Çağdaş dünyadan hekayə: Uç artıq

Çağdaş dünyadan hekayə: Uç artıq
8 noyabr 2019
# 15:21

Kulis.az dünya şöhrətli yəhudi yazıçı Etqar Keretin "Uç artıq” hekayəsini təqdim edir.

Onu birinci P.T. görür. Top oynamaq üçün parka gedirdik ki, qəfil deyir:

- Ata, bax!

O, başını arxaya əyib gözlərini möhkəm-möhkəm qıyaraq göyə baxır. Başımıza kosmik gəmi, ya da piano düşdüyünü təsəvvür etməyə macal tapmamış, ürəyimə damır ki, bundan daha pis hadisə baş verir. Amma P.T.-nin nəyə baxdığını görmək üçün çevriləndə eybəcər, dörd mərtəbəli bina ilə qarşılaşıram. Suvaqlı bina kondisionerlərlə doludur, buna görə də dərisi sızanaqlarla örtülmüş xəstəyə bənzəyir. Binanın düz üstündə parlayan günəş gözlərimi qamaşdırdığı üçün daha yaxşı baxış bucağı seçməyə çalışarkən P.T.-nin səsini eşidirəm:

- O, uçmaq istəyir.

İndi binanın damının məhəccərlərinə söykənib mənə baxan ağ, düyməli köynəyi olan adamı daha aydın görə bilirəm. P.T. pıçıldayır:

- O, super-qəhrəmandır?

Ona cavab vermək əvəzinə damdakı adama qışqırıram:

- Eləmə!

O, heç nə eləmədən mənə baxır. Yenidən qışqırıram:

- Xahiş edirəm, eləmə! Ora niyə çıxdığını bilmirəm, amma inan mənə indi çıxılmaz vəziyyətdə olduğu düşünsən də, bunun öhdəsindən gələcəksən! Əgər indi özünü atsan, bu dünyanı çıxılmazlıq duyğusu ilə tərk edəcəksən. Sənin həyatla bağlı son xatirən bu olacaq. Nə ailə, nə sevgi, təkcə məğlubiyyət. Mənə ən əziz şeylərə and olsun ki, əgər özünü saxlasan, hiss etdiyin ağrı getdikcə azalmağa başlayacaq və bir neçə il sonra sənə qalan yalnız pivə içə-içə dostlarınla paylaşacağın qəribə əhvalat olacaq. Onlara bir dəfə özünü damdan atmaq istədiyini və tanımadığın bir kişinin səni fikrindən daşındırdığını danışacaqsan...

- Nə? - damdakı oğlan qulağını göstərib qışqırır. Yəqin küçədən gələn səslərə görə məni eşidə bilmir. Bəlkə də yox, axı mən onun "Nə?" qışqırdığını çox yaxşı eşitmişdim. Ola bilsin, sadəcə ağır eşidir.

Bu vaxt ayaqlarımı qucaqlayan, amma nəhəng baobab ağacını qucmuş kimi qollarının arasına ala bilməyən P.T. qışqıra-qışqıra soruşur:

- Sənin super güclərin var?

Amma oğlan yenidən qulağını göstərir, elə bil, kardır.

- Bezmişəm! Bəsdir! Nə qədər olar axı? - qışqırır.

P.T. onunla danışmağa davam edir, sanki aralarında dünyanın ən adi söhbəti gedir:

- Nə durmusan? Uç da!

Hər şeyin məndən asılı olduğunu bildiyim üçün stres keçirməyə başlayıram.

İşdə belə şeylər çox olur. Evdə də. Bir dəfə Kinneret gölünə gedəndə əyləci basmaq istədim, amma təkərlər kilidlənmişdi. Maşın yol boyu sürüşməyə başlayanda öz-özümə dedim ki, "Ya vəziyyəti ələ alırsan, ya da hər şey bitir". Mən vəziyyəti ələ ala bilmədim, bircə Liat kəmərini bağlamamışdı, o da öldü və məni uşaqlarla tək qoydu. P.T.-nin iki yaşı vardı, yaxşı danışa bilmirdi, amma Amit "Anam nə vaxt qayıdacaq?" sualını verə-verə qalmışdı. Hələ mən dəfndən sonranı deyirəm. Onun artıq səkkiz yaşı vardı, bu yaşda uşaqlar ölümün nə olduğu bilməlidirlər, amma o soruşmağa davam edirdi. Bitməyən, bezdirici suallar olmasa da, bunun mənim səhvim olduğunu bilirdim və damdakı oğlan kimi hər şeyə son qoymaq istəyirdim. Ancaq bu gün mən burdayam, əl ağacının köməyi olmadan gəzirəm, Simona ilə yaşayıram, yaxşı ata olmağa çalışıram.

Bütün bunları damdakı adama da demək istəyirəm. Onun özünü necə hiss etdiyini bildiyimi, özünü atıb kotlet kimi səkiyə yapışmasa, hər şeyin keçəcəyini demək istəyirəm. Mən nə dediyimi yaxşı bilirəm, çünki bu dəqiqə bütün planetdə heç kim mənim bir vaxtlar olduğum qədər miskin vəziyyətdə deyil.O, sadəcə ordan düşüb özünə bir həftə vaxt verməlidir. Bir ay. Hətta lazım gəlsə, bir il. Amma bunları səndən dörd mərtəbə yuxarıda olan, qulağı yaxşı eşitməyən adama necə çatdırasan?

Bu vaxt P.T. əlimi dartışdırıb deyir:

- Onun bu gün uçmaq fikri yoxdur, ata. Gəl qaranlıq düşməmiş parka gedək.

Amma mən yerimdən tərpənmədən var-gücümlə qışqırıram:

- Onsuz da adamlar özlərini öldürməsələr də, milçək kimi qırılırlar. Eləmə. Xahiş edirəm, eləmə.

Damdakı oğlan başını yelləyir - deyəsən, bu dəfə dediklərimdən nəsə eşitmişdi - və qışqırır:

- Hardan bildin? Onun öldüyünü hardan bildin?

İstədim, "həmişə kimsə ölür" deyəm. Həmişə. O olmasın, başqası olsun. Amma bu onu aşağı düşməyə razı salmayacaq. Ona görə belə deyirəm:

- Burda uşaq var, - P.T.-ni göstərirəm. - O, buna şahid olmamalıdır.

P.T. qışqırır:

- Yox, istəyirəm! Görmək istəyirəm! Dayanma, qaranlıq düşməmiş uç!

Dekabrdır və hava doğrudan da tez qaralır.

Bu oğlan özünü atsa, o da mənim boynumda qalacaq. Xəstəxananın psixoloqu İrena səndən-sonra-evə-gedəcəm baxışlarını mənə zilləyib "Sən hamıya görə məsuliyyət daşıya bilməzsən. Bunu başa düşməlisən" deyəcək. Mən başımı tərpədəcəm, çünki iki dəqiqə sonra seansın bitəcəyini, onun qızını bağçadan götürməli olduğunu bilirəm. Amma bu heç nəyi dəyişməyəcək, çünki o kar oğlanı da Amitin şüşə gözü və Liatın xatirəsi ilə birlikdə çiynimdə daşımalı olacam.

- Məni gözlə! - qışqırıram. - Səninlə danışmağa gəlirəm!

- Mən onsuz yaşaya bilmərəm. Bilmərəm! - qışqırır.

- Bir dəqiqə gözlə, - çığırıb P.T.-yə deyirəm, - Gəl, əzizim, gəl dama çıxaq.

P.T. həmişə bıçağı sancmamışdan əvvəl elədiyi kimi başını yelləyir.

- O uçsa, burdan daha yaxşı görə bilərik.

- O, uçmayacaq, - deyirəm. - Bu gün yox. Gəl bir dəqiqəlik ora gedək. Atan o adama bir söz deməlidir.

Amma P.T. tərsliyinə salır.

- Burdan qışqır da, - o, əlini əlimdən çıxarıb özünü yerə atır, adətən Simona və mənimlə alış-verişə gedəndə belə edir.

- Gəl dama qədər yarışaq, - deyirəm. - Əgər ora birnəfəsə çıxa bilsək, P.T də, ata da mükafat olaraq dondurma yeyəcək.

- Dondurma istəyirəm! - P.T. səkidə yuvarlanıb mızıldayır. - İndi istəyirəm!

Onun kaprizlərinə dözməyə vaxtım yoxdur. Onu qucağıma alıram. Çığır-bağır salsa da, fikir vermirəm və binanın qapısına tərəf qaçıram.

- Uşağa nə olub? - damdakı oğlan qışqırır. Cavab vermirəm. Bəlkə mən çatana qədər maraqdan özünü atmaz.

P.T. ağırdır. Qucağında beş yaş yarımlıq uşaqla pillələri qalxmaq çətindir, uşaq yuxarı çıxmaq istəmirsə, xüsusilə çətindir. Üçüncü mərtəbədə tamam təngnəfəs oluram. Yəqin ki, P.T.-nin qışqırığını eşidən gonbul, qırmızısaçlı qadın qapını şaqqıltı ilə açır və kimi axtardığımı soruşur, onun sualına cavab vermədən pillələri çıxıram. Ona cavab vermək istəsəm də, havam çatmazdı.

- Yuxarıda heç kim yaşamır, - deyir arxamca. - Pillələr dama aparır.

O, "dam" deyəndə səsi cingildəyir, P.T. onun qışqırığına cavab olaraq zarıya-zarıya "Dondurma indi! İndi!" deyir.

Əllərim dolu olduğu üçün - qucağımda zırıldamağı kəsməyən P.T.-ni tutmuşam axı - qapını aça bilmirəm, odur ki, var-gücümlə təpik vururam. Dam boşdur. Bir dəqiqə əvvəl məhəccərin kənarında dayanan oğlan yoxdur. O, bizi gözləməyib. Uşağın niyə qışqırdığını öyrənmək üçün gözləməyib.

- O, uçdu, - P.T. burnunu çəkir. - O uçdu və sənin ucbatından biz heç nə görmədik!

Məhəccərə tərəf gedirəm. Bəlkə fikrini dəyişib binanın içinə qayıdıb. Özümü inandırmağa çalışıram, ancaq alınmır. Aşağıda olduğunu bilirəm, bədəninin qeyri-təbii bucaq altında səkiyə yapışdığını da bilirəm. Bunu bilirəm, amma qucağımda bunu görməməli olan uşaq var, çünki görsə, ömrünün sonunadək travmalı qalacaq, onsuz da bu yaşında çox şeylərdən keçib. Lakin ayaqlarım məni damın kənarına aparır. Bu, yaranı qaşımağa bənzəyir. Elə bil, çox içdiyini bilsən də, yeni "Chivas” qədəhini sifariş verirsən, elə bil, yorulduğunu, hədsiz yorulduğunu bilsən də, maşın sürürsən.

İndi biz demək olar ki, məhəccərin yanındayıq, yüksəkliyi hiss etməyə başlayırıq. P.T. daha ağlamır və hər ikimizin təngnəfəs olduğununu hiss edirəm, uzaqdan təcili yardım maşınının sirenası səslənir. Öz-özümə suallar verirəm.

- Niyə? Niyə bunu görmək istəyirsən? Səncə, bu nəyisə dəyişəcək? Kimsə bundan özünü daha yaxşı hiss edəcək?

Qəfil qırmızısaçlı, cır səsli qadının səsini eşidirəm:

- Onu yerə qoy, - çevrilib ona baxıram, əslində nə istədiyini anlamıram.

- Məni yerə qoy! - P.T. də qışqırır. Yad adamın yanında həmişə özünü belə aparır.

- O, hələ uşaqdır, qırmızı saçlı deyir, amma səsi təəccüblü dərəcədə mülayimdir. Gözləri dolub. Sirena səsləri yaxınlaşır, qırmızı saçlı mənə tərəf addımlamağa başlayır. - Əzab çəkdiyini bilirəm, deyir. - Hər şeyin çətin olduğunu bilirəm. İnan mənə, bilirəm. - Qadının səsində o qədər ağrı hiss olunur ki, P.T. mızıldanmağı kəsib heyrətlə ona baxır. - Mənə bax, - pıçıldayır qadın. - Gonbulam, tənhayam. Bir vaxtlar mənim də balam vardı. Uşaq itirməyin nə demək olduğunu bilirsən? Nə elədiyin barədə azacıq da olsa, təsəvvürün var? - Hələ də qucağımda olan P.T. məni bərk-bərk qucaqladı. - Gör necə şirin uşaqdır, - qadın artıq yanımızdadır, toppuş əli ilə P.T.-nin saçlarına sığal çəkir.

- Burda bir adam vardı, - P.T. iri, yaşıl gözlərini - Liatınkilərə bənzəyir - ona dikib deyir. Burda bir adam var idi və uçub getdi. Atama görə onun necə uçduğunu görə bilmədik.

Sirenalar düz aşağıda dayanır və mən məhəccərə tərəf bir addım da atıram, amma qırmızı saçlının tərli əli mənim qolumdan yapışır.

- Eləmə, - deyir qadın, - Xahiş edirəm, eləmə.

P.T. plastik stəkanda vanilli dondurma qaşıqlayır. Mən isə fıstıqlı və şokoladlı sifariş edirəm. Qırmızısaç şokoladlı milkşeyk istəyir. Dondurma dükanındakı bütün masalar kirlidir, odur ki, özümüz üçün birini təmizləyirəm. P.T. israrla milkşeykin dadına baxmaq istəyir, qadın ona icazə verir. Onun da adı Liatdır. Geniş yayılmış addır. Onun mənim Liatımdan, həmin qəzadan xəbəri yoxdur. O, bizim barəmizdə heç nə bilmir. Mən də onun haqqında. Bircə uşağını itirdiyini bilirəm.

Biz binanı tərk edəndə həkimlər oğlanın bədənini maşına aparırdılar. Yaxşı ki, üstünə ağ örtük çəkmişdilər. Qoy beynimdə bir meyitin xatirəsi də əksik qalsın.

Dondurmam çox şirin gəlir, P.T. ilə qırmızı saçlı isə xoşbəxt görünürlər. P.T. bir əlində öz dondurmasını tutub, o biri əlini isə qadının milkşeykinə uzadır. Niyə həmişə belə elədiyini bilmirəm. Axı onsuz da öz dondurmasını yeyir, niyə daha çoxunu istəyir? Ona təpinmək üçün ağzımı açıram ki, qırmızı saçlı hər şeyin qaydasında olduğunu işarə edib boşalmış stəkanını ona uzadır. Qadının uşağı ölüb, mənim arvadım ölüb, damdakı oğlan ölüb.

- O, elə şirindir ki, - qadın karton stəkandakı milkşeykin son damlasını sovuran P.T.-yə baxıb deyir. O, həqiqətən şirindir.

"Nyu-Yorker”

İngiliscədən tərcümə: İlahə Əkbər

# 2956 dəfə oxunub

Müəllifin son yazıları

# # #