое Рождество.

Елка будет.

Да какая —

не обхватишь ствол.

Навесят на елку сиянья разного.

Будет стоять сплошное Рождество.

Так что

даже —

надоест его праздновать.

BU GÜN YOLKA OLMAYACAQ

Bu gün yolka olmayacaq,

dil tökməyin, balalar,

Atanızı meşəyə

buraxmaq olmaz axı.

O meşənin arxasında

ağzından od saçan

bir əjdaha var,

Atanızın canına

qəlpə-qəlpə sancılar

onun iti caynağı.

Yox, bu gecə

o yolkanın dibində

Qar kimi ağ

pambıq da olmyacaq.

Axı indi arıtək

min-min əsgəri sancır

güllələr bircə gündə,

Belə getsə,

yaraların

üstünə qoymağa da

pambıq tapımayacaq.

Şam da yandırmaq olmaz

bu gecə sübhə qədər,

Axı nəhəng, yırtıcı

gəmilər var dənizdə.

Orda zalım adamlar

topların lüləsini

tuşlayıb gözləyirlər;

Haçan işıq yanacaq

sizin pəncərənizdə.

Babanız da gəlməyəcək,

gözləməyin nahaqdan,

Sizə oyuncaq da

gətirən deyil.

Babanız axı indi

zavoddadı, zavodda.

Zavod nədi?

Barıt düzəldilən yer.

Musiqi də olmayacaq

bu gecə,

Qardaşınız

hardan bir cüt əl tapıb

çalsın axı qarmonu?

Bəlkə də, cənnətdə,

elə indicə,

Qolları qırılmış bir şəhid kimi

basır öz bağrına

mələklər onu.

Yaxşı, bəsdi, ağlamayın,

bir az gülsün üzünüz,

Axı hələ neçə-neçə

yeni il var qabaqda.

Heç bircə il keçməyəcək,

görəcəksiz özünüz;

Nəhəng yolka qurulacaq

bu balaca otaqda.

Yenə mahnı deyə-deyə

o yolkanın başına

dövrə vuracaq hamı.

Yolka da ki nə yolka?!

Üstü dolu bərbəzək,

lampaları rəngbərəng.

Elə uzun çəkəcək ki,

o yeni il bayramı,

Axırda lap hamının

zəhləsini tökəcək.

1916

Aleksandr Blok

Поэт

Сидят у окошка с папой.

Над берегом вьются галки.

- Дождик, дождик! Скорей закапай!

У меня есть зонтик на палке!

- Там весна. А ты - зимняя пленница,

Бедная девочка в розовом капоре...

Видишь, море за окнами пенится?

Полетим с тобой, девочка, за море.

- А за морем есть мама?

- Нет.

- А где мама?

- Умерла.

- Что это значит?

- Это значит: вон идет глупый поэт:

Он вечно о чем-то плачет.

- О чем?

- О розовом капоре.

- Так у него нет мамы?

- Есть. Только ему нипочем:

Ему хочется за море,

Где живет Прекрасная Дама.

- А эта Дама - добрая?

- Да.

- Так зачем же она не приходит?

- Она не придет никогда:

Она не ездит на пароходе.

Подошла ночка,

Кончился разговор папы с дочкой

ŞAİR

Sahil boyu uçuşurdu havada quşlar

Atasıyla pəncərədən baxırdı uşaq:

– Mənim təzə, alabəzək bir çətirim var,

Tez ol, tez ol! Yağ ey yağış, yağ!

– Bu dənizin o tayında indi yazdı, yaz.

Burda qışdı, üşüyürsən, soyuqdu sənə.

Ay çəhrayı papaqlı yazıq qızcığaz,

Uçaq, gedək bu dənizin o sahilinə.

– Mənim anam ordadımı?

– Yox?

– Bəs hardadı?

– Anan ölüb.

– Ölüb?! Axı bu nə deməkdi?

– O küçədən keçənə bax; şairdi adı,

Həmişə gözü yaşlıdı, həmişə təkdi.

– Onun da anası yoxdu?

– Var. Amma ona

anasından daha əziz bir xanım da var.

– Bəs o xanım niyə gəlmir onun yanına?

– Aralığı kəsib axı dəli dalğalar.

– Bir gəmiyə minib gəlsin.

– O xanım axı

gəmiyə də, qayığa da minməyə qorxur.

Yox, yox, heç vaxt gəlməyəcək o gözəl xanım!..

Ata susdu. Uşağın da qaraldı qanı.

Sonra hava qaraldı.

Bu söhbət də

elə burda qırıldı.

Orjinaldan tərcümə: Ramiz Rövşən

# 2590 dəfə oxunub

Müəllifin son yazıları

# # #