Əyalət teatrlarına ayrılan pullar hara gedir?

Əyalət teatrlarına ayrılan pullar hara gedir?
5 dekabr 2013
# 14:52

Əbülfəz Əmin

Həyatda olan hər bir nəsnənin fəaliyyəti ziqzaqlardan ibarətdir. Mən belə düşünürəm ki, ziqzaq bir növü yaşam sübutudur. Çünki ürəkdən gələn siqnallar düzxətli olarsa, artıq o, ya itirib ya da itirmək fəaliyyətini üzrədir. Bu teorem hər şeydə özünü əks etdirir. Düz xətt bıkdirır insanı. Tamaşada da hadisələr düzxətli inkişaf edərsə, daha doğrusu düz xətli davam edərsə seyrçiyə maraqlı olmaz. Bu problem Azərbaycan teatrında özünü göstərir. Xırda da olsa ziqzaq varsa, deməli teatrımız yaşayır. Amma həyatla ölüm arasında. Tibb elmində bu vəziyyətə klinik ölüm və ya koma deyilir. Bəli bu gün teatr məhz belə haldadır. Koma halında olan xəstə daim hansısa aparatlara qoşulmuş vəziyyətdə olur. O aparatlar olmasa xəstə ölər. Teatr da bu cürdür. Hal-hazırda Azərbaycanda 27 dövlət teatrı varsa biz bunu o aparata borcluyuq. Qeyd etdiyimiz kimi ölkədə 14-ü əyalət, 9-u paytaxt 4-ü isə qaçqın olmaqla 27 dövlət teatrı fəaliyyət göstərir. Ancaq koma halında. Bunun əsasında köklü problemlər durur. Əslində paytaxt teatrlarında olan problemlər o qədər də nəzərə çarpmır. Amma əyalət teatrlarında doğrudan-doğruya böyük problemlər var. İlk növbədə bu problemləri tapıb üzə çıxartmaq gərəkir. Necə ki antivirus kompüterə düşən virusu əvvəl tapır və bundan sonra məhv edir... Problemlər nədir? Birinci növbədə seyrçi yoxdur. Amma seyrçinin olmağı üçün də tamaşa lazımdır. Yaxşı tamaşa niyə yoxdur və ya yoxa bərabərdir? Bu suala direktorların cavabı birmənalı olur əksərən. Maddi sıxıntımız var, kadr çatışmır, geyim yoxdur, şərait yoxdur və sair və ilaxır. Maddi çətinlik cavabı ilə qismən razıyam. Teatrların daxilində doğrudan da maddi çətinliklər var. Amma dövlət yetərincə pul ayırır teatrlara. Məsələn Ağdam Dövlət Dram Teatrının 2013-2014-cü il mövsümünün ilk tamaşası olan “Gəl qohum olaq”a dövlət tərəfindən nə az, nə çox düz 10500 manat, Gəncə Dövlət Dram Teatrında səhnələşdirilən Jül Rumenin “Knop və ya tibbin təntənəsi” əsərinə 12000, “Ərik ağacı” əsərinə isə 9800 manat vəsait ayrılıb. Amma gəlin görək bu qədər dəyərli tamaşa hazırlanıbmı?! Direktorlara sual ünvanlasaq- bəli tamaşalarımız var, seyrçimiz gəlir deyə cavab alarıq. Əslində nə tamaşa var, nə də tamaşaçı yəni öz istəyi ilə gələn.

Kadr çatışmır. Bu həm çox böyük problemdir, həm də ümumiyyətlə problem deyil. Çünki iki aktyor ilə də izləyici qazanmaq olar. Amma məsələ burasıdır ki, həmin iki aktyor əyalət teatrlarında varmı?! Mənim uşaqlığım əyalət teatrında keçib və mən ordakı insanların hansı çətinliklərlə qarşı-qarşıya qaldıqlarını görmüşəm. Görmüşəm ki, aktyor məşqdən sonra rejissora yaxınlaşır və sabahı gün işə gəlməyi üçün bir manat borc pul istəyir. Sizcə bu aktyor hər hansı bir tamaşada obraz yarada bilərmi? Məncə yox. Onu bir şey düşündürür. Sabah gəliş pulunu tapdım. Bəs biri gün. Hələ mən bu insanın evdəki problemlərini saymıram. Teatrda elə aktyor görmüşəm ki, o, beş rejissor adı çəkə bilməz. Bəli əyalət teatrlarında doğrudan-doğruya kadr problemləri var. Bəlkə təyinat sistemi yenidən fəallaşdırılsın? Axı Mədəniyyət və İncəsənət Universiteti hər il yüzlərlə tələbə məzun edir. Amma teatrın problemi tək kadr deyil. Mənə görə teatrlara seyrçinin getməməyi mövzu ilə də əlaqədardır. Çünki teatr xalq üçündür iki və ya üç teatrşünas üçün yox. Əyalətdə yaşayan insan üçün Fransız dramaturqu Marsel Brike Marine, Jan Anuy, Jül Rumen nə dərəcədə maraqlıdır? Və ya Qoqol, yaxud Şekspir. Ağdamlı seyrçi üçün Hamlet, Kral Lir və sair əsərlər aktualdırmı? Yaxud digər bölgələrdə yaşayanlar üçün. Şekspir hamı üçün Şekspirdir. Amma gəlin açıq danışaq. Bu əsərlər əyalətdə yaşayanların 90 faizi üçün əhəmiyyətsizdir. Bu camaatın bir dərdi var o da dolanışıqdır. Geridə qalan 10 faizi əhalinin ziyalı təbəqəsidir ki, teatrlara onlar da getmir. Bəs yaxşı teatra kim gedir? Heç kim! Yaxşı bu xəstənin sahibi, ziyarətçisi yoxdursa onun bu cür bahalı aparatlara qoşulmuş halda yaşaması kimə lazımdır. Onu bu cür saxlamaqda xəstəxananın marağı nədir? Yəqin gözləyirlər ki, komadan ayılsın. Bəlkə sahib çıxan tapıldı. Məncə gözləmək yox tədbir görmək lazımdır. Kardeoqramada ziqzaqların sayı azalır vaxt keçdikcə. Gec olmadan elektroşok verib xəstəni ayıltmaq sonra isə müəyyən sistemlər vasitəsi ilə qanındakı virusları təmizləmək gərəkdir. Bayaq dedik ki, bu xəstənin sahibi yoxdur, ama var. Özü də bilirsiz nə qədər, düz on milyon. Bəli on milyon. Gəlin, cavanlıq şəkillərinə baxıb nostaljiyə qapılmaqdansa, sahib çıxaq xəstəmizə. Axı o hələ sağdır və bizdən yardım gözləyir.

# 1977 dəfə oxunub

Müəllifin son yazıları

# # #