Alim Qasımovun diski Fransada təqdim olunub

Alim Qasımovun diski Fransada təqdim olunub
19 mart 2019
# 09:45

Azərbaycanın Xalq artisti Alim Qasımovu səfirliyimizin Mədəniyyət Mərkəzində görməkdən çox şadıq. Alim Qasımov Azərbaycanın ənənəvi musiqisi olan muğamın böyük ustadıdır. Muğam musiqimizin özəyi, cövhəri olmaqla tariximizi, dilimizi, ənənələrimizi, ədəbiyyatımızı və fəlsəfəmizi özündə əks etdirir.

Bu fikirləri ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Alim Qasımovun yeni diskinin təqdimatına həsr edilmiş tədbirdə söyləyib.

Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələrinin bəşəriyyətin yüksək dəyərləri kimi qorunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yorulmaz xidmətləri sayəsində muğama yenidən nəfəs verildiyini və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

Bildirib ki, XX əsr simfonik və caz muğamlarının müasirləşməyə doğru istiqamət götürməsi ilə yadda qalıb. O, Alim Qasımovun Yo-Yo Ma, Jeff Buckley, fransız DJ David Vendetta ilə birlikdə böyük layihələrdə iştirak etdiyi diqqətə çatdırıb.

R.Mustafayev vurğulayıb ki, muğam ustadının böyük fransız musiqiçi Mişel Qodard ilə son layihəsi incəsənətin və musiqinin ağlasığmaz gücünü və sərhədlərini aşaraq, xalqları və mədəniyyətləri yaxınlaşdırdığını aydın şəkildə əks etdirir.

Sonra fransız etno-musiqişünası Jan Dürinq muğam ustadı Alim Qasımovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. J.Dürinq Azərbaycan mədəniyyəti və musiqisi haqqında danışaraq A.Qasımov kimi istedadlı musiqiçilərin tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olduğunu qeyd edib.

Dağlıq Qarabağın Azərbaycan mədəniyyətinin, eləcə də muğamının beşiyi olduğunu vurğulayaraq təkcə Şuşa şəhərində 95 şairin, 22 musiqi üzrə ekspertin, 38 müğənninin, 42 alimin, 19 xəttatın, 16 rəssamın və digərlərinin yetişdiyini bildirib. Qeyd edib ki, XX əsrin əvvəllərində rus səyyah da xatirələrində “insanların ölkənin bütün yerlərindən Dağlıq Qarabağa musiqi dinləməyə gəldiklərini” yazırdı.

J.Dürinq Azərbaycan musiqisinin tarixinin Şuşada yazıldığını diqqətə çatdırıb. O, müstəqilliyimiz bərpasından sonra muğamın yenidən canlandırılmasından, Bakıda “Muğam dünyası” beynəlxalq festivalının keçirilməsindən, bu festival çərçivəsində gənc muğam ifaçılarının beynəlxalq müsabiqəsinin təşkilindən söhbət açıb.

Sonra FMICA Organizers İnstitutunun nümayəndəsi Gvendelin Lumaret “Yeddi gözəl” musiqi layihəsindən danışıb. “Yeddi gözəl” diskində A.Qasımovun iranlı musiqiçilərlə birgə ifasına çəkilmiş videoklip göstərilib.

Alim Qasımovun imzası ilə diskləri, eləcə də fotoları tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, martın 20-də UNESCO-da Beynəlxalq Novruz günü çərçivəsində Alim Qasımovun konserti olacaq. /azertag.az/

# 1800 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #