Elşad Miri nöqtə qoydu: “Yer fırlanır”

Elşad Miri nöqtə qoydu: “Yer fırlanır”
18 fevral 2015
# 13:01

Səudiyyə Ərəbistanlı imam Şeyx Bendər Əl Hayberinin “Dünya fırlanmır” deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov da səudiyyəli imamı dəstəkləyib. Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri Kulis.Az-ın sorğusuna cavab verib.

Qərb dünyası Marsa insan göndərməyi müzakirə elədiyi halda əfsuslar olsun ki, müsəlman ölkələrinin bəzilərində hələ də dünyanın yuvarlaq olub-olmaması müzakirə edilir. Bu təəssüf edici məsələdir. Halbuki bu günləri müsəlman dünyasından Qərb dünyasında olan texnologiyalara heç olmasa alternativ yaratmağı, universitetlərin daha yaxşı şəkildə təsis edilməsi, teleskopların qurulması, göyü üzünün, səmanın daha yaxşı araşdırılması və bunu Qurani-Kərimlə uzlaşdıraraq həyata keçirmələrini gözləyirəm. Əfsuslar olsun ki, bu günləri müsəlman dünyasında bəziləri çıxıb bu sözləri deyirlər. Bu da bu günləri Azərbaycanımızın da gündəmi oldu. Buna da səbəb Azərbaycanda bu sahə ilə bağlı olan bir insanın da məsələyə konkret olaraq cavab verməməsi, əksinə, məntiqə də uyğun olmayan bir suala sualla cavab verməsi oldu.

Mənim də bəzi adamlarla söhbətlərim, müzakirələrim oldu. Sual verdilər ki, bu məsələ haqqında nə deyə bilərəm. Mən dedim ki, vallah bu barədə danışmaq əbəsdir və vaxt itkisidir. Çünki bu günləri altıncı sinifdə oxuyan sadə bir şagirddən də soruşsanız o sizə bunu izahlı şəkildə təqdim edəcək. Bunun üstünə mənə sual verdilər ki, onda bizə o vaxtı insan meymundan əmələ gəlməyini də öyrədirdilər. Mən də dedim ki, burda da fərqli məsələlər var. Birincisi o öyrədilən nəzəriyyədir. Yəni bu da özlərinin ateist təfəkkürünün və yaxud deyək ki, dinsiz ideologiyanın əsaslandırmaq istədiyi nəzəriyyə idi. Ona görə də orda Çarlz Darvinin təkamül nəzəriyyəsini gündəmə gətirdilər. Bunun üzərində ideologiyalarını qurdular və davam etdirdilər. Amma bu nəzəriyyə qanun deyil. İndiyə qədər də bir çox özünü ateist, aqnostik və yaxud da deist adlandıran, amma Darvinin təkamül nəzəriyyəsini qəbul eləməyən bəzi insanlar var və bunun elmə zidd olduğunu deyirlər.

Təbii ki, mövzumuz bu deyil, amma bir məsələni qeyd edək ki, hər nə qədər bu məsələ ilə bağlı ixtilaf olsa da faktiki olaraq dünyanın hərəkət etməsi ilə bağlı heç bir ixtilaf yoxdur. Amma bu məsələnin yaranmasının bir səbəbi var. Bəzi alimlərə, şeyxlərə toz qondurmamağa çalışırıq. Onların dedikləri nə varsa onu həqiqət kimi qəbul edirik.

Bu məsələ əslində vaxtilə Səudiyyə Ərəbistanının məşhur şeyxi olmuş İbn Bazla bağlıdır. İbn Baz həmin dövrdə həqiqətən sözü keçən bir şəxs idi. Onun dövründə Səudiyyə Ərəbistanında sığorta anlayışı konkret olaraq deyilmişdi ki, haramdır. Ona görə də onun əleyhinə gedərək sığorta şirkətləri qurulmadı. Amma ondan sonra gələn bəzi şeyxlərə, müftilərə bu məsələ ilə bağlı sual verildiyi zaman demişdilər ki, sığorta haramdı. Amma biz gedib öz sığorta şirkətimizi qururuq. Hətta daha sonra da dedilər ki, İbn Baz kitabında sığorta haqqında o mənada deməyib.

İndi mən başqa şey demək istəyirəm. Bəziləri bu gün danışanda qeyd elədilər ki, bununla bağlı gərək sən də Qurandan, peyğəmbərdən hədislərindən sitatlar gətirəsən. Təsəvvür edin, bəzi insanlar bir şeyi anlamır ki, Quranın hər dövrün özünün tələblərinə uyğun olaraq izah edilməsi mümkündür. Peyğəmbərimizin yaşadığı dövrdə adicə mikroskop yox idi ki, insanlar hüceyrədən xəbərdar olsunlar. Və yaxud teleskop yox idi ki, göy cisimlərini müşahidə edə bilsinlər. Halbuki Allah Qurani-Kərimdə deyir: “Başınızı qaldırıb səmaya baxın. Dünyanın necə sütunsuz hərəkət etdiyini görün.”

Bu nə deməkdir? Necə yəni başım qaldırım? Başımı qaldırıram görürəm buludlar var və sair. Yəni başınızı qaldırıb baxın o deməkdir ki, araşdırın, təhlil edin. Astronomiyanı öyrənin. Deyir üzərinə mindiyiniz dəvəyə baxın. Dəvənin nəyinə baxasan? Dəvəyə baxmaq odur ki, bu gün adına zoologiya dediyimiz elmi öyrənin. Dəvə ilə bağlı olaraq Allahın sizə verdiyi misalları öyrənin.

Əfsuslar olsun ki, bu günləri insanlara məsələyə görünüş tərəfi ilə baxaraq öz bəsitliklərini göstərmiş olurlar. Qurana-Kərimdə konkret bir ayə yazılıb. “Nəml”, 27-ci surənin 88-ci ayəsində Allah belə buyurur: “Dağlara baxıb onları donmuş zənn eləyərsən. Halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu hər şeyi bacarıqla edən Allahın gördüyü işdir. Həqiqətən o etdiyiniz əməllərdən xəbərdardır.”

Burda söhbət dağlara baxıb onları donmuş zənn eləməkdən gedir. Dağlara baxırıq, elə bilirik ki, donub. Və yaxud da Yer kürəsinə baxırıq, elə bilirik ki, sabitdir. Bununla bağlı bir məsələyə açıqlıq gətirək. Deyir dağlara baxanda onları donmuş zənn eləyərsən. Amma sonra əlavə edir; halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Yəni Qurani-Kərimin bu ayəsində təkcə Yerin hərəkət eləməsi deyil, həm də onun dövr elədiyi istiqamət də təsvir olunub.

Məsələn deyək ki, 3500-4000 metr yüksəklikdəki bulud topalarının hərəkət istiqaməti həmişə fikir verin Qərbdən-Şərqə tərəfdir. Hava proqnozları da hazırlanarkən Qərbdəki hava şəraitinin əsas götürülməsinin səbəbi budur. Biz bilirik ki, Yer də Qərbdən Şərqdə tərəf hərəkət edir. Əslində elmin bir neçə əsr əvvəl kəşf elədiyi bu həqiqət Quranda əsrlərlə əvvəl xəbər edilib. Sadəcə müsəlmanların başlarının qeyd elədiyimiz kimi başqa məsələlərə istiqamətlənməsi bunun əsas səbəblərindən biridir.

Bundan başqa ayələr də var. Qurani-Kərimdə “Tariq” surəsi var. 86-cı surəsidir. Onun 11-ci ayəsində buyurur ki, dönüşlü olan göyə and olsun. Bundan başqa Qurani-Kərimin 51-ci surəsi olan “Zariyat” surəsinin 7-ci ayəsində Allah buyurur ki, cürbəcür ulduz yolları olan göy. Bundan açıq-aşkar Allah nə buyursun.

Təəssüflər olsun ki, biz bu günləri Yer kürəsinin dövr etməsi ilə bağlı məsələni müzakirə etdiyimiz halda həm də iki ayədə Günəşin hərəkət istiqamətindən bəhs edir. Onlardan biri olan 21-ci Ənbiya surəsinin 33-cü ayəsində Allah buyurur ki, gecəni də, gündüzü də, Günəşi və Ayı da yaradan odur. Bunların hər biri özünəməxsus göydə üzür.

Bu üzmək hərəkət deyilsə başqa nədir? Bundan başqa yenə də bu günləri ölülər üçün oxunan Yasin surəsinin özündə 38-ci ayəsində buyurulur: “Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edir. Bu yenilməz qüvvət sahibi olan. Hər şeyi bilən Allahın təqdiridir.”

Burda seyr edər sözü ərəb dilində “təcr” deməkdir. “Təcr” də cərəyan eləmək deməkdir. Cərəyan eləmək də hərəkət deməkdir. Azərbaycan dilində “Hava cərəyan edir” cümləsi də bundan qaynaqlanır. Yəni bunun özü belə dəlildi, sübutdu. Biz başqa nə axtaraq ki. Bu məsələnin özü belə XX əsrdə astronomiya elmi inkişaf eləyəndən sonra öz təsdiqini tapıb. Hətta astronomların hesablamalarına görə Günəş Solar Apeks adlı orbit boyu, Veqa ulduzu istiqamətində saatda 720 min kilometrlik möhtəşəm bir sürətlə hərəkət edir. Bu təqribi hesablamalara görə Günəşin sutka ərzində 17 milyon 280 min kilometr yol qət etdiyini göstərir.

Yəni bütün bunlardan sonra biz hələ də Yer üzünün hərəkət eləyib-eləmədiyini, nə bilim geoid şəkildə olub-olmadığını müzakirə ediriksə qayıdaq heç olmasa orta məktəb səviyyəsində də olsa coğrafiya kitabını oxuyaq, fizika kitabını oxuyaq. Heç olmasa astronomiya ilə bağlı məlumatlar əldə edək. Yəni bütün bunları eləyəndən sonra həqiqətən insanların qabağına çıxıb hansısa suala cavab vermək daha məqbul olar.

Yoxsa məcburuqmu hər soruşulana mütləq cavab verək? Qardaş, bilmiriksə deməliyik ki, bilmirik. Bir araşdıraq, axtaraq, tapaq öyrənək. Çünki bu günləri əfsus olsun ki, dinlə bağlı insanların ən böyük problemlərindən biri dünyəvi olaraq adlandırdıqları həmin o elmlərdən xəbərsiz olmalarıdır. Yəni bunun da səbəbində nə yatır? Guya din başqa dünya başqadır. Dini elmlər, dünyəvi elmlər anlayışı Quranda, hədislərdə yoxdur.

Bu sonradan ortaya çıxıb. Qurani-Kərimin ilk ayəsi olan "Oxu” əmrində belə Allah demir ki, gedin Quran oxuyun. Çünki Quranın ilk əmridir. İkinci bir ayə yoxdur. Nəyi deyirdi oxuyun? Allahın kainat kitabını oxuyun. Bu günləri orta məktəbdə Fizikanı öyrənən uşaqlar nə öyrənirlər? Allahın yaratdığı Yer kürəsində olan qanunları öyrənirlər. Kimyanı öyrənmək də Allahın yaratdığı həmin o elementləri öyrənməkdir, onların tərkibini öyrənməkdir. Və yaxud biologiyanı, zoologiyanı, riyaziyyatı öyrənmək nədir? Bütün bunların hamısını dinlə əlaqələndirə bilərik. Bunların heç biri dünyəvi elm deyil. Bunların hər biri Allahın yaratdığı elmdir, Allahın yaratdığı kainat kitabıdır. Biz bunları gözəl bir şəkildə oxuyub ortaya çıxardığımız zaman gözəl də nəticə alarıq. Əks təqdirdə özümüzü də, başqalarını da gülünc vəziyyətinə salmış olarıq.

# 1830 dəfə oxunub

Müəllifin son yazıları

# # #