Kulis.az şair Ehtiram İlhamın şeirlərini təqdim edir.
Get-gedə
Atilay üçün
Ehtiyacdandımı, ya yaşdandımı,
Azalır başımda ağıl, get-gedə.
Mən yaşadığımdı cəhənnəm özü,
Bitir cənnət haqda nağıl, get-gedə.
Gözümü açandan gözüm yaşdadı,
İşim əlamanda, qaçhaqaçdadı.
Nə ki, niyyətim var, zaman xışdadı,
Arzum uzaqlardan baxır get-gedə.
Dünyada qalası dünya malıdı,
Tanrı sevdasıdı, haqq amalıdı.
Oğul atasına oxşamalıdı,-
Sənə oxşayıram, oğul, get-gedə.
O da mən yaşdaydı...
46 yaşımın tamamından bir neçə gün sonra
oğlumun 11 yaşı olasıdı. Yadıma düşdü ki, atamı
itirəndə mən oğlum,
atam da mənim indiki yaşımdaydı - onda, 1980-ci ildə...
Mən də sən boydaydım o vaxtı, hələ
Ağlım da başdaydı baban gedəndə.
Gücüm çatannan da, çatmıyannan da
Dava-dalaşdaydım baban gedəndə.
Yıxıldım, qalxmadım bir də heç zaman,
Qaldım boynubükük elə o vaxtdan.
Alnıma bir qara xətlə yazılan
Baxtnan barışdaydım baban gedəndə.
Bir də doğmayacaq xoş sabahlarda,
Qalxan nalələrdə, qopan ahlarda,
Yolunan saçlarda, yaş yanaqlarda,
Quruyan yaşdaydım baban gedəndə.
Mən onun yaşına yetişdim axır…
Beləcə başladı təzə bir nağıl....
...Elə sən boydaydım o vaxtı, oğul,
Elə sən yaşdaydım baban gedəndə.
17.12.2014
Şükür deyərsiniz - birtəhər çıxsam
Bu gündən o ayın onuna kimi.
Bir quru cəsədəm - uçmuş ruhumnan
Ağrıdan inləyən canıma kimi.
Fələkdən saymadım, fələk saymadı,
Mənə haqq elədi heç nə qıymadı!..
Aldı nəyim ki var, gözü doymadı, -
Sordu iliyimdə qanıma kimi.
Nələr arzuladım, nəymiş qismətim,
Özümə çatmadı özcə söhbətim.
Mən daha kimnənsə barışam çətin -
Ərşin sultanından, xanına kimi.
Vaxtmı hesablayım, məqammı güdüm,
Hardan gəlmişdim ki, hara da gedim.
...Sonuncu sözümü birinci dedim,
Birinci sözümün sonuna kimi.
Alçaq könüllərdir ən uca yerim,
Nə yurdum bəllidir, nə sərhədlərim.
...Yanından yol alıb gedən dərdləri
Gələr Ehtiramın yanına kimi.
Avtoportret
Bu adam sevmədi özünü,
Özgələrini sevdi amma…
Ömründə bir xoş gün görmədi,
Əzablı günlər gördü amma.
Başına uçuldu tikdiyi,
Fil çəkəmməyəndi çəkdiyi
Tumurcuqlamadı əkdiyi,
Gül-çiçək açdı dərdi, amma...
Qaçmasa da bir yol sözündən
Qaçdılar hər yerdə özündən...
Qarışqa idi öz gözündə,
Başqaları bir devdi amma.
Dözüb də hamının nazına,
“Hə” dedi hər şeyin azına.
Can deyib oğluna, qızına,
Çörək yox, ürək verdi amma.
Bəlkə də heç baxtlıq deyilmiş
Bugünlük, sabahlıq deyilmiş
Ölüb yaşamaqlıq deyilmiş,
Bəlkə yaşayıb öldü amma.
12.09.2011
Bəri bax
Ədalət Nicata
Qanım lap əzəldən qaynadı sənə,
Suyun şirin gəldi, adam, bəri bax.
Onda düz demişdin, mən bu ürəklə
Canımı verəcəm bada, bəri bax.
Çəkilir yollardan daha səs-səmir,
Biz haqqın quluyuq, haqq kimi sevir.
Ya məndən biryolluq üzünü çevir,
Çevirib üzünü ya da bəri bax.
Bu şairlik ki var, bəlkə həvəsdi
Elə bu həvəslə hamı tələsdi...
Heç nə yazmasan da, bir sözün bəsdi,
Bax bəri, söyləyim - o da bəri bax.
Adam olammadım
Adam çağırıldı mənim də adım,
Mən bu adamlıqdan heç yarımadım.
Gəzdim qarış-qarış, addımbaaddım,
Adamdan bir xəbər alınca qaçdım.
Adam görkəmində, adam biçimdə
Adam sevgisində, adam gücündə
Adam axtarıram adam içində
Adama həsrətli qalınca qaçdım.
Adam ki, gəlmirsə adam belindən,
Tutulub asılmaz adam dilindən.
Adam olammıram adam əlindən,
Bu daşı başıma salınca qaçdım
Tamarzı qalsam da düzün dalınca
Getmədim çörəyin, duzun dalınca
Qaçmadım şeirin, sözün dalınca
Mən adam olmağın dalınca qaçdım.
Ay Vətən
Yenə ən yanıqlı bir nəğmə kimi,
Adın dodaqlarda, Vətən, ay Vətən...
Səndə çörəyini tapa bilməyən
Gəzdi iraqlarda, Vətən, ay Vətən.
Olubsan çəkənə dərdi verən də,
Dərd dağarcığıymış dərdli sinən də...
Bahara dönürsən adın gələndə,
Qarda, sazaqlarda, Vətən, ay Vətən.
Sən böyük ruhların savaşlarında,
Sevdalı canların təlaşlarında,
Yadlara düşərsən göz yaşlarında,
Höyüş yanaqlarda, Vətən, ay Vətən...
Göyləri alıbsan, tutubsan yeri,
Heç açan olubmu səndəki sirri.
Bir Vətən yaşadır orda hər biri, -
Səndən uzaqlarda, Vətən, ay Vətən.
Sən - azın çoxusan, sən - çoxun azı,
Tək sənə sarıdı hamının üzü.
Verdin Ehtirama ilhamı, sözü -
Qaldı varaqlarda, Vətən, ay Vətən.
02. 08. 2013. Sevastopol.
Üzümdə su yoxmuş, içimdə qəhər,
Qalmadı canımda nə güc, nə təpər.
Bu qansız dünyayla qaldım bərabər, -
Yaşadım, ay Ana, səndən sonra da...
Yapışıb qol-boyun dərdnən-amannan,
Qurtardım biryolluq dinnən, imannan.
Ağrıyan ürəknən, titrəyən cannan,
Yaşadım, ay Ana, səndən sonra da...
Elə dünənəcən Sən də vardınmı?
Oğlunla, qızınla bəxtiyardınmı?
Sən mənsiz bircə an yaşayardınmı, -
Yaşadım, ay Ana, səndən sonra da...
Sənsiz bu gündümü, bu həyatdımı?
Dözüb dayanıram, zarafatdımı?
Xəbərin oldumu, Ruhun şaddımı? -
Yaşadım, ay Ana, səndən sonra da...