Qorxu çiçəkləri - Təranə Vahidin yeni hekayəsi

Qorxu çiçəkləri - Təranə Vahidin yeni hekayəsi
25 dekabr 2023
# 09:00


Kulis.az Təranə Vahidin "Qorxu çiçəkləri" adlı yeni hekayəsini təqdim edir.


Adam, ağac, dozanqurdu, paxla, balina - hamısı bir-birinə oxşayır...

Qar əriyib dağ yuxarı çəkiləndə qoca Bağban elə bil ilan ağzından qurtardı. Dəhrəsini, dırmığını, bağ qayçısını, çalğusunu qoltuğuna vurub bağa yollandı. Payızda bağdan çıxanda fındıq çubuğundan hördüyü qapını məftillə möhkəm-möhkəm düyünləmişdi. Bir xeyli əlləşəndən sonra məftilləri açdı, bununla sanki həm də ömrünün səksəninci baharının qapısını itələyib içəri keçdi. Ürəyində “Şükür Allahın kərəminə!”- dedi. Düzdü, bu sözləri hər il deyirdi, amma bu dəfə lap ürəkdən dedi. Səbəbsiz də deyildi.

Bu qış ömründə birinci kərə Əzraillə qarşılaşmışdı. Əzrail olanda noolar, birinci dəfədir deyib güzəştə getmişdi. Kəndçiləri Çırttaqoz Veysəl olmasaydı, heç başına bu həngamə də gəlməyəcəkdi. Çırttaqoz Veysəl durub-durub kiçik çillədə öldü. Camaat daş atıb başını tutdu: bu qiyamətdə gərək canından keçəsən ki, qəbir qazasan. Bağban onlarla razılaşmadı. Dedi, yekə kişisiz, ölü ortada qalmayacaq ki; külüngünü belinə taxıb Veysələ kefin istəyən bir qəbir qazdı. Tər dabanından süzülə-süzülə kəndə qayıdanda nəfsini saxlaya bilmədi, dərədəcə ağzını suya söykəyib doyunca içdi.

Veysəldən sonrakı qəbir onunku olacaqdı, amma arvadı Güləbətin özünü ölümə qoydu ki, Bağban ölməyəcək. Bilirdi ki, dünyada görüb-görəcəyi yeganə kişi Bağbandır, o da ölsə vay halına. Qonşu kəndə həkim dalıycan adam göndərdi. Nəvəsinin sünnətinə saxladıqları toğlunu kəsdirib Bağbanı dəriyə bükdü, umacı bişirib isti-isti ərinin boğazına tökdü, təkgöz Zəriyə nəzir-niyaz dedi, axır ki, ərini Əzrailin əlindən zorla dartıb qopartdı. İndi budu, Bağban qıpqıvraq əvvəl özünə, sonra bağa xeyir-duasını verib içəri keçdi. Əlindəki dəhrə ilə kolu-kosu qırıb-çatdı, küləyin qovub gizlətdiyi xəzəli dırmıqladı, çəmənləri çalğuladı.

Bağbanın bu qayğıkeşliyindən bağın üzü güldü. Yaz günəşi ağacların çılpaq budaqlarından süzülüb çoxdan isti dəyməyən kökləri qıdıqlayıb oyatdı. Günəşin istisi Bağbanın qartımış kürəyini də yumşaltdı. Quluncunu qırıb dərindən nəfəs aldı. Sonra qolunu çırmayıb ağacları budadı. Belə vaxtlar Bağban cəllad kimi soyuqqanlı olur, lazımsız zoğları bağ qayçısı ilə üsulluca üzüb atırdı.

Alma ağacına çatanda duruxdu. Altdan-yuxarı incik-incik ağaca baxdı. O biri ağaclara dediyini alma ağacına deyə bilmədi. Bayaq armud ağacını budayanda ağacın qulağına heç kəsin eşitmədiyi sözlər demişdi. Demişdi ki, səndən bu bağda, heç bu kənddə, belə baxanda heç bu dünyada yoxdur. Keçən il özünü əsl kişi kimi apardın. Dolu da yağdı, tufan da qopdu, payızın axırlarında dəli bir külək yeri-göyü oynatdı, bircə meyvənin də burnu qanamadı. Nə belin əyildi, nə budaqların sındı.

Kökünlə torpaqdan elə yapışdın ki, olmayan kimi. Bu isti sözlər armud ağacına budanan qollarının ağrısını unutdurdu. İlıq sözlərdən elə utandı ki, ən uca budağının ən uca zoğu qızarıb düymələdi. Amma bunu Bağban görmədi. Görə də bilməzdi. Birincisi boyu boy deyildi, ikincisi, sol gözü axır vaxtlar ancaq qaraltını seçirdi. Bu sözləri armud ağacına demişdi. İndi o mayıf gözünü qıyıb salamat gözü ilə alma ağacına baxırdı. Sonra əlinin içi ilə ağacın gövdəsinə bir-ikisini ilişdirdi. Səsini alçaltdı. Heç kəs eşitməsin deyə pıçıldadı:

- Mənim də səbrimin həddi-hüdudu var axı. Boynuna al ki, qocalmısan. Üç ildir nə çiçəyin olub, nə də meyvən. Bu yaz da çiçək açmasan vay halına!!!

Alma ağacının kötüyə dönmüş gövdəsi bağbanın sözlərindən çat verdi. Bal kimi şirə çatdan torpağa süzüldü. Bağban ağaca dediyini deyib, ötüb keçdi. Heç saya salıb ağacı budamadı da. O yaz bağda bütün ağaclar çiçək açdı. Alma ağacından başqa. Qonşu ağaclar qanadlarını barsız ağacın boynuna dolayıb könlünü aldılar.

Həm də istəmədilər ki, bu biabırçılığı kimsə görsün. Sonra bağbanın başı qarışdı. Ərik kefini açdı, armud ağzında yağ kimi əridi, şaftalının tükləri üz-gözünü daladı. Yediyini yedi, yemədiyini pay verdi. Qonşunun yük maşını üç dəfə bağın meyvəsini bazara daşıdı. Bağbanın kefi kökəldi, arvad-uşağın əyni-başı təzələndi, qohum-əqrəbaya baş çəkdi, toylara nəmər saldı. Həm öz könlü xoş oldu, həm də özgələrin.

Yaxındakı dağın başına qar düşən gün Bağbanın meyvələrini bazara daşıyan qonşu xəbər gətirdi ki, bazardakılar alma istəyir, bilirsən də hansı almadan?

Bağbanı od götürdü. Kötüyün üstünə taxdığı baltanı götürüb bağa cumdu. Yol boyu alma ağacının keçmiş-keçəcəyini, kökünü-köməcini, yedi arxa dönənini söyüb buladı. Bağa girəndə ilk məhəbbətini uzun illərdən sonra görən adam kimi sir-sifəti çiçək açdı. Bu bağ onun Güləbətindən əvvəlki məhəbbəti idi. Ancaq bunu heç açıb-ağartmazdı.

Xəzəli yara-yara ağaclara tərəf yeridi. Ağaclar barını yerə qoyub yüngülləşmişdi. Birdən Bağbana elə gəldi ki, ağaclar birtəhərdir. Elə bağ da gözünə birtəhər dəydi. Alma ağacının yanına çatanda gözlərinə inanmadı. İlin bu vədəsində ağac başdan-başa çiçək açmışdı. Bu ağlı-çəhrayılı çiçəklər gözlərini geniş acıb günəş axtarırdı.

Qoca bağban ömründə belə sarsılmamışdı. Birdən heyrətini qorxu üstələdi. Yaxınlaşan qar havasının soyuğu qocanı səksəndirdi. Qorxudan çiçəkləmiş ağacın dərdi onu götürdü. Amma neyləyə bilərdi... Bu boyda ağacı evə aparası deyildi ha. Heç bükmək də mümkün deyildi. Bağban xəcalətdən əlindəki baltanı arxasında gizlətdi. Gözləri dolmuşdu, başdan ayağa tir-tir titrəyirdi. Elə titrək səslə də pıçıldadı:

- Sən yaxşı ağacsan. Yaxşılığına heç söz olmaz. Yadındadı, Qaraş oğlu Vəlinin uşaqları acından ölən il sən bolluca bar verdin, külfəti ölməyə qoymadın. Çox illər karımıza gəldin. Görünür mən səndən də çox qocalmışam. Rəhmətlik babam deyərdi ki, bağban bağın üstünə əlibaltalı gedəndə göydən daş yağar.

O gecə göydən daş yağmadı, qar yağdı. Bağban çiçəklə qarı bir yerdə qoyub hara gedə bilərdi... Qar lopa-lopa yağdıqca hər ikisi üşüyür, Bağban xəcalətdən özünə yer tapa bilmirdi.

Gecə yarıdan keçəndə Bağbanın son ümidi də boşa çıxdı. Xırda qar başladı. Bağban ağacın necə qorxduğunu, titrədiyini aydınca hiss edir, dünyanın bərkindən-boşundan çıxmış əlləri ilə gövdəni sığallayır, nəfəsi ilə isidir, arabir ağacı qucaqlayıb ana balasına layla deyən kimi kal səslə alma ağacına layla deyirdi.

Gecəynən kənd bir-birinə dəydi. Bağban yoxa çıxmışdır. Nə qədər axtarsalar da xeyri olmadı. Səhər kiminsə ağlına gəldi ki, bağa baş çəksin. Qarı yara-yara gəlib Bağbanın cəsədini ağaca söykəli vəziyyətdə tapdılar. Cəsəd buz bağlamışdı. Səlim kişi bağbanın cəsədini belinə alıb kəndə tərəf yönəldi. Qar altında şaxta vurmuş çiçəkləri isə kimsə görmədi...

Bağbanın müəmmalı ölümünün sirri uzun illər açılmadı və gün gəldi ki, bu hadisəni kənddə xatırlayacaq daha kimsə qalmadı...

# 1776 dəfə oxunub

Müəllifin son yazıları

# # #