Əsəbi gün - Humay Quliyevanın yazısı

Əsəbi gün - Humay Quliyevanın  yazısı
17 aprel 2021
# 12:30

...Düşünürdüm ki, vaxt gələcək, Humay mənim yazılarımı sahmana salacaq. Əksi oldu. İndi mən Humayın sadəcə özü üçün yazdığı, heç vaxt çap etdirmək fikrinə düşmədiyi kiçik hekayələrini, esselərini, elmi səciyyəli məqalə və qeydlərini nəzərdən keçirirəm.

Humay orta təhsili ana dilində alsa da, Türkiyənin Bilkənt və ABŞ-nın Kolumbiya universitetlərini ingilis dilində bitirdiyindən bədii-elmi yazılarında əsasən bu dilə üstünlük verirdi.

Humay Beynəlxalq Qırmızı Xaç Komitəsinin dünyanın gərgin nöqtələrində fəaliyyət göstərən 1200 nümayəndəsindən biri idi. Ukraynada, Mərkəzi Afrika Respublikasında missiyalarda olmuşdu. Bu çətin, təhlükəli işi öz istəyi ilə seçmişdi. Mənim himayədarlıq təşəbbüslərimi həmişə etirazla qarşılayırdı.

İnsanlara kömək etməyi yaşam tərzi sayırdı. Və həyatda öz yolunu yalnız özü açmaq istəyirdi. Sonuncu iş yeri Kolumbiyanın Medelin şəhəri idi. Orada, Qırmızı Xaç missiyasında insan mühafizəsi qrupuna rəhbərlik edirdi.

Humay şəxsi təəssürat səciyyəli, problem mahiyyətli bütöv bir silsilə sənədli hekayələr yazmışdı. Özü psixoloji xarakterli bu yazılarının janrını “mambling” sayırdı. “Mambling” sözü ingiliscədən “mızıltı”, “deyinti” (“бормотание”) kimi tərcümə oluna bilər. Həmin “deyintilərdən” birini ingiliscədən tərcümədə “Kulis”in oxucularına təqdim edirəm.

Vilayət Quliyev

Bir gün əvvəl buradakı italyan əsilli nümayəndə K. ilə aramızda sözün əsl mənasında xoşagəlməz hadisə yaşandı.

Nə baş vermişdi? Təxminən gündüz saat 3-də, mənzildə təmizlik işləri apardığım vaxt K-ya kimsə zəng vurdu. “Nə olub?”- deyə soruşanda əsəbi monoloq başladı. K-nın ingiliscəsi o qədər də yaxşı deyil. Odur ki, söhbətimiz çox vaxt ya fransız, ya da ispan dilində olur. Kiminləsə çox yüksək tonda, tələsə-tələsə danışırdı. Belə başa düşdüm ki, İtuango hindu tayfasından bir qadın ona zəng eləyib. Qadın itkin düşənlərə yardım çərçivəsində pul baratı almalı imiş. Soruşurdu ki, pulu sabah ala biləcəkmi? Çünki bir gün əvvəl adına pul gəldiyini deyəndə bank xidmətçisi qayıdıb ki, bəs heç nə yoxdur.

- Bu gün mənə beş dəfə zəng vurub. X ilə əlaqə saxlamağa çalışmışam. Cavab vermir. Başa düşürəm, indi bayramdır. Bəs nə edim? Ortada bir nəticə yoxdursa, adamların başını aldatmaq istəmirəm. Ona görə də N-ə zəng vurdum. N də şəxsi nömrəsindən X-ni axtarmağa başladı. İndiyə qədər bir xəbər yoxdur. Qadın bazar ertəsinə qədər gözləyə bilməz. Çünki həqiqi mənada acdır... X dünən mənə guya onun bankomatdan pul çəkdiyini yazıb. Düz deyil. Elə olsaydı, durmadan zəng eləməzdi.

Təəccüblənmişdim. Arada fürsət tapıb nəsə demək istəyirdim. Amma imkan olmurdu. Odur ki, sakitcə oturub qulaq asırdım. Mənə elə gəlirdi ki, hər şeyin korlanmasına səbəb yalnız indi eşitdiyim vəziyyətlə bağlı bir iş görməməyim idi.

- Bilmirəm, Humay, bilmirəm. Həmişə fikirləşirdim ki, biz bir zəncir kimiyik. Bazar ertəsi hər şeyi O-ya danışacam. Nə baş verir?

(Zəncir? Bəlkə bir komanda olduğumuzu demək istəyir?)

- K, - dedim, – Qoy mən X-yə zəng vurum. Bəlkə cavab verdi...

X müavinimdir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətində on ildən çoxdur ki, işləyir. Vəzifəsinin öhdəsindən yaxşı gəlir: itkin düşənlərin fərdi işlərini diqqətlə təqib edir, məsələ ilə bağlı görməli olduqları işlər barədə nümayəndələrə aydın təlimat verir, hansı məlumatın ümidverici göründüyünü, hansı mövzuları bağlamaq lazım gəldiyini düzgün müəyyənləşdirir, harada son imkana qədər bütün addımların atıldığını, harada hələ dəqiqləşdirmələrə ehtiyac duyulduğunu bilir. Bir işi bağlamazdan əvvəl sonuncu siçan deşiyini də araşdırmağı zəruri sayır. Büdcə-maliyyə məsələlərində də bacarıqlıdır. Mən işə təzə başlayanda X. özünü bir az kənara çəkən kimi görünürdü. İrəli çıxmış çənə sümükləri ilə sifətdən hindulara bənzəyir. Heç vaxt şəxsi həyatı haqda həmkarlarına danışmır. “Mavi” olmasından şübhələnirəm. Lakin vaxt keçdikcə, vəziyyəti müzakirə etmək üçün daha tez-tez bir araya gəldikcə, birgə səylər nəticəsində bəzi işləri yoluna qoyduqca aradakı anlaşılmazlıq buzu əriməyə başladı. X-yə inanırdım. Bəlkə də bu tam inam hissi deyildi. Bəlkə də ona S-yə inandığım kimi inanmırdım. Lakin aramızda müəyyən bir əminlik hissi yaranmışdı.

X-yə zəng etdim. Telefonu dərhal götürdü.

- Que mas? – deyə soruşdu.

(Təzə gəldiyim vaxtlarda bu ifadə məni əməlli-başlı karıxdırmışdı. Deyim Antioxiya əyalətində daha geniş yayılıb. Hərfi tərcüməsi “Nə var?”, “Nə olub?” anlamını verir. Əslində isə “Necəsiniz?” deməkdir. Birinci dəfə eşidəndə suala ilk reaksiyam “Nada mas” olmuşdu. Yəni “Heç nə yoxdur”. Yəni görüşmədiyimiz müddətdə yeni heç nə baş verməyib).

-Yaxşıyam, - dedim. – K. sizi axtarır. Zəhmət olmasa, ona zəng vurun. Özü də elə indi zəng edin.

X zəng vurdu və anlaşılmazlıq aradan qaldırıldı. X elə adamdır ki, ara-sıra səhv edir. Məsələləri qarışdırır. Hər gün bu qədər ad və soyadın ortaya çıxdığı şəraitdə burada qeyri-adi heç nə yoxdur. Əslində, normal hal sayıla bilər. K mənə səsli mesaj göndərdi. Təəssüfləndiyini bildirir. Deyir ki, amma işlər irəlilədikcə diqqətini heç cür bir nöqtə üzərində cəmləşdirə bilmir. Çünki qadın aramsız zəng vurur. K-ya demək istəyirdim ki, “amma” sözü ilə başlayan və beş saniyə fikirləşəndən sonra edilən üzrxahlıq nəcib hərəkət sayıla bilməz. Bəli, mən yaxşı adamam, yaxşı tərbiyə görmüşəm. Sadəcə deyə bilərəm ki, hər şey qaydasındadır. Amma gələn dəfə belə bir iş olsa, dərhal mənə zəng eləməlisən. Məsələnin həllini bu qədər uzatmamalısan.

Mətbəxin döşəməsini silib qurtardım. Amma sakitliyim pozulmuşdu. Son saatlarda duyduğum zövq elə bil buxarlanıb havaya uçmuşdu. K. mənim yanımda səsini qaldırmağı özünə rəva bildiyi üçün əsəbi idim. Sonuncu dəfə belə bir halın nə zaman yaşandığını yadıma sala bilmirdim. Hirsli idim, amma vəziyyəti gərginləşdirmədən həll yolu tapa bilmişdim. Ənənəvi siyasi həssaslığım, dəqiqliyim buna imkan vermişdi. Misilsiz M. haqda – nəcib həmkarım, emosional xəyal uçuşlarımızın qoşa qanadı barəsində düşünürdüm. Az qalmışdı ki, telefonu götürüb ona zəng vurum. Amma qəfildən özüm də fərqinə varmadan vəziyyəti daha da qəlizləşdirmək əvəzinə problemin həlli üçün uşaqcasına, hətta çəkingən bir yol seçdim: K-ya məktub yazdım.

“Bax, bella (gözəlim – italyanca) gələcəkdə bir də bu cür hərəkət eləmə. Hətta səhvim olanda da kimsənin mənimlə yüksək tonda danışmasını sevmirəm. Özgələrinin səhvi haqda isə ümumiyyətlə söz açmağa dəyməz. Təəssüflənirəm, çünki hərəkətin məni narahat etdi. Və istərdim ki, şikayət, yaxud narazılıq bildirməzdən əvvəl bunu anlayasan. C`est tout! (Bu qədər! – fransızca). Mən hər şeyi başa düşdüm, amma susdum. Xoş axşam arzulayıram”.

Duş əla idi. Nə qədər təəccüblü görünsə də, sanki su bütün hirsimi yuyub apardı. K. ümumən yaxşı həmkar idi, yaxşı ürək dostu idi. Mango biche (Kolumbiya mətbəxində geniş yayılmış meyvə salatı) haqda zarafatları bölüşməkdən zövq duyduğum adamlardan idi. Kifayət qədər ağıllı təsir bağışlayırdı. Amma tez-tez italyan iş yoldaşı L-dan şikayətlənirdi. L. dramatik təbiətli insan idi. Ailəsi ilə telefonda danışanda qışqırır, özündən çıxırdı. Ya da onu hansısa tədris proqramına götürməyəndə ağlayıb-sıtqayırdı. Bəs K-ya nə olmuşdu?

Xalam həmişə deyərdi ki, insanlar hər işdə özlərinin əsl tərbiyələrini göstərirlər. Dilimizdəki bu söz tam, dolğun mənası ilə tərcüməyə çətin yatır. İnsan necə, hansı dəyərlər əsasında böyüyüb, çətin vəziyyətlərdə özünü necə aparır –bunlar hamısı tərbiyənin tərkib hissələridir. “Hər şey yaxşı olanda istənilən adamın yaxşı olması asan məsələdir. Əsas odur ki, pis vəziyyətdə yaxşı olmağı bacarasan”.

Mənə həmişə inanılmaz görünüb: necə olur ki, insanlar öz hisslərini cilovlaya bilmirlər, simalarını itirirlər? Həm də K. uşaq deyil. Məndən cəmisi altı ay kiçikdir. Bu ay utandığı 34 yaşı olacaq.

Adi vəziyyətdən baş çıxarmır.

Bəs aləm bir-birinə dəysə, nə edəcəkdi?

Və bu yerdə mən Şirokino haqda düşünməyə başladım.

Billi Trafalmadorian dilində oxuya bilmirdi. Amma bu kitabların necə çap olunduğunu görürdü. Mətnin kiçik bir hissəsi digərlərindən ulduz işarəsi ilə ayrılmışdı. Bill həmin hissələrin teleqram olduğunu düşünürdü.

-Düz tapmısan!- qeybdən gələn səs təsdiq etdi.

-Deməli, bunlar həqiqətən də teleqramdır?

-Trafalmadorianda teleqram olmur. Lakin bir məsələdə haqlısınız. Hər işarə qrupu qısa və vacib məlumatı bildirir. Hər hansı hadisə, yaxud vəziyyəti izah edir. Biz trafalmadorlular heç vaxt onları dalbadal, bir nəfəsə oxumuruq. Bu məlumatlar arasında xüsusi əlaqə yoxdur. Yalnız bir istisna ilə. Müəllif onları elə diqqətlə seçir ki, məcmu halda gözəl, gözlənilməz, dərin həyat mənzərələri yarada bilsinlər. Burada nə başlanğıc, nə son, nə gərgin süjet xətti, nə əxlaq dərsi, nə də səbəb və nəticə axtarışı var. Biz öz kitablarımızda əsas etibarı ilə dərhal və eyni zamanda aşkara çıxan ecazkar məqamların dərinliyini sevirik.

Kurt Vonnequt. “Beş nömrəli sallaqxana” romanından

İngilis dilindən tərcümə Vilayət Quliyev

# 5913 dəfə oxunub

Müəllifin son yazıları

# # #