Cənnət vəsiqəsi

Cənnət vəsiqəsi
8 oktyabr 2014
# 15:36

İstidən və susuzluqdan cadarlanmış torpaq kimi gərgin bir günorta üstü pillələri yorğun qalxırdım. Lift də tərslikdən işləmirdi. Qalxırdım yox, ilbiz kimi sürünürdüm desəm, yanılmaram. Hansısa gözəgörünməz qüvvədən kosmos sürəti istəyirdim ki, qədəmlərimi yeyinlədib qapını açım. Bu istidə sıxlıq və əsəbi gərginliklə zəngin olan basabas şəhərimizdə onsuz da hər kəs gərginliyini püskürməyə məqam gəzir. Evdən bu gərginliyə təşrif apardığım üçün özümə etmədiyim küfr tapmadım...

Elə qapıya çatmağımla qəfildən yaşılbaş sonalar kimi geyinmiş qonşumuz Hacı Məleykə xanım qarşımda peyda oldu. Uzun-uzadı hal-əhval yoxlamasından keçəcəyim bəlli idi. Yanılmamışdım... Xoş-beşdən sonra yaşıl, qırmızı rəngləri bir-birinə qarışıb son zamanlarda dəbə düşmüş üsulla bağladığı çalmalı başını tərpədərək, Məkkədən gətirdiyi sürmə ilə sürmələdiyi gözlərini oynadaraq şad xəbərini yeni il fişəngi kimi partlatdı:

- Bilirsiz də, yenə Hacı xanım olacam.

Üzbəüz qonşum Xeyransa xala bayaqdan bizi dinləyirmiş kimi qəfildən qapını açıb (zənnimcə gözlükdən baxırmış) heyrətlə içini elə çəkdi ki, dedim, yəqin mən hesabı qarışdırmışam. Ola bilməz, güman ki, “Neftçi” dünya kubokunu qazanıb çempion olub!!!

- Ağəz, Hacı Məleykə, təzəlikcə getmədinizmi? İldə neçə kərə gedirsiz qurban olduğumun ziyarətinə?!

Hacı Məleykə də özünü o yerə qoymayıb əlini qaldırdı. Brilyant üzüklərini (beş barmağının beşinə də üzük taxmışdı, yalan olmasın) yazıq və alacalanmış nəzərlərlə heykəl kimi dayanan Xeyransanın gözlərinin qarşısına tutub oynatdı:

- Beşinci kərədir gedirik. Kişi deyir ki, ora getmək həm cənnətlikdir, həm də savabdır. Nə qədər pulumuz var, müqəddəs torpaqları ziyarət edək. Kərəminə qurban olduğumuz belə buyurub də. Qoy heç getməyənlər dərd çəksin ki, o dünyada Allaha nə cavab verəcəklər?! Cəhənnəmdə yanacaqsız hamınız... O qurban olduğum yerlərə elə bircə dəfə getmək özü cənnəti qazanmaqdır.

...Sonra da hikkə ilə qəfil peyda olduğu kimi də , gözdən itib qapısını üzümüzə çırpmağı bir oldu.

Yazıq Xeyransanın ağzı açıq, gözləri böyümüş heykəl ifadəsi hələ də yerindəydi. Elə bil ömründə ilk fantastik filmə tamaşa edirdi. Zavallı qadının çaşqın halına gülümsəməməyə çalışırdım. Kirpiklərini yazıq-yazıq çırpışdırıb (vallah elə bil ki, heykəl canlandı) mənə döndü:

- Bu nə deyir, a bala, Hacı Məleykə Allah adamıdır, mən yox?! Mənim pulum yoxdur deyə o yerlərə gedə bilmirəm. İndi kafir, dinsizəm? Pul insanı necə qudurdarmış? Deməli, mən cəhənnəmlik, o cənnətlikdir?... Yox, yox... qoymaram bu qədər qürrələnəsən, hacı xanım!

Bir qədər gərginləşərək əllərini ovuşdurub qırışmış alnına qoydu. Düzü, mənim müdaxilə etməyə nə həvəsim, nə də sözüm vardı. Axı nəyi dəyişə bilərəm ki?!... Onsuz da nəticəsi olmayan mübahisə yaranıb uzanacaqdı (uzat ki uzadasan). Kimdən sitat gətirsəm də kafir biləcəklər məni. Həm də ömründə kitab üzü açmayan ehkam fanatikinə nə xırdalayasan? Onsuz da başa düşməyəcəklər. Guya bu cəhdim cənnət bəhsinə girmiş Xeyransa ilə cənnətə “vəsiqə” alması ilə fəxr edən Hacı Məleykənin təfəkküründə nəyə təsir edəcəkdi?!... Köhnə bazara təzə nırx qoymaqla onları çürümüş fikirlərindən döndərmək mümkün deyil.

Necə deyərlər, belə gəlib, belə də ölməyə “and içmiş” cənnət yarışçılarıdır. Nənəm demiş, cənnətə getmək üçün gərək VİP salonda ziyarətə gedəsən. Əsas cibin dolu olsun. Yoxsa at, dəvə belində getməklə imanın dolu olsa belə kim səni məclislərdə hacılıq məqamı ilə yuxarı başa keçirəcək?! Heç kim!

O gün dayım oğlunun qudasının dostu Hacı Fərəc (maşallah çox uzaq getdim axı) babama baş çəkməyə gəlmişdi. Evimizdə də xeyli Hacı oturmuşdu (bütün qonum-qonşu hacılardı).

Söz arası şəstlə dedi ki, Allah haqqı, Həzrət Abbasın qələm qolları haqqı (vallah elə belə də dedi) keçən il həccə gedəndə bir qəribə hadisə olmuşdu. Ziyarətdə şeytana o qədər daş atdım ki, o basabasda, hay-harayda ayağımın altında bir yaşlı qara afrikalıya bənzəyən zəncini elə tapdaladım, bir də gördüm ağzından qan gəlir. Nə təhər xoflandımsa, camaatı itələyə-itələyə birtəhər qarşıya keçdim. Əlimdəki daş parçalarını hey şeytana tolazlayırdım. Hətta ayağımın altındakı bədbəxti də unutmuşdum. Sonra dedim, əşi, heç nə olmaz, Allah kərimdir, bağışlayar yəqin. Onun yolundadır da... Gecə gəldim bir yuxu gördüm... Pəh... Yuxu deyim e...! Hər Hacıya belə yuxu görmək nəsib deyil ha....(Hacı qonşularımız ağzı açıq halda dinləyirdi).

Özünü bəxtəvər sanan Hacı dayı ağzı köpüklənə-köpüklənə ağzı açıq hacıları süzüb qəfil mənə çevrildi. İnamsız və aciz halıma baxıb alnını necə qırışdırdı, baxışlarını necə əydisə, tıxacda sandım özümü, nəfəsim təntidi. Sürətlə mimikamı dəyişib özümü heyrətlənmiş görkəmə bürüyüb “həyəcan”la dedim:

- Hə... nə gördüz?!

Bir mənə baxdı, bir də artıq çimir edən babama. Alnının iri və keçilməz qırışlarını ütüləyib şumallaşdırdı:

- Şəkk gətirmə! Heç istehza eləmə, bala! Hə, nə isə...(iri qara dənəli üzümə bənzər təsbehini çevirdi) Gördüm ki, o dünyaya getmişəm. Hamının haqq-hesab dəftərinə baxıb qəbz verirdilər. Pis əməl sahiblərinə cəhənnəm, yaxşı əməl sahiblərinə isə cənnət qəbzi verilir. Mənə növbə çatanda dedilər ki, istəsək səni odla su arasında qoyarıq. Dedim, başınıza dönüm, od-su niyə? Dedilər, çox günah etmisən ondan. Elə edərik, daha bu yuxudan oyanmazsan, lakin rəhm edirik, bir xeyirxah əməlin buna mane oldu. Dedim, qurban, mən başına daş düşmüşün bu dünyada indiyədək etdiyi hansı yaxşı əməli var ki, ona görə rəhm edirsiz?

- Hamıdan qarşıya keçməyə cəhd edib şeytanı birinci daşladığına və bu yolda etdiyin canfəşanlığa görə səni bağışlayırıq. Ancaq hələ cənnətə buraxmırıq!

Gözümdən bıldır-bıldır yaş töküb, elə ağlayıram, elə bil leysan tökülür. Dedilər, fikir eləmə, zənciyə görə səni cəhənnəmlik edəsi deyilik ha. Allah yolunda şeytana daş atanda olub da. Səni bir şərtlə geri göndərib təzədən buralara yolun düşəndə cənnətə buraxacağıq ki, gərək biz deyəni edəsən. Yəni geri qayıdıb oyandıqdan sonra işin və gücün ancaq mal-mülk əhlini Həccə getməyə həvəsləndirməkdən ibarət olsun ki, cənnətə vəsiqə qazanasan. Cəhənnəmə baxma, onsuz da cənnətdə yerimiz çoxdur, həm onları da cənnətlik etmiş olarsan. İndi odur ki, o gecədən bu yana nə qədər varlı-hallı, kasıb dost-tanışım var, beynini yeməklə məşğulam. Deyirəm, nəbadə son pulunuzu yığıb belə beş nəfərlik külfətə ev tikəsiz, ya artıq olsa bir xəstəyə verəsiz, onda cənnətdən əlinizi birdəfəlik üzün! İndi, bala, sən də imansızlıq eləmə. Get borc-xərc də olsa ziyarətgahı dolan, hələ orda bir şəkil də çəkdir feyzbuka qoy (deyəsən Hacının başı yaxşı çıxır feyzbukdan). Profil şəklini ziyarət edən mömün bəndələr, elə o dünyadan bizi izləyən “gözəgörünməz” qüvvələr də sənə “bəh-bəh” desinlər!

Hacı Fərəc sözünü bitirib söylədiyi uzun nitqindən razı vəziyyətdə gözlərini mənə zillədi... Bu anda hiss elədim ki, rəhmətlik Eynşteyn yanımda dayanıb (indi olmasın, istədim duram qucaqlayam) qulağıma nəsə pıçıldadı: “Həyatın sirləri ilə qarşılaşma, qorxu hissi ilə qarışaraq dinləri yaratmışdır. Nüfuz edə bilmədiyimiz nəyinsə mövcud olduğunu bilmək, dərində olan səbəbləri və parlaq gözəlliyi ən ibtidai şəkildə də olsa, qavrama cəhdlərimiz – məhz bu biliklər və bu emosiyalar əsl dini yaradır. Bu mənada və yalnız bu mənada mən dindaram. Mən öz yaratdıqlarını mükafatlandıran, cəzalandıran və ya bizim malik olduğumuz iradə ilə eyni iradəyə malik bir Tanrını təsəvvür edə bilmirəm. Fiziki ölümdən sonra həyatı da başa düşmürəm və başa düşmək istəmirəm; bu anlayışlar yalnız qorxmuş və zəif insanların absurd eqoizminə xasdır”

Özünü atom bombasına görə az qala lənətləyən Eynşteynin bu fikrləri əslində onun yazdığı essedən yadımda qalan və yəqin ki, mənə daha çox təsir edən sitat idi. Bəlkə də çox doğruları ifadə etdiyi üçün sözünün təsir gücünə təslim olmuşam. Nəticədə kişi də gözümə görünüb. Ya da mənə belə gəlib.

Əlbəttə, kimisə inancına görə qınamaq, yaxud “kafir” hesab etmək insanlıqdan uzaqdır. Tolerant olmaq bu qədər çətindirmi? Yəqin cavabı da o qədər yüklüdür.

Görəsən, Eynşteyn bizim dili bilsəydi, nə deyərdi gözü dindən və ehkamlardan başqa bir şey görməyən “mömün” bəndələrə? Deməzdimi, ay əqidəsinə sadiq qalan Hacı Səftərlər, Hacı Əşrəflər, n sayda həcilər, bəlkə məsələnin kökünə baxasız? Lüks təyyarələrdə Məkkəyə gedib ərəb şeyxlərinin sayənizdə qızıl kisələrini bacardığınız qədər (lap borca da düşsək eybi yoxdur) doldurursunuz. Axı insaf da dinin yarısıdır. Ax... Nə istedadlı, nə düşüncəli kişiymiş bu Eynşteyn! Kişi düz deyir də vallah... (yəni mənə elə gəlir ki, Eynşteyn belə deyirdi...)

Ay qardaşlar, ay bacılar! Vallah cənnəti elə bizim odlar yurdumuzda da qazanmaq olar. Heç o dünyada aramağa ehtiyac yoxdur. Xatırlamağı gərəkli bilməsəm də, yenə deyim. Ölkəmizdə talassemiya, serebral iflic, ürək qüsurlu, xərçəngin dürlü-dürlü növlərindən (leykoz və s.) əziyyət çəkən, işıqlı dünyada cəhənnəm əzabı yaşayan minlərlə körpə uşaqlar var ki, valideynləri (yalnız internet məkanından başı çıxanlar) gecə-gündüz sosial şəbəkələrdə yalvarır, vicdanlı, mömin bəndələrdən “Allah xatirinə” yardım istəyirlər. Gəlin onlar üçün bir fond yaradın və hər il bu yollarda tökdüyünüz pulları, çəkdiyiniz əziyyəti bu fonda sərf edin. Vallah və billah sizə hamı “həci”dən artıq hörmət edib, dəyər verəcək. Ya da təklif edirəm ki, qəlbində şübhə qalan mömin kəslərimizdən kim bu fonda yardım etsə, ona birbaşa “Hacı” titulu verilsin. Bu qədər keçilməz maneədirmi? Niyə də olmasın?! Amma bizdə o bəxt hanı?

Yəqin yuxu görmüşəm, sonra da oyanıb bu dadlı və şirin yuxunu sizlərlə bölüşmək istədim. Amma çox şirin xəyal-plovdur ha... Sizləri də bu xəyal-plovdan yeməyə dəvət edirəm, ey mənim mömin bacı, qardaşlarım! O getdiyiniz Həccə and olsun çox dadlıdır! Heç olmasa, bir qismət yeyin!

# 1875 dəfə oxunub

Müəllifin son yazıları

# # #