Məşhur qadınlarımız seksist hekayələrini danışır

Məşhur qadınlarımız seksist hekayələrini danışır
3 dekabr 2014
# 13:14

Cəmiyyətimizdə qadınlara qarşı seksizm (cinsinə görə insanların diskriminasiyaya məruz qalması) hansı dərəcədədir? Bu barədə ictimai həyatda tanınan xanımların fikirlərini, münasibətlərini öyrəndik.

Kulis.Az həmin fikirləri təqdim edir.

Yazıçı İradə Tuncay: “Mən elə anadan olandan bu günə qədər diskriminasiyaya uğraya-uğraya gedirəm”.

Kinoşünas Aygün Aslanlı: “Bu barədə nəinki yazmaq, hətta yada salmaq da çətin imiş həqiqətən. İlk dəfə universitetə girəndən sonra bu halla rastlaşmışam. Avtobusda, metroda, hər səhər dərsə gedəndə. Tezdən avtobuslar, metro çox basabas olur. Onda bəzən cavan oğlanlar, daha çox orta yaşlı kişilər özlərini sənə yapışdırırlar. Qısa müddətdən sonra onları tanımağı öyrənmişdim. Üzləri qapqara, gözləri bərəlmiş olur. Çevrilib üzlərinə baxanda baxışlarını çəkmirlər, amma gözlərinin içi qan çəkmiş kimi olur. Gündüzlər dərsdən qayıdanda basabasdan qaçmaq olur, minmirsən vəssalam. Amma səhərlər dərsə gecikməmək üçün məcbursan.

Bunlar ictimai nəqliyyatdan istifadə eləyən, demək olar ki, hər qadının başına gələnlərdi. Ancaq bir dəfə çox qorxmuşam. Avtobusda yox, taksidə. Rayona gedirdim. Şəmkirdə, Dördyol deyilən yerdə düşüb taksiyə minməli oldum. Sürücü, belə normal insana oxşayırdı. Jurnalist olduğumu dedim, yol boyu rayondan, kinodan və s. danışırdıq. Rayona çataçatda birdən qayıtdı ki, gedək, yemək yeyək, əylənək, yol pulunu da almaram. Əylənmək deyəndə nəyi nəzərdə tutduğunu soruşdum, dedi: "Guya başa düşmədin".

Sonra qəfil maşını döndərib az əvvəl yanından keçdiyimiz kababxanaya tərəf sürdü. Onda maşının qapısını açdım ki, geri qayıtmasan, özümü atacam. Bu dəfə o qorxdu. Təzədən geri qayıtdı. Yaxşı ki, artıq rayona çatırdıq. Bu hadisədən sonra özümdən çox iyrənmişdim. Onu nə ilə təhrik elədiyimi xatırlamağa çalışmışdım. İndi də hərdən yadıma düşəndə elə bunu fikirləşirəm. Onu nə ilə təhrik etmişdim? Üzümdə bütün gecəni avtobusda keçirməyin yorğunluğu. Saçlarım pırtlaşıq, makyaj yox. Əynimdə enli, çoxlu cibləri olan şalvar, köynək. Üstəlik səhər tezdən və qış olduğu üçün bərk üşüyürdüm deyə üstündən kapşonlu, qalın sviter geyinmişdim. Bununla da kifayətlənməyib enli şərfimə da bürünmüşdüm.

Odur ki, onu necə təhrik elədiyimi hələ də anlamıram. Amma ondan sonra, hətta şəhərdə də uzun müddət taksiyə tək minməyə qorxurdum. Düzü, elə indi də qorxuram...”

Yazıçı Nərmin Kamal: “Mən öz seksizm hekayəmi 2010-cu ildə "Azərbaycan - ənənələrin insan haqlarından üstün olduğu vətənim" adlı essemdə yazmışam. Onu indi yazsam, daha çox şeyi artırardım.

Məsələn, Bakıda valideynlərimlə yaşayanda iki-üç dəfə evimizi satıb başqa yerə köçmüşük. Bir də görürdün evimizin satılması haqqında elanı görən maklerlər, ev istəyənlər gəlib qapını döyürdülər, anam qapını açan kimi deyirdilər: "Salam, evdə kişi var?" Anam soruşurdu ki, nə məsələdir? Buyururdular ki, ev satışı haqda elana görə gəlmişik, evdə kişi yoxdursa, “sonra gələrik” deyib çıxıb gedirdilər.

Halbuki, anam təhsilli, mədəni, güclü bir qadındır və evin alqı-satqısıyla da özü məşğul olurdu.

İndi bəziləri gülməli söz danışırlar ki, guya Azərbaycanda seksizm problemi yoxdur. Necə olur ki, İngiltərə kimi inkişaf etmiş ölkədə də bu problem var, onu açıq müzakirə edirlər, ancaq Azərbaycanda yoxdur.

Məsələn, mənim uşağım Londonda məktəbəqədər tədris müəssisinə gedir, onun orda müəllimi Skot adlı cavan oğlan idi. Orda hər beş uşağın bir müəllimi var, bütün müəllimlər cavan qızlardır, cəmi iki müəllim oğlandır. Bir gün məktub aldım ki, uşağımın bağça müəllimi daha Skot olmayacaq, çünki bağçada Skota və o biri oğlana baş menecerin köməkçisi vəzifəsi verilib. İndi mən sual edirəm, iş təcrübələri eyni ola-ola niyə qadın müəllimlərə vəzifə verilmədi, o iki kişi dərhal yuxarı çəkildi. Çünki uşaqlarla bütün günü hoppanıb-düşmək, onların pampersini dəyişdirmək kişiyə uyğun iş kimi görülmədi, kişiyə bağçanın girişindəki ofisdə masa arxasında oturmaq daha uyğun vəzifə kimi görüldü.

Bir dənə ocaqqalayan olsa, mən gecə səhərəcən bu mövzu barədə danışa bilərəm. Özü də mən nə buna görə, nə də başqa bir şeyə görə heç vaxt qrant almamışam, həvəsim də yoxdur qrant layihəsi-zadı yazmağa”.

Teleaparıcı Gunay Yelmarqızı: “Ola bilər ki, həyatımın hansısa məqamında bu ayrı-seçkiliklə üzləşmişəm, yəni sən xanımsan, bu kişi işidir-filan kimi xırda nümunələrdə. Amma hələ ki, böyük mənada diskriminasiyaya və cinsi ayrı-seçkiliyə məruz qalmamışam. Ümid edirəm bundan sonra da olmaz”.

Jurnalist, yazar Vüsalə Məmmədova:Lent.az-da əsirlərlə bağlı layihə hazırlayıram, deyirlər ki, ağır mövzudur, qadının işləyəcəyi mövzu deyil, kişi işləməlidir belə mövzunu. Daha bu qaydalar hansı kitabda yazılıb, bilmirəm.

Bu münasibət məni narahat eləmir, zatən doğru bildiyim işi eləyirəm. Amma 10 il əvvələ baxanda bu sahədə xeyli inkişaf eləmişik.

Təsəvvür edin, 20 il əvvəl ümumiyyətlə deyirdilər jurnalistika qız sənəti deyil, indi mövzuları bölürlər”.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova: “Qadın olaraq zaman-zaman ayrı-seçkiliklə üzləşmişəm. Hələ lap gəncliyimdən ictimai həyatda aktiv olmuşam. Lakin zamanında məhz qadın olduğuma görə məndən də zəif olan kişilərin irəli çəkilməsinin şahidi olmuşam. Hətta nə vaxtsa irəli çəkilmək imkanım olanda “Səsini çıxarma, çünki sən qadınsan, o isə kişidir” ifadələri ilə üzləşmişəm. Halbuki həmin işi daha yaxşı görə biləcəyimə əmin olmuşam. Sonrakı dövrlərdə məhz həmin irəli çəkilən kişinin buraxdığı səhvlərə görə dəfələrlə mənə etiraf ediblər: “Gərək elə sən o vəzifədə olaydın”.

Bir də sürücü kimi bu diskriminasiyanı kəskin şəkildə hiss edirəm. Kişi sürücü kobud, qaba səhv buraxdığı halda maşından düşüb “Qadınsan, get qadın işinlə məşğul ol” sözlərini deyib. Təəssüf ki, belə söz və ifadələrə görə kimisə cəzalandırmaq olmur. Məsələn, məni qıcıqlandıran ən pis davranış, kobud və təhqir dolu hərəkət kişi sürücünün mənə əlini yelləməsidir. Əlacım olsa belələrini çox ciddi cəzalandırardım.

Nə yazıq ki, kişilərin bu davranışlarını heç kim diskriminasiya kimi qiymətləndirmir”.

# 1839 dəfə oxunub

Müəllifin son yazıları

# # #