Səni aldatdım, bağışla! – Yazıçı vəfat etmiş həyat yoldaşına nələr etiraf etdi? – Mətn

Səni aldatdım, bağışla! – Yazıçı vəfat etmiş həyat yoldaşına nələr etiraf etdi? – Mətn
12 aprel 2021
# 17:30

Kulis.az yazıçı Mahirin mərhum həyat yoldaşına həsr etdiyi “Etiraf” elegiyasını təqdim edir.

Bu yazdıqlarımı oxuya bilməyəcək qədər uzaqlardasan. Mənə, oğlumuza, qızımıza, yaxın-uzaq qohumlara və bütün insanlara olan böyük, təmiz sevgini də özünlə götürüb dönə bilməyəcəyin yerə getdin. Odur ki, nə vaxtsa Sənə deyə bilmədiklərimin bir qismini rahat yaza bilərəm, hərçənd yanımda olsan da oxumayacaqdın. Sən həmişə məni ruhlandırırdın, yazmağımı istəyirdin, “istedadını heyif etmə” deyirdin, ancaq yazdıqlarımı oxumurdun, oxumağı sevmirdin, yazdıqlarımı yox, yazmağımı sevirdin. Oxumadan da yaxşı yaza bildiyimə inanırdın, çoxlu yazmağımı, kitablar çap etdirməyimi, tanınmağımı arzulayırdın. Hərdən haqqında şübhəylə düşünsəm də şöhrətpərəst olmadığını bilirdim, tam əminəm ki, Sənin bütün bu istəklərin mənə olan sevginlə bağlıydı...

Çox əvvələ - qayğısız uşaqlığımıza, qatma-qarışıq gəncliyimizə, ilk tanışlığımıza (hərçənd biz dünyaya tanış gəlmişdik), bizi birləşdirən yolun başlanğıcında olanlara toxunmayacam, Sənin də icazənlə bunlar bizim özəlimiz olaraq qalsın. Əl-ələ tutub (bu ifadə şərti işlənir, ayıb, günah, abır kimi tabulara çox sadiq olduğunu bilirəm) böyük şəhərə gəldiyimiz yadındadı? İcazənlə, elə o vaxtdan bəri olanlarla bağlı yazmaq istəyirəm. Böyük arzulardan başqa yükümüzün olmadığı o vaxtlar necə də güclüydük, inamlıydıq, həyat doluyduq, xoşbəxtdik. Və doğulduğumuz yerin havası, suyu kimi safdıq. Heç Səndən soruşmadım, soruşa bilmədim, necə elədin ki, dəyişmədən yaşaya bildin, sona qədər necə qoruya bildin o saflığı? Mənsə, dəyişdim...
Öncə yavaş-yavaş ruhdan düşdüm, ümidsizləşdim! Niyə belə oldu? Biz böyük şəhər həyatına mənfidən başladıq axı. Heç vaxt heç kimin yanında bildirməsən də, öz qürurunu və mənim adımı yüksək tutmaq üçün qayğısız görünsən də çətinliklər girdabında boğulmamaq üçün çapalayırdıq. Kirayələrdə sürünmək, istədiyimizi deyil, ən zəruri olanları ala bilməmək, Səni haqq etmədiyin sıxıntılarla yaşatmaq o yüksək tutmağa çalışdığın qüruruma elə toxunurdu ki! Mən yəqin çox davam gətirə bilməzdim və bəlkə Sənin dəyanətin, inamın olmasaydı çoxdan qayıdıb qaçmışdım. Hər şeylərini itirmiş, ancaq son tikələrini də göndərməyə hazır olan biçarə valideynlərimizin tez-tez “Nəyə ehtiyacınız var” sualına “Nəyə ehtiyacımız yoxdur ki” əvəzinə “Çox şükür, korluğumuz yoxdur” deyə bilmək üçün mütləq Sənin qədər güclü olmaq lazım idi. Dərdimizi çəkmələrini istəmirdin! Ümumiyyətlə, bütün yükü tək çəkməyə hazır idin. Özü də şükr edərək. İnanırsan, hələ də Sənin şükranlığına heyrətim davam edir. Hərdən özümü inandırmağa çalışıram ki, mənfidən sıfıra, sıfırdan müsbətə doğru atdığımız hər kiçik-böyük addımda mütləq Sənin şükranlığının payı var. Mən də Allaha inanırdım, bəlkə yenə inanıram, ancaq heç vaxt, tək bir dəfə olsun belə Sənin kimi ürəkdən şükr edə bilməmişəm. Mənim inamım da, şükr etməyim də yarımçıq olub həmişə, həyatımda həmişə nəyinsə yarımçıq olduğu kimi. Bəlkə buna görə ümidsizləşirdim, ruhdan düşürdüm? Qəribədir ki, nəhayət uzun illərdən sonra nələrəsə nail olmaq get-gedə öləziyən ümidimə can vermirdi, Səni üzməmək üçün gizlətməyə çalışırdım, ancaq yəqin hiss edirdin!

Bilirəm, bu yazdıqlarımı oxusan yenə məni naşükürlükdə ittiham edib danlayarsan, “Ürəkdən inan, ürəkdən dua elə, şükr elə Allaha, hər şey düzələcək” deyərsən. Heyf ki, artıq hər şeyin düzəlməyəcəyi dəqiqdir! Bəlkə də Allaha ürəkdən inanmaq, ürəkdən dua eləmək insanı sakitləşdirir, hüzur verir, ancaq yalnız bu qədər. Sənin gedişinlə möcüzələrin varlığına uşaqlıqdan içimdə gizlənib qalmış ümidim də öldü. Ümidin ölməyi isə insanı daşlaşdırır, biganələşdirir...

Mən də beləcə biganə oldum çox şeyə! Həssaslığı itirmək təhlükəlidir – insanı özündən uzaqlaşdırır, “mən”in ətrafa olan sevgisini azaldır, bədbinləşdirir, gülmək, ağlamaq hisslərini korşaldır. Ancaq mənim biganəliyim də normal, düz-əməlli olmadı ki. Bilirsənmi, çoxunun üzüldüyü, ağladığı şeyə içində şeytani gülüşün baş qaldırması və ya hamını güldürən səbəbə qəhərdən boğazının düyünlənməsi, göz yaşlarının içinə axması necə axmaq şeydir. Belə yaşamaq da bir başqa çür incidir insanı. Yadındadı, mənə irad tuturdun ki, uşaqların qayğılarına, təhsilinə biganəyəm. Qismən haqlıydın, ona görə ki, Sənin onlara olan ilahi sevgin, fanatikcəsinə bağlılığın qarşısında mənim normal atalıq münasibətim kölgədə qalırdı, biganəlik görüntüsü verirdi. Övladlarımı sevdiyim qədər də hər şeyin zamanla düzələcəyinə inanırdım, sərbəstlik verirdim onlara və bəlkə hər şeyin düzəlməyini zamanın boynuna yıxmaq elə biganəliyin özüdür, ancaq gördünmü vaxt keçdikcə bəzi şeylər necə qaydasına düşdü? Hər ikisi arzuladığın kimi savadlı, tərbiyəli, ən vacibi həyat mübarizəsinə hazır böyüdü (Sənin sevgin qədər də mənim onlara verdiyim sərbəstlik sayəsində). İncimə, biganə olduğum nələrsə olub, amma haqsız da deyilmişəm! Həyata baxışımızda sevgimizə zərrə qədər zərər vura bilməyən bu fərqlər qarşılığında Sən cəsarətlə həssaslığının oduna yandırdın özünü, mənsə laqeydliyimin yaratdığı şübhələrdən qorxağa çevrildim...

Ən çoxu da itirməkdən qorxdum! Əldə etdiyimiz azlara qane olmağım bu qorxuyla bağlıydı. Bilirəm, o azlar haqq etdiyimiz deyildi, çatmırdı, daha çoxuna layiq idik, ancaq birdən o azı da itirsəydik? Böyük şəhər yavaş-yavaş qırmışdı cəsarətimi, gözüqırpıq etmişdi məni. Sevgimizdən sonra ən böyük varımız olan arzularımız yarımçıq qırılmasın deyə azları gözümdə böyüdüb təskinlik tapırdım. “Təki sağlıq olsun, hər şey düzələr” yanaşması həyat təcrübəsindən, müdriklikdən deyil, qorxudan yaranır – itirmək qorxusundan!

Bir də aldadılmaqdan qorxdum! Məni aldadıb soyduqlarını danışmışdım Sənə? Səhər tezdən universitetə gedəndə “Anam xəstədir, yeriyə bilmir, kömək edərsən onu maşına otuzduraq, həkimə aparım?” yalanıyla məni avtobus dayanacağından yaxınlığından heç kimin keçmədiyi köhnə, uçuq tikilinin hasarının dibinə qədər aparan, üstümə bıçaq çəkərək son pullarımı və arzularımın şəklini çəkmək üçün aldığım “ağ-qara” fotoaparatımı əlimdən alan saqqallı kişi, lənətə gələsən səni! Elə o vaxtdan yarandı aldadılmaq fobiyam. Sən küçədə əl açan, qapımızı döyən bütün dilənçilərə inanırdın, yazığın gəlirdi onlara, əliboş yola salmaq istəmirdin heç birini, mənimsə ürəyimdə onlara deyil, Sənə yazığım gəlirdi, bu qədər saf olduğun üçün acığım tuturdu, hamısının yalançı olduğunu düşünürdüm, heç birinə inanmırdım (Etiraf edim ki, elə indi də inanmıram). Bəlkə gündəlik ev, ailə yükünü çəkməyə başın qarışdığı üçün Sən hiss eləmirdin, ancaq insanların bir-birilərini aldatmaq istedadlarını inkişaf etdirmək üçün “yarışdıqlarını”, yalanın, aldatmağın nəinkini adiləşdiyini, hətta irəli gedə bilmək üçün uğur gətirən normal, “hörmətli və qiymətləndirilən” xüsusiyyətə çevrildiyini görürdüm. Az qala hamı yalan danışırdı, az qala hamı aldadırdı. İşdə, küçədə, hər yerdə... Və bu qədər aldadılmaq qorxusu, yalanlar elə mənim özümü də yalançı etdi...

Yalançı oldum! Yalanın böyük qəbahət olduğunu uşaqlıqdan şüuraltıma elə yeritmişdilər ki, inan, məcbur qalıb nəyisə düz deməyəndə elə indi də utanıram, yaxşı iş görmədiyimi bilirəm. Ancaq hamı kimi yalan danışmaq istəyirəm, aldatmağa çalışıram. Etiraf edim ki, mənim bu sahədə nə öyünüləsi təcrübəm, nə də xüsusi istedadım var. Elə Sənin özünə də ara-sıra yalan danışmışam. Ancaq indi bu yazını yazarkən ruhun qarşısında vicdan əzabı çəkəcəyim az şey var. Bilirsən niyə, çünki Sən çox həssas idin, mənsə dediyim kimi istedadsız və yalanımın üstü tez açılırdı. Evdən “işə gedirəm” adıyla çıxıb, işdən bəhanə və yalanlarla icazə alıb ova, ən çox da balıq tutmağa qaçdığım çox vaxt elə həmin günü evə qayıdanda bəlli olurdu. Hərdən səbrin tükənsə də, adətən anlayış və dözüm göstərirdin və buna görə Sənə həmişə minnətdar olmuşam. Bir də daha ağır və daha ciddi yalanlarım olub. Ancaq nə həmin vaxt, nə də indi, yanımda olmadığın, yazdıqlarımı oxumayacağın zamanda belə mənə ruhun qarşısında vicdan əzabı çəkdirən yalanları etiraf edəcək gücüm yoxdur. Nə bilim, bəlkə elə onları da hiss edirdin...

Sənə ən böyük və ən son yalanım isə sən cərrahiyyə əməliyyatı olunduqdan sonra həkimin “hər ehtimala qarşı” əkilməyə göndərdiyi “materialın” cavabını almaq üçün laboratoriyaya gedən gündən başladı. İçimdə heç bir şübhə, narahatlıq olmadan getdiyim yerdən gözlərinə baxa bilməyəcəyim, sona qədər sürdürməyə məcbur qaldığım yalanla qayıtdım. Bax bu dəfə nəhayət, çox ustalıqla oynayırdım rolumu, ehtiyatla, səhv buraxmadan. Bir il beş ay! Heç çarəsizlik, aparılan bütün yanlış-doğru müalicələrin, çəkdiyimiz bütün əziyyətlərin nəticəsinin qorxunc sonluğunu lap əvvəldən bilməyim də rolumu peşəkarlıqla oynamağımı poza bilmədi. Ən pisi də bilirsən nəydi? Mən tək Sənə yox, Sənə hədsiz bağlı olan övladlarımıza da, yaxınlarımıza da yalan danışırdım, onları da aldadırdım, hər şeyin yaxşı olacağına inandırırdım!

Ömrümdə bir tək onda, bir il beş ay dayanmadan möcüzə gözlədim. Özümə görə yox, mənim möcüzəni haqq etməməyim üçün səbəblər tapıla bilərdi, Sənə görə, məhz Sənə görə! Hərdən sənin səhhətindəki müvəqqəti yaxşılaşmalar ilğım kimi aldatdı məni və həmin vaxt az qala o möcüzənin gerçəkləşmək üzrə olduğuna inandım da. Lakin təəssüf ki, möcüzə baş vermədi və yəqin mən daha heç vaxt onun baş verəcəyinə inanmayacam!

Rahat ol, sənin kimi ola bilməsəm də, istədiyin kimi yaşamağa çalışıram. Bəlkə də bacardım, “təki sağlıq olsun, hər şey düzələr”... Son məqamlarda biganəliyim üçün, qorxaqlığım üçün, yalanlarım üçün məni bağışlamağını Sənin böyük ürəyinə borcluyam. Qismət olsa, yenə yazacam nə vaxtsa, daha geniş. Ancaq sonda bir etiraf da edimmi? Səni həmişə çox sevmişəm! Elə indi də!

28.02.2021

# 4512 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #