Vüqar Biləcəri yeni bəhr yaradıb? - Azər Ərzi Osmanlı

Vüqar Biləcəri yeni bəhr yaradıb? - Azər Ərzi Osmanlı
12 dekabr 2023
# 16:00

Kulis.az Azər Ərzi Osmanlının "Vüqar Biləcəri yeni bəhr yaradıb?" yazısını təqdim edir.

Bir neçə ay əvvəl sosial şəbəkələrdə mərhum meyxanaçı Vüqar Biləcərinin yeni bəhr yaratmağı haqqında səs yazısı yayıldı. Meyxanaçının iddiasına görə, o, indiyə qədər ədəbiyyatda görülməmiş bir bəhrin əsasını qoymuşdur. Bu bəhrin qəlibinin məf’Ulü fA’ilAt məf’Ulü fA’ilAt olduğunu söyləyir. Görək həqiqətənmi bu iddia doğrudur?

Məlum olduğu kimi, əruzu sistemləşdirib elm halına gətirən ərəb filoloqu və musiqiçisi Xəlil ibn Əhməd olmuşdur. O, ərəb şifahi və yazılı ədəbiyyatı nümunələri əsasında əruzun 15 bəhrini müəyyənləşdirmişdir. Ümumilikdə isə əruzun 19 işlənən bəhri mövcuddur. Professor Əkrəm Cəfər müxtəlif orta əsr mənbələrini araşdıraraq 26 işlənməyən bəhr müəyyənləşdirmişdir. Bu bəhrlər əruzşünaslar tərəfindən yaradılmış, praktikada işlənməmişdir.

Bəhrlərin əsas qəlibləri əsli təfilələrin təkrarı və birləşməsi vasitəsilə yaranır. Həmin təfilələr aşağıdakılardır:

Fə’Ulün, fA’ilün, məfA’İlün, fA’ilAtün, müstəf’ilün, müfA’ələtün, mütəfA’ilün, məf’UlAtü

Əruzşünaslar yeni bəhr yaradanda bu təfilələrdən istifadə edib onların ilk qəliblərini yaratmışlar. Digər növ və variantlar isə bu təfilələrin müəyyən şəkildəyişmələri (zihaf və illət) ilə meydana çıxır.

V. Biləcərinin yaratdığını iddia etdiyi qəlibin ilk təfiləsi olan məf’Ulü və fA’ilAt təfilələri əsli təfilələr sırasında yoxdur. Bu isə o deməkdir ki, həmin təfilələrlə yeni bir bəhr yox, ancaq hansısa bəhrin zihaflı (törəmə) qəlibi yarana bilər.

Qeyd edək ki, əruzşünas alim, professor Əkrəm Cəfər müzare bəhrindən danışarkən onun qəlibləri sırasında məf’Ulü fA’ilün məf’Ulü fA’ilün qəlibini də göstərir. Bu qəlibin adı ərəb əruzundakı adı müzarei-müsəmməni-əxrəbi-məhzufdur. Azərbaycan əruzunda isə buna ikibölümlü sınıq naqis müzare deyilir (1, 297). Göründüyü kimi, bu qəlib məf’Ulü fA’ilAt məf’Ulü fA’ilAt qəlibi ilə, demək olar ki, eynidir. Fərq yalnız sonuncuda ikinci və dördüncü təfilələrdəki son hecalarının ikiqat uzun heca olmağındadır. Ümumiyyətlə, eyni şeirdə misraların sonunda qısa, uzun və ikiqat uzun hecanın işlənməsi ixtiyarati-şüəradır (şairlərin ixtiyarına buraxılan məsələlər). Əksər qəliblərin birinci növü uzun heca ilə bitir (istisnalar var. Bəzi qəliblərin son hecası qısadır, lakin Azərbaycan poeziyasında bu tipli qəliblər, demək olar ki, işlənmədiyi üçün bu məsələ üzərində durmağa ehtiyac yoxdur). İkiqat uzun və qısa heca ilə bitən qəliblər isə həmin qəliblərin variantlarıdır. Misra daxilində ikiqat uzun hecalar bir uzun və bir qısa heca dəyərində sayılsa da, misraların sonunda bir uzun hecaya bərabər olur. Lakin tən ortadan böldükdə hər iki tərəfdə eyni təfilələr olan bəhrlərdə isə misranın ortasında da ikiqat uzun heca bir uzun heca dəyərində qəbul oluna bilir. Ustadımız əruzşünas alim, professor Tərlan Quliyevin təbirincə bu cür qəliblərə güzgülü qəliblər deyəcəyik.

Göründüyü kimi, məf’Ulü fA’ilAt məf’Ulü fA’ilAt qəlibi əslində, məf’Ulü fA’ilün məf’Ulü fA’ilün qəlibinin variantlarından biridir. Hər iki qəlib eyni şeirdə işlənə bilər. Professor Əkrəm Cəfər göstərilən qəlibə uyğun nümunəni XIX əsr şairlərindən Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xan Vəfanın yaradıcılığından gətirmişdir:

Yaran, gəlin, bu gün fürsət məqamıdır. (1, 359)

Böyük alim bu qəlibi “Natəvanzaadə müzarei” də adlandırır.

Bundan sonra isə sözügedən qəlibin tam yarısını təşkil edən məf’Ulü fA’ilün qəlibinə Əbülhəsən Racidən “Bir çarə tapmışam” misrasını nümunə kimi verir (bax: 1, 359)

Bundan əlavə, Abdulla bəy Asinin “Kərbəla” rədifli növhəsi də məf’Ulü fA’ilün məf’Ulü fA’ilün qəlibindədir. Şeirin iki misrasını qəlib üzrə bölüb göstəririk:

məf’Ulü / fA’ilün / məf’Ulü / fA’ilün

Abad o / la evin / qəmxanə / Kərbəla,
Çox hörmə/t eylədin / mehmanə, / Kərbəla. (2, 111)

Göründüyü kimi, mərhum meyxanaçının yaratdığını iddia etdiyi “bəhr” əslində müzare bəhrinin bir qəlibidir və az da olsa, ədəbiyyatımızda istifadə olunmuşdur.

İddia ilə bağlı diqqətimizi çəkən ikinci məqam isə Vüqar Biləcərinin sözügedən qəlibə aid söylədiyi misralar əslində həmin qəlibə uyğun gəlmir. Bu misralar bunlardır:

Ruhumun gövhəri,
Heyrətamiz pəri,
Bir sümük, bir dəri,
Can azarlardadır.

Gördüyümüz kimi, bu misraların hər biri 6 hecadan ibarətdir. Lakin məf’Ulü fA’ilAt məf’Ulü fA’ilAt qəlibində isə 12 heca vardır. Buna görə də, qəlib və nümunə heç vaxt üst-üstə düşə bilməz. Təfilənin məf’Ulü fA’ilAt məf’Ulü fA’ilAt formasında deyildiyini sadəcə mexaniki bir səhv olaraq qəbul edib misraları məf’Ulü fA’ilAt qəlibi üzərində də təqti (bölgü) etdikdə uyğunsuzluq görürük. Aşağıda həm qəlibin, həm də misraların uzun və qısa hecalarını göstərək (uzun hecaları _ , qısa hecaları isə . ilə işarə edirik. Əruz vəznində uzanan sait və samitlə bitən hecaalar uzun, qısa saitlə bitən hecalar isə qısa heca sayılır):
məf - ’U - lü fA - ’i- lAt

Ru-hu-mun göv-hə-ri,
_ . _ _ . _
Hey-rə-ta-miz pə-ri,
_ . _ _ . _
Bir sü-mük, bir də-ri,
_ . _ _ . _
Can a-zar-lar-da-dır.
_ . _ _ . _

Təqtidən məlum oldu ki, haqqında danışdığımız qəlibdə 3 və 5-ci hecalar qısa, digərləri uzun, misralarda isə 2 və 5-ci hecalar qısa, digərləri uzundur. Bu cür düzülüş fA’ilün fA’ilün qəlibi ilə uyuşur. Bu isə mütədarik bəhrinin mütədariki-mürəbbei-salim (ikibölümlü bütöv mütədarik) adlanan növüdür.
Göründüyü kimi, hər iki halda mərhum meyxanaçı Vüqar Biləcəri meyxanaçı yeni bir bəhrin əsasını qoymamış, mövcud bəhrlərdən istifadə etmişdir. Yeni bəhr olaraq göstərdiyi qəlib müzare bəhrində, dediyi nümunə isə mütədarik bəhrindədir.

Ədəbiyyat siyahısı:

Cəfər Ə. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, Elm nəşriyyatı, 1977

Kərimov R. Abdulla bəy Asinin həyat və yaradıcılığı. Bakı, Nurlan, 2009

# 4068 dəfə oxunub

Müəllifin son yazıları

# # #