Əgər nadürüstlər olmasaydı... – Xalid Kazımlıya açıq məktub

Əgər nadürüstlər olmasaydı... – Xalid Kazımlıya açıq məktub
5 dekabr 2022
# 15:00

Kulis.az Əlabbas Bağırovun "Biət etməyənlərin aqibəti" adlı yazısını təqdim edir.

(Dostum Xalid Kazımlıya mətbu məktub)

Hörmətli Xalid bəy!

O barədə ki, deyəcəklərim var, onu müasir texnologiyanın imkan verdiyi heç bir nəql və rabitə vasitəsi yazı qədər ətraflı, rahat çatdıra bilməz. Qalmışdı hələ o da məktubla ola! Yazı-pozu əhlindən bu ənənəyə cümlə Azərbaycanda mən qədər sadiq qalan olmadı, əli qələm tutanın az qala hər biri bir “izm” icad etməkdə ikən bu “köhnə janr”ın nəyinə bənd olmuşam, özüm də bilmirəm. Millət irəli gedir, mən geri!... Yadımdaykən, onu da deyim. Baxırsan ki, sərlövhəni və ilk cümləni yazıram qalır, bir də illər sonra qayıdıram o mövzuya. Çox sayda belə yazım var. İndi də elə bir şey olub. İlcən var, yazıram bu məktubu. Vaxt anlamında nəsə düz gəlməsə, təəccübünə səbəb olsa, nədənini onda gör.

Bu yaxınlarda, (bu da sənə müsəlmanın yaxını, artıq üstündən neçə ay keçib) feysbukdakı bir paylaşımıma rəyinizdə yazmışdınız: “Sən münasib zamanda, münasib ölkədə doğulmamısan, qardaş. Sən elə bu istedadla ötən əsrin əvvəllərində İspaniyada, Kolumbiyada, Amerikada doğulsaydın, indi dünya sənin əsərlərindən danışırdı”

Biləsən ki, bu fikri sıravi bir oxucu demiş olsaydı, üstündən keçər, çox da ciddiyə almazdım, eləcə onun könül xoşluğu bəs elərdi mənə. İntəhası iş ondadır ki, bugünkü səs bolluğunda gerçək sözün tək-tük ünvanlarından sandığım Xalid Kazımlı personası, tək mənimçün yox, ədalət hissini itirməyən bütöv bir nəslin yaddaşında ictimai-siyasi deformasiyalar dövrünün (1990–2020) ən xatırlanan imzalarından biri kimi qalıb. Çox güman, bu, “Çeşmə”dən gələn suya görədir! O illər necə təşnə idik o dumduru suya?! Unutmaqmı olar bunu? Onu da biləsən ki, “Yeni Müsavat”ı uzun illər daha çox iki nəfərə, şəxsən sənə – çağdaş jurnalistikamızın patriarxı Xalid Kazımlıya və Zamin Hacıya görə izləmişəm. Bunu indi də deməyib, haçan deyəsiyəm? Ömür-gün də qum saatı tək hiss olunmadan quzulayıb gedir. Deyilən deyilməlidir, nəyin harada qırılacağını adam özü də bilmir. Amma başlayıb-bitmə müddəti xeyli çəkən bu namənin yazılışını qismən sürətləndirən əsl nədən bu yox, son zamanlar qəhrəman Qazilərimizi (məqamı yetmişkən, ehtiram əlaməti olaraq orfoqraflarımıza Qazi və Şəhid sözlərinin böyük hərflə yazılışını təklif edirəm) intihara sürükləyən səbəblər ətrafındakı dartışmalardır.

Sıralama pozulmasın deyə söhbətimin bu yerində 10-12 il əvvələ qayıdası olacam: “Güdaz”ı ən azı 25 il öncə oxumuşam. O vaxtdan bu əsərin Çingiz Aytmatovun əsərləri qədər mükəmməl olduğu qənaətindəyəm. Bu yaxınlarda Əlabbasın hekayə və povestlərindən ibarət kitabını oxuyarkən ordakı “Dərd” hekayəsi məndə Markesin, Steynbekin ən yaxşı əsərləri qədər təəssürat yaratdı. Bir ara sandım ki, bu hekayə dünya ədəbiyyatının “Nobel” mükafatlı nasirlərinin qələmindən çıxıb” (Xalid Kazımlı. “Bir az da ədəbiyyat söhbəti”, “Yeni Müsavat”, 23 oktyabr 2009)

Daha sonralar yazdın: “Yaxud tam səmimi şəkildə adının çəkilməsini istəməyən, təvazökar bir yazıçı olan, elə buna görə də dünya (məhz dünya) ədəbiyyatında layiqli yerini tuta bilməyən, amma şəxsən mənim gözümdə Heminquey, Aytmatov, Markes, Steynbek, Vonnequt, Apdayk, Moem və “Nobel” mükafatı alan başqa yazıçılarla bir sırada duran yazıçı Əlabbası götürək. O gün onun daha bir hekayəsini oxumuşam. (Mən onun hekayələrini yavaş-yavaş oxuyuram və hekayədən hekayəyə keçdikcə Əlabbasın necə böyük yazıçı olduğunu kəşf edirəm) Həmin hekayənin adı “Gecəyarı hadisə”dir... Məncə, əbədi halal-haram məsələsinə dair yazılmış bu hekayə günü bu gün də aktualdır və ictimai müzakirəyə çıxarılası bir əsərdir. Amma baxaq görək, belə bir nasirdən və onun gözəl hekayələrindən xəbəri olan nə qədər adam var? Azdır, çox azdır…” (Xalid Kazımlı. “Yazıçıdan əsər var, oxucudan əsər-əlamət yoxdur” “Yeni Müsavat”, 10.12.2009 )

Deyim ki, uzun illər suyumuz bir yerə axmayan, yalnız axır-axırda isinişdiyimiz Sabir Əhmədov 80-ci illərin ortasında “Dərd”i köhnə mündəricəsinə görə yaxına buraxmadı, “başına mövzumu qəhətdi” soruşdu, “Gecəyarı hadisə”ni isə Hüseyn Əfəndi (Allah hər ikisinin yerini behişt eləsin) “Gənclik” jurnalından geri qaytardı ki, mətləbi çox “uzatmışam”, “maksimum dərəcədə yığcam yazmaq lazımdı”.
Sözüm ondadır ki, bu məsələyə məhz sənin, tək zövqünə inandığım və dərin hörmətim olan bir insanın deyil, həm də yüksək ədəbi-bədii düşüncə sahibi olan usta qələmin dönə-dönə qayıtması məndə mənəvi meyarların hələ tam tənəzzülə uğramadığı fikrinə az-çox inam yaratmaqdan əlavə, həm də onların zaman ötdükcə özünə daha rəğbətli və ədalətli yanaşma tələb etdiyini də ortaya qoymuş olur. Yoxsa bizi prinsipial məqamlarda susmaq vicdansızlığından az-çox ədəbi əxlaqı və ləyaqəti olanlar da xilas edə bilməyəcək, qardaş, bunu birdəfəlik yadında saxla.

Bu yaxınlarda daha bir açıqlamanız gəldi: “Əlabbası otuz beş il olar tanıyıram. “Güdaz” adlı povestindən. Şedevr idi. Heyf, pis vaxta düşdü, şan-şöhrət qazana bilmədi. Amma istedada qalsa, o, adı dünyaya tanış olan yazıçılardan daha istedadlıdır”

Yazıboyu sözügedən məsələyə bir daha qayıtmayacağım üçün burada istedadlı gənc nasirimiz, hazırda mühacir həyatı yaşayan Orxan Cuvarlının da bir fikrini xatırladım (sözünə qüvvət), keçək: “Əlabbasın “Yolda adam”ının dadı hələ də damağımdadır. Elə bil Heminqueyin, ya da Folknerin hansısa əsərinin tən ortasına düşmüşdüm. Sanki “Qoca və dəniz”dən bir hissə oxuyurdum. Xüsusən də, vətəgəyə aparan yolda amerikan ədəbiyyatına xas hava vurdu məni. Heyrətə gəldim, billah!”

Mənimçün “Yeni Müsavat”dakı (10.12.2009) o qiymətli qənaətinini də, feysbukdakı o üçcümləlik yığcam, ancaq vəzni ağır rəyini də təkrar oxuya-oxuya düşünürəm ki, bu nəticəyə gəlmək üçün böyük ürək sahibi olmaqdan əlavə, başqasının uğuruna sevinməyi bacarmaq kimi də bir lüksün olmalıdır, təbii ki. Sən mənim üçün məhz həmin insansan və o məsələ ki, haqqında danışırsan, məni də zaman-zaman düşündürüb. Dünya ədəbi arenasına gedən yolumuzu bağlayan nədir axı? Ədəbiyyatı imitasiya edənləri, onun sevdalılarını yuxarı başa keçirənlər, görəsən, nəyə nail olmaq istəyirlər? Biz niyə yalnız feysbukda, onun Azərbaycan seqmentində, ümumiyyətlə isə, respublikamızda at oynatmaqla məşğuluq? Yamana yaxşı dedizdirənlər yalnız şərə-şeytana xidmət edənlərdirmi? Yaxşıların işinə kölgə salanlar nə etdiklərinin fərqindədirmi, görəsən?... Əlqərəz, anladılacaq çox şey var, çox!...

Köhnə əyyamların sözü olmasın, sən kitab oxumuş adamsan, necə düşünürsən, burdan-bura Belarusda Svetlana Aleksiyeviç, guya, hansısa əlahiddə istedadın hesabına “Nobel”ə layiq görüldü? Yainki qulağımızın dibindəcə gürcü Nana Ekvtimişvili “Armudlu düzəngahı” romanı ilə ədəbiyyat üzrə Beynəlxalq Buker mükafatının uzun siyahısına, bəlkə, bizlərə nəsib olmayan Allah vergisinin hesabına düşə bildi? Yaxud götürək Otar Çiladzeni! Qəhrəmanının adı Borçalı olan “Uğruma çıxan adam” əsəri ilə “Nobel” mükafatına nəyin sayəsində təqdim olundu?

Dünya ədəbiyyatı kontekstində Azərbaycan hazırda kürəsəl ədəbi arenaya çıxışı və nəqliyyat dəhlizi olmayan kiçik bir əyalət təsiri bağışlayır. Sənət adamları da sanki kimsədə maraq doğurmayan regional (hələ bəlkə də, kənd, məhəllə) səviyyəli məsələlərin icrası ilə məşğul kimi görünür. Olsun, hərdən hissə qapılıb düşünürəm ki, bu da eyb etməz! Nəcib Məhfuz “Güllələnən xəyallar” hekayəsini balaca bir stansiyadan yazmadımı? “Qoca və dəniz” fırtınası da bəxtsiz Santyaqonun ikiadamlıq balaca qayığında baş verirdi. Onlarla misal çəkmək olar. Dediyim odur ki, hələ bu da faciə deyil. Bir də baxdın, ixtiyari bir Azərbaycan nasiri möcüzə yapdı və günün birində lap elə “Azərbaycan əsgərinin sarsılmaz inamını və fövqəladə gücünü dünyaya duyurduğuna görə” formulu ilə “Nobel”in mübarək yolunu Azərbaycandan da saldı. (Burda adamın yadına tanzaniyalı balası Əbdülrəzzaq müəllim düşür, vallah). Səmimi sözümdür, otuz-qırx il əvvəlkinin əksinə olaraq bu “Nobel” məsələsi mənə indi çox da əlçatmaz görünmür: öncəliklə, dünya möcüzələrdən xali deyil, ikincisi, necə ki, “Medison skver de Qarden”də keçirilən fiqurlu konkisürənlərin dünya birinciliyində nəhəng arenanı heç gözləmədiyimiz halda “Sən gəlməz oldun”un sədaları başına alırsa, daha Stokholmdan niyə şad xəbər gözləməyək? Həyat da bizi başa saldı ki, “Nobel”çi olmaq yalnız istedada bağlı məsələ deyil. Tək qismət işi də deyil bu. Həm də hər şey daha çox siyasiləşib indi. Laureatlar arasında elələri var, onu nəinki Bakıda ədəbi cameənin, heç AYB-nin Naxçıvandakı bölməsinin də həndəvərinə qoymazlar. O, rok ifaçısı Bob Dilan deyildi ki, “Nobel nitqi” zamanı üzünü zaldakılara tutub inamsız halda, bivec-bivec soruşurdu: “Necə bilirsiniz, mahnılarım ədəbiyyatdırmı?”

Bax belə qəribə şeyləri də var bu çərxi-fələyin və çox da kəfinə varmadan səbəblərdən hələlik yalnız birini, amma nəzərimdə ən vacib olanını deyim. Bəlkə də, düşünürsən, “nə qədər ki, Azərbaycan ədibi ingilis, ispan, alman, fransız, italyan dillərinə tərcümə və təqdim olunmayıb, aradan yüz il də keçsə, çağdaş mənzərə dəyişməyəcək” fikrini ortaya atacam. Türkiyədə və digər Şərq ölkələrində (İran, Özbəkistan, Qazaxıstan və s.) hərənin lap beş kitabı çıxsa belə! Söz yox, səbəblər sırasında bu da var, danmayım, lakin nə qədər qəribə səslənsə də, nəzərimcə, bundan da mühümü odur ki, işini birinci daxildəki “qüvvələr”lə (bir anlığa adamın ağlına daxili qoşunlar ifadəsi gəlir lap) həll etməlisən, özü də mütləq! Hər şey burdan, bu nöqtədən başlanır. Bu işdə bəxtin, qismətin gətirməyini tərəddüd etmədən törəmə səbəblər sırasına yazardım. Yoxsa səni işini görməyə qoymayacaqlar. Necə deyirdi, rəhmətlik Eldar Baxış: “Məni qoymadılar işimi görəm” Düzdür, o bunu tam ayrı mənada işlətmişdi, amma deyim ona məxsusdur. Və şərtdir ki, adamı rahat buraxalar. Allah yoluna şeytan-şümür çıxartmaya, nakəsə tuş gətirməyə, şarlatan, kəmfürsət və mərdimazardan uzaq olasan. Bu da hər adama qismət olan xoşbəxtlik deyil. Elə özümdən qiyas götürürəm...
Bir halda ki, söhbət gəlib bu çilləyə çatıb, ədəbi taleyimin ötüb-keçən, yaşanıb-bitən bəzi məqamlarını mən sayım, sən barmağını qatla!
Bir. Durub desəm ki, yazıçılıq mənim üçün daim kristal mənəvi təmizliyin hökm sürdüyü cənnət bir məkan olub, bilirəm, buna qəti şübhə etməzsən. Çox-çox illər əvvəl yazmışdım ki, mən Bakıya “yürüş çantasında marşal poqonu gəzdirən əsgər kimi” qayıtdım. Nədən belə düşünürdüm? Çün həmin çantada o əlçatmaz rütbəyə haqq etdiyim “Köhnə kişi” adında “silah” var idi. Bu haqda çox deyib-danışmışam, onları bir daha təkrar edib nafilə yerə vaxtını almayım. Bir onu deyim ki, o vaxt, tam dəqiqi, 1981-ci ildə gündəmə birbaşa povestlə düşmək iyirmi üç yaşlı kənd uşağı üçün fantastik debüt olardı. Əgər nadürüstlər olmasaydı... Dediyin məhz o münasib zamanda və ölkədə doğulmamağın bəlası idi ki, o əsərin çapının on ilə qədər çəkən məşəqqəti o sadəlövh kənd uşağının ədəbi taleyini, həmişəlik alt-üst etdi. 70-ci ilin lap sonlarında – sözdən, onun yaratdığı ilahi nəşədən sərməst olduğum vaxtlarda qələmə aldığım “Köhnə kişi”nin istər bədii dəyər, dil, üslub və sənətkarlıq, istərsə də mövzu və ideya baxımından tam fərqli bir əsər olduğunu Azərbaycan ədəbi elitasının aparıcı simalarının (Akif Hüseynov, Əkrəm Əylisli, Allahverdi Eminov, Vaqif Yusifli, Əsgər Rəsulov, rəhmətlik Sabir Bəşirov, Rüstəm Kamal, Nazim Muradov, Məti Osmanoğlu, Elnarə Akimova, Nərgiz Cabbarlı, Vaqif Əjdəroğlu və digərləri) çapdan xeyli sonra etiraf etmələri də tərslikdən həyatımda heç nəyi dəyişmədi. Əvəzində dərk etdiyim ən böyük həqiqət isə “Köhnə kişi”nin pis yazmaq hüququnu əlimdən birdəfəlik alması oldu. Boynumda haqqı olan rəhmətlik Əlibala Hacızadə, Ağa Laçınlı, Əhəd Muxtar, İsa İsmayılzadə, Natiq Səfərov (qəbri nurla dolsun hər birinin), Natiq Rəsulzadə və Əsgər Rəsulov kimi kişilər hələ çox-çox illər əvvəl bu xüsusda xəbərdar eləmişdilər məni. Gerçəyi, bir az da kürkümə birə salaraq...
Düz 81-ci ildən Mövlud Süleymanlının sinəmə çəkdiyi dağla yaşayıram mən. O on ildə keçirdiyim davamlı, dərin sarsıntılar, aldığım ağır zərbə və psixoloji travmalar günü bu gün, yəni altmış beş yaşda da məni həlak etmədədir. Hərçənd çox böyük əziyyət bahasına olsa da, sonrakı yazılarımı, Əsəd Cahangirin təbiri ilə demiş olsaq, “Allahın Azərbaycan xalqına bəxş etdiyi ən böyük nemət (?!) olan” Mövlud Süleymanlının “Azərbaycan”ın redaksiyasındakı şkafının siyirməsində səkkiz il məhbəs həyatı yaşayan “Köhnə kişi”dən bəlirləmiş olduğum dil və üslubda yaza bildim və oxucularımın qarşısına ədəbiyyatı ağzına almış fağır, yazıq və miskin obrazlar əvəzinə, assimiliyasiya olunmayan yeni insan arxetipi və xarakterləri ilə çıxmağı bacardım. (Hörmətli Vaqif Yusiflinin “Əlabbasın qiyamçı obrazları” (“Kaspi” qəzeti, 01 mart 2014) məhz bu mövzudadır)
Bu sözü də Mövlud Süleymanlı adında müxənnət dostun qəbzəsinə qədər saplanmış bıçağını kürəyində 40 ildən artıq gəzdirən biri kimi deyirəm: kim mənə bu günlərimiz də daxil, səksəninci illər Azərbaycan ədəbiyyatında tək poetik sistemi və sintaksisi ilə deyil, həm də üslub zərifliyi və xarakter kamilliyi ilə seçilən “Köhnə kişi”nin ritm və intonasiyasında bir povest göstərə bilsə, indiyə qədər yazdıqlarımı öz əlimlə yandırıb kül etməyə hazıram. Maraqlananlara məşhur dil bilgini Nazim Muradovun “Köhnə kişi”nin linqvistik və üslub özəllikləri” yazısı (2017) bələdçilik edə bilər.
Qəribə səslənsə də, yeri gəlib, onu da deyim: “Köhnə kişi” bir əsər kimi mənimçün qadından da gözəl idi! Elə onda da, indi də!
İki. Hərçənd burda döşə döyməli bir şey yoxdur, amma səhv etmirəmsə, “Qaraqovaq çölləri” (2009) Azərbaycan ədəbiyyatında Qazilərin həyatından bəhs edən ilk romanlardandır. Dəqiqini praktik ədəbi tənqidlə məşğul olanlar və ədəbi prosesi müntəzəm izləyənlər bilərlər.
Roman “Azərbaycan” jurnalında çıxdı (2009), növbəti ilin əvvəllərində “Ədəbiyyat İnstitutu”nun ilin yekunlarına dair hesabatı dərc olundu. Akademik Bəkir Nəbiyevin çıxışından: “Şübhəsiz ki, son illərdə zəif əsərlər də yazılıb, ayrı-ayrı ədəbi dərgilərdə belə nümunələr çap da olunub. Amma ədalətsizlik olar ki, birmənalı şəkildə “bizdə ədəbiyyat yoxdur” hökmü verəsən… Təkcə “Azərbaycan” jurnalında 2009-cu ildə 10 povest və roman çap olunub. Digər əsərlərin təhlilini məruzəçilərə saxlayıb təkcə Əlabbas adlı nisbətən az tanınan müəllifin “Qaraqovaq çölləri” romanından müxtəsər danışmaq istərdim”
Əsla təəccüblü deyil ki, çoxhörmətli Bəkir müəllim də siz deyəni (“Yazıçıdan əsər var, oxucudan əsər-əlamət yoxdur”) deyib. Arada heç zaman fərqi də yoxdur. Amma burda bir məqam var ki, onun üstündən elə-belə keçmək olmur.

Bir ildən sonra kitablaşdırdığım romanı da götürüb təşəkkür üçün hələ universitet dəhlizlərindən (1973–1978) gendən-genə tanıdığım hörmətli Bəkir müəllimin hüzuri-şərifinə getdim. Kim olduğumu biləndə kişi başını bulayaraq məni qınayırmış kimi:

– Əşi, xataya salmısan bizi, – dedi və məni oturmağa dəvət də eləmədi, sonra nə fikirləşdi-fikirləşmədi, danışığına ara verib handan-hana, – nə sən məni tanıyırsan, nə mən səni, – deyə əlavə elədi, – biz görüşməmişik. Eşitdin, oğlum? Səni gözəl anlayıram, amma get. Allah işini avand eləsin!... Qələmi əlindən qoyma!!!
Onda baxəbər oldum işin haracan yoğunladığından. Nə edəcəyimi bilmirdim. Oturum, nəsə soruşub dəqiqləşdirim, ya çıxıb gedim? Udquna-udquna qalmışdım. Necə peşman olduğumu görüncə akademik katibəni səsləyərək üzgün səslə:
– Daha gəlib bu yoldaş. Kitabını da gətirib. Sakitcə qoyun kitabxanaya, – tapşırığı verdi, – görək başımıza nə oyun gəlir?!
Suyusüzülmüş halda qapıya üz tutan qonağına son tövsiyəsini bir daha xatırlatmağı isə sanki borc bildi özünə:
– Qələmi əlindən qoyma!!! Başa düşdün nə deyirəm?...
Çıxışlarını o zaman heyran-heyran izlədiyim, sonralarsa rəhmətini heç kəsmədiyim nurüzlü insanın məkanı cənnət, ruhu şad olsun.
Əsl həngamə isə sonralar qopdu. “Azadlıq Radiosu”nun “Oxu zalı”nda Rövşən Qəmbərovun tək moderatorluğu yox, həm də rejissorluğu ilə “Qaraqovaq çölləri”nin müzakirəsi başlandı.

Qısaca deyim ki, əsərin qəhrəmanı, Əfsun Əlibəyli Qarabağ Müharibəsi Qazisidir. Kənddə, dədə-baba ocağında yaşayır, dava zamanı yerlə yeksan olmuş komalarının əvəzinə, təzə yurd yeri qaralamaq fikri var. Di gəl hara gedirsə, burunlayıb qaytarır, iş vermir, ev tikməyə qoymurlar. Qulaqları dinc olsun deyə şəhərə köçməsi üçün onu pulla ələ alıb başdan etmək istəyirlər. O isə Qaraqovaqdan köçməyə ar eləyir. Bacısı Əfruzu ermənilər girov götürdüyündən özünü sərhədə yaxın bir yerdə düşmənə təslim etməklə onu qurtarmağın əlçatmaz xəyallarını qurur. O biri yandan da, doğma və əzizləri uyuyan torpağı qoyub getməyin xəcaləti ona rahatlıq vermir. Nəticə? Min bir əziyyət bahasına yenicə tikdiyi evini icazə almadığı bəhanəsi ilə ekskavatorun qabağına verib alt-üst eləyirlər. Nə etməli? Həqiqət axtarışları birdəfəlik tükənəndə o, qisasını alıb, prinsiplərinin ziddinə olsa da sonda intihara əl atmalı olur.

Əziz Xalid!
Sənə ünvanladığım bu məktub əvvəl-əvvəl həm yığcam, həm fərqli mövzuda, həm də Samir Sarının yazdıqları səviyyədə olmasa da, bir qədər yumoristik səpkidə idi. Yuxarıda vurğuladığım kimi, az qala bir il əvvəl yazmağa başlamışdım, atdım qaldı, sonra tək, vəziyyət yox, yazının notu da dəyişdi; nə qədər acı da olsa, bizlərin xoşbəxtliyi naminə canından keçən daha 40 “Əfsunumuz” yoxdur həyatda bu gün. Cəmiyyət olaraq hər birimizin günahı var bu işdə. Heç kim yaxasını qırağa çəkməsin. Azı iyirmi beş il əvvəl içimi astar-üz edən bu ağrılı problemi diqqət mərkəzinə çəkməklə cəmiyyətin az-çox vicdanı və ləyaqəti olan kəsimi ilə birgə çarə axtarmağı hədəfləmişdim. Əvəzində daş-qalaq elədilər məni.
Burda Allahımdan dönüb desəm ki, Azərbaycan ədəbiyyatında iddiasında olduğum balaca bir yer, yəni ədəbi ərazi kiminsə yuxusuna haram qatıb, işin mahiyyətini kiçiltmiş olaram.
Məqsədim o olsaydı, ad çəkməklə (əgər mən bunu etmirəmsə, yalnız etik mülahizələrə görə etmirəm) məsələyə həmən nöqtə qoyardım. Ancaq bu, məsələnin şəxsi-qərəzlik məqsədi daşıdığı görüntüsü yaradar, həm də diqqətləri mətləbdən yayındırmış olar. Zoğ daha dərinlərdədir.
Qərəz... Qaldığım yerdən davam edirəm.
Hörmətli İradə Musayevanın “Qaraqovaq çölləri”nin verdiyi subliminal mesajları, ictimai-siyasi sferaya və ədəbi düşüncəyə ötürmək istədiyim mətləbləri bir yana qoyub, sırf subyektiv ambisiyalarının fitili elə startda atəşləyən “Ədəbiyyatımızda yazıçı kimi özünü təsdiq edə bilməyəndə, zəif və diqqətdənkənar mövqe kompleksliyindən qurtulmaq üçün bəzi yazarlar son bir cəhd kimi güclü bir qəhrəman, döyüşçü tapıb, girir onun qoluna və hamını (oxucunu, tənqidçini, bir sözlə, əsər haqqında düz söz demək istəyən hər kəsi) günahlandıra-günahlandıra ədəbiyyatın qapısını təpiklə açır, istedadsızlığını qəhrəmanının hünəri ilə ört-basdır etməyə çalışır” qənaəti ilə üzləşəndə hiss elədim ki, bu, əsərin yox, müəllifin müzakirəsi olacaq, müharibə “Qaraqovaq çölləri”nə yox, mənə elan edilib. Həm də 37-nin ritorikası ilə!!!
Bu yetməzmiş kimi, ardı ondan da betər oldu: “Müəllif (yəni Əlabbas) sevdiyi qəhrəmanın dərdini bizə yana-yana və demək olar ki, ədəbiyyatın nəzəri qanunlarına boyun əymədən, ədəbi-estetik prinsiplərə məhəl qoymadan «qəhrəmancasına», kefi istədiyi tərzdə nəql edir”
Belə yozumun tənqidçiyə, illah da zərif cinsin nümayəndəsinə yaraşan üslub olmadığını bir kənara qoyub, deyim ki, inanmıram bu qədər vulqar, qərəz, kin və hikkə dolu müqavimətə rast gəlməyim "Qaraqovaq çölləri”nin bir əsər kimi zəifliyindən olsun. Əgər elədirsə, ədəbi dəngələrin də pozulduğu son 30-35 ildə bu və ya digər mövzuda yazılmış yüzlərlə zay, ədəbiyyat havası dəyməyən və texniki göstəriciləri sıfıra bərabər olan daha hansı əsərin, “tənqidin cərrahiyyə stolu”na qaldırıldığını görən oldu? Səni bilmirəm, mən xatırlamıram. (Hamı əttökən “bəy tərifi” ilə məşğuldur)
Nə qədər baş sındırsam da, bir cəbhədə ola-ola xanım həmkarın üstümə qisasçı ehtirası ilə tüfəng qaldırmasına izah tapa bilmədim. Məgər əsəri tənqid edəndə müəllifi təhdid və təhqir də edirlər? Görəsən, kiminsə tənqidçi olması ona nasir və şairdən daha hansı üstün status verir ki, adam kəndini belə xatircəm və diktə edən tərəf kimi aparıb da yazıçını özünün vassalı sayır – burasını isə heç anşıra bilmədim.
Uzun illərdən sonra ilk baxışda ədəbi tənqidin nəsr və nəzm üzərində hələ də dominant rol oynadığını sübut etmək məqsədilə əsəri bu cür “zapçast” etmək cəhdi gərək ağıllıları çaşdırmasın: sadəcə, ədəbi hakimiyyətə yiyələnib, qeyri-rəsmi olaraq məlum dairələrin ədəbi siyasətini yönləndirənlər və icraçıları iş başındadırlar. Yəni bunu bilmək də adamdan xüsusi ağıl tələb eləyir? Əfsus ki, bütün zamanlarda olduğu kimi, bu gün də onu yaramazlar həyata keçirirlər. “Press-attaşe” və trollarının arxasında gizlənib gözə görünməmək köhnə şakəridir onların! Necə deyərlər, əclaflığın və əclafların qanunu!
Deyim ki, “Qaraqovaq çölləri”ni müəllifqarışıq “yıxıb-sürümək üçün” əlverişli tutunacaq yeri var idi İradə xanımın. Üstəlik, məni əvvəldən tanımış olsaydı, (Əlabbas adlı yazarı ilk dəfə oxuduğunu deyir) sağlam və ədalətli tənqidə hər zaman açıq olduğumu da bilərdi. Bəyəm Allahın bacısı oğluyam ki, məni tənqid etmək olmasın? Olmaya Bəkir müəllim qara gözümə aşiq olmuşdu? O da məni tanımırdı, amma sözünü dedi və axıradək haqqı danmadı!

Bu ilin yay aylarında “Real” TV-nin anoloji konuda müraciətini yadına salıram. Ədəbi dairələr, yaradıcı insanlar nədə qınanırdı? Qarabağdan az və pis yazmağa görə. Zaman və ictimai-siyasi durum özü diktə edirdi bu platformanı.

O illərinki isə (2000–2020) Qarabağ mövzusunu unutdurmaq, yada salmamaq, milləti qəflət yuxusuna vermək, Vətəni candan sevənləri mübarizədən yayındırmaq, döyüş əzmini qırıb, onu həmişəlik susdurmaq idi.

Bu qədər sadə və anlaşılan.

Deməsəm, opponentlərimdən hər birinin zövqünə, savad və səviyyəsinə əvvəllər də hörmətim olub, indi də var, nainsaf ollam. “Tutunacaq yeri” dediyim məsələnin mabədinə o və digər rəyçilərin də getməməsinin yeganə səbəbi birmənalı, diqqətlərinin sözügüdən tematik planın ədəbi kluarlardan çıxmasına fokuslanması ilə bağlı olub. Əgər onlar mən tanıyan imzalar idisə, gümanımca, o savadla tam fərqli bir nəticəyə gəlməli idilər. İntəhası “Azadlıq Radiosu” öz rolunu məharətlə oynayaraq missiyasını ustalıqla yerinə yetirdi və nəticədə özünü proseslərin baş arbitri hesab edən İradə xanımın təqdimatı ilə müzakirələrin yekun aktı kimi səslənən bir bəyanat ortaya çıxdı. Budur o:

“Ey Qarabağşünaslar, (siyasətçilər, şərhçilər, tarixçilər, alimlər, rəssamlar, şairlər, yazıçılar, rejissorlar, tədbir tə biət etməyənləri şkilatçıları) gəlin Qarabağdan danışmayaq və danışan hər kəsi susduraq. Ayağa duraq, başımızı sinəmizə əyərək Qarabağın xatirəsini qarşıdan gələn növbəti iyirmi illik sükutla yad edək və sadəcə düşünək. Qarabağın nicatı bu kədərli sükutdadır… Bu yaranı açmaq olmaz, bu yaranı basdırmaq, qanı axıb qurtarana qədər atəşkəs bayrağına büküb unutdurmaq olar”
Məmləkətin ictimai-siyasi xadimlərinə, elm və sənət adamlarına belə bir müraciət ünvanlamağın məsuliyyətini boynuna götürən adamın buna hansı ağılla imza atdığına şəkk etməmək olnur: ev-eşiyi odlara qalanan sən, kitabxanası yanan sən, yurd-yuvası tar-mar olan sən, cəlayi-vətən sən, təslimçilik təlqin edən bu bəyanata qol qoyan da sən?
Bax buna deyərlər, ziyalılığın möhtəşəm təcəssümü! “Bu yaranı qanı axıb qurtarana qədər atəşkəs bayrağına büküb U-NUT-DUR-MAQ!” – bəyəm hər kəs sözünün Mustafasını bu cür açıq mətnlə deşifrə edə bilər?! Oğulsansa, gəl də düşünmə ki, o məşhur kolon var haa, nümayəndələrini idarəetmə sistemi, dövlət strukturu və icra orqanlarına olduğu kimi, ədəbi səngərlərə də yerləşdirməyiblər.
Hələ 2012-ci ildə, müzakirələr sona varanda cavab haqqımda bu proseslərin vahid mərkəzdən idarə olunduğunu yazmışdım. Çünki üstümə “Qaraqovaq çölləri”nin qara kağızı tək göndərilən və hər kəsin müəllifi yıxıb sürümək kimi bir öhdəliyi olduğu aşkarca hiss olunan o rəylərin əksəriyyətinin eyni teştin xəmiri olduğu göz önündə idi. Hətta əsərdə olmayan bir surət barədə müəlliflərdən üçünün (bəli, bəli, üçünün) söhbət açması gülməli olduğu qədər də kədərli idi. Sən demə, böyüklər də bir-birindən köçürürlərmiş. Ay sizi, xatakarlar!!!
Heç onu irad tuturammı ki, bu, tənqidçi şərhi yox, siyasətçi yanaşmasıdır və ona müəlliflik edənin hansı mənəvi dəyərlərə sahib olduğunu göstərir? Doğrusu, belə məqamlarda hərdən özümü qınayıram ki, bəlkə, hissə qapılır, baş-ayaq düşünürəm mən? Ya uzaqgörənlərə qiymət vermək qabiliyyətim itib artıq, xəbərim yoxdu? Yoxsa bu, nə çağırış, nə ideya, nəyin təbliği və təlqindi belə? Hələ onu demirəm ki, vur-tut bircə əsərini oxumaqla müəllifi önyarğı ilə o cür xarakterizə etmək hər yetənin yox, “ustadi-kamillər”in işidir. Heç o da umurumda deyil ki, birçəyini ədəbiyyatın keçikeçməz gədiklərində ağartmış adam yerli müəllifləri monoulla oxuyur. Əlbəttə. Niyə də yox? Əgər əcnəbi müəlliflərdən bəhs etmək, bir əsr əvvəl deyilənləri dübarə dövriyyəyə buraxmaq cəmiyyətdə də “səviyyə fərqi” kimi qəbul olunursa, özününkülərlə nə işin? Sənə lazımdır onlar?
Nə isə...
Qoy Vətənə yad-yağı münasibət bəsləyən kosmopolitlər başlarını sinəsinə əyib mehrab kimi müqəddəs görkəm alaraq daha iyirmi il düşünməkdə olsunlar! Müzəffər Azərbaycan Ordusu, Dəmir Yumruq və Vətənçün şirin canından, qızıl qanından keçənlər öz işlərini və onun dəqiq vaxtını hamıdan yaxşı bilirlər.
Yazıçı olaraq mən də onu özümə borc bilmişdim ki, bütöv bir xalqın şərəf və ləyaqəti, həmçinin ən ağrılı yeri olan Qarabağ mövzusunu bədii ədəbiyyatın predmetinə çevirim. Elə isə haqqım çatmır soruşum ki, əgər bir müəllif olaraq mən xalqın mübarizə əzmini, döyüşkən ruhunu içində yaşadıb da bununçün iradə və prinsipial mövqe ortaya qoyan bir neçə fərqli (Qüdsi, Zülfü, Səfurə müəllimə, Əfruz, Müqayis, Əfsun, İmdad, Qəflət...) obraz yaratmışamsa, deyin görək sizin istəyiniz nə idi? Müti, ölət, məzlum, haqqını tələb etməyi bacarmayan, başıaşağı, dilsiz-ağızsız insan tipləri? Məcburam burda silahdaşlarıma xatırladım ki, əziz dostlar, bunu xudpəsəndliyim kimi başa düşməyin, bu dünyada bircə Əzrayıla imtahanı qalan Əlabbas o şəxsdir ki, yalnız əbədiyyətin qanunlarına boyun əyə bilər, daha ədəbiyyatın yox!
Bilirsənmi bəla həm də nədədi? Bizdə öz işini ləyaqətlə, vicdanla, namusla görənlərə qarşı qısqanc münasibət, yaxşıları görməzdən gəlmək, işinə kölgə salmaq, istedadları pisikdirmək, ləkələmək kimi mənfur niyyətlər hələ Sovetin vaxtından “ədəbiyyat işbazları”nın maniyasına çevrilmişdi. Bu xüsusda 60-lardan üzübəri saysız-hesabsız misal çəkə bilərəm. Mağmın və üzüyola bir müəllif kütləsi yaratmaq, onu hazır klişelərlə işləməyə məcbur etmək, məlum standartdan kənara çıxmağa qoymamaq bu gün də ədəbiyyat “bossları”nın və onların böyür-başında fırlanan qulbeçələrinin ən ümdə vəzifəsidir. Fikir verməmiş olmazsan, ədəbiyyata yüksək iddialarla, fərqli üslub, yenilikçi ruh və yanaşma ilə gələnlərin əksəriyyəti yaşın bəlli bir vaxtından sonra məzlumlar dəstəsinə qoşulub eyni səviyyədə (deyərdim, hətta eyni cür) yazmağa başlayırlar. Sanki əsərlər konveyerdən çıxır, onu ayrı-ayrı fərdlər yox, kiçik kollektivlər yaradır. Hanı gur-gur guruldayan AYO-çular? Hanı əsrin əvvəlindəki o qaynar ədəbi mühit, yerə-göyə sığmayan, od püskürən gənclər? Yaradıcılıq prosesinin elə doyulmaz həzz və nəşəsi var, yatsan yuxuna da girməz ki, o gənc istedadların böyük bir kəsimini şirnikləndirib AYB-yə aparan, tələdəki o 200 manatlıq məbləğ olsun, o da vur-tut bircə illik! Şəxsən mən inanmıram, sən necə, inanırsan?
əsəsi, bizdə fərqli bədii-estetik düşüncənin sahibi olmağın, bir az da yığcam demiş olsaq, yaxşı yazmağın bədəli çox ağır olur, onu mütləq nə iləsə ödəməlisən. Özünü çağdaş ədəbiyyatın rəsmən elan olunmamış başbiləni və baniyi-karı sayanlar onlara biət etməyənləri, adlarını tez-tez və xoşluqla anmayanları, əlqərəz, bayrağının altından keçməyənləri bilmərrə bağışlamırlar. Başqa çıxış qalmayanda isə vaxtını alır, başını qatır, işini görməyə, düz və halal yolu ilə getməyə qoymur, qərəz, adamın anadan əmdiyini burnundan gətirir və bundan “cəza aparatı” olaraq istifadə edirlər. Unutmayaq: ortada ən yaxşı halda Məmməd Araz, ən pis halda isə Rafiq Tağı nümunəsi var.
Sözümün canı: dözülməz dərəcədə məşəqqətli bir dönəmdə ağır əməyinin qara qəpik qədərində bəhrəsini görməsə də, Yazıçı simasını axıradək şərəf və ləyaqətlə qoruyanları, başqa sözlə demiş olsaq, solo ifaçıları (böyük bir siyahı yaza bilərəm burda) xor oxuyan qeyri-peşəkar və ədəbiyyat sevdalıları ilə (o siyahının onqatını da burda yaza bilərəm) bir tərəzinin qoyub, gerçək dəyərini verməməyin bircə adı var: vicdansızlıq!
Şəxsən özümə gəldikdə isə... Məni ram etmək istəyən, aşağı ranqlıların cərgəsinə qoşmağa can atan, gec-tez iradəmi qırıb, iddialı piyadaya çevirməyə hazır olan iblislərin kimliyinə, o zaman da əlimin içi kimi bilirdim bunu, intəhası öz işimlə məşğul olmağı, bu cür xidməti özünə həyat yolu seçən ünsürləri adam yerinə qoymamağı daha vacib bildim. Bununla həm də qəlbimdə daima müqəddəs yeri olan Yazıçı adına hörməti öz ictimai davranışımla qorumağa çalışdım.
Buyur, bu da sənə fakt: “Köhnə kişi” qəziyyəsi baş verəndə 1981-ci il idi, mən Mövlud Süleymanlı həzrətlərinə məktub yazaNa isə 2007-ci il. Haqqında söhbət açdığım elə bu hadisənin özü. Üstündən on ildən (2012) çox vaxt keçir. Nə deməkdi bu? Bir qədər sonra danışacağım daha bir olay var ki, o da səkkiz il əvvəlin əhvalatıdı...

Belə, qardaş. Harda qalmışdıq? Həə, onu deyirdim axı, bu gün haqqında söhbət açdığım proseslərin vahid mərkəzdən idarə olunmağı ilə bağlı ozamankı fikrimə yeganə əlavəm var: vaxtilə respublikada bu işlə məşğul olan ciddi bir şəbəkə fəaliyyət göstərib. Hələ bəlkə, xüsusi missiya ilə gizli yollarla öz işini indi də davam etdirir, nə biləsən?! Mənim də dediyim odur ki, bu cür ideyaları – təslimçilik əhval-ruhiyyəsini, çəkingənliyi və qorxaqlığı cəmiyyətə sırımaq xüsusi təşkilatlanmış beyin mərkəzlərinin işi olub.

Söhbətimin bu yerində milli təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Vəliyevin tərcüməsində Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri admiral Dallesin Azərbaycanla bağlı fikirlərini olduğu kimi xatırlatsam, bir çox mətləbə aydınlıq gələr.
Nə deyirdi Dalles: “SSRİ-dəki strateji respublikalardan dişimizlə, dırnağımızla, dördəlli yapışmalıyıq. Azərbaycana gedin, adamlar axtarın, pul verin, qızıl verin, nə istəyirlər verin. O adamları ələ alın, yazılar yazdırın. O yazılarla xaos yaradın. Dövlət idarələrində ən yaxşı, vicdanlı, namuslu, millətini sevən kim varsa, hamısına böhtan atın, yalan deyin, şantaj edin. Onları mənəvi cəhətdən öldürün. Azərbaycanda neftdən qabaq bunu edin. Kinolar üçün yazılan ssenarilərdə, teatr tamaşalarında, ədəbiyyat nəşrlərində, qəzet materiallarında ləyaqəti, insani dəyərləri məhv edən fikirlər üçün müsabiqələr keçirin, pul xərcləyin. Çoxlu pul xərcləyin. Fahişəxanalar, otellər, barlar yaradın. Xüsusən gənclərə, təcrübə toplamış kadrlara genetik zəhərlər içirdin. Məhv edin hamısını. Qorxmayın. Bütün bunlardan sonra təmizlik, düzgünlük, ləyaqət, ədalət, mənəvi dəyərlər tamamən itib-batacaq, onda istədiyin adama asanlıqla hücum edə biləcəksən. Onu hər an, hər vaxt dövlətin, millətin gözündə heçə endirəcəksən. Orda sizin xərcləmək istədiyiniz pulları gözləyənlər çoxdur... Biz öz həmfikirlərimizi, öz köməkçilərimizi və müttəfiqlərimizi Bakının özündə tapacağıq. Elə etməliyik ki, təmiz və namuslu olmağa hamı gülsün və onlar heç kimə lazım olmayan keçmişin qalıqlarına çevrilsin... Biz hazırladığımız gənclərdən təhsil agentləri, azad dünya kosmopolitləri yaradacağıq. Bax biz məhz bunu edirik”.
ABŞ Konqresinin maliyyələşdirdiyi bir neçə təşkilatla bərabər, “Azadlıq Radiosu”nun da pozuculuq fəaliyyətinə görə yeddi-səkkiz il əvvəl ölkə Prezidenti tərəfindən Azərbaycandan rəsmən qovulması məsələnin nə qədər ciddi olması barədə, zənnimcə, hər şeyi deyir.
Bununla belə, əsla o cür iddiam yox ki, müzakirədə yer almış rəyçilərin “Oxu zalı”nın təşəbbüsünə bilərəkdən və feilən qoşulduğu fikrindəyəm. İntəhası Tehran Əlişanoğlunun müzakirədənkənar yazdığı “E-he-hey, tənqidçilər!” adlı yazısının üstüörtülü pıçıldadığı həqiqətləri də qulaqardına vurmaq olmur. Ən azı bunu: “Sizə demədimmi, bəs “köhnə kişi”lərdən bir az çəkinin; Əlabbasdan, Aqil Abbasdan, Kamal Abdulladan... Yazarlara qarşı insaflı olaq! – deyəndə sözümün mabədi elə o idi ki: aya, bu kişilərin qurduğu, yaratdığı bir ədəbiyyat var...”
Adam şübhəyə düşməz ki, görəsən, hansı məşvərətdən söhbət gedir? Bu məsləhət kimlərlə, necə və nə münasibətlə aparılıb? O da qəribədir ki, yazı bu cümlələrlə bitir: “Yoxsa ki, amerikanlara nə var, demokratiyanı sevirlərsə, heç şounu da az sevmirlər”

Niyyətim ozamankı (2012-ci il) ədəbi qütbləşməni diqqətə çatdırmaq olsaydı, müzakirələrə qədər əsər barədə ədəbiyyat flaqmanlarının bir kitabın materialı olan rəylərini və müzakirələr boyunca “Qaraqovaq çölləri”nə görə əlini daş altda qoyan könül və qələm dostlarımın təhlil-qənaətlərinin təkcə adını yada salmaqla fərqli fon yarada bilərdim, amma o zamanlar Qarabağ anlamına gələn o “çöllərin” taleyindən o yazılarsız da nigaran deyildim. Di gəl bəzi məqamlar var ki, fikir ayrılığı və ədəbi maraqların toqquşması baxımından müzakirələrdən sonrakı illərdə diqqətləri yenidən əsərin üzərinə çəkdi və gümanımca, hərə öz payını götürmüş oldu.

Azərbaycan tənqidi fikrinə əbədi damğasını vurmuş görkəmli professor Akif Hüseynlinin təşəbbüsü ilə “Qaraqovaq çölləri”nin müxtəlif illərdə iki dəfə Qafqaz Universitetində keçirilən müzakirəsi, tələbələrə verilən kurs və diplom işləri, Vaqif Yusiflinin “Əlabbasın qiyamçı qəhrəmanları” və Kənan Hacının “Onu yaşamağa qoymadılar” adlı dəyərləndirmələri məhz o sıradandır. Ülvi Babasoy isə "Qaraqovaq çölləri” əsərindəki həqiqət duyğusu əvəzsizdir” qənaəti ilə yeni nəsil tənqidçilərin alternativ fikrini formulə etmiş oldu.
Türk və dünya ədəbiyyatının kamil tədqiqatçılarından sayılan professor Əsgər Rəsulov isə roman haqqında “Mənəviyyatın çölləşməsi” adlı irihəcmli yazı ilə artıq bir dəfə çıxış etməsinə (2010) baxmayaraq, 2019-cu ildə yüz əsərdən biri kimi yenidən “Qaraqovaq çölləri”nə müraciət etməklə (Fərid Hüseynin “Sevdiyim əsər” layihəsində “Həyat başqa çıxış yolu qoymursa...” adlı müsahibə ilə) əsl “fairplay” nümunəsi ortaya qoydu.

Onu da deyim, bu söhbəti qapayaq. Sözügedən müzakirə mənim üçün həm də Əhəd Muxtar kimi dəyərli tərcüməçi, gözəl şair, ən əsası isə dostum olan dürüst söz adamının (“Köhnə kişi”nin ruscaya tərcüməsinə, çapına və üzə çıxmasına birmənalı o, səbəb olub. Allah rəhmətini bol eləsin) Rövşən Qəmbərov kimi oğlu olmasının acı təəssüfü ilə bitdi...
Xatirimdən çıxmamış, bir-iki il əvvəl “Qaraqovaq çölləri”nin təkrar nəşrini İradə Musayevanın və müzakirələr zamanı, daha ərdəmli davranış gözlədiyim Cavanşir Yusiflinin rəyini romanla birgə kitab halında çap etdirmək fikrində olduğumu da deyim. Materiallar bütöv halda əlimdə olmadığından adıkeçən müəlliflərin hər ikisindən rəyləri istəsəm də, (zənglə) göndərməkdən imtina etdilər. Belə bir praktikanın – əsərlə tənqidi mətnin bir arada olmasının nəyi pisdir ki? Həm də gələcəyin ədəbiyyatçıları üçün yaxşı yadigar, yazıçı-tənqidçi işbirliyinə isə layiqli töhfə olardı bu.
Üç. Qoy dolanım, Vətən, sənin başına//Deməsinlər, pərvanəsi çatışmır, – beytinin müəllifi Dərviş Cavanşiri, yəqin ki, xatırlamamış olmazsan, bir soyuq dekabr səhəri işə gələndə binəvanın gecə ikən haqqa yürüdüyünü eşidib tələm-tələsik “Burda şair olmur“ sərlövhəli balaca bir yazı qaralayaraq kulis.az-a göndərdim ki, dostlar xəbər tutub gəlsinlər. Bir saatdan sonra, beş-üç nəfər simsar adamla dəfndə ikən rəhmətlik Əhməd Oğuz, Fəxri Uğurlu, Nəriman Əbdürrəhmanlı və adını indi yada sala bilmədiyim daha kimlərinsə zəngi zəngə calandı. Soruşurlar, hardasan? Deyirəm, qəbiristanlıqda. Həəə?... Yaxşı, oldu, sağ ol. Allah rəhmət eləsin!... Bir azdan, görünür, hövsələsini basa bilməyən Əhməd təkrar zəng eləyir və bu dəfə səbəbini bilmədiyim bir dəqiqləşmə aparır. Xəbər alır ki, ölən hansı Cavanşirdi? Necə yəni hansı Cavanşir, deyirəm, Dərviş Cavanşir. Allah tifağını dağıtmasın, deyir, götürüb sənin adından yazıblar ki, rəhmətə gedən Cavanşir Yusiflidi. Necə, necə? Bəs yazı, soruşuram, orda hər şey aydınca yazılıb axı, necə belə səhv eləmək olar? Niyə Vaqif Yusifli ilə əlaqə saxlamayıblar? Belə müşkül idi bu? Yazı-zad yoxdu, deyir, eləcə xəbərdi.
Nə illah etsəm də, saat yarım əvvəl telefonla danışıb vəziyyətdən hali etdiyim Qanturalı zənglərimə israrla cavab vermədi... O ərəfələrdə məhz onun sözü ilə tabe olduğu müdiriyyətin bir xahişini Baksovetdə (o zamanlar orda mətbuat katibi idim) yüksək səviyyədə həll etdiyimdən Qanturalıya həddini, səddini göstərərdim, lakin birmənalı olaraq cavanlığına bağışladım onu, daha orasını bilmədim, o bunu başa düşdü, ya yox? Mənsə zamanın daşları öz yerinə qoyacağı günü gözlədim. Bir onu bağışlamadım ki, Cavanşir Eloğlu kimi şairin qara xəbərini də urvatsız elədilər. Necə Allahdan qorxmayıb, işinə qarışırlar Onun?

Məqsəd? Təfərrüatsız: bu işin ideya rəhbəri olan ədəbi təlxəklər hadisələri dramatikləşdirməklə məni, guya, köhnə ədavətim hələ də davam edən Cavanşir Yusifli ilə üz-üzə qoymaq, dava-mərəkə salmaq, tamaşa qurub da ədəbi gündəmə əlavə rəng qatmaq və barəmdə ictimai rəydə cəncəl və bədxah adam imici yaratmaq kimi bir niyyət güdürdülər. Bəs adama ləkəni necə yaxırlar? Buynuzu olmur ki onun! Amma bunun nəyə hesablandığını məndən də əvvəl duyan Cavanşir hər şeyi anlayışla qarşıladı.
Öz müzəffər yürüşünü davam etdirən kulis.az isə ipləri sonacan gərdi: Yusiflinin “Azadlıq Radiosu”ndakı məlum rəyini az sonra başqa sərlövhə ilə təntənəli şəkildə öz səhifələrinə yerləşdirdi. O çağacan orda gedən yazı və şəkillərimi isə saytdan sildilər. Sonralar digər bir saytda da o resenziyaya rast gəldim. Təbii ki, yenə reaksiya vermədim: xoşbəxtlikdən Qurbanolduğum məni darıya da qabı olan kimi xəlq eləyib. Bu işi murdar şamtutanlarının sayəsində kəndi aləmində özünü çağdaş ədəbiyyatımızın hamisi hesab edən məlun “zatın” körüklədiyini sonralar Cavanşir Yusiflinin də dilindən nöqtəbənöqtə eşidəndə gümanımın məni yanıltmadığını bir daha hiss etdim.
Belə-belə işlər, əziz dost!...
Ümidvaram ki, bu məktub nə qılıncı qına qoymamaq, nə tənqidə dözümsüzlük, nə də gecikmiş rekviyem kimi anlaşılacaq. Sadəcə istədim, sözə təmənnasız könül vermiş, həyatın bəs qədər ağrı-acısını çəkən bir Azərbaycan yazıçısının ədəbi taleyindən gənc həmkarları da xəbərdar olsunlar. Xüsusən də, istedadlılar. (Ortababla kimsənin işi olmaz, kimə lazım o?) Bilsinlər ki, cəmiyyətdəki kimi, ədəbi mühitdə də adəta seçkin və ağıllılar haqsız ittihamlara hədəf olurlar. (Necə deyirdi qoca Dalles: “Elə etməliyik ki, təmiz və namuslu olmağa hamı gülsün və onlar heç kimə lazım olmayan keçmişin qalıqlarına çevrilsin”)
Buna rəğmən qələm əhlinin ədəbiyyatı şərin təmsilçilərinə tərk etməmək kimi bir məsuliyyəti olduğunu da unutmasınlar. Yazılmamış qanundu bu. Elm də, əxlaq da, həyat və təcrübə də təsdiq edir ki, bəşər xəlq olunandan İlahi ədalət deyilən əbədi meyarın axtarışındadır. O cümlədən də boğazından kəsib böyük ədəbiyyat yaradan, adı iri hərflərlə yazılmağa layiq Yazıçı! Burda öz həqiqətinə sadiq qalanlar, səbri, dözümü və dəmir iradəsi olanlar sonadək qərar tuta bilərlər. O başqa söhbət ki, yaradıcılıq və şansı gətirmək bir az da bəxt-tale məsələsidir. Müxtəsəri, nəticə çıxarmalı çox şey var...
Demişdim, bir də deyim. Baxma ki, Azərbaycan yazıçısı indiki halı ilə dənizə çıxışı olmayan ölkə timsalındadır. O haçan vaxtalan baryerləri aşıb, ədəbi monopoliya yaradan saxtakarlardan, sağlam ədəbi düşüncə mühitinin yaranmasına mane olan nadanlardan can qurtara bilsə, onda hər şey öz qaydasında olacaq, lap dünya arenasına da yol tapılacaq. Hətta sözün ildırım sürətilə urvatdan düşdüyü bu dəqiqənin özündə belə: Azərbaycan xalqı kürreyi-ərzin ən başarılı, ən qabiliyyətli xalqlarından biridir, digər tərəfdən, dünya nəsrinin standartları ilə işləyən, yüksək potensiallı, güvənməli bir nəsil yetişib artıq, əyarı hələ də dəqiq müəyyən edilməyən, kürəsəl ölçüdə ədəbi nümunələr var ortada. Bunu hansı haqla danmaq olar? Bu qism əsərlər vaxtında incələnməli, gerçək qiymətini almalıdır. Amma vacibdir ki, bu iş sidq ilə ola və ədəbi tənqid də müəllifə dəstək nümayiş etdirməklə situativ müttəfiq yox, etibarlı tərəfdaş olduğunu ortaya qoymuş ola. Seçilən əsərlərin çapı, təbliği və Avropa dillərinə tərcüməsini isə yaradıcı insanlara sahib çıxmağa birbaşa borclu olan aidiyyəti dövlət qurumları təşkil etməlidir. Yoxsa hər şey yenə yüngül təbliğat və reklamın şişirdib göylərə qaldırdığı, əslində isə ədəbiyyata bilmərrə dəxli olmayan avtoritetlərin ümidinə qalsa, heç nə. Kimsənin çörəyi qulağına yemədiyini indi Zənzibar adasında yaşayanlar da bilirlər. Kimə sirdir ki, parasız istedadlıların əsərini qoltuğuna vurub harasa aparmaq, əcnəbi dillərə çevirtdirmək, kimlərlə oturub-durduğunun sübutu olaraq bir korifey tapıb şəkil çəkdirmək imkanları yoxdur. Lap sən deyən kimi: “Mənim tanıdığım yazıçılar yalnız yazmağı bacarırlar. Onlar menecerliyi, reklam işini bilmirlər”
Cənab Haqq öz lütfünü səndən və ömrü-günü namuslu sözə xidmətdə keçən digər qələm dostlarımdan əsirgəməsin, üzünüzə xeyirli qapılar açıb, əməlinizi savaba yazsın! Əsas da qafasıdar, gerizəkalı və içipuçlara ürcah eləməsin, qalanı asandır.

Duası məndən, təqdiri İlahidən!

P.S. Aldığım vaxtını mənə halal elə!
Kamali-ehtiram və dərin sayğılarla yazıçı dostun

dekabr 2021 – oktyabr 2022

# 3750 dəfə oxunub

Müəllifin son yazıları

# # #