Cim Carmuş: “Günahkar əsgərlər yox, komandirlərdir” - Müsahibə

 Cim Carmuş:  “Günahkar  əsgərlər yox, komandirlərdir” - Müsahibə
16 oktyabr 2023
# 10:32

Kulis.az rejissor Cim Carmuşun “Paterson” filmi haqqında müsahibəsini təqdim edir.

- Bəzi tənqidçilər deyir ki, “Paterson” sizin ən şəxsi filminizdir.

– “Yalnız sevənlər sağ qalacaq” filmim çıxanda da hər yerdə eyni şeyləri eşidirdim: “Aha! Bu onun ən şəxsi filmidir”. Yadıma gəlir, “Qırılmış Güllər”lə bağlı yazırdılar: “Nəhayət, biz Carmuşun ən şəxsi filmini gördük”. Mən, sadəcə, öz instinktlərimi izləyirəm, odur ki, mənim üçün filmlərimi bir-biri ilə müqayisə etmək çox çətindir.

- “Paterson” mənə ilk növbədə çox harmonik bir film kimi göründü. Sizin üçün harmoniya nə deməkdir?

– Bilmirəm, nəsə demək çətindir. Bu, musiqidəki kimidir: kiməsə bəlli bir tonallıq harmonik gəlir, kiməsə tam əksi. Harmoniya subyektiv məsələdir. Mən sizə indi buddist kimi cavab verməyə çalışacam. Yəni, mən o qədər də buddist deyiləm, amma tay-çi öyrənir və buddist poeziyasını oxuyuram. Deməli belə, məncə, bütün harmoniya “dünyada hər şey bir-birinə bağlıdır və bunların hamısı bir bütövlük təşkil edir” ideyası deməkdir. Və bütün bu şeylərin arasındakı harmoniya elə hər şeydir. Qısası, bilmirəm, əgər sizə görə film harmonik alınıbsa, deməli əladır.

- Forma olaraq “Paterson” şeiri xatırladır. Hər günün hadisəsi və elə bil həftə də stanza prinsipi əsasında düzülüb, variasiyalar və təkrarlarla. Siz bunu bilərəkdən etmişdiniz?


– Hə, yeri gəlmişkən, bunu düz deyirsiz. Təkrarlar və variasiyalar məni həm poeziyada, həm musiqidə, həm də rəssamlıqda özünə bağlayan şeydir. Məsələn, Bax və ya Endi Uorholl. Mən istərdim ki, filmdə bu poetik forma metafora kimi başa düşülsün: Hər gün bir öncəki və ya bir sonrakı günün təkrarıdır.

- Belə çıxır ki, bu “Günlük poeziya”dır?

– Aha. Uilyam Karlos Uilyams yazırdı: “Həyatın mənası həyatın özündədir”. Başqa sözlə desək, dünyanı böyüklüyü ilə qəbul et, amma unutma ki, onun bütün ilmələri bizim gündəlik həyatımızın ən kiçik detallarından toxunub.

- Poeziya sizin həyatınıza nə vaxt daxil olub? O, sizin üçün hələ də bir əhəmiyyət kəsb edir?

– Yeniyetmə olanda mən fransız simvolistlərini oxuyurdum, təbii ki, tərcümədən. Əvvəlcə özüm üçün Bodleri kəşf etdim, sonra Rembonu, daha sonra isə yavaş-yavaş Amerika şairlərinin şeirlərini kəşf etdim, birinci növbədə Uolt Uitmeni. Sonra doğulub böyüdüyüm Ohayodan qaçdım və ən axırda gözümü Nyu-Yorkda açdım. Orada mənə poeziyanı öyrədən insanlarla tanış oldum: Nyu-York məktəbinin yaradıcısı möhtəşəm Kennet Kox və Devid Şapiro. 1970-ci ildə, “Patterson”da şeirlərini eşitdiyiniz Ron Pedcett və mənim müəllimim Devid Şapiro “Nyu-York poeziyası antalogiyası” kitabını çap elədilər, o kitab mənim üçün İncil kimi idi. Fikirləşirəm ki, mənim filmlərimi cəsarətlə Nyu-York poeziya məktəbinin kinematoqrafik qarşılığı kimi təqdim etmək olar. Frenk O’Haranın bir manifesti bütün Nyu-York məktəbinin səsidir. O, “Müasir İncəsənət Muzeyi”ndə kurator işləyib, şeirlərini isə elə Paterson kimi nahar fasilələrində yazıb. Onun manifesti “Şəxsiyyət” adlanır və orda belə deyilir: “Bir nəfər üçün yaz. Birbaşa bütün dünya üçün yazma. Şeiri sanki kiməsə məktub yazırmış kimi yaz.” Uilyams Karlos Uilyamsın “Yeri gəlmişkən” şeiri demək olar ki, şəxsi qeyddir. Bundan əlavə, Nyu-york məktəbinin şeirləri əyləncəli, hətta cəsur ola bilərdi. Məsələn, Frenk O‘Haranın bir şeiri belə başlayırdı: “Nyu-York, sən bu gün necə də gözəlsən! Lap Cincer Rocersin “Svinq zamanı” şəklindəki kimi”. Yəni, bu insanlar həyatda mənə yol göstərirlər.

- Siz öz filmlərinizə bir növ poeziya kimi baxırsız?

– Mənim filmlərimdə bu və ya digər şeirlərə istinadlar olur. Məsələn, “Qanundan kənar” filmində personajlar Robert Frost haqqında söhbət edirlər. “Nəzarətin hüdudları” filminin əvvəlində Rembodan sitat var. Mən şairləri sevirəm, ona görə sevirəm ki, onlardan heç biri pula görə şeir yazmır. Hər kəsin əsas işi var. Uilyam Karlos Uilyams pediatr olub. Uolles Stivens sığorta şirkətində işləyib. Çarlz Bukovski məktub paylayıb. Onlar üçün poeziya gəlir mənbəyi olmayıb, poeziya sadəcə onların xoşuna gəlib. Bu cür səmimiyyət məni ələ aldı.

- Siz ssenarini necə yazdınız? Hər şey sadə sujetdən başladı, yoxsa Patersonun şeirlərindən?

– Artıq xatırlamıram, ilk qaralamaları iyirmi il əvvəl etməyə başlamışdım. O vaxtlar mən Patersonun tarixi ilə maraqlanmağa başladım. Bu, Nyu-York yaxınlığında yerləşən səfeh, iylənmiş bir şəhərcikdir. Artıq hamı onun mövcudluğunu unudub. Patersondan çıxan yeganə məşhur adam Fetti Vep (Fetty Wap) adlı reperdir, onun “Trap Queen” adlı bir məşhur mahnısı var. Mənim repdən ötrü ürəyim gedir, amma Fetti Vep, belə deyək, mənim zövqümcə deyil. Popsadır.

- Bəs sizin üçün hip-hop nə deməkdir?

– Hip-hop blyuzun, soulun təhlükəli xələfidir. Kalipsodur. Rep-battle və dj-lərlə bərabər. Kul Herk hip-hopun pionerlərindən biridir, əslən Yamaykadandır, onun atası diskotekada işləyirdi, yəni başa düşüləndir ki, bunların hardan gəlir. Hip-hop mətnləri ayrı mövzudur. Bir dəfə “Rolling Stone” jurnalisti, blyuzun böyük fanatı olan bir tanışımla mənim mübahisəm düşdü. O mənə deyirdi ki, Cim, sən yolunu azmısan? Sən Ohayodansan və ağ dərilisən. Sənin nəyinə lazımdı bu bariqa musiqisi? Amma mənim həm o, həm də bu xoşuma gəlir. Fikirləşirəm ki, hər musiqinin əsasında, istər rep, istər blyuz olsun, kiminsə həyat hekayəsi var. Əsas məsələ də budur.

- Müasir hip-hopçulardan kimi dinləyirsiz?

– Bütün “west-coast”. Örl Svitşört (Earl Sweatshirt ) pis deyil. Əlbəttə, Kendirik Lamar da. O, dahidir, başqa cür ola da bilməz.

- Bir müsahibənizdə demişdiz ki, siz itini gəzdirən oğlan haqqında film çəkərsiz, nəinki Çin imperatorunun bioqrafiyasını.

– Aha, əladır, amma mən belə söz dediyimi xatırlamıram. Birbaşa deyim, itini gəzdirən Çin imperatoru haqqında film çəkmək istərdim.

- Və axırda siz Adam Drayverin (Paterson filminin baş qəhrəmanı) buldoqu gəzdirməsi haqqında film çəkdiz.

– Aha. Ssenaridə cek-rassel-teryerdən (it növü) bəhs edilirdi, amma Adam çox uzundur, onun üçün səkkiz kiloluq it uyğun deyildi. İyirmi kiloluq buldoq isə tamam ayrı işdir. O işinin öhdəsindən yaxşı gəlmişdi.

- Mən belə başa düşdüm ki, it artıq aramızda deyil.

– Düzdü. O çəkilişlərdən iki ay sonra öldü.

- Filmdəki bəzi işarələri götürsək, belə qərara gəlmək olar ki, Paterson eks-hərbçidir. Nəyə görə siz ancaq kiçik işarə ilə kifayətləndiz, bu geniş mövzunu işləmədiz?

– Hesab eləmirəm ki, bu çox vacib idi. Malkolm X deyir ki, kukla düzəldəni hədəfa al, kuklanı deyil. Bəli, ölkəmin xarici siyasəti iyrənclikdən başqa bir şey deyil, amma burda əsgərlərin günahı nədir? Onların komandirlərini mühakimə edin. Adam Drayver – eks dəniz piyadaçısıdır, intizamı yerindədi, bu həm onun özündə, həm də oynadığı personajda hiss olunur. Mən sadəcə tamaşaçıya demək istəyirdim ki, gəncliyində o, dəniz piyadası olub. Bunun yaxşı və ya pis olmasının məsələyə dəxli yoxdur. Bu sadəcə onun bioqrafiyasının bir hissəsidir.

- Bu dəfə Kannda siz iki film təqdim etdiniz. Necə oldu ki, “Məni sına” (Gimme Danger) filmini çəkmək qərarına gəldiz?

– Biz İqqi Popla bir-birimizi uzun illərdir tanıyırıq. Səkkiz il əvvəl o, mənə şikayət elədi: “Hamı mənim haqqımda film çəkir, heç kəs “The Stooges” haqqında çəkmir. Bəlkə, sən çəkəsən?” Mən də cavab verdim: “Dostum, lap elə sabah çəkək”. Budur, mən çəkdim.

Tərcümə etdi: Mətləb Muxtarov

# 1410 dəfə oxunub

Müəllifin son yazıları

# # #