Uşaqlar günündə uşaqlar yazır

Uşaqlar günündə uşaqlar yazır
1 iyun 2015
# 11:03

Kulis 1 İyun - Beynəlxalq Uşaq Günü balaca yazarlar Nilufər Əzimzadənin şeirlərini və Ülvi Hüseynzadənin nağılını təqdim edir

Məsum bir qız çocuğu

Orda bir çocuq var

İstəsən, səninlə oynar

Onu qəmləndirmə

Onu kədərləndirmə

Gözlərindən yaş damlayır

Zamansa irəliləyir

Sən kömək etməsən

Kim edəcək?

Qocalara

əlillərə

çocuqlara

o məsum qız çocuğuna yardım et

mənim üçün et!

Ata və uşaq

Ata balasına:

- Ay oğlum, yorulmuşam

Get mənə çay gətir

Pultu tap.

Uşaq:

- Atacan, mən də yorulmuşam

Səhər-axşam çalışdım

Məktəbə getdim yenə

Sənə çoxlu beş almışam...

Qardaşım

Evimizdə qardaşım

Dalaşır hər gün, hər saat

Yanına yaxınlaşanda

Ağlayır hər gün, hə saat

Amma o, çox şirindi

Həm də çox xoşbəxtdi

Nadinc uşaq olsa da

Ürəyi çox təmizdi

***

Quşlar nəğmə oxusun

Ağaclarda

Ay silahlı əmilər

Atın bu silahları

Qoruyaq bu dünyanı

Meşələri

Ağacları

Quşları

heyvanları

uşaqları....

Qoy xoşbəxt çöllərdə

yaşayaq biz əl-ələ

quşlarla, balıqlarla

dost olaq

ormanlarla dost olaq

bu dünyayla dost olaq!

Taladakı balalar

Nağıl

Ucsuz-bucaqsız, qalın bir meşədə çoxlu tülkü, çaqqal, canavar, ayı və şir yaşayırdı. Burada sakinlərin hər biri öz adi ilə tanınırdı. Məsələn, qocaman canavar, hiyləgər tülkü, fürsətcil çaqqal, rəhmdil ayı, qəzəbli şir və s.

Meşə qaydalarına uyğun olaraq, heyvanlar bir yaşından başlayaraq təlim keçirdilər. Və bu təlimlərin keçirilməsi üçün xüsusi talalar ayrılmışdı. Təlim-məşqlər çox ciddi keçirilirdi. Məsələn, “Tülkülər” talasında tənəffüs verilmirdi. Bala tülkülər fasiləsiz məşq etdikləri üçün hamısının boynu ağrıyırdı.

Hər səhər Şələquyruq təlimə belə başlayırdı:

- Birinci təlim “Hiyləgərlik qaydaları”dır. Bu gün öyrənəcəyik ki, çətin vəziyyətdə hansı hiyləni və necə işlətmək lazımdır. Tutaq ki, Şir sizdən birinizi yanına çağırıb, meşəmiz ovçuların əlindən batıb gedir. Sən elə etməlisən ki, ovçular bir də bu tərəflərə yaxın düşməsin, deyir. Bu vaxt siz quyruğunuzu qısıb, matdım-matdım bir-birinizin üzünə baxacaqsınız. Bu yerdə ancaq nadir bir hiylə işə yaraya bilər. Diqqətli olun, bu hiyləni sizə öyrədirəm.

Şələquyruq taladan boylanıb kol-kosun dibində onları heç kimin pusmadığına əmin olduqdan sonra pıçıldayır…

Növbəti təlim “Quyruq bulama qaydaları” idi. Bala tülkülər bir neçə dəqiqədən sonra talanın ortasında sıraya düzülmüşdülər.

Quyruq bulamağın qaydasını və faydasını hamıdan dəqiq bilən Tünbəki davamiyyəti yoxlayıb, dedi:

- Quyruq bulayanda çox ehtiyatlı olmaq gərək. Əgər batdaq yerdə quyruq bulasanız, palçıq üstünüzdən bir aya təmizlənəcək. İşdi, allah eləməsin, quyruğunuz palçığa bulaşsa, bax bu bizim üçün olümə bərabərdir. Tülkü quyruq bulaya bilmirsə heç nəyə yaramır. Ona görə biz bu gün öyrənəcəyik ki, quyruq palçıqlı olanda nə etməliyik.

Bala tülkülər bir ağızdan soruşdular:

- Nə etməliyik?

Tünbəki pıçıltı ilə nə etmək lazım olduğunu izah etdi. Bala tülkülər hamısı sevinclə səs-səsə verdilər:

- Yaşasın! Ən böyük ustad - Tünbəki!

Tünbəki ayağını yerə döyüb, bala tülküləri sakitləşdirdi:

- Bu olmadi ki, sakit! Nə qədər ki, pıçıltı ilə danışmağı öyrənməyəcəksiniz, siz tülkü adına ləkə olacaqsınız! İndi isə sual-cavaba keçək.

- Quyruğunuz palçığa batanda, təlaşa düşərdiniz?

Bala tülkülər yenə yüksəkdən bir birlərinə aman vermədilər:

- Əlbəttə! Anam deyir ki, quyruq tülkünün şərəfidir! Biz onu göz bəbəyimiz kimi qorumalıyıq!

Bala tülkülərdən biri:

- Mən təlaşa düşməzdim. Çünki quyruğun palçıqdan təmizlənməsini dərsdə keçmişik, - dedi.

Tülkülərin ən cığalı etiraz etdi:

- Nə demək istəyirsən? İndi deyirsən biz dərsi başa düşməmişik, sən hamımızdan ağıllısan?

Bala tülkülər sanki himə bənd imişlər. O saat ara qarışdı. Vəziyyəti belə görən Tünbəki tez sivişib aradan çıxdı.

“Çaqqallar”a aid talada təlimlər o qədər də ciddi keçirilmirdi. Bala çaqqallar Naqqalın vaqqıldaya-vaqqıldaya dediklərinə candərdi, əsnəyə-əsnəyə qulaq asıb, yuvaya dönürdülər.

Naqqal soruşurdu:

- Siz zəif heyvanlara hücum etməyi öyrənmək istəyirsiniz?

Bütün tala xorla:

- Bəli!

Naqqal davam edir:

- Tutaq ki, siz dovşanı ovlamaq istəyirsiniz. Dovşanın yuvasının yanındakı kolluqda gizlənin. O, çıxanda hücum edin. Amma qorxmayın ki, birdən dovşan qaçar. Bu əməliyyatı aparanda, əsasən qorxu hissini itirin.

Çaqqallardan biri soruşur:

- Bəs ovçulara necə hücum edək?

- Onlara hücum edəndə həddindən artıq ehtiyatlı olun. Ovçu həmin an dönüb sizi güllə ilə vura bilər. Özü də çalışın arxadan hücum edin. Çünki geri dönəsi, tüfəngi belindən çıxardası, nişan alası uzun çəkir. Həmin vaxta qədər siz ona çoxdan hücum edəcəksiniz. Amma sizə bir şey deyim. Heyvana da, insana da hücum edəndə çevik olun. Hücumun əsl adı çeviklikdir.

- Onda olar birinci hücum edib dovşanın adını ovlayaq? O qədər çevikdirlər ki, mən indiyə qədər bir dovşan da tuta bilməmişəm…

- Bu gedişlə biz dovşanın yox, sənin adını dəyişəcəyik, axmaq! Dərsdə diqqətli olsan, lap tülkü də tuta bilərsən.

Çaqqallardan biri:

- Müəllim, əsas maralla ceyrandır. Onları necə tuta bilərik?

Bala çaqqallar gülüşdülər. Naqqal hövsələdən çıxdı:

- Lap ağ elədiniz! Dərs qurtardı…

Meşənin yaxınlığında qoyun sürüləri otladığından, “Canavarlar” talasında hər gün birinci təlim “Qoyuna hücum qaydaları” olurdu. Ağzı Qanlı Qurd hər gün eyni qaydaları təkrar edirdi:

- Qoyuna hücum edəndə, çalışın yan-yörədə insan olmasın. Yoxsa görsələr ki, siz qoyuna hücum etmək istəyirsiniz, sizi yaxşıca çırparlar. Unutmayın, insanlar qoyunları elə bizim qədər, hətta bizdən də çox sevirlər. Ona görə də sürüyə girməzdən əvvəl mütləq qoyun dərisinə bürünün.

- Bəs qoyunlar başa düşsələr ki, biz qoyun yox, qoyun dərisinə girmiş canavarıq?

- Ay axmaq, onu başa düşənə qoyun yox, tülkü deyilir! Sən sürüyə girəndə canavar kimi yox, qoyun kimi yeriməyə çalış!

“Ayılar” talasında isə bala ayılar başlarını pəncələrinə söykəyib təlimin bitməsini gözləyirdi. Yekəbaş dedi:

- Birinci təlim: “Arı pətəyinə hücum qaydaları!”

Ayılardan biri ayağa qalxır, deyir:

- Siz əziyyət çəkməyin, atam mənə öyrədib.

- Kəs səsini! Az danış!

- Hər dəfə mən nəsə deyəndə, az danış deyirsiniz. Görün sizə nə qədər hörmət edirəm ki, əziyyət çəkməyinizi istəmirəm.

- Sən mənim vaxtımı alırsan, tənbəl.

- Tənbəl?

- Bəli!

- Gedib valideynlərimə şikayət edəcəyəm.

- Et, mən sənin valideynlərindən qorxmuram.

- Gedib Şirə cən…

- Kəs səsini! Sən təlimi pozursan! Bu vaxtda sənin dostların nə isə öyrənə bilərdilər.

Əslində bala ayı mübahisə edirdi ki, dərsin vaxtından getsin. Sözü qurtardığını görüb, ortaya yeni mövzu atdı:

- Sizi Meşəfacedə biabır edəcəyəm. Özü də talamızı işarələyib, əhvalımı da “bikef” qoyacağam. Gizlincə də sizin şəklinizi çəkib, paylaşıma əlavə edəcəyəm.

- Kəs səsini!

Bu səs-küydən bezən bala ayılardan biri vaxtın bu cür keçmədiyini görüb, elə bərkdən asqırdı ki, tüpürcəkdən göz-gözü görmədi. Mübahisə kəsildi. Yekəbaş, iri pəncələri ilə üzünün tüpürcəyini silib, donquldandı:

- Yığışın gedin mağaralarınıza. Təlim bitdi!

Bütün ayılar sevincək ayağa qalxdılar. Yolboyu hamı asqıran ayıya təşəkkür edirdi.

# 1301 dəfə oxunub

Müəllifin son yazıları

# # #