Bu armud onları ölümdən xilas etdi

Bu armud onları ölümdən xilas etdi
5 avqust 2019
# 17:21

Tanınmış türkiyəli rejissor Nuri Bilge Ceylanın Kann kinofestivalının iştirakçısı olmuş “Ahlat ağacı” (“Cır armud ağacı”) filmi universiteti bitirib doğulduğu məkana qayıtmış gənc yazıçının həyatda ciddi addımlar atma, insanları tanıma istəyindən, onun yenicə tamamladığı əsəri çapa vermək cəhdindən bəhs edir.

Bunun üçün, gənc pul mənbəyi axtarışına baş vurur. Ziyalı imicli müəllim atasının idman totalizatoruna qurşanmağı, kasıbçılıq, doğru insan olmaq üçün nə etməli tərəddüdləri, addımbaşı qarşılaşdığı riyakar mühit Sinanı usandırır, bezdirir.

Image result for ahlat ağacı filmi

Nuri Bilge Ceylan adı gələndə, göz önünə ilk öncə 2011-ci ildə çəkilmiş “Bir dəfə Anadoluda” filmi gəlir. Müxtəlif kinofestivallarda mükafatlar qazanmış bu filmdən bir epizodu yada salaq:

“Anadoluda yerləşən adi bir türk kəndi. İnspektor, şahidlər, polis işçiləri, müttəhim, hamı bir evə qonaq düşməli olur. Toz-torpaqlı yol, boz mənzərə, əyri-üyrü evlər, nimdaş paltarlı qara-qura kənd adamları. Məclisə çay gəlir. Və bu an inspektorun gözü çayı gətirən füsunkar, olduqca gözəl kənd qızına sataşır. Otaq sanki, nura boyanır. Bu təzad, kəskin ziddiyyət inspektoru da, məclis iştirakçılarını da, elə filmə baxan tamaşaçıları da təəccübləndirir, düşünməyə vadar edir”.

Bu cür qeyri-adi paradokslar, ziddiyyətlər “Ahlat ağacı” filmində də müşahidə edilir. Film kifayət qədər həcmli olsa da, sicim kimi uzanıb getsə də, adamı yormur və maraqlı süjet xətti, fəlsəfi dialoqları ilə diqqəti cəlb edir.

Image result for ahlat ağacı filmi

Rejissor “Ahlat ağacı”nda dahi Tarkovskinin üslubundan, fəndlərindən geniş istifadə edir. Bu həm musiqidə, həm də operator işində aydın görünür. Filmdə operator işi, bir-birini əvəz edən şəhər, kənd mənzərələri, sadə insanların həyat tərzi, bir sözlə, hər şey olduqca real çalarlarla əks olunmuşdur. Fikrimcə, filmi qeyri-adi edən xüsusiyyətlərdən biri də rejissorun yalnız obrazlarla deyil, teoriya, ideya, fəlsəfə ilə önə gəlmə istəyidir.

Baş rolun ifaçısı Doku Demirkol aktyorlar üçün tipik olmayan görünüşə, yerişə, duruşa malik olsa da, aktyorun özünəməxsus ifa tərzi filmə xüsusi kolorit verir.

Filmin qəhrəmanı ilk əvvəl, adidən adi, başqalarından heç nəylə seçilməyən insan təəssüratı yaradır. Sanki, bu insan mənasız ailədaxili münaqişələr, məişət xırdalıqları arasında itib batır. Amma, film irəlilədikcə anlayırsan ki, onun öz daxili dünyası var. Sinan ətrafında baş verən hadisələri fərqli qiymətləndirməyi bacarır, onları özünəməxsus şəkildə başa düşür, analiz edir. Bununla belə, bəzən o, kobud təsir bağışlayır, bəzən vecsiz, hər şeyə laqeyd görünür.

Bir epizodda, Sinan evlərində dəhlizə asılmış gödəkcəsinin cibindən pul oğurlandığını aşkar edir. Lakin, pulun borc-xərc içində batan qumarbaz atası tərəfindənmi, ya yükdaşıyan oğlan tərəfindənmi götürüldüyünü ayırd edə bilmir.

O, kitabının uğuruna inanır, onunla məşhurlaşacağına böyük ümidlər bəsləyir, lakin hərbi xidmətdən qayıtdıqdan sonra məlum olur ki, onlar heç satılmayıblar da. Kitablara maraq yoxdur, alıb oxuyan heç yoxdur.

Müəllif, yazar üçün isə bundan betər, bundan dəhşətli xəbər ola bilməz. Hətta Sinanın anası və kiçik bacısı belə kitaba biganədirlər. Yalnız atadan başqa. Kitabı yalnız bir adam, Sinanın güvənmədiyi, etibar etmədiyi, hörmət bəsləmədiyi insan oxuyur və qiymətləndirir. Bu şəxs atadır.

O, atası ilə söhbətləşir və böyük ümidsizlik içərisində ona deyir:

“Borclar dünyası uğursuzların nəzarətindədir. Bir uğursuz insan olaraq, axır ki, mənim də növbəm gəlib çatdı və mən də borc alaraq kitabımı dərc etdirdim. Mən kəndçiyəm, kasıbam, işsizəm. Buna görə də kitablarım satılmır. Məni heç qız, qadın da bəyənmir, sevmir.”

Atası isə ona ürək-dirək verir, ümidləndirməyə, dəstək olmağa səy göstərir:

“Biz hamımız yabanı, cır armuda bənzəyirik. Uğursuzuq, tənhayıq, birtəhərik.

Bax, o görünən məktəblə üzbəüz cır armud ağacı var a, bəzən onlar olduqca faydalı olurlar. Pulum olmurdu, yeməyə bir şey tapmırdım. Mən özüm ac vaxtlarımda bir neçə dəfə onlarla, cır armudlarla qidalanmalı olmuşam. Bu meyvələr məni xilas etdilər, acından ölməyə qoymadılar”.

Ata sübut etməyə çalışır ki, köhnə quyunun içində yenə su tapmaq mümkündür, sadəcə daha dərinə qazmaq lazımdır. Nə yolla olur-olsun su tapmaq, ölü torpaqları, quruyan otlaqları xilas etmək, diriltmək gərəkdir.

Lakin hamı onun sözlərinə qeyri-ciddi yanaşır, heç kəs bu sözlərə inanmaq istəmir. Öz oğlu belə ona güvənmir, zidd gedir. Burada bədbəxtlikləri, tənhalıqları, kədərləri, iç ağrıları ilə birlikdə, ata da, oğul da bir-birinə bənzəyirlər.

Ata Sinana deyir: “Kimin arzuları öz-özünə çin olur ki? Mən çox sınaqlardan çıxdım. Yaxşı insanlarla tanış oldum. Hər şeyi xatırlamaq, yadda saxlamaq olmur. Yaddaşımızı çox da qurdalamayaq, dərinliyə varmayaq. Yaxşı, pis xatirələr tədricən bozarır, əriyib yox olur. Amma, hər halda bəzi hadisələr unudulmamalıdır, mütləq yaddaşlarda qalmalıdır.”

Gənc yazar tanınmaq, məşhur olmaq arzusu ilə alışıb yanır. Onun məqsədsiz mövcudluğu, Sinanın Sizif kimi susuz quyunu əbəs yerə qazıb diriltməyə cəhd səhnəsində olduqca dəqiq təsvir olunur.

Image result for ahlat ağacı filmi

Görəsən bu Sizif əməyidirmi, ya quyunun içərisində həqiqətənmi su var? Görəsən Sinanın əməyi puç-heç oldumu, yaxud o əvvəl-axır tanınmış yazıçıya çevriləcəkmi?

Film boyu ətrafda sanki bir həzin intihar, mübhəm ölüm ab-havası da hökm sürür. Sanki, ümidsiz, əlini hər şeydən üzmüş bir insan ölüm axtarışı üçün geri dönmüşdür. Lakin bununla belə, “Ahlat ağacı”nda heç bir qətl hadisəsi baş vermir. Film bir az melanxolik üslubda cərəyan etsə də, bədbinlik ruhu aşılamır.

Sizi, tamaşaçını düşündürən, onu həyat və ölüm, səbəb və nəticə, qəddarlıq və mərhəmət barədə fikirlərə qərq edən bu maraqlı filmə baxmağa dəvət edirəm.

Vüsal Bağırlı

# 2668 dəfə oxunub

Müəllifin son yazıları

# # #