Vaqif Bayatlı: “Mən kiçik adamam” - Müsahibə

Vaqif Bayatlı: “Mən kiçik adamam” - Müsahibə
10 yanvar 2020
# 18:03

Kulis.az illərdir səhhətinə görə mətbuata canlı müsahibə verməyən böyük Azərbaycan şairi Vaqif Bayatlı Odərin “Real TV”-nin “Profil” verilişinin aparıcısı Kamran Qasımova verdiyi müsahibənin stenoqramını təqdim edir.

- Vaqif müəllim, necəsiz?

- Təşəkkür edirəm və bütün tamaşaçılara öz məhəbbətimi, sevgimi çatdırıram. Təkcə öz tamaşaçılarımızı deyil bütün türk tamaşaçısını, türk dünya insanını... Müsəlman dünyasının insanlarını sevirəm.

- 70-80-ci illərdə sizin imzanız Azərbaycan ədəbiyyatında daha çox sevilib, oxunmağa başladı. Siz poeziyada müəyyən qəlibləri qırdınız. Bilmək istəyirəm ki, siz nələri qırdınız?

- Mən heç nəyi qırmadım. Bunlar əvvəldə vardı, indi də var. Davam edirlər. Onlar da ədəbiyyatı o cür görürlər, o cür də gedib. Mən sadəcə olaraq ən qədim Dədə-Qorquddan da qabaq, yəni türkün, azərbaycanlının, bu torpağın insanını duyduğu lap ilkin Allahın yer üzünü yaratdığı anlardan başladım. Və onun şairiyəm.

- Kainat yaranandan sonra...

- Bəli, mənim üçün zaman anlayışı yoxdur. Bizim çox zəngin ədəbiyyatımız var. Həm də çağdaş ədəbiyyatımız var.

- Ölənə qədər sevmək azdır demisiniz. Sizin şeirlərinizdə sevgi anlayışını tamam başqa cür qəbul eləmişəm. Sizin dilinizdə sevgi nədir? İnsanlar arasında münasibətdi, ya bağlılıqdı, ya öyrəşməkdi, ya hissdir?

- Sevgi Allahın dilidir. Sevgini Allah insanlara verib ki, hamı onun dilində danışsın, bir-birini sevsin. Allah kainatı da ona görə qurub. Kainat sevgi üzərində qurulub. Bütün planetlər, görünən, görünməyən işıqlar da sevgi üstündədir. Hər şey sevgi üstündədir. Çünki, dünyanın sonunu nəhəng sevgi topası kimi görürəm. Yuvarlaq sevgi. Günəş yox e, günəşləri, ayları, ulduzları kimi görürəm.

- Sizin təqdim etdiyiniz insan, hesab edirəm ki, bizim qəbul etdiyimiz insan, yəni özümüzü dərk etdiyimiz insanla uzlaşmır. Siz insanı kainatda görürsünüz, ya kainatdan kənarda varlıq kimi təsəvvür edirsiniz?

- Burda görürəm hər şeyi. Həm də bütün kainatda görürəm. Çünki, insanı göy üzü olmadan, kainat olmadan təsəvvür etmək mümkün deyil. İnsan kainatla bir yerdə birdir. Kainat hər an təsir edir ona. Hər işıq, ulduz təsir göstərir. Və kainatda elə bir şey yoxdur ki, insana təsir etməsin. Və biz insan, bizlər də ona təsir edirik. Ən uzaq ulduzlar var e, heç ağlına gəlmir ki, sən onlara təsir edirsən.

Gallery

- Vaqif müəllim, siz əsərlərinizin yazılmağını Allahla əlaqələndirirsiniz. Biz Allahı din yolu ilə təqdim edilən o Allah kimi qəbul eləməliyik, yoxsa Allah başqa bir metafizik anlayışdır?

- Allah çox geniş anlamdır. Quranda da çox gözəl şəkildə Allah duyulur. Biz onu kitab halında təsəvvür etsək, əslində kitab deyil Quran. Kitabdan daha yüksəkdir. Kitabdan yüksək heç nə tanımıram. Quran ya işıq, ya nur, ya da sevgi topasıdır. Quran sevgi vərəqləridir. Kainatı, gözəllikləri vərəqləyirsən elə bil.

- Bu günün insanı sevdirmək missiyasını yerinə yetirə bilirmi?

- Bütün insanlar hər anda o missiyanı edir. Allahın iradəsilə. Bəzən kənara düşürük, sonra Allah yönəldir bizi. Allah bizi ilahi yola qaytarır. Ona görə də dünyada heç bir pis insan yoxdur. Biz həm də ruhuq. Allah insanı ölməz yaradıb. Quranda da bu dəqiq, geniş şəkildə ifadə edilib. Sadəcə onu duymaq lazımıdır.

- Tutaq ki, siz tək qalanda, özünüzə qapılanda, daha çox danışırmısınız içinizdə Allahla?

- Mən ancaq Allahla danışıram.

- Maraqlıdır...

- Allahdan başqa bütün insanlarla danışanda belə bilirəm ki, o insandakı Allahla danışıram. Şeir yazanda da Allah üçün yazıram. Və yazdığım anlarda belə Allah haqqında düşünürəm.

- Vaqif müəllim, biz indi elə bir əsrdə yaşayırıq ki, hər şey inkişaf edir. Bu dərrakəyə malik olmaqla texnoloji inqilabı necə uzalaşdırırsınız?

- Düşüncələrim daş dövrünün insanından tutmuş kainatın bütün insanlığına, yəni gələcəkdə də davam edən insana aiddir. Axı insan sabit deyil. İnsan bir anlıq deyil, insan hər an inkişaf edir. Hər an yeni insan yaranır, hər an dəyişir.

- Kimsə böyük bir cinayət törədir. Pis əməl sahibi olursa, necə?

- Ola bilsin ki, cinayətdən 5 dəqiqə sonra kimisə ölümdən xilas eləsin. İnsan çox qəribə məxluqdur.

- Mütəmadi olaraq yazırsınız. Böhran keçirdiyiniz vaxtlar olub ki, yazmaqdan uzaqlaşmaq istəmisiniz?

- Axı, mən yazmıram. Mənim yazdığım ruhi şeylərdi hamısı. O mənim ruhumdan gəlir. Ruhum yazmır e bunu, əslində ruhdan gələn şeylərdi. Mən yazanda sadəcə hərfə çevirirəm.

- Bildiyim qədərilə sizi o vaxt əqidənizə, yaradıcılığınıza görə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən izlənmisiniz. Sizə qarşı müəyyən hədələr olub. İstərdim bu dövrü izah edərdiniz. Nə üçün? Nə istəyirdilər sizdən?

- Dövlət Təhlükəsizlik Komitəsi daim mənimlə maraqlanıb. Mən də onlarla maraqlanmışam. Çox mürəkkəb sistemdir. Oranın özündə çox maraqlı adamlar var. Millətini sevən gözəl insanlar var. Bir neçə dəfə o insanlarla tanış olmuşam. Onlar Azərbaycan xalqı üçün, türk dünyası üçün həmişə çox çalışıblar. Onlara mənfi enerji ilə baxmaq olmaz.

- Bəs təqiblər niyə olub?

- Təqib onlardan asılı deyildi axı. Əslində təqib eləmirdilər. Bizə aid olan təqibin qabağını alırdılar. Moskva tələb edirdi.

Gallery

- Yəni siz özünüzü həmin dövr üçün disident hesab edə bilərsiniz?

- Qabaqlar hiss edirdim, indi hiss eləmirəm. Çünki mən o şeylərə xırda şey kimi baxıram. Dissident hərəkatı böyük hərəkatdır. Amma mən daha üstün, ilahi şeylər haqqında düşünürəm.

- Qayıtmaq istəyirəm yenə həmin söhbətə. Sizin yaradıcılığınızda həmin dediyimiz təqib məsələlərində nəyə ilişirdilər, Moskva əsasən, nəyi qəbul eləmirdi? Ənənəvi olaraq sovet adamını yaratmamışdınız ona görə?

- Moskvanı birinci narahat edən məsələ Azərbaycanın müstəqil ola bilməsi idi. Bu da tək Azərbaycana aid deyildi, bütün cümhuriyyətlərə aid idi. Bizə xüsusilə aid idi. İstəmirdilər biz müstəqil olaq. Onlar var gücləri ilə buna çalışırdılar. Və buna da nail olurdular. Sovet dövləti gördüyünüz kimi bir anın içində dağılıb getdi.

- Sizin əsərlərinizdə türkçülük kifayət qədər təbliğ olunur.

- Türkçülük yox e, bir insan, ilahiliyə qovuşmaq istəyən, onu sevən, ona can adamlardan bəhs olunub.

- Müasir dövrdə türkçülük, türklərin birləşməsini, onların bir-birini sevməsini, anlamasını necə başa düşürsünüz?

- Çox gözəl. Bir-birlərini dəstəkləsinlər, bir-birlərinin universitetlərinə adam göndərsinlər, yazıçılar, şairlər bir-birlərinə qonaq getsinlər, birlikdə yaşasınlar. Türkmənistanda, Qırğızıstanda, Tatarıstanda hamısında bizim ədəbiyyatımızı, oranın ədəbiyyatını təbliğ eləsinlər. Və mən düşünürəm ki, vahid türk dilini yaratsınlar. O dildə çağdaş Türkiyə türkcəsi yaradıla bilər. Çünki ən böyük türk xalqı odur. 80-90 milyondur. Türklər elə şeylərdə qısqanc deyillər. Bizim də elə sözlərimiz var ki, türklər onu asanlıqla qəbul edirlər. O biri türk xalqlarından da qəbul edirlər. Bəzi balaca xalqlarda, bizdə yox, başqalarında nə isə bir az qısqanclıq yaranır. İstəmirlər. Həm də mane olan qüvvələr çoxdur.

- Vaqif müəllim dünya çapında bir məşhur sənətkar deyib ki, istər rəssamlıq, istər ədəbiyyatda dünyanın ən məşhur əsərləri sifariş əsasında yaradılıb. Sənətkar sifarişlə əsər yazmalıdırmı?

- Heç bir sənətkar sifarişlə əsər yazmır. Onu deyən adam kimdirsə ola bilsin sistemlə danışır. Yazmaq üçün bircə sifariş ola bilər. Allahın sifarişi. Başqa sifarişlə yazılan əsər yəqin əsər deyil. Bizdə də var bir də görürsən deyirlər ki, Nizami, Füzuli saray şairləri olub. Əslində onlar həmin sifarişlərdən istifadə ediblər. Əslində həm də onlar şahlardan istifadə ediblər. Biz indi məsələn, Nizaminin, Füzulinin o dövrün hakimlərinə necə təsir etdiklərini bilmirik, az bilirik. Bunlar təhlil olunmur.

- Çəkilişdən əvvəl belə bir söz işlətdiniz ki, mən zamandan kənardayam bu nə deməkdir?

- Zaman anlayışı süni qurulmuş anlayışdır.

- Biz indi 2020-ci ilin ilk günündə efirə çıxırıq.

- Zaman nəyə görə qurulub? Onlar gecə-gündüz gecələri sayır. Onlarda topası ilə ayın, günəşin ətrafında fırlanır. Bütün bunların əsasında zaman qurulub. Təbii ki, bütün kainatı hiss etməklə qurulub. Ona görə də zamanın özünün yəqin ki, redaktəyə çox ciddi ehtiyacı var. Yəni ilahi bir redaktəyə çox ehtiyacı var.

- Vaqif müəllim, nəhayət bir sualım da var. Həyatda heyifsləndiyiniz məqamlar nədir, nələrə heyifslənmisiniz?

- Həyatda çox nahaq şeylərə hirslənmişəm. Nə bilim adi insanam. Mən axı elə çox böyük insan deyiləm...

- Amma ilahinin istər-istəməz bir əli var...

- Adi insanam e mən. Adi insanların ən kiçiyiyəm. Mən o iddiada deyiləm ki, mən nəhəng adamam. Mən ruhi cəhətdən də, fiziki cəhətdən də özümü adi insanların ən kiçiyi hesab edirəm. Və hamını özümdən böyük sayıram. Çox insanların dediklərinə də haqq qazandırıram. İlahinin hamının üstündə əli var. Sadəcə olaraq onu mən duyuram, adamların çox duymur. Amma mənə elə gəlir ki, insanların çoxu da bunu duyur. Həmişə duymasalar da, hansı məqamlardasa duyurlar.

# 4849 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #