Seymur Baycan: “Onlar broyler toyuğudur”

Seymur Baycan: “Onlar broyler toyuğudur”
6 fevral 2015
# 17:12

“Hekayədən sonra” layihəsində Şərif Ağayar və Cəlil Cavanşir Seymur Baycanın “Elm və Həyat” adlı yeni hekayəsini müzakirə ediblər. Seymur Baycanın müzakirəyə münasibətini təqdim edirik.

“Elm və həyat” hekayəsi azərbaycanlıların robotlaşması, robotun azərbaycanlılaşması haqqındadı. Bizim adamlar elə danışırlar ki, sanki onları proqramlaşdırıblar. Bu da düşünmək qabiliyyətinin olmamasından irəli gəlir. Bəli, bu danışıqlarda yarınmaq, mənfəət götürmək istəyi də var. Ona görə də robotun danışığında daha çox mən tez-tez eşitdiyimiz fikirlərdən istifadə etdim. Bu fikirləri biz ən müxtəlif təbəqələrdən olan adamların dilindən, ən müxtəlif məkanlarda eşitməkdəyik. Cəlil bunu dəqiq tutmuşdu.

Hekayədəki professorun adı Vidadi Babanlının ”Vicdan susanda” əsərindən götürülüb. Bu hekayəni yazmaq üçün o qalın romanı oxumalı oldum. Mövzunu isə rəssam Fərhad Yalquzaq verdi. Söhbət zamanı dedi ki, kababçəkən robot rəsmi çəkmişəm. Qərara gəldik ki, mən də bu mövzuda bir hekayə yazım. Hekayəni oxuyan dostlardan bəziləri sonluğu ilə bağlı iradların bildirdilər ki, mən birdən-birə robotu öldürürəm.

Müəyyən mənada razıyam. Ancaq bir məsələ var. Mən nə yazdımsa yazıram. Heç nə əlavə edə bilmirəm. Bunu bacarmıram. Məsələn, tez-tez deyirlər ki, sən mövzuları korlayırsan. Onları daha əhatəli işləmək olar. Bu iradı tez-tez eşidirəm. Yəqin ki, onlar haqlıdırlar, lakin sözün həqiqi mənasında yazdığımdan artıq yaza bilmirəm.

İndi isə keçək Şərif əfəndinin iradlarına. Bu iradı da tez-tez eşidirəm. Sabir Rüstəmxanlı da hekayələrim haqqında yazısında dilimin pintiliyindən şikayətlənmişdi. Bilirsiniz, doğrudan da biz gərək bu mövzuda geniş və effektiv müzakirələr açaq. Təkcə mənə görə yox, ümumiyyətlə. Mən Şərifin səmimiyyətinə inanıram. Bu haqda biz bir neçə dəfə söhbət etmişik. Sözün həqiqi mənasında durğu işarələrinin təyinatını bilmirəm. Bircə onu bilirəm ki, cümlə qurtaranda nöqtə qoymaq lazımdır. Bir də onu bilirəm ki, “və” bağlayıcısından əvvəl vergül olmur. Nida harda işlənir, vergül hara qoyulmalıdır, tabeli mürəkkəb cümlə nədi, bunlardan bir qram da başım çıxmır. Bu dəqiqə siz mənə bir cümlə versəniz orda xəbər hardadır, mübtəda hardadı onu həll edə bilməyəcəm.

Yeddinci sinifə qədər Azərbaycan bölməsində oxumuşam. Sonra qəfildən keçdim rus bölməsinə. Üç il orda oxudum. Universitetdə isə türkcə oxudum. Hər şey bir-birinə qarışdı. Bunu açıq deyirəm. Özümü də müdafiə etmək fikrim yoxdu. “18,6 cm” romanımı buraxanda redaktəyə vermədim. Redaktor sözünün qarşısına yazdım-redaktə olunmayıb. Bütün səhvlər müəllifə məxsusdur.

Mənə elə gəlir ki, bizim yazarlar bu dil söhbətini qədərindən artıq müzakirə edirlər. Bu da bekarçılıqdandır. Filankəsin dili rəvandır, filankəsin dili poetikdir, filankəsin dili şirindir, filankəsin dili acıdır. Bizim ədəbi mühitdə dili çox yaxşı bilən səliqəli yazıçılar var. Bəs onların əsərləri niyə oxunmur? Mənim üçün effektivlik ən vacib şərtdir. Yazı oxunmalıdır. Qurtardı getdi.

Yeddi-səkkiz il əvvəl bir seminarda iştirak iştirak edirdim. Hollandiyadan bir trener gəlmişdi. Azərbaycandan hardasa on nəfər iştirak edirdi seminarda. Bu on nəfərdən yeddisi avaraçılıqla məşğul idi. Məşğələlərə gəlmirdilər. Qulaq asmırdılar. Yekəbaşlıq edərək deyirdilər ki, biz bunları bilirik. Bu trener bir dəfə bir misal çəkdi. Dedi ki, yazı yazanda təsəvvür edin ki, siz qaladakı qızı xilas edirsiniz. Nə yolla olursa-olsun qız xilas olunmalıdır. Bunun üçün ən mümkün vasitələrdən istifadə edin. Mövzunu qız kimi təsəvvür edin. Bizdə isə yazarlar çox vaxt hər şey edirlər ki, qız xilas olmasın. Yeni mövzu qalır kənarda, söz oyunu oynamağa, lazımsız hoqqalar çıxarmağa başlayırlar.

Təxminən 15 il əvvəl bizim mətbuatda mövzusuz ovqat yazıları tüğyan edirdi. Səhifə-səhifə ovqat yazıları yazırdılar. Yazını oxuyurdun, bilmirdin müəllif nə istəyir. Səbəbsiz kədər adamın zəhləsini tökürdü. Yaxşı ki Zamin Hacı çıxdı ortaya. Dinamik yazılarla bu müəllifləri lazımsız adamlara çevirdi və bizim publisistikanı en azı iyirmi il qabağa atdı. Axmaq yazılardan canımızı qurtardı. İndi həmin müəlliflər öz əhəmiyyətlərini itiriblər. Özlərinə süni şəkildə ciddiyyət qatmaq üçün ildə bir dəfə mövzu tapılır. Halbuki yaza bilmirlər. Ətrafda isə mövzular qaynaşır. “Məni yaz, məni yaz” deyirlər.

Mənim yazdığım yazı oxunmalıdır. Vəssalam! Süni şəkildə bədiiləşdirilmiş dildən zəhləm gedir. Cümləni oxuyursan və müəllifin səsini eşidirsən-dayan indi səni bədiiləşdirəcəm. Bu süni şəkildə bədiiləşdirilmiş dil bizim ədəbiyyatın xəstəliyidir. Tempi aşağı salır. Oxucunu yorur. Müəllif üçün maneələr yaradır. Bədii informasiyanın ötürülməsinin qarşısını alır. Çox təəssüf ki, özünü ağıllı sayan oxucular da elə düşünürlər ki, əgər dil süni şəkildə bədiiləşdirilibsə deməli bu əsl ədəbiyyatdı.

Əgər cümlə sadədirsə bu ədəbiyyat deyil. Bu süni şəkildə bədiiləşdirilmiş dil süni şəkildə şişirdilmiş broyler toyuqlarına bənzəyir. İndi bir nəsil çıxıb ortaya. Onlar kənd toyuqların yeyə bilmirlər. Deyirlər əti bərkdir. Bizim oxucular da süni şəkildə bədiiləşdirilmiş dil söhbətinə o qədər aludə olublar ki, normal sadə dillə qarşılaşanda bunu həqiqi ədəbiyyat hesab etmirlər.

# 1691 dəfə oxunub

Müəllifin son yazıları

# # #